525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Xristian dini Romada gizli icmalarda yayılırdı, xristianlar təqib olunur, onlar müxtəlif bəhanələrlə edam olunurdular.

Neronun hökmranlığı dövründə xristianlar daha çox cəzalandırılırdı. Hətta nəcib imperator Trayan da Vifiniyadakı vali Kiçik Piiniyə xristianları təqib etməyi tapşırırdı. Xristianlara qarşı belə pis münasibətə yalnız imperator Konstantinin vaxtında son qoyuldu. 312-ci ildəki Roma yaxınlığındakı Mulviya körpüsü üzərindəki döyüşdə qələbə belə dönüşün yaranmasına səbəb olmuşdu. Əfsanəyə görə, Konstantin, üzərində “Qalib gələcəksən” sözləri yazılmış xaçı görmüşdü və bu, onun xristianlığa keçməsi məsələsini həll etmişdi. Bu əlaməti o, həm də dövlətə, həm də kilsəyə başçılıq etmək nişanəsi hesab etmişdi. Çünki imperator hesab edirdi ki, Xristos yer üzərində allahın valisidir.

Konstantinin hökmranlığı dövründə xristianlığın əhəmiyyəti yüksəldi, lakin bütpərəst kultlar sıxışdırılmırdı. Konstantin Vizantinin yerində imperiyanın xristian paytaxtını tikməyə göstəriş verdi və 330-cu ildə bütpərəst Romaya qarşı duran bu yeni şəhəri Konstantinopol adlandırdı.

İmperatorun ediktinə görə adamlara din azadlığı verildi. O vaxtdan etibarən xristianlar digər dinlərin ardıcılları kimi hüquqlar aldılar. Beləliklə, bütün imperiyada xristianların təqibinə son qoyuldu. Valilər dustaqxanalardan xristianları azad edib, onlara xristian ibadətlərini icra etməyə icazə verdilər.

Dövlət dininin ləğv olunması Roma tarixində əsaslı dönüş demək idi. Xristianlara icazə verildi ki, bütün başqaları ilə birlikdə öz allahlarına sitayiş etsinlər, bunun əvəzində allah özü imperatora mərhəmət göstərə bilərdi. Xristianlara, onlardan müsadirə edilmiş əmlak geri qaytarıldı.

Beləliklə, xristianlar üzərində olan təhlükə tamamilə yoxa çıxdı. Xristianlıq kütləvi dinə çevrildi. Konstantin xristian kilsə xadimlərinə bol-bol ianə verirdi, həm də onlara əlavə imtiyazlar bağışlanıldı. Siyasi fayda axtaranlar xristian icmalarına axışmağa başladı. Kilsə dövlətin xidmətinə düşdü və onların arasındakı sərhəd, demək olar ki, yoxa çıxdı.

Xristian kilsəsində görkəmli xadimlər meydana gəldi. Şərqdə kilsənin böyük ataları əsasən IV əsrdə çalışmış Böyük Vasili, Qriqori İlahiyyatçı və İoann Zlatoust idi. Vasili Kesariya yepiskopu olmaqla, çoxlu monastırlar yaratmışdı. Kilsə ibadətlərini dəyişdirmişdi. Qriqori İlahiyyatçı üçlük barədə təlimi işləyib hazırlamışdı. İoann Zlatoust isə moizələri ilə məşhur idi.

Latın qərbində isə kilsənin ataları arasında daha məşhurları Amvrosi, Avqustin və İeronim idi. Amvrosi günah, tövbə və xeyirxahlıq məsələlərini işləyib hazırlamışdı.

Avqustin (354-430-cu illər) xristian dininə heç də əvvəldən gəlməmişdi. Anasından xrisitan tərbiyəsi alsa da, təhsil vaxtı o, manixeylərə qoşulmuşdu. Sonralar o, arianlığa və manixeyizmə qarşı amansız mübarizə aparmışdı. Onun həyatı Allahı dərk etmək sahəsindəki daim davam edən cəhdlərindən şəhadət verir.

İeronim uzun müddət Antioxiya yaxınlığında səhrada zahid kimi yaşamışdı. Bibliyanı latın dilinə tərcümə etmişdi, bu, “Vulqata” adlanır.

Onlardan başqa, digər görkəmli ilahiyyatçılar da ilk kilsələrin müxtəlif dini anlayışlarından Vahid sistem yaratmağa can atmışdılar. Apostolların şagirdləri olan üç keşiş xristian təlimlərini izah etmiş, öz məktubları ilə müxtəlif icmalara müraciət etmiş, bu məktublarda hər şeydən əvvəl etika məsələləri barədə fikir yürütmüşdülər.

VII-VIII əsrlərdə İtaliyada və Fransa torpaqlarında belə bir inam geniş yayılmışdı ki, guya yalnız dünyadan uzaqda ruhi sakitlik əldə etmək olar, bu mülahizəyə görə də çoxlu monastırlar yaradıldı.

Siyasi qaydasızlıqlar, tez-tez baş verən müharibələr və cəzasız qalan zorakılıqlar adamların çoxunu məcbur edirdi ki, monastırlara gedib, orada həyatlarını Allaha həsr etsinlər. Bəziləri bunda ruhi harmoniyanı bərpa etmək imkanı görürdülər - monastır həyatı həm də sosial özünəgüvənmə hissi verirdi.

Monastırlar, səlib yürüşləri, inkvizisiya, Reformasiya   

İtaliyanın Nursiya şəhərində doğulan Müqəddəs Benedikt yaxşı dünyəvi təhsil görmüşdü, o, 529-cu ildə Roma ilə Neapol arasındakı yarı yolda Monte-Kassino monastırlarının əsasını qoymuşdu. Xristian şərqinin nümunəsi əsasında o, Qərbi Avropada ilk monastırlar nizamnaməsini yaratmışdı. Nizamnamə 73 maddədən ibarət olmaqla rahiblərin həyatını nizamlayırdı. “Dua et və zəhmət çək!” (Ora et labora!) bu nizamnamənin baş göstərişi idi.

Benedikt başlanğıcda zahid olmasına baxmayaraq, o, adamların birgə yaşadığı monastırı çoxluq üçün daha yaxşı uyğun gələn Allaha xidmətin maarifçi məktəbi hesab edirdi. Müqəddəs Benediktin sərt nizamnaməsi rahibdən bakirliyi, mülkiyyətdən imtina etməsini, bir dəfə seçilmiş monastıra ölənə qədər sadiq qalmağı tələb edirdi. Tabe olmaqla, itaətlə, dua ilə Benedikt rahibləri apostolları təqlid etməyə və Xristosa yaxın olmağa çağırırdı. Nizamnamədə əqli əməyə, birinci növbədə könülü xilas edən mütaliəyə xüsusi əhəmiyyət verilirdi, bu, sonralar Benedikt monastırlarının Qərbi Avropanın başlıca mədəni mərkəzlərinə çevrilməsində mühüm rol oynadı.

Monastırların çoxunda rahib Benedikt tərəfindən tərtib olunan qaydalar işləyirdi. Onlar rahiblərə dua etmək və əməklə məşğul olmağı məsləhət görürdü. Tezliklə monastırlar böyük siyasi, təsərrüfat və mədəni əhəmiyyət kəsb etdi. Rahib cəmiyyətinin ciddi təşkilatlanması, həm də rahib tabeliyi dünyəvi dövlətlərin idarələrində də təqlid olunmaq üçün nümunəyə çevrildi. Monastır əkinçiliyinin yüksək əmək məhsuldarlığı və mənfəətli ticarət hesabına monastırlar mühüm iqtisadi faktora çevrildilər. Monastır məktəblərində ruhani və dini adamlardan başqa gələcək məmurlar və inzibatçılar təhsil alırdı. Monastır kitabxanaları antik alimlərin və şairlərin əsərlərini qoruyub saxlayırdı. Onların surətləri çoxlarına məlum deyildi. Monastırlardakı həyat tərzi həddən artıq asketik xarakter daşıyırdı, icma həyatının əsasına tabe olmaqdan ibarət idi. Bu özü intizam üçün ən yaxşı vasitə hesab olunurdu. Kim bunu pozsa, çox ciddi qaydada cəzalandırılırdı. Monastırların ərazisində rahiblər üçün yaşayış otaqları, kilsə, kapitula salonu, həmçinin təsərrüfat təmsilçiləri, sənətkar emalatxanaları və qonaqlar üçün ümumi otaqlar var idi.

Sonralar xristian dini ikona məsələsi üstündə ilk parçalanmaya məruz qaldı. Bizans imperatoru III Lev Suriyalı (675-741-ci illər) öz edikti ilə ikonaya sitayişi qadağan etdi. O, bütün kilsələrdə ikonaları məhv etməyi əmr etdi, ikona ilə mübarizə epoxası başlandı və bu, Konstantinopol patriarxallığı ilə Papalıq arasındakı əlaqənin növbəti kəsilməsinə səbəb oldu. III Lev ərəblərlə müharibədəki məğlubiyyətinin səbəbini onda görürdü ki, xristianlar əldə düzəldilmiş obrazlara sitayiş etməklə Moiseyin qadağasından uzaqlaşırlar. İmperator qadağa yolu ilə ilkin xristian ənənələrini bərpa etmək istəyirdi. Papa III Qriqori gecikmədən buna reaksiya verdi, o, soborda ikona ilə mübarizə aparan imperatoru və onun ardıcıllarını lənətlədi. İkonaya sitayiş edənlərin rəhbəri, yunan kilsəsinin atası isə öyrədirdi ki, dua vaxtı baxışların dikildiyi müqəddəs ikona vasitəsilə  dua edənlərlə, həmin vaxt onda təsvir olunan arasında sirli əlaqə yaranır. Sonralar ikonaya qarşı mübarizə barədə mübahisə xüsusilə qızışdı. Mübarizə 787-ci ildə ikonaya sitayişin qələbəsi ilə başa çatdı.

 Xristian dini hətta dünyəvi hakimiyyətlərin işinə də müdaxilə edirdi. Roma papaları kralları kilsədən təcrid etmək üsuluna da əl atırdılar. 1077-ci ildə baş verən “Kanossa təzimi” buna nümunədir. Papa VII Qriqoriyə, bir il əvvəl kilsədən təcrid edilmiş alman kralı  IV Henrix İtaliyadakı Kanossa qəsrində tövbə etməyə gəlmişdi, bu münasibətin korlanmasının qızışmasına səbəb kralın Milanın yepiskopunu təyin etməsi olmuşdu. Kralın başçılıq etdiyi sinod papanın devrildiyini elan etdi. Buna cavab olaraq papa Henrixi kilsədən təcrid etdi.

Henrix mürəkkəb vəziyyətdə qalmışdı. Onun tabeliyində olan knyazlar Henrixi hədələdilər ki, yeni monarx seçəcəklər. Papa VII Qriqori imperiya yığıncağında iştirak etmək üçün Almaniyaya dəvət olunmuşdu. Bu vaxt IV Henrix hamını qabaqladı. Almaniyaya səfərə hazır olan papanı dayandırdı. Kral üç gün Kanossa qəsrinin darvazası ağzında dayanıb, soyuqda bir yun xalatda, ayaqyalın və heç bir qida qəbul etmədən öz bağışlanmasını gözləyirdi. Nəhayət, bu, ona nəsib oldu və o, papanı Almaniyadakı daxili mübarizədə iştirakdan kənarlaşdıra bildi.

Lakin sonralar həm kralın, həm də papanın taleyində dəyişikliklər baş verdi. Henrix krallığında qaldı, Romada isə yeni papa seçildi. VII Qriqori İtaliyanın cənubunda sürgündə oldu.

Xristian dininin ən böyük biabırçılıqlarından biri, adamların xurafatından istifadə edərək Səlib yürüşlərini həyata keçirmək, nəticədə çox qan axıdılmasının və digər vəhşiliklərin baş verməsi idi.

Klermonda 1095-ci ildə keçirilən soborda papa II Urban Müqəddəs torpağı işğal etmiş səlcuqlara qarşı Səlib yürüşünə çağırdı. Onun Sahibin qəbrini dinsizlərdən azad etmək çağırışı “Allah bunu istəyir” şüarı ilə müdafiə olundu. Bütün Avropada Palestinaya səlib yürüşü etmək barədə ehtiraslı məruzələr oxunması başlandı. 1096-cı ilə Şimali və Mərkəzi Fransadan, Flandriyadan, Almaniyadan əsasən kəndlilərdən və kiçik rıtsarlardan ibarət minlərlə könüllülər toplandı. Onlar, demək olar ki, silahsız idilər, nə atları, nə də ərzaq ehtiyatları var idi. Şərqə tərəf irəliləyərkən qəddarcasına yəhudi qırğınları törədir, soyğunçuluqla özlərinə qida əldə edirdilər. Onun çox hissəsi yolda öldürüldü və ya qaçıb dağıldı. Qalanları isə Kiçik Asiyada səlcuqların əli ilə həlak oldular.

Yoxsullardan sonra Müqəddəs torpağa bütün Avropada toplanmış rıtsar qoşunu yollandı. Bu, birinci Səlib yürüşü idi. Ona tanınmış senyorlar başçılıq edirdilər, onların içərisində fransız və ingilis krallarının qardaşları da var idi. Lakin bizanslılar “franklar” adlandırdıqları səlibçilərə nifrətlə yanaşırdılar. Hətta bir “frank” Kostantinopolda imperatorun taxtına oturaraq, qəbul edə bilmirdi ki, necə olur ki, bu qədər şərəfli rıtsarların iştirak etdiyi yerdə Bizans imperatoru taxtda tək otura bilsin. 1098-ci ildə Kiçik Asiyada ilk səlibçilər dövləti - Edessa krallığı yarandı. Əsas qüvvələr Suriyaya gəlib Antioxiyanı mühasirəyə aldı. Mühasirə yeddi ay davam etdi, nəhayət, onlar şəhərə girdilər. Bu dəfə səlcuqlar onları mühasirəyə aldı. Əfsanəyə görə, onları məhv olmaqdan möcüzə xilas etdi, onlar düşmən üzərinə atılıb, qələbə çaldılar. 1099-cu ilin yayında Xristosun döyüşçüləri Yerusəlimi tutdular. Onlar müsəlmanlara və yəhudilərə qarşı vəhşicəsinə divan tutdular, sonra evlərə girib, əllərinə nə keçirdisə, hamısını götürürdülər. Bir səlibçi vətənə göndərdiyi məktubda yazırdı ki, atlarımız dizinə qədər dinsizlərin qanı içərisində gəzir. Səlibçilərin əsas dövləti Yerusəlim krallığı oldu.

İkinci Səlib yürüşünə isə səbəb müsəlmanlar tərəfindən Edessa qraflığının tutulması oldu. Bu Səlib yürüşündə 240 min adam iştirak edirdi. Lakin Müqəddəs torpaqda səlibçilər uğursuzluqla üzləşdilər. Səlcuqlar Kiçik Asiyada rıtsarları tarmar etdilər. Fransızların Fələstini vurmaq istəyi də uğursuzluqla nəticələndi. Ona görə də 1149-cu ildə əvvəlki ildəki məğlubiyyətlərə görə yürüşün rəhbərləri olan Fransa və Almaniya kralları geri, vətənə qayıtdılar.

(Ardı var)

 





28.11.2016    çap et  çap et