525.Az

Sizi heç Cin çağırdımı? - Orxan Aras Almaniyadan yazır


 

Sizi heç Cin çağırdımı? - <b style="color:red">Orxan Aras Almaniyadan yazır</b>

“Sizi telefona çağırırlar, Ustad!”

“Kim?”

“Uşaqlıq yoldaşınız ... İngiltərədən zəng edir, vacibdir, deyir”.

“Adını soruşdunmu?”

“Cinəm,” - deyir.

“Cinmi?”

Mən uşaqkən bizim kəndə tez-tez gələn “Qaçaq” adında biri var idi. Ona qadınlar “Cinni Qaçaq” deyirdilər. Qısa boylu, gülərüzlü, böyük şapkalı və şən adamdı, amma adı cinli çıxdığından biz uşaqlar qorxar, qaçardıq ondan. Bir gün o qorxduğum adam Cinni Qaçaq bizə də gəldi. Evimizin önündəki təndirin ətrafında toplanan qadınlar ağızlarını açıb Qaçağın ağzından çıxan sözləri diqqət və heyrətlə dinləyirdilər. Anam da orada olduğu üçün özümdə cəsarət tapıb Qaçağın yanına getdim. Hətta tam arxasında dayandım. Yerə çöməlmiş, böyük bir kitabı açıb oradan qadınlara nəsə oxuyurdu. Hər qadına kitabdan ayrı səhifə açırdı. Hər səhifəni açdıqca əcaib şəkillər və məxluqlar görürdüm kitabda. İncə üzlü qadınlar, qalın qara bığlı kişilər, növ-növ quşlar, ilanlar ... Ancaq bir neçə səhifəsini görə bildiyim kitabın sirrini mən günlərlə uşaqlara şişirdərək izah etdim. Anam o kitabda hər kəsin taleyinin yazılı olduğunu söyləyirdi. Ona görə kimin taleyi insanla, kiminin heyvanla, kiminin də quş və böcəklə qovuşurdu.

İllərcə nə Cinni Qaçağı, nə də onun insanların bəxtini içində saxlayan sirli kitabını unutmadım. Amma zaman keçdikcə hər şey xatirələrin içində süzülüb itməyə başlayır. Mənim də yaddaşımda zaman keçdikcə Qaçaq və kitabının xatirəsi zəifləməyə və itməyə başlamışdı. Elə ki, Orxan Fikrətoğlunun "Ölü mətn" adlı kitabını oxudum, o zaman Cinni Qaçaq təkrar gəlib sirrli kitabıyla birlikdə gözlərimin qarşısında dayandı. Çünki "Ölü mətn" kitabı əslində təkcə hekayə kitabı deyil, Azərbaycanın və Azərbaycan insanının tale kitabıdır. İlk oxuduğumda ruhumda həqiqətən də sarsıntı hiss etdim. Bir zəlzələ sarsıntısı kimi. Üşənməyərək hekayəni iki gün sonra təkrar oxudum. Bəli, yanılmamışdım, bu tale kitabı idi... Bizim bəlalı məmləkətin taleyi ...

Bəzi romanlar var ki, içindəki qəhrəmanın adı əsla unudulmaz. Məsələn, Jan Valjan, Raskolnikov, Bazarov kimi... Bəzi romanlardan isə bəzi cümlələri heç unuda bilmirik. Məsələn, “Anna Karenina”dakı ilk cümləni, yəni, “hər xoşbəxt ailə bir-birinə bənzər” cümləsini aradan iyirmi il keçməsinə baxmayaraq unutmamışam. “Ölü mətn”də unudulmayacaq bir yox, bir neçə cümlə var. Məsələn, heç yerdə oxumadığım, “yerdən göyə mətn göndərilməsi” cümləsi ... Mənim üçün həqiqətən çox yenidir bu söz. “Bu dəfə mətn göydən yerə deyil, yerdən göyə göndəriləcək”. Çox iddialı və orijinaldır. Yenə o sözlərdən bir başqası: “İnsan bir şeylərdə inqilab edə bilmirsə, özündə inqilab etməlidir”.

“Ölü mətn“ dediyim kimi həm tale kitabı, həm də geridə qalmış min illik mədəniyyətin hesabının sorulduğu manifestdir. Onsuz da o hekayədə "Ustad"ın qələmə aldığı mətni heç kim oxuya bilmir. Hər kəs o əlifbaya yabançıdır. O yabançılıq bütün ruhumuzu işğal edib və əslində bütün problemimiz də öz- özümüzə yabançı oluşumuzdan qaynaqlanmaqdadır. Eyni ölkədə yaşayır, eyni adları daşıyır, eyni dərdlərə məruz qalırıq, amma bütün baş verənlərə qarşı ortaq bir fəlsəfəmiz və həyat anlayışımız yoxdur. Çünki bizi bizə bağlayan bütün əsas arqumentlər o mətndə bizim zəngin mədəniyyətimizi bağrında saxlayan “köhnə əlifba” ilə yazılıb. O mətndə itirdiyimiz vicdanımız, tariximiz və tərsinə çevirdiyimiz tanrımız var. O mətni insanlar oxuyammadıqları üçün kimi "təpəgöz", kimi intihar bombaçısı olur, kimi də günümüzdəki minlərlə iş adamı kimi yalnız bu günü bilir və bu gün üçün yaşayırlar. “Ölü mətn”in xaricindəki təhrif olunmuş tarix də bir bəladır insanların başına... O tarix içində axtarılan qardaşlıqlar, vətən və insanlar hamısı cin vurmuş, insanlıqdan çıxmış insanlardır.

Əslində kitabdakı hekayələr tamamlanmış hekayələr deyil. İçində davamlı yeni hekayələrə yol açan, hər tapdığı qapıdan içəri girən və zamanüstü olan izahat sanki fransız yazıçısı Corc Peresi təsdiqləməkdədir. Peres öz əsərlərini başqa əsərlərin bir hissəsi, davamı olaraq izah edirdi. Onun romanlarında postmodern romanın mövzusundan daha çox zövq elementini görərik. Oxucu bir səhnədən digər səhnəyə keçərkən hekayənin axış macərasını deyil, təqdimatın incə zövqünü dadmalıdır. Onsuz da məna bütövlüyünə qarşı çıxmaq və mənanın davamlı təxirə salındığı və ya itdiyi mətnlər postmodern mətnlərdir.

Orxan Fikrətoğlunın hekayələrində də mənanın davamlı təxirə salınması var və həqiqətin tam başdan yozularaq izah edilməsi hər çağda fərqli gerçəyi ortaya çıxarır. Fikrətoğlu burada postmodernist yazıçılardan daha çox argentinalı romançı Xorxe Luis Borxesə bənzəməkdədir. Virciniya Vulf və Uilyam Folkneri ilk dəfə ispancaya tərcümə edən Borxes daha sonralar "Borxes üslubu" olaraq xatırlanacaq üslubunu 1935-ci ildə yazdığı "Al-Motasimə bir baxış" hekayəsində ortaya qoydu. "Sehrli həqiqət" deyilən hadisəyə fərqli və dəyişik baxış sınağı Fikrətoğlunun əsərində də diqqətə çarpan şəkildə yerini alıb.

Orxan Fikrətoğlu hekayələrində ilk oxunuşda oxucunu çaşdırır. Hətta oxucuya: "Xeyr, belə şey gerçək həyatda ola bilməz", dedizdirir. Amma hekayənin irəliləyən hissələrində oxucu razılaşır, eyni şeyin həyatda baş verə biləcəyinə inanır. Məsələn, “Gül "hekayəsindəki Təzə bəy elə insandır ki, həyatda hər şeyin satın alına biləcəyini və edəcəyi bütün pisliklərin də (öldürmə daxil) cəzasız qalacağına inanır. Bu ilk oxuyuşda insana “xeyr, belə şey ola bilməz” dedizdirir. Amma ətrafdakı zəngin uşaqlarının, xüsusilə oğlanların tərbiyə əsaslarına baxdığımızda bu uşaq üçün dünyada hər şeyin mübah olduğunu öyrədildiyini görürük. Bax bu bu sehirli həqiqətdir.

“Taleli, talesiz, gülünc, faciəli ömür sürən insanların ortaq bir tərəfi var. O da keçmişlərinin olmamasıdır. Onlar tez-tez öz şəxsiyyətlərini axtaran, həqiqətin nə olduğunu bilmədikləri üçün bəzən “həqiqət” deyə yalana sarılan insanlardır. Tarixləri saxtalaşdırılmış, ənənələri və inancları sarsılmış, ruhları yadlaşdırılmış insanların ortaq qədəri bir “ölü mətn”dir. O ölü mətn üçün üsyan edən insanların tək ümidi arayışlarının nəticəsində həqiqətə çatmaqdır. Bu da asan deyil. Buna görə erməni zülmündən qaçan, məcbur olaraq anasını öldürən, sonra intihar bombaçısı olan “Təpəgöz”ün ölərkən eşitdiyi səs atasının səsidir və belə deməkdədir ona:

"Yaxşı, sən hardasan? O dünyada da yoxsan, burada da deyilsən. Tarixə də düşmədin. Yaxşı sən harada yaşadın, necə oldun, mənim padşah balam?”

Orxan Fikrətoğlunun güclü qələmində dialoqlar çox inandırıcı, təsvirlər güclüdür. Fərqli hadisələri bir hadisə içində izah etmə ustalığı onun ən əhəmiyyətli xüsusiyyətidir. Kitaba adını verən “Ölü mətn” hekayəsində Azərbaycanın son yüz illik tarixindəki hadisələrin hamısından bəhs edilir. Amma bu bəhslər elə nizam içindədir ki, oxucu əsla o qarışıq bəhslərin içində yorulmur. “Ustad”ın axtarışları, Demokratik Respublikanın quruluşu, Nuri Paşa, o dövrdəki ideologiyalar, Sovet sisteminə giriş, xəyanət, qəhrəmanlıq və mənlikdəki yadlaşma bu hekayənin içində tarixə uzanan pilləkan kimi oxucunun qarşısında uzanmaqdadır. Və oxucu pillə-pillə bir xalqın yüz illik tarixinin qarşısından keçməkdə, o tarixdən gerçək simalar görməkdə və günümüzdəki vəziyyətin səbəbləri haqqında öz-özünə fikirlər icad etməkdədir. Hekayənin sonunda da oxucu bir cümləni istər-istəməz təkrar edir:

“Onun mətni burada, özünü dərk edər-etməz itirdiyi yerdə bitmiş ...”

Onun mətni əslində qaranlıq qalan tarixidir. Və özünü dərk etmək, o mətnin bitdiyini anlayacaq, amma özünə işıqlı, yeni yol seçəcək, bu dəfə canlı mətn qələmə alacaq. Bu, Azərbaycanın taleyidir.

“Ölü mətn” kitabında yeddi hekayə var. Professor Fəthi Gədiklinin böyük ustalıqla Türkiyə türkcəsinə çevirdiyi kitab “İz” nəşriyyatı tərəfindən çap olunub.

 





30.11.2016    çap et  çap et