525.Az

"Gəlin gedək Qarabağa"


 

BİR GÖRÜŞÜN TƏƏSSÜRATI

"Gəlin gedək Qarabağa"<b style="color:red"></b>

Bəri başdan deyim ki, həmin gün yaşanan ovqat əslində günün qəhrəmanı üçün o qədər də sevindirici deyildi.

Bilirsiniz niyə? Ona görə ki, söhbət kədərli, ağrılı, acılı bir həyatın yenidən yaddaşda təzələnməsindən, yenidən göz önünə gətirilməsindən gedirdi. Yəni həmin gün Əməkdar jurnalist, yazıçı-publisist, "Xalq" qəzetinin bölgə müxbiri Ziyəddin Sultanov işğalın ərəfəsindən işğalın yekunlaşdığı zaman kəsiyi daxilindəki həyatını, gördüklərini yaddaşına və vərəqlərə köçürdüklərini anbaan vərəqlədi, xatırladı, onların  nəfəsini duydu. Bax, bu mənada ötən həftənin sonlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təşkil edilmiş görüş çox ağrılı idi. Doğrudur, bütün görüşlərin səbəbi bəlli olduğu kimi, nəticəsi də həmişə müəyyən ümidlər közərdir, insanın içində bir ümid şamı yandırır. Elə bu mənada məsələyə yanaşanda, onun həm elmi, həm ictimai-siyasi təsiri və nəhayət, vətəndaş yanğısının ifadəsi çox vacibdi, zəruridi. Ən azından unutqanlığa üsyan kimi, unutqanlığa etiraz kimi bunun ölçüsü miqyassızdır. Üstəlik, həm də bu görüşlər vətənpərvərlik hissinin təbliğində də real vasitədir. Çünki barəsində söylənilən hər bir faktın canlı şahidi səninlə üz-üzə dayanır, səninlə göz-gözə baxır və sən onun çöhrəsində, onun hərəkətlərində bu faktı izləmək imkanı qazanırsan.

Bəli, həmin gün ADP-nun Ağcabədi filialının akt zalı tələbə və müəllim kontingenti ilə dolu idi. Zalda öz yerlərini tutmuş bu zümrənin təmsilçilərinin bir çoxunun əlində kitab var idi. Bu kitabın adı "Gəlin gedək Qarabağa" idi. Rəyasət heyətində kitabın müəllifi və filialın direktoru dosent Mətanət Fərzəliyeva əyləşmişdi. Elə tədbiri də Mətanət xanım açdı. Təbii ki, ilk təqdimat bu görüşün nədən, kimdən bəhs etməsindən oldu. Və çox qəribədir ki, zaldakı insanların demək olar ki, böyük əksəriyyəti Qarabağla bağlı olduğundan, işğalın acısını az-çox yaşadığından onlar üçün bu görüş həm də bir xatirə, həm də bir təsəlli idi, ona görə də Mətanət xanımın tanınmış yazıçı-publisist Ziyəddin Sultanov haqqında söylədikləri tələbələr üçün daha maraqlı idi. Elə burada onu da əlavə edim ki, Ziyəddin müəllim həm də bu ali təhsil ocağının baş müəllimidir. Və tələbələr öz müəllimləri barəsində filialın direktorunun dilindən eşitdiklərini birmənalı şəkildə yaddaşlarına köçürürdülər. Axı onlara dərs deyən müəllim bu hadisələrin canlı şahidi idi.

Dosent Mətanət Fərzəliyeva çıxışı zamanı vurğuladı ki, Qarabağ hadisələrinin canlı şahidi olan jurnalist Ziyəddin Sultanov həm də bir qarabağlı kimi yurd itkisinin, torpaq həsrətinin acısı yaşayıb, dəfələrlə ölümlə üz-üzə gəlibdi. Onun vətəndaş mövqeyi, torpağa bağlılığı və peşəsinə sadiqliyi bir addım da olsun geri çəkilməyə, arxada dayanmağa onda istək yaratmayıb, əksinə, o, redaksiyanın tapşırıqlarını, ürəyinin hökmünü vaxtında, zamanında yerinə yetirib. Və nəticədə də Qarabağla bağlı 15-dən artıq kitabın müəllifidir və bu kitabların hər biri də Qarabağ gerçəklərinin ifadəsidir.

Görüşdə çıxış edən dosent Vaqif Allahverdiyev əsas məruzəçi kimi öncə Ziyəddin Sultanovun bioqrafiyasını dinləyicilərə yığcam şəkildə də olsa çatdırdı. Sonra xüsusi bir ştrixlə vurğuladı ki, bu gün görüşünə toplaşdığımız Ziyəddin müəllim 30 ilə yaxındır ki, Qarabağdan yazır, Qarabağ gerçəkliklərini qəzet, kitab səhifələrinə köçürüb oxucu diqqətinə təqdim edir. Və sevindirici haldır ki, bir yazıçı-publisist kimi onun  bütün məqalələri, oçerkləri, sənədli povestləri böyük maraqla qarşılanır. Bunun da əsas səbəbi təbii ki, mövzuların mayasının gerçəklik, real olmasıdır.

Öz axarı ilə davam edən görüşdə Vaqif Allahverdiyevin çıxışından sonra "Gəlin gedək Qarabağa" kitabının müzakirəsi başlandı. Təbii ki, bu müzakirələr həm də oxucu-müəllif dialoqunun oxucu mühakiməsi kimi də səciyyələnirdi. Görüş iştirakçıları yazıçı-publisistin şərh etdiyi faktlara münasibət bildirməklə yanaşı, həm də həmin faktların onların həyatlarına təsirini də dilə gətirirdilər. Bu mənada kafedra müdiri Baxış Ələsgərovun söylədikləri diqqətçəkən idi. Baxış müəllim söz alıb öz fikrini ifadə edərkən bildirdi ki, Ziyəddin Sultanovun bütün əsərlərində təkcə onun yazı üslubunun özünəməxsusluğunu yox, həm də faktı təqdim etmək məharətinin şahidi olmuşam. Ona görə də bəzən quru, konkret faktları ifadə edən yazının özünün arxasında da bir müəllif səmimiyyəti, müəllif ruhunun dayandığını duya bilmişəm. Bax, yazıçının da oxucu qəlbinə yol tapan əsas keyfiyyətlərindən biri də budur. Çox sevinirəm ki, mən Ziyəddin Sultanovu təkcə bir yazıçı-publisist kimi yox, həm də ziyalı, şəxsiyyət kimi də yaxından tanıyıram və ona böyük sayqım var. İnanıram ki, o bundan sonra da öz yaradıcılıq emalatxanasında Qarabağla bağlı yaddaşında yaşatdıqlarını yeni kitablara çevirəcəkdir.

Görüş iştirakçıları onlarla fikirlərini bölüşən Tahir Kərimlini və Sahib Zeynalovun (onların hər ikisi kafedra müdiridir - Ə.M.), eləcə də dosentlər Məhəmməd Hüseynov və Yaqub Səmədovun fikirlərini də maraqla qarşıladılar. Bir oxucu mövqeyini şərh edən müəllimlərin hər biri "Gəlin gedək Qarabağa" kitabının məziyyətlərindən danışmaqla yanaşı, həm də onun müəllifini bir Azərbaycan ziyalısı kimi bölgədə qazandığı imicdən də müəyyən ştrixləri diqqətə təqdim etdilər. Bugünkü mətbuat bolluğunda peşəkar jurnalist nüfuzunu qoruyub saxlayan Ziyəddin Sultanovun öz qələminə, öz peşəsinə bağlılığını, sədaqətini qabartmaqla filialın baş müəlliminin şəxsi nümunəsini tələbələrə bir növü mesaj etdilər.

Ümumiyyətlə, böyük maraqla keçən bu görüşdə çıxış edən hər kəsin, o cümlədən fəlsəfə doktoru Mahir Səlimovun, baş müəllimlər Vaqif Fətullayev və Səfurə Mahmudzadənin hər birinin fikirlərində  GƏLİN GEDƏK QARABAĞA! sözləri yüksək inamla səslənirdi. Bu inamı da görüş iştirakçılarında yaradan məhz "Gəlin gedək Qarabağa" kitabının müəllifi Ziyəddin Sultanov idi. Elə həmin görüşün sonunda  Ziyəddin müəllim həm filialın rəhbərliyinə, həm görüşü təşkil edənlərə, həm də bu görüşə gələnlərə öz təşəkkürünü bildirərək, bu cür yanaşmanın qələm adamına verdiyi ruh yüksəkliyindən məmnunluğunu ifadə etdi. Bildirdi ki, yazılan hər bir məqalə, hər bir kitab oxunanda o yaşamaq haqqı qazanır. Bugünkü görüş də bir daha göstərdi ki, "Gəlin gedək Qarabağa" kitabı oxucularını tapıb. Yəni yaşamaq haqqını qazanıbdı.

Son olaraq həmin günün ovqatını uzaqdan -uzağa da hiss edib, mən  də Ziyəddin müəllimin fikirlərinə qoşuluram və inanıram  bir gün GƏLİN GEDƏK QARABAĞA! çağırışının şahidi olacağıq.

 





30.11.2016    çap et  çap et