525.Az

Nəsib Nəbioğlunun şeirləri


 

Nəsib Nəbioğlunun <b style="color:red">şeirləri</b>

Burdan Kəlbəcərə elə yaxındı

Toğanaya gedən yolda,dərənin dibində yol ayrıcında

bir dəmir lövhədə oxudum: Göy-göl - 7 km,

Toğana- 3 km,Kəlbəcər 80 km

 

Burdan Kəlbəcərə elə yaxındı,

Bir göz qırpımında çıxıb gedərdim.

Toğana yolların necə çətinmiş,

Başımın üstünə ələndi dərdim.

 

Bir bulaq, bir çeşmə eşqinə düşüb,

Gəlib bu sulardan içməyə nə var?

Bir dilucu deyib,-Vətəndən ötrü,

Qanından, canından keçməyə nə var.

 

Qəlbində od olsa, dizində təpər,

Yağını, düşməni biçə bilərsən.

Burdan bu dağları aşmaq nədir ki,

Lap bütün sədləri keçə bilərsən,

 

Əgər ki, dizində təpərin varsa,

Mayan tutulubca qeyrətdən bir az.

Unutma , qeyrəti  olan kəslərin,

Torpağı satılmaz, yurdu basılmaz.

 

Satqının, namərdin yurdu yerində,

Satqının  ocağı daha gur yanır.

Mənim yanagımda yaş gilə-gilə,

Dağın o üzündə küsgün gor yanır.

 

Gör neçə ildir ki, qınayir məni,

Babamın, atamın perik ruhları.

Vətəndən vətənə gedə bilmirəm,

Yolumuzu kəsdi yer allahları.

 

Bizi bağışlayan deyil o dağlar,

Biz ki, o yerləri atıb gəlmişik.

Babadan, dədədən qalan yurdları,

Düşmən torpağına qatıb gəlmişik.

 

 

Çətində and yeri oldu bu dağlar,

Babalar bu yurdu dünya sandilar.

Əbədi bir səngər bilib dağları,

Zirvədən zirvəyə dolaylandılar.

 

Cilovlamaq olmur bu səbri daha,

Daha səbrinmizin kasası dolur.

Zirvədən-zirvəyə kəmənd yolların,

Dərədən zirvəyə qısası olur.

 

Burdan Kəlbəcərə elə yaxındı,

Bu yollar keçilməz, qayadı, daşdı.

Zirvələrə baxdım, özümə baxdım,

Xəyalım qəflətən ilişdi, çaşdı.

 

Apardı uzağa xəyallar məni,

Qəm aldı üstümü cığırda, düzdə.

İşə bax ay allah bu necə sirdir,

Xəyalım o üzdə,özüm bu üzdə.

 

Dedim dolaylanım yurduma sarı,

Gedim o yerlərə baş vurum, dəyim.

Dözümlü dağların məğrurluğuna,

Bir cəcdə eyləyim, başımı əyim.

 

Bəs necə adlayım ,bəs necə keçim,

Yollarımı kəsən bu sədlər nədir?

O üzdə od tutur sönmüş ocaqlar,

Bu üzdə qəm, həsrət məni göynədir

 

Burdan Kəlbəcərə elə yaxındı,

Burdan Kəlbəcərə getməyə nə var.

Gedib Kəlbəcərin bir qayasında,

Bir mamir, ot  olub bitməyə nə var.

 

Cığırlar uzanır üzü yoxuşa,

Zirvəyə boylana-boylana qaldım.

Dərdimi, ahımı sinəmə sıxıb,

Dilqəmi üstündə sazımı çaldım.

 

Bir qaçqın əl atıb tutur qolumdan,

Üzündə bir qorxu, bir hürkü,  təlaş.

-Zirvəyə boylanma, zirvəyə baxma,

Çoxda zirvələrə boylanma,  qardaş.

 

İndi o zirvələr düşmən əlində.

İzləyir düşmənlər sinayperindən.

Həyatın məhv olar bir an içində.

Bir anın içində ölə bilərsən.

 

Zirvəyə boylana-boylana qaldım,

Burada güllələr kəsilir qənim.

Satanlar dağları elə satıb ki,

Zirvə düşmənindir, dərələr mənim.

 

Burdan Kəlbəcərə elə yaxındı,

Bir göz qırpımında çıxıb gedərdim.

Toğana yolların necə çətinmiş,

Başımın üstünə ələndi dərdim.

 

 

 

 

 

 

Anam yaşadığı evə gəlmişəm

Anam yaşadığı evə gəlmişəm?

Məni otaq sıxır, divarlar sıxır.

Bir həsrət qəlbimi yandırır elə,

Divardan bir ana doylanıb baxır.

 

Məni gözləməkdən bezdinmi, ana?

Baxıb görürəm ki, yorğunsan, yorğun.

Divardan boylanıb oyaq qalmısan,
Bilmisən ki, bu gün gələcək oğlun.


Doğma ocağına qonaq gəlmisəm,
Gəlmisəm halını soruşum indi.

Sən gedən zamandan elə solmuşam,

Dəyişib yerişim, diruşum, indi.

 

Ana xəbərim yox eldən obadan,

Sənə nədən deyim, nədən danışım.

Ana xəbərim yox evdən, eşikdən,

Yaman öz işimə qarışıb başım.

 

Çətinliklər gördüm, dolandım gəldim,

Keçiləsi deyil vətən yolları.

Qapının ağzında donub qalmışam,

Boynuma sarılmır ana qolları.

 

Qamətim əyilib sənsiz, ay ana,

Keçmişəm borandan, çovğundan, qardan.

Duymuram, ay ana doğma səsini,

Boylanıb baxırsan soyuq divardan.


Sənsiz ocağımız gur yanan deyil,
Ta yığılan yoxdu  ocaq başına
Bu ocaq təzədən gur yansın deyə.

Hazıram ki dönəm ocaq daşına.


Yoxsa tələsmisən, yurduna sarı.
Qapımizı  yanov qoyub getmisən.

Bəlkə də getmisən atamdan ötrü
Azad etmək üçün perik ruhunu,

Hamımızdan əvvəl duyub getmisən.

 

 

Əriyib yox olan, gözdən itənim,

Şerimə bölənib sözdə bitənim

Qəm, kədər ələnir baxışlarından,

Yaman qəmli dəydin gözümə mənim.

Ay ana, ay ana titrəyir səsim,

Can deyən taplmır sözümə mənim.

 

Eşidib duymadım kövrək səsini,

Təzədən özümü anasız bildim.
Hər vaxt göz yaçını silərdim,ana,

Bu dəfə şəklinin tozunu sildim.

 

Son kəlmən, son sözün çıxmaz yadımdan,

- Məni Kəlbəcərə apar, ay oğul!

Bu qaçqın adını, köçgün adına,

Adımın yanından qopar, ay oğul!

 

Ötüşür fəsillər, Ötüşür illər,

Qəlbimin qurtarmaz yaraları var.

Sən gedən zamandan biləsən, ana,

“Can” - deyib oğlunu çağırmayırlar.

 

Divarlar üstümə gəlir bu axşam,

Bu kiçik otaqda kiridim, qaldım.

Bir yanan şamınan verib baş-başa,

Sızlaya-sızlaya əriyib qaldım.

 

Tənaha oturacam zülmət içində.

Ay allah bu nədir yağan üstümə.

Bu axşam yatmağa mən tələsmirəm,

Axı kim örtəcək yorğan üstümə.

 

Bir yerdə rahatlıq tapa bilmirəm,

Divara boylana-boylana qaldım.

Bu gecə anamın  doğma ətrini,

Divardan asılan şəkildən aldım.

 

GƏLMİŞƏM

                                  Əsgər dostum  şair Əli Qəmginə

 

Əli,dəhşət imiş vətənsiz olmaq,

Vətən deyib ziyarətə gəlmişəm.

Ta dözmürəm həsrətinə dağların,

Xoş arzuyla, xoş niyyətə gəlmişəm.

 

Tər cicəklər yollarımı boyadı,

Maralgöldə ruh bədəndə oynadı,

Sözün,kəlmən məndən ötrü dünyadı,

Əli, sənlə xoş söhbətə gəlmişəm.

 

Heyran etdi bulaqların axarı,

Bir doyunca bu yerlərə bax barı,

Toğanadan dolaylanıb yuxarı,

Göy cəmənlə ünsiyyətə gəlmişəm.

 

Dağlarınan görüşmürdüm nə vaxdı,

Qəlbim yatmaz, cimir etməz oyagdı,

Bilirsənmi Moskva cox uzagdı?

Bu yollarda itə-itə gəlmişəm.

 

Dağılıbdı Nəbioğlunun yuvası,

Ürəyində haqq-ədalət davası,

Dedim vurar Kəlbəcərin havası,

Biz tərəfə,bizim səmtə gəlmişəm.

 

                                Xanlar,avguct-2012

 

 

 

 

Bir məni də soraqla

                                    Dərd heykəli Zakir Fəxriyə

 

Zakir Fəxri, bir məni də soraqla,

Bilirsənmi  dağlar harda, mən harda?

Neçə ildir başım dərddən açılmır,

Heç bilmirəm duman harda, cən harda?

 

Göz-görəti ağa qara deyən var,

Dəli olmaq köhnə vaxtin işidir.

Düz iyirmi ildən çoxdur, eşit, bil,

Kəlbəcərin dərdi məni üşüdür.

 

Bu dərdlərin görünvəyən neştəri,

Qıxma-qıxma kəsir, didir adamı.

Deyən olsa, dərd yandırar, inanma,

Dərd dondurub heykəl edir adamı.

 

Qamətimiz düzələrmi bu dərddən?

El qınayar, bu dərdlərə əyilsən.

Dər içində, qəm içində böyüyən

Dərd içində donub qalan heykəlsən.

 

Dərdlərinin sayı coxdu əzəldən,

Soraqlayıb,eşitmişəm, duymuşam.

Elə mən də sənin kimi ömrümü,

Qəm yolunda, dərd yolunda qoymuşam.

 

Harda gördüm, yasda gördüm mən səni,

Neyləyək ki, dərd  yazılıb baxtına.

Sən keçəsi  o cığırlar, o yollar,

Keşməkeşli, sərt yazılıb baxtına.

 

Kəlbəcərin vurğunusan əzəldən,

Nədən belə vurğun oldun dağlara.

Kəlbəcərin həsrətini çəkəndən,

Sinəm altı  kədər, qüssə, qəm, yara.

 

Əyib məni yurd həsrəti, yurd qəmi,

Qaysaq tutub ürəyimin yarası.

O qədər də uzaq deyil, yaxındı,

Füzuliynən Kəlbəcərin arası.

 

Xəyalımda yollarımı kəsən yox.

Yağıları doğrayıram, bicirəm.

Füzulidən Kəlbəcərə nə var ki,

Xəyalımda adlayıram, keçirəm,

 

Zakir Fəxri bir məni də soraqla,

Zakir Fəxri dost-tanışı  yada sal.

Dərdə belə tərif vurma amandı,

Ürəyimi azca yandır, oda sal.

 

Zakir Fəxri, bir məni də soraqla,

Bilirsənmi  dağlar harda, mən harda?

Neçə ildir başım dərddən açılmır,

Heç bilmirəm duman harda, cən harda?

 

Dünya başdan-başa nağılmış, demə...

 

Dünya baçdan-baça nağılmış demə

Mən də bir ümmanda səfər içində.

Baxıb görürəm ki, nağıllı dünyam,

Hələ görmədiyin bir qərib ölkə.

Sindibad mindiyi özgə  bir gəmi.

Məlikməmməd düşən quyudu bəlkə.

 

Mənə nağıl deyən əsrlər boyu,

Bilmədim ay allah,görən kim idi?

O qədər nağıllar eşitmişəm ki,

Ömrüm də, günüm də nağıl kimidi.

 

Yüyrükdən başlayan  nağıllara bax,

Qazanda ki daşlar bişəcəkdimi?

Düz altmış ildi ki, gözüm yoldadır,

Göydən üçcə  alma düşəcəkdimi.

 

Görəsən bir sonu olacaqdımı?

Ağlımı başımdan aldı nağıllar.

Buta-buta deyib çöllərə düşdüm,

Məni qürbət elə saldı nağıllar.

 

Nə zaman ki,düşdüm çətinə,dara,

Mənə əlli dəfə kələk qurdular,

Xilas oilum deyə lələk verdilər.

Vuruldum qonşunun mələk qızına,

Qaçdım o mələyin üzünü görəm,

Mələyin yerinə ələk verdilər.

 

Nağıllar bitmədi... bitəsi deyil,

Göydən kədər  yağdı alma yerinə.

Yamanca qatildı, başımız yaman,

Elə baxıb gördüm dünya nağıldı.

Qaldım nağılların əlində qaldım,

Nağıllar əlindən qurtaranacan,

Beşiyim dağıldı,yurdum dağılddı.

 

Təzədən bir cırtdan nağılı gələr.

Təzədən nağıllar məni aldadar

Hələ bu milətin eşitmədiyi,

Yüz illik, min illik nağılları var.

  

 

Yaxşı ki, sevmədin məni

 

Bilirsənmi şairlərin,

Gecənin qəmli çağında

yuxunun şirin yerində,

yerindən getməyi olur.

şairlərin, qaranlıq bir küncə çəkilib,

özü-özünə dil-dil ötməyi olur.

Zülmətin,dərdin içində,

əriyib itməyi olur.

Buz bağlamış eyvanında,

səhərəcən,

heykəl tək bitməyi olur,

Yaxşı ki, sevmədin məni.

 

Haqqını əlindən alınıb,

dönüb havalı olardın.

Anlayanın az olardı,

başı qovğalı olardan,

Vallah mənə qoşulsaydın,

yazıq, zavallı olardın.

Yaxşı ki, sevmədin məni

 

Şairlərin yükü ağır,

şələsi ağır şələdir,

Başının dumanı açılmaz,

Sinəsinin dərdi bol-bol,

Gözlərində yaş silədir.

Sevəndə də elə sevir,

Həm Məcnundur, həm Sənandır,

Həm Kərəmdir,həm lələdir

Yaxşı ki, sevmədin məni

 

Bu taleyi,bu qisməti,

Verən niyə belə verib?

Şairlər yaranan gündən,

Haqsızlığa sinə gərib.

Qaçqın düşüb,

köçgün düşüb

yetim olub,yesir olub,

Baş əyməyib sultanlara,

Məhəbbətə əsir olub.

Sən də ona qoşulsaydın

Ayrı düşüb yurd-yuvandan

Vətəninə həsrət qalıb,

Boylanardın qərib-qərib.

Yaxşı ki, sevmədin məni.

 

Bir şer qoçardım adına,

Odlu misraya dönərdin,

Şeirimin qanadında,

Göylərə qalxıb enərdin

Vur-tut bir sözə çevrilib,

Donub dilimdə qalardın.

Sən də elə mənim kimi,

Vallah zülümdə qalardın

Mənlə gedəsi olsaydin,

bu yolun bir sərt yerində

ölüb əlimdə qalardın.

Yaxşı ki, sevmədin məni.

 

 

 

Bənövşəni

                                   Balaoğlan Cəlilin  “Bənovşə” şerlərini oxuyarkən

 

Vurulub hüsnünə, gözəlliyinə,

Qələmə almısan tez bənövşəni.

De qürbət ellərdə soraqla, axtar,

De qürbət ellərdə, gəz bənövşəni.

 

Qad yerin baharı, yazı ayrıdı,

Söhbəti nisgilli, sazı ayrıdır,

Küsən çiçəklərin nazı ayrıdır,

Azdırıb, küsdürüb naz bənövşəni.

 

Düşübdü bir aha, qarğışa bilmir,

Gedib çiçəklərə qarışa bilmir,

Bəlkə taleyiylə barışa bilmir,

Yolunda yandırıb köz bənövşəni.

 

Gözünü yar gedən yollara dikdi,

Həsrətdən göynədi,boynunu bükdü,

Deyirlər görüşə lalə gecikdi,

Aldatdı o vədə, söz bənövşəni.

 

Dərdini söyləməz inlər içində,

Talesiz adı var güllər içində,

Yoxsa gözə gəldi güllər içində,

Boynuburuq qoydu göz bənövşəni.

 

Bənövşə sadiqdir eşqə əzəldən,

Qərənfil deyil ki,keçə yüz əldən,

Tapılsa bir könül tikən, düzəldən,

Onda görəcəksən düz bənövşəni.

 

Nə olar Nəsibə bir qulaq asın,

Əzəldən saxlayib bir eşqin yasın,

Boynuburuqlarla işin olmasın,

Nə qopar, nə də ki, üz bənövşəni.

 

 





02.04.2013    çap et  çap et