525.Az

İspaniyadan Gəncəyə, qəhrəmanların sorağı ilə...


 

30-CU İLLƏRDƏ AVROPADA FAŞİZMİN TƏHLÜKƏSİNƏ QARŞI MÜQAVİMƏT GÖSTƏRƏN RESPUBLİKAÇI İSPANİYA ÜÇÜN HƏRBİ TƏYYARƏÇİLƏR HAZIRLAYAN KİROVABAD (GƏNCƏ) AVİASİYA MƏKTƏBİNİN YETİRMƏLƏRİ ANILDI

İspaniyadan Gəncəyə, qəhrəmanların sorağı ilə...<b style="color:red"></b>

Ötən əsrin 3-cü onilliyindən etibarən Avropanı qəfil bürüyən faşizmin İspaniyaya da yayılması ilə bu ölkədə 1936-cı ildən alovlanan vətəndaş müharibəsində Respublika quruluşunu müdafiə edən qüvvələrə kömək göstərən Sovet dövləti onlar üçün SSRİ-nin bir sıra yerlərində hərbi hazırlıq məktəbləri yaratmışdı.

O vaxtkı Kirovabadda da ispan respublikaçıları üçün hərbi-təyyarəçilər məktəbi açılır. Fəaliyyət göstərdiyi 1936-1939-cu illər ərzində 200 nəfərədək ispan kursant burada təyyarəçi kimi yetişir. 1939-cu ildə İspaniyada faşistlər hakimiyyəti ələ aldıqdan sonra onların bir qismi SSRİ-də qalıb və Böyük Vətən Müharibəsi cəbhələrində vuruşublar.

Noyabrın son günlərində öz igid ata-babalarının qəhrəmanlıqlarının sorağı ilə İspaniyadan onların övladları və yaxınları Gəncəyə gəliblər. Səfər İspaniya Respublikaçı Təyyarəçilər Assosiasiyası ilə Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi ilə birgə təşkil olunub. Öz sıralarında elə əsasən faşizmə qarşı vuruşmuş beynəlmiləlçi təyyarəçilərin yaxınlarını birləşdirən Assosiasiyanın məramı ata-babalarının döyüş salnaməsini tədqiq və təbliğ etməkdir.

İspan qonaqlar Gəncə şəhərinin görməli yerləri ilə tanış olublar. Sonra Gəncənin mərkəzi meydanında şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ilə birgə İspaniyanın Respublikaçı Təyyarəçilər Assosiasiyasının, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndə heyətinin üzvləri Milli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.

Şəhərin baş meydanı ilə tanışlıq və xatirə şəkilləri çəkdirildikdən sonra qonaqlar Gəncə şəhər 30 nömrəli orta məktəbə yollanıblar. Bu təhsil ocağında  1936-1939-cu illərdə fəaliyyət göstərən SSRİ Hərbi Hava Qüvvələrinin 20 nömrəli Təyyarəçilik Məktəbinin ispan kursantları və təlimçilərinin xatirəsinə həsr olunmuş muzeyin açılış mərasimi olub. Muzeydə yaradılan şərait ispaniyalı hümayəndə heyəti tərəfindən qürür hissi yaradıb.

Qonaqlara muzeydə bələdçilik edən tarix elmləri doktoru, professor Həsənbala Sadiqov bir daha xatırladıb ki, 1936-1939-cu illərdə İspaniyada vətəndaş müharibəsi dövründə ikinci respublikanı müdafiə edənlər faşizmə söykənən general Franko tərəfdarlarına qarşı mübarizə aparırdılar.

"İspaniya təyyarəçiləri, topçuları və dənizçilərinin sayının azlığı ikinci höküməti müdafiə edən SSRİ höküməti öz ərazisində olan aviasiya məktəbində müqavilə əsasında beynəlmiləlçi təyyarəçilərin hazırlanması qərarını qəbul edib. Bunun əsasında belə məktəblərdən biri kimi,  Gəncədə 20 nömrəli hərbi hava təyyarəçilik məktəbi fəaliyyətə başladı. Məktəbin hər bir kursu altı ay olmaqla altı buraxılışı olub."-deyə, o, bildirib.

Muzeydə ispan təyyarəçiləri ilə bağlı məlumatlar,  onların geyimləri, təlimlər zamanı çəkilən fotoşəkilləri, istifadə edilən təyyarələrin maketləri və mühərriklərinin parçaları və digər eksponatlar saxlanılır.

İspaniyanın Respublikaçı Təyyarəçilər Assosiasiyasının rəhbəri Akilino Mata Piyer muzeydə yaradılan şəraitdən məmnun qaldıqlarını bildirərək muzeyə ispan təyyarəçiləri haqda məlumatlar əks olunmuş dəyərli sənədlər təqdim edib.

Muzeydə yaxınlarının fotoşəkillərini görənlər göz yaşlarını saxlaya bilməyərək, ata-babalarının xatirəsinə həssaslıq nümayiş etdirildiyinə  görə Azərbaycan hökumətinə təşəkkür ediblər. Barselona şəhərindən gələn Marqarita Vadi Mendiyeta bildirib ki, onun qaynatası 1937-38-ci illərdə bu məktəbdə 6 aylıq kurs keçib və ilk təlimə cəlb edilənlərdən olub. İspaniyalı qonaq göstərilən qonaqpərvərliyə və ispan təyyarəçilərinin xatirəsinin bu şəkildə qorunmasına görə fərəh hissi keçirdiyini bildirib.

Karmen Oxanqura Sarausa isə əmisi Monoel Sarausanın muzeydə şəkillərini görərək qürur hissi keçirdiyini bildirib. Gəncəyə ilk səfəri olduğunu qeyd edən xanım hiss etdiklərini ifadə etməyə çətinlik çəksə də, keçirdiyi hisslərin onu çox xoşbəxt etdiyini dilə gətirib.

İspan təyyarəçilərindən birinin qızı Mersedes Kaldeviya da kövrək hisslərini bölüşüb."Mən arzu edirdim ki, atamın - kapitan Xuan Karlos Kaldeviyanın döyüşçü kimi hazırlıq gördüyü yerlərdə olum. Bu gün arzum gerçəkləşir. Burda bizi bir ailənin üzləri kimi, qardaş-bacı kimi qarşılayırlar. Bu doğmalıq bizi çox ruhlandırdı"-deyə, o, bildirib.

Xanım qonaqlardan biri isə rusca danışmağı ilə diqqəti çəkib. "Atam 1938-ci ilədək Gəncədə təlim görüb. Sonra bir müddət Moskvada yaşadıq. Müharibə düşəndə o, cəbhəyə getdi. 1945-ci ilin martında, qələbəyə az qalmış, Macarıstan səmasında döyüşlərdə həlak oldu. Anam isə rusdur. O, Gəncə təyyarəçilər məktəbində tərcüməçi işləyib. Bu yaxınlarda vəfat edib. Biz Madriddə yaşayırıq. Burda hiss edirik ki, azərbaycanlılar bizə qarşı necə həssasdırlar. Bu muzey də çox dəyərlidir"-deyə, təyyarəçinin qızı Nelita Martines Forros bildirib.

Sonra qonaqlar şəhər qəbiristanlığındakı Fəxri Xiyabana yollanıblar. Sözügedən məktəbin 19 müdavimi burada dəfn olunub. Onlar təlim prosesindəki sınaq uçuşları zamanı həlak olublar.

Qonaqlar  ispan təyyarəçilərinin və onların müxtəlif millətlərdən olan məsləkdaşlarının məzarlarını ziyarət ediblər. Memorialın qarşısına Gəncə şəhər İcra Hakimiyyəti adından əklil qoyulub. Hərbi orkestrin ifasında İspaniya və Azərbaycan Respublikalarının Dövlət Himni səsləndirilib.

Fəxri Xiyabandakı pilotların xatirə abidəsi və qəbirləri üzərinə əklil və gül-çiçəklər düzülüb. İspan qonaqlar faşizmlə müharibənin müxtəlif cəbhə istiqamətlərində həlak olan təyyarəçilərin adları yazılmış lentləri də Gəncədəki abidənin üzərinə səriblər. Burda yaxınlarının və onların dostlarının qəbrini tapanlar da öz təəssüratlarını gizlətmirdilər.

" Burda atamın dostu, Françesko Fernandes Fonsun qəbri var. Atamın hazırda 97 yaşı var. Gedib ona deyəcəyəm ki, dostunun qəbrini tapmışam. O,əlbəttə çox sevinəcək və kövrələcək"-deyə, təyyarəçi oğlu Luis Mantaxano bildirib.

Daha sonra qonaqlar və mərasim iştirakçıları sözügedən hadisələrdən bahs edən "Azərbaycan Səmasında" sənədli filmini izləmək üçün bir araya gəliblər. Filmin nümayişindən öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  İspaniyanın Respublikaçı Aviatorlar Assosiasiyasının rəhbəri Akilino Mata Piyerə dünya şöhrətli  Nizami Gəncəvinin "Xəmsə"si,  Məhsəti Gəncəvinin rübailəri olan kitab və digər xatirə hədiyyələri təqdim edib. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə və göstərdiyi hərtərəfli dəstəyə görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq bildirib. İspaniyanın Respublikaçı Təyyarəçilər Assosiasiyasının rəhbəri Akilino Mata Piyer Gəncə şəhər rəhbərliyinə Assosiasiyasının xatirə lövhəsini təqdim edib.

Onu da əlavə edək ki, Böyük Vətən  Müharibəsi zamanı Sovet Ordusunda xidmət edən ispan pilotlar Moskva, Odessa, Stalinqrad ilə yanaşı,  Bakının hava hücumundan müdafiəsində də iştirak edib və onlardan 25 nəfəri döyüş şəraitində həlak olub.

Zakir Muradov
Gəncə

 





01.12.2016    çap et  çap et