525.Az

Bir həsrət yazısı...


 

Bir həsrət yazısı...<b style="color:red"></b>

Unutmaqdan yox, unudulmaqdan qorxuruq və doğulduğumuz gündən qorxularımıza ad tapa bilmirik. Biz millət olaraq davadan, qandan qorxan deyilik.

Başımıza gətirilən, lap elə qorxulu nağıllara, qorxu filmlərinə bənzəyən hadisələri əvvəllər danışmağa qorxmuşuq. Çünki düşmənimiz və düşmənlərimiz çox qorxulu idilər. Ancaq tarixin, tarixi həqiqətlərin üstündən qara kölgələr qalxandan sonra olanları qorxmadan danışdıq, hətta onu yazmağa belə başladıq. Yazılanlar tarix oldu. Böyük bir millətin tarix səlnaməsindəki qara səhifələr sabahımıza işıq salmasa da, bizi həmişə işığa doğru apardı, daha doğrusu, işıq yolunu göstərdi. Bu yol azadlıqdan, birlikdən keçdi və bugünümüzə gəldik.

Bugünümüz isə qışın bir addımlığındadır. Payızın sarı həsrətindən keçib qışa doğru gedirik. Bəlkə də zamanın təzadıdır, bizi yerimizdən, yurdumuzdan ən çox payız-qış fəsillərində didərgin salıb, pələsəng ediblər. 1813-dən, bəlkə də daha öncədən bu plan, beləcə, həyata keçirilib. Elə bu yazıda da tarixi varaqlamaq istədim, soraqlamaq yox. Çünki soraqlasam, illərin o üzündən neçə-neçə nəsil soyqırıma, deportasiyaya məruz qalmışların sədası gələcək...

Tarix xronologiyaların ümidinə qalsa, o zaman tarixçilər hər şeyi yenidən yazmaq məcburiyyətində qalacaqlar. Rəqəmlər, hadisələrin hansı ayda, hansı ildə, hansı saatda baş verməsi bundan sonra nəyi dəyişər ki? Bu gün bizimçün əsas məsələ xatırlamaq və ibrət götürməkdir. Artıq müşahidə etmişəm, özümüzə unutqan millətik demirik, daha doğrusu, unutmuruq. Bilirik ki, unutqanlıq elə bir dərin yuxudur ki, onun quyusuna düşən bir də ordan ömür boyu çıxa bilməyəcək. Əlimiz çatan, gümanımız yetən yerdə şükürlər olsun ki, düşmənlərimizdən geri qalmırıq. Amma bizim onlardan bir fərqimiz var: biz haqqı deyirik, haqqı danışırıq, onlar isə dünyanın eşitmək istədiyini...

Yolumuza daş diyirləyənlərin, hər addımda qarşımıza sədd qoyanların dilini və əlini kəsmək üçün bu gün səfərbər olmuşuq, çünki bıçağın sümuyə dayandığını hamımız bilirik.

Düşmənimizin, onu üstümüzə qısqırdanların, ikinci bir erməni dövlətini torpaqlarımızda yaratmaq istəyənlərin burnunu Aprel döyüşlərində ovmağımızın səsi-sədası hələ çox eşidiləcək, hələ bundan sonra çox danışılacaq. O döyüşlərdən sonra çevrəmizdəkilərin, bizi deportasiyalara, soyqırımlara məruz qoyanların necə təlaş keçirdiklərini də gördük. Azərbaycan Əsgəri bizə elə bir sevinc yaşatdı ki, onu dillə demək, ifadə etmək çox çətindir. Bəlkə də üzü 1813-dən bəri qanı torpağa qarışmış soydaşlarımızın da ruhları sevindi o gün. O gün həm də oğullarımız haqqın dərgahına qovuşdular, şəhidlik zirvəsinə ucaldılar...

1905-1906, 1918-1920, 1948-1953 və 1988-ci illər deportasiyaları əslində həm də millətimizin qürurunu sındırmağa, onu tarix səhnəsindən silməyə hesablanmışdı. Və bu gün varoluşumuzda ilahi bir bağlantı, ilahi bir sirr var, bunu unutmamalıyıq...

Və mənim 28 illik bir həsrəti, ağrını yenidən dilə gətirməyimin səbəbinin izaha ehtiyacı yoxdur. Desəm bəlkə də yerinə düşər: sonuncu deportasiyadan sonra sevgimiz də, içimizdə göyərtdiyimiz dərdimiz də bizimlə birlikdə qaçqın oldu, köçkün oldu. Vətəndən-vətənə gəldik və bu soyuq noyabr ayı, bu qızıl payız 28 illik yaranın qaysağını yenidən qopardı...

Hafiz TƏMİROV
polis mayoru

 





01.12.2016    çap et  çap et