525.Az

ADPU-da “Dünyamıza xoş gəldiniz!” adlı tədbir


 

ADPU-da “Dünyamıza xoş gəldiniz!” adlı tədbir<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dekabr ayının 1-də Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin təşəbbüsü ilə 3 Dekabr-Beynəlxalq Əlillər Gününə həsr edilmiş “Dünyamıza xoş gəldiniz!” adlı rəsmi və bədii hissədən ibarət tədbir keçirilib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən 4 korreksiya və reabilitasiya uşaq mərkəzinin – Daun sindromlu uşaqların Reabilitasiya Mərkəzinin, Bakı Autizm-İdman və Yaşam Klubunun, Elit Autizm Türkiyə-Azərbaycan Mərkəzinin və Psixoqamma Psixoloji Mərkəzinin təxminən 30-dan çox xüsusi qayğıya ehtiyacı olan uşaqlarının rəsm əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov uşaq mərkəzlərinin nümayəndələrini və valideynləri rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməsindən məmnunluq duyduğunu bildirib.

Qeyd edib ki, ADPU ilə uşaq mərkəzlərinin daim birgə belə fərqli tədbirlər keçirməsi artıq ənənə halını alıb və bu ənənəni yaşatmaq, inkişaf etdirmək vacibdir. Uşaqların çəkdiyi rəsm əsərləri ilə tanış olan rektor bu əsərlərdən məmnun qaldığını bildirərək onlara uğurlar arzulayıb.

Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva belə xeyirxah tədbirin keçirilməsinə verdiyi dəstəyə görə ADPU-nun rəhbərliyinə, həmçinin uşaq mərkəzlərinin təmsilçilərinə və valideynlərə minnətdarlıq edib.

Bildirib ki, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Azərbaycan Birləşmiş Millətdar Təşkilatının (BMT) Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. İnsan amilini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə gücləndirilib. Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb və həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Ötən əsrin 90-cı illərində dahi öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində əlilliyi olan şəxslərin istedad və bacarıqlarının dəstəklənməsi üçün respublika səviyyəli müxtəlif tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu tədbirlərin də daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.

S.QARAYEVA

 





01.12.2016    çap et  çap et