525.Az

"Tarif Şurasının qərarının aztəminatlı ailələrə təsiri olmayacaq"


 

"XALQIN RİFAHI HƏMİŞƏ ÖLKƏ RƏHBƏRLİYİNİN DİQQƏT MƏRKƏZİNDƏDİR"

"Tarif Şurasının qərarının aztəminatlı ailələrə təsiri olmayacaq"<b style="color:red"></b>

Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsinə dair qərarını açıqlamasından sonra bir daha bəlli oldu ki, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi bu dəfə də nəzərə alınıb.
 
Bu qərar dövlətin sosial ədalət prinsipini qorunması istiqamətində nümayiş etdirdiyi növbəti addım kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, noyabrın 28-də Tarif Şurası tərəfindən açıqlanan qərar Azərbaycanda tariflərin differensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Differensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, differensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.

Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək.  Differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.

Həmçinin, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur. Bundan başqa, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.

Ümumiyyətlə, qeyd olunmalıdır ki, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb.

Ekspertlər differensiallaşdırma və optimallaşdırmanın müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunduğunu, məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir.  Azərbaycanda tariflərin differensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.

Mövzu ilə bağlı münasibətini bildirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadə deyib ki, Tarif Şurasının kommunal xidmətlərlə bağlı qərarını aztəminatlı ailələrə heç bir təsiri olmayacaq. Hökumət bu kimi məsələləri nəzərə alıb: "İqtisadiyyatımızın müəyyən hissəsi qaza-neftə kökləndiyi və dünya bazarında neftin və qazın qiyməti aşağı düşdüyü üçün ölkəmizdə kommunal xidmətlərdə qiymətlərin qalxması labüddür. Yəni bu iqtisadi qanunlardır. Bu, məndən, ya bir başqasından asılı olan məsələ deyil. Müxalifətin radikal qanadının bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışmaları, düşüncəsizlikdən və savadsızlıqdan irəli gəlir. Bu baxımdan, ABŞ səfirliyinə xəbərdarlıq etmək lazımdır ki, müxalif əlaltılarının ipini çəksin".

 Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov isə vurğulayıb ki, Azərbaycanda kimliyindən asılı olmayaraq, dövlətin idarə edilməsində atılan addımlara siyasi maraqların təmin edilməsi baxımından istifadə edilməsinə cəhdlərin göstərilməsi siyasi təxribatdan başqa bir şey deyil: "Bu cür hallara yol verənlər qınanılmalı və hətta məsuliyyətə cəlb olunmalıdırlar. Kommunal xidmətlərlə bağlı Tarif Şurasının qəbul etdiyi qərardan dağıdıcı müxalifətin siyasi mənafeyi üçün istifadə etməyə çalışmasının arxasında, söz yox ki, xarici qüvvələr dayanır. Çünki onlar tam şəkildə anti-Azərbaycan qüvvələrdən asılıdırlar. Bunun da səbəbi xarici qüvvələrdən maliyyə yardımları almalarıdır. Bunun qarşısı alınmalıdır. Hüquq-mühafizə orqanları dağıdıcı müxalifətə qarşı ciddi tədbirlər görməlidir.

 Millət vəkili Rüfət Quliyev hesab edir ki, bazar iqtisadiyyatı şəraitində hər sahədə qiymətlər tez-tez dəyişdiyindən kommunal xidmətlərin qiymətində də dəyişikliklərin olması gözləniləndir. O qeyd edib ki, Tarif Şurasının 28 noyabr tarixli iclasında təbii qaz, elektrik enerjisi və digər bəzi yanacaq növlərinin satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb: "O cümlədən, elektrik enerjisi və təbii qazın qiymətlərində diferensial dəyişikliklər baş verib. Belə ki, elektrik enerjisinin pərakəndə satış tarifi əhali üzrə aylıq istehlakı 250 kilovat-saat üçün dəyişilməyərək 1 kilovat saata görə 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşib. Təbii qazın pərakəndə satış tarifi isə əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetrə görə hazırkı 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".

Millət vəkili bildirib ki, bu tədbirlər elektrik enerjisindən və təbii qazdan istifadədə qənaətə səbəb olacaq:"Hesab edirəm ki, bu, aztəminatlı ailələrə təsir göstərməyəcək. Xalqın rifahı həmişə ölkə rəhbərliyinin diqqət mərkəzindədir və sosial müdafiəyə ehtiyacı olanlara mümkün olan köməkliklər göstəriləcək".

Beynəlxalq Münasibətlərin Araşdırmalar Mərkəzinin rəhbəri Rufiz Qonaqov isə hesab edir ki, Azərbaycanın radikal müxalifəti adlandırılan qüvvələr hər dəfə sosial məsələlərdə, Tarif Şurasının qərarlarından və digər məsələlərdən sui-istifadə etməyə çalışırlar. Artıq müxalifət qüvvələri buna adət ediblər: "Demək olar ki, müxalif qüvvələr xalqın içərində özlərinə dayaq tapa bilmədiklərinə görə, bu cür yersiz hərəkətlərə əl atırlar. Burada isə müxalifətin təmsilçilərinin məqsədi öz havadarlarına özlərini reklam etmək və xaricdən hər hansı bir maliyyə vəsaiti əldə etməkdir. Bu da müxalifətçilərin növbəti, sıradan bir fikirləridir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin yanındadır. Azərbaycanda keçirilən sonuncu referendum bunu bir daha sübut etdi. Kommunal xidmətlərdə qiymətlərin artmasından aztəminatlı ailələr heç bir ziyan görməyəcək. Çünki hökumət bu məsələ ilə bağlı artıq kifayət qədər arayış verib.

PƏRVANƏ

 





02.12.2016    çap et  çap et