525.Az

"Sirlər xəzinəsi" layihəsinə start verildi - Fotolar


 

"Sirlər xəzinəsi" layihəsinə start verildi - <b style="color:red">Fotolar</b>

Dekabrın 2-də M.F.Axundzadə adına Milli Kitabxanada “Sirlər xəzinəsi” adlı ədəbi-bədii musiqili layihəyə start verilib.

Kitabxandan 525.az-a verilən məlumata görə, kitabxananın direktoru Kərim Tahirov layihə haqqında söz açaraq bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Milli Kitabxananın və Beynəlxalq Muğam Mərkəzinin birgə təşəbbüsü ilə reallaşan layihə çərçivəsində Azərbaycan ədəbiyyatı klassiklərinin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislər keçiriləcək.

O, layihəyə əsasən reallaşdırılacaq klassiklərin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislərin əhəmiyyətindən danışıb. Bu silsilədən ilk tədbirin klassik Azərbaycan poeziyasının günəşi Məhəmməd Füzulinin yaradıcılığına həsr edilməsinin təsadüfi deyil, zərurət olduğunu bildirib.

Tədbirdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov bu məclisin füzulisevərlər üçün bir töhfə olduğunu vurğulayıb.

Dahi Füzulinin yaradıcılığından söhbət açan direktor belə tədbirlərin keçirilməsini alqışlayıb və layihənin uğurla davam edəcəyini deyib.

Poeziya və musiqinin vəhdəti olan tədbirdə klassik ədəbiyyatımızın tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Gülşən Əliyeva, Buludxan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri Ənvər Əhməd və digər alimlərin çıxışları dinlənilib.

Bildirilib ki, Nizami, Füzuli, Nəsimi, Vaqif, Axundov, Sabir, Vurğun və digər görkəmli ədiblərin yaradıcılığının təbliğ olunması ölkəmizin daha geniş coğrafiyada tanınmasında böyük əhəmiyyət daşıyır.
 
Diqqətə çatdırılıb ki, bu qəbildən olan ikinci tədbir Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Tədbirdə Əməkdar artist Azad Şükürov Füzulinin qəzəllərini səsləndirib, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Qəzənfər Abbasov, Feyruz Səxavət, Ehtiram Hüseynov və Hüseyn Məlikovun ifasında şairin qəzəlləri dinlənilib.

Sonda Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi nümayiş olunub və maraqla qarşılanıb.

 





02.12.2016    çap et  çap et