525.Az

Böyük şairlə söhbətlərin sönməyən işığı


 

Böyük şairlə söhbətlərin sönməyən işığı<b style="color:red"></b>

Bakımın ən əziz bir yerindəyəm. Dahilərin məzarıstanı Fəxri Xiyabandır bura. Xalqımızın sevimli, daha çox sevilən və unudulmayan oğulları burada ədəbi yuxuya dalmışlar. Qapıdan içəri daxil olanda Rəşid Behbudovun, Müslüm Maqomayevin, Bülbülün, Səməd Vurğunun, Şövkət Ələkbərovanın, Niyazinin, Xəlil Rza Ulutürkün və bir çox dahilərin daşlaşmış çoxlu heykəllərini görürük. Hər birinə İlahidən bəxşiş verilən duamızı oxuyub, rəhmət diləyib, salam yetiririk. Müqtədir dövlət başçısı, böyük alim Əziz Əliyevin, unudulmaz liderimiz, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, ali ünvanlı həkim və alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, qızılgül dəstələrini onların ayaqlarına səpirik. Ancaq bu xiyabandan ayrılmaq çətin olur.

Yavaş-yavaş addımlayıb, əvəzsiz söz sənətkarımız, Xalq şairi Rəsul Rzanın məzarı önündə dayanıb fikrə dalıram. 70 illik ömrün işıqlı keçmişi, ağır günün ömrü gözümüzdə canlanır. Rəsul müəllimlə  ilk görüşümüz, ilk söhbətimiz yadımdan çıxmır.

Mən Karqanov küçəsində yaşadığım kirayə evdən çıxıb BDU-ya gedən yola çatanda, kitab pasajından az aralı onunla rastlaşdım. Asta-asta Nizami muzeyinə tərəf gedirdi. Addımlarımı yeyinlədib irəlilədim, ona çatdım, dönüb mənə baxdı, salam verdi. Əslində salamı mən verməli idim. Özümü itirdim, dilim topuq vurdu.

– Vaxtınız xeyir olsun, – dedim, – Rəsul müəllim.

– Məni tanıyırsan, bala?

– Sizi kim tanımır ki, Rəsul müəllim...

Gülümsədi. Sonra soruşdum:

– Rəsul müəllim, nə əcəb piyada gedirsiniz ?

– Hə, bala, iş gedirəm. Uzaq deyil. Həm də piyada gəzməyi xoşlayıram. Bilirsənmi mən harada işləyirəm?

– Eşitmişəm. Ensiklopediyada, baş redaktor.

– Elədir, yaxındadır, Azneft meydanında, Çkalov küçəsindədir.

– Məndə ADU-nun filoloji fakültəsində üçüncü kursda oxuyuram.

Biz onun iş yerinə qədər piyada gəldik. Pionerlər bağına çatanda, o, əli ilə ikimərtəbəli ağ binanı göstərib: – Bax o bina mənim iş yerimdir – dedi.

Biz xudahafizləşib ayrıldıq...

Rəsul müəllimlə bu təsadüfi görüş heç vaxt yadımdan çıxmır. Mən ikinci dəfə onunla iş yerində görüşdüm. Vaqif Səmədoğlu mənə onun otağının qapısını göstərib dedi: – O, gözəl adamdı, utanma, nə sözün olsa, çəkinmədən deyə bilərsən...

Rəsul müəllimlə sonrakı görüşüm çox çəkmədi. İş axtardığımı bildirdim. O, sanki bir anlığa fikirləşib dedi: – İş məsələsi belədir. Bir çətinlik var. Bizim quruluşda hələlik gündüz oxuyanları işə götürməyə icazə vermirlər. Yoxsa mən səni mütləq işə götürərdim.

Mən bildirəndə ki, ailə vəziyyətim çətindir, mənzil kirayəsini ödəməyə çətinlik çəkirəm, əlini cibinə salıb, mənə pul vermək istədi.

Mən isə qətiyyətlə buna razı olmadığımı bildirdikdə Rəsul müəllim dedi:

– Belə bir variant da var. Mənim oğlum Anar “Qobustan” adlanan bir almanax açıb. Get onun yanına, elə bilirəm ki, sən orada çap olunarsan, başqa yerdə işləyib qazandığından daha artıq qonorar alarsan.

Bu söhbət mənə böyük ruh verdi, elə də etdim.

Rəsul müəllimin 60 illik yubileyi Azərbaycan Dövlət Dram Teatrında keçirilirdi. Onu görəndə dedim, yubileyinizə gəlmək istəyirəm. Dəvətnamə çıxarıb dedi, gəl, bala, şad olaram. Mənim yerim altıncı cərgədə, altıncı yerdə idi. Onlar isə ailəliklə birinci lojada əyləşmişdilər. Zal yazıçılar, şairlər, elm adamları və mənim müəllimlərim ilə dolu idi. Mən özümü çox xoşbəxt sanırdım.

Dəvətnamənin bir üzündə onun şeiri yazılmışdı:

 

Od nə çəkdi,

Küldən soruş.

Hansı sözüm,

Hansı şeirim

Yaşayacaq məndən sonra,

Mən bilmirəm,

Eldən soruş.

 

Əslində düşünürəm ki, bu şeir tək şairin özünə deyil, bütün insanların hamısına aiddir. İstər yaradıcılıqla məşğul olsun, istərsə istehsalatda çalışsın, ya müəllim olsun, ya tərbiyəçi, xülasə, hər kəs ondan sonra xoş sözün sahibinə çevrilməlidir.

Yubiley günündən sonra mən Rəsul müəllim haqqında kurs işi yazmaq üçün tapşırıq aldım, ona görə şairlə görüşməyi lazım bildim. Görüş zamanı bu böyük insandan onun dostu, gözəl şairimiz Mikayıl Müşfiq haqda soruşdum.

– Müşfiq odlu-alovlu şair idi. Onun toy mərasimində mən Gəncədə idim. Sonra onunla xeyli vaxt görüşdük, yoldaşlıq etdik, dostlaşdıq. 1933-cü ildə 2 aylıq qızını itirdi. Müşfiq ağır xəstələnmişdi. Mən, Nigar xanımla Moskvaya getməli idim. Odur ki, Müşfiqi də özümüzlə Moskvaya apardıq. Ona imkan daxilində kömək etmək istədik. O, məşhur tarçalan Qurban Pirimovla çox yaxın idi. Ondan tar çalmağı öyrənirdi. Hətta “Oxu, tar” şeirini də Qurban Pirimova həsr etmişdi. Onu KQB izləyirdi, ancaq heç kim bu işdə Müşfiqə kömək edə bilmədi, Sumbatzadələrin gücü çox oldu, Müşfiqi məhv etdilər. Mən bu haqda çox söz deyə bilərəm, ancaq vacib deyil. Sən get kurs işini yaz! – dedi Rəsul müəllim...

Kurs işini müəllimim Gülhüseyn Hüseynoğlu oxuyub mənə “beş” yazdı.

Yadımdadır ki, Azərbaycan Sovet Ensiklopediyasının xüsusi cildi hazırlanırdı. Rəsul müəllimi Azərbaycan KP MK-ya çağırmışdılar. Mən ensiklopediya binasının koridorunda V.Səmədoğlu və Dürdanə xanımla söhbət edirdim. Rəsul müəllim qapıdan içəri gələndə onun ovqatının yaxşı olmadığını hiss etdim. Şövqü Novruzov, Araz Dadaşzadə və işçilərdən biri Rəsul müəllimin yanına girəndə o, uca səslə deyirdi: – MK-da məni danladılar ki, niyə xüsusi cildə Zeynəb Xanlarovanı salmışıq, böyüklərdən birini isə unutmuşuq? Mən də cavab verdim ki, Zeynəb Xanlarovanın xalq qarşısında xidmətləri böyükdür, siz istədiyiniz adam isə hələ təzədir, işləsin o haqda fikirləşərik...

Yaşadığım kirayə evlə bu böyük şəxsiyyətin iş yeri arasında elə bil körpü yaranmışdı. Demək olar ki, hər dəfə o vaxt K.Marks bağı adlanan yerin yaxınlığındakı “Nərgiz” kafesinə çatanda onun işə tərəf getdiyini görürdüm, Rəsul müəllimlə salamlaşmaq qismətim olurdu. Bir dəfə də görüş zamanı soruşdu:

– Bala, sən filfakda oxuyursan, hansı şairləri daha çox mütaliə edirsən?

– Mən Sizi, Səməd Vurğunu, Süleyman Rüstəmi, Əhməd Cəmili, Osman Sarıvəllini və Ənvər Əlibəylini oxuyuram – dedim.

– Bəs gənc yazanlar?

Mənim tutulduğumu görüb dedi:

– Görünür kitabları olmayanları oxumursan, bala. “Azərbaycan” jurnalını, “Ədəbiyyat və incəsənət” qəzetini, ümumən qəzetləri oxu, yaxşı yazanlar var. Əli Kərimi, Fikrət Sadıqı, Fikrət Qocanı, Rüfət Əhmədzadəni, Rüfət Zəbioğlunu, Əhməd Elbrusu da oxu...

1968-ci il aprelin 18-də “Azərbaycan gəncləri” qəzetində şair Əli Kərim mənim haqqımda heç gözləmədiyim halda “Yolun əvvəlində söhbət” adlı məqaləsi ilə çıxış etmişdi.

Rəsul müəllimlə görüşəndə o məni təbrik etdi və dedi:

– Şeir yazmağını bilirdim, deməli, Əli Kərimin diqqətini çəkmisən, bu yaxşı əlamətdir! Uğur olsun!

Mən utandım. Onun üzünə baxmaqdan çəkinirdim.

30 iyun 1969-cu ildə Əli Kərim qəflətən dünyasını dəyişdi. Biz onu Göyçayda dəfn etdik. Rəsul müəllimin məsləhəti üzrə Vaqif İbrahimlə mən də Bakıdan Göyçaya kimi cənazə ilə birlikdə hüzr yerinə getdik. Bu hüzr mərasimi mənim də ömrümün çox ağır dəqiqələri kimi yadımda qalıb. Xalqımızın böyük oğlu şair Rəsul Rza ən yaxın adamlarını itirmiş bir şair kimi, əsl insan kimi o anda çox sarsılmışdı. O, Əlinin ailəsinə daima atalıq qayğısını əsirgəmədi.

Rəsul müəllimin dəyərli sözlərini eşidəndən, nəcib hərəkətlərini görəndən sonra onun böyük şairlikdən əlavə, həm də böyük şəxsiyyət olduğuna inandım. Sonralar ondan eşitdiyim bir çox sözlər mənim həyat dərsimə çevrildi...

Bunları xatırladıqca düşündüm ki, nə yaxşı bu məkan var, nə yaxşı mən buranı ziyarətə gəlmişəm və nə qədər sağam, yenə buraya gələcəyəm! Ruhun şad olsun, Rəsul müəllim, böyük insan!

Telman DƏMİR

 





03.04.2013    çap et  çap et