525.Az

Nizami demiş... - Lirik poema


 

Nizami demiş... - <b style="color:red">Lirik poema</b>

Söz, sənət xiridarı, görkəmli İnsan və alim qardaşım Nizami Cəfərova bir könül ərməğanı

Hər uca rütbədən biliniz fəqət
Alimin rütbəsi ucadır, əlbət.
Nizami Gəncəvi

lll

Nəfəs dərib bir dəryanın lal sahilində
Göz önümdə zər ləpələr, damlalar - incəm.
Göy suların köpüklənən mavi dilində
Bir sonsuzluq nəğməsinə hissim olmuş cəm.

Sonsuzluğun sahilini axtarır gözüm,
Bilməcədir tapacağım, tapa bilmirəm.
O kələfin ucundakı düyünəm özüm,
Bağlandığım bağlamadan qopa bilmirəm.

Axşam olur, Ay işığı düşür əlimə,
Əllərimi əldən salır bəyazlıq seli.
Diqqətimi yönəldirəm fikir ləlimə,
Dərinliyə arxa durur Tanrının əli...

Tanrı əli açarıdır mübhəm sirlərin...
Bəs nədəndir sirlərin də yoxdur sahili?
Dərin fikir yer üzündə təkidir yerin,
Dərinliyin tərcümanı - ümmanın dili.

Zaman olur, məkan tapmır xəyal məkanı,
Zaman olur, məkan qalır zamana həsrət.
Mən sahildə düşünürəm dərin zəkanı,
Dərin zəka dəryasına məkan bəsirət...

Dayanmışam sahil adlı su kənarında,
Qərinələr ərzi burdan seyrə dalıbdır.
Nur kamallar parladıqca öz yanarında
Ümmanlaşıb sahilsizlik ismi alıbdır...

O dəryaya çevirmişəm sözün yönünü,
Sözümə yön sözübütöv cəmlər gələcək.
Dinləməkçün sirr-ümmanın azman ününü
Sahilinə kimlər gedib, kimlər gələcək...

Yaranışdan qoşa aləm üz-üzə belə,
Xəyal çatsın cığıramı, düşsün izəmi?!
İki sirli varlıq durub göz-gözə belə
O sirlərdən biri dünya, biri Nizami.

lll

Əli bar-bəhrəli “əkin-biçin”də,
İzini illərə səpər dən kimi.
Tarixin səsini səslər içində
Tanıyıb, hal tutar eşidən kimi.

Önündə nurlanar bəyaz kağız da,
Xəyalı sərhədsiz, zəkası geniş.
Bir kəlam dolaşar dildə, ağızda,
“Nizami söyləmiş”, “Nizami demiş”...

Həmən Nizamidir, o köhlən atlı,
Hecası, vurğusu qırmancdan betər.
Fikirləri aram, sözü urvatlı,
Xırda eyhamı da süvari ötər.

Müdriklər yetirər dövran sınalı,
Zaman çətin yola qəzamı demiş?!
Sözə qüvvət üçün, həm birmənalı,
Elə hamı deyər: “Nizami demiş”.

Kamil söz rəsmiylə öyündüyündən
Zirvə inadlıdır fikir qətində.
Kürün laylasında böyüdüyündən
Axar ləngəri var təbiətində.

Ruhunda çağlayar gənclik havası,
Ana pıçıltısı Dəli Kürdədir.
Oğuz ta yfa demək Ağstafası -
Prof. Krımski də bu fikirdədir...

Bütövlük o BİRə mənsubdur elə,
Birlə bir olandan unama kəm iş -
Bunu da könüldən gətirib dilə
Bizim zəlimxanlı Nizami demiş.

Mürəkkəbi gecə, qələmi işıq,
Sübhün dastanıdır yazdığı əsər.
Bir palıd kimidir - kökünə aşiq,
Kökü bilinməyən budaqdan həzər!..

Yaddaşı qədimdir, yozumu təzə,
Hər fikir dolu yük daşıya bilməz.
Əsilsiz cümləni ha bük, ha bəzə,
Kök üstə bitməyən yaşaya bilməz.

Sonu anlatmaqçün o, dönər ilkə,
Bugünü ötməkdir dünəndən gəlmək.
Oxuyub-öyrənmək vərdişdir bəlkə,
Amma ustadlıqdır öyrədə bilmək.

Arxası bir eldir, bir ölkə, bir soy,
Hər yanda davamı - tələbəsi var.
Hissi, əminliyi - göstərdiyi boy,
İnamı qədər də qələbəsi var.

Sabahlar dünənin bətnindən doğar,
Yaranan, diləklər yetirəndi ki.
Elmin yollarında qədəmi uğur,
Gəlişi gələcək gətirəndi ki!..

Göyün yeddi qatı düşüncəsində,
Məntiq laylarıdır mənzərsizliyi...
Sözü özündədir, özü sözündə;
Sözünə bənzəyər bənzərsizliyi.

Ruhdur ucalığın görkü bədəndə,
Hər zülmətin sonu Tanrı - Dan* olmur.
Böyüklük yetişir mayada, gendə,
Müdriklər doğulur, sonradan olmur.

* - Qədim türklər dan yerinə tan yeri (Tanrı mənasında) demişlər.

Gözündə çox böyük dağlar kiçilib,
Məğrur qartal kimi ucada süzər.
Sadəlik, boyuna elə biçilib,
Qəliz qəlbiliyə o, dodaq büzər...

Alim olmaq asan, insanlıq çətin -
Bu da ataların ata səsidir.
Ancaq nizamı var hər qətiyyətin,
Nizam - ədəb-ərkan təntənəsidir.

Olanı təmkindir, olmayanı kin,
O, hörmət təşnəsi, sevgi ləliyi.
Göy kimi sakitdir, yer kimi bitkin,
Yox dünya malına aludəliyi.

Baxışı varlığın öz fəlsəfəsi,
Onunçün bu aləm şəkil-sərgidir.
Duymalı bir səs var - Tanrının səsi
Qalan hökm-filan cəm ötərgidir.

O deyir fanidir dörd əl tutduğu,
Bir acı mənimdir, bir ah sənindir.
Azmı qəlp olanı qəlb unutduğu?! -
Bu gün mənim olan sabah sənindir...

Tələsmə bir ikən son ilə əzəl,
Ən müqəddəs oda səbr evidir.
Son minəcəyimiz araba özəl,
Özəl mənzilimiz qəbir evidir...

Kimi dəstəkləyən, kimi daşlayan...
Yoxuşa qalxmayan eniş söyləyər.
“Nizami demiş”lə nitqə başlayan
Sonda da “Nizami demiş” söyləyər.

Nizami dedisə, söz yetər dada,
O, yaxın düşünüb, çox uzaq görər.
Elmin ağır döyüş meydanına da
Qalib pəhləvantək üzüağ girər.

Nizami dedisə, susar dil-dodaq,
Məqsəd bərəsində xoş niyyət olar.
Hikmət süfrəsində təamlar dadaq,
Anlatmaq əzmində qətiyyət olar.

İdrak civarında bitən bütövdü,
Haqqın haqq qələmi yazandı hər şey.
Böyük ürəyində Vətən bütövdü,
Nizami hökmündə nizamdı hər şey!..

O, dinsə, əriyər min şübhə donu,
Ülfəti fəzilət, ünü mehrdi.
Hər elmi-ədəbi məclisdə onun
Fikri, qənaəti, sözü möhürdü.

Ürəksiz düşüncə sınıq qanaddır,
Ağlın da qəlbində titrər sarı tel.
İnsan, fikri yoxsa, quruca addır,
İstər Sokrat olsun, ya Aristotel.

Doğma dil sehrinin sirdaşı olmaq
Rəbbin bir lütfüdür, ülvi niyyətdir.
Ulu Nizaminin adaşı olmaq
Nizami şeiritək məsuliyyətdir!..

lll

Hərdən suallarım bitib-tükənmir,
Neyləyim, hamısı həyatdan doğur.
Məni sükutumun vüqarı yenmir,
Yerində olmayan nəsnələr boğur.

Niyələr min səmtə çəkir yaxamı,
Səbrimi əlindən ala bilmirəm.
Qaçırır gözümdən şirin yuxumu,
Daş olub yerimdə qala bilmirəm.

Hər kəsdən hər şeyi sormaq gülüncdür,
Demirəm qurunu sən yaşa söylə.
Qınından sıyrılan söz də qılıncdır,
Dərdi də dərd qanan sirdaşa söylə...

Məqamdır, üzümü tuturam sənə,
Qəbzəli xəncərin tiyəsi hanı?
Uca dağ qocalır hey sinə-sinə...
Bəs qoca dünyanın yiyəsi hanı?!

Adaməvəzlərə “əvəzsiz” dedik,
Hanı əvəzliklər - yeganəliklər?!
Hərənin əlində bir susqun düdük,
Bürüyüb ətrafı biganəliklər...

Alimi zirvələrsayaq bilirəm,
Bildiyim bilgidən aləm halıdır.
Alimi aləmə dayaq bilirəm,
Alim cəmiyyətin pyedestalıdır.

Mən də baş əyirəm alim önündə,
Onun əlindədir elmin açarı.
Fəhm dalğasında, idrak yönündə,
Tanrısal ətadır xəyal uçarı.

Heyif, bu ordunun sağlam səfində
Fikriylə axsayan ayaq az deyil.
Addım yanlışında, amal səhvində
Doğru görkəm altda boyaq az deyil.

Alim tanıyıram deyim nəçidir,
Bir sual önündə dura bilməyir.
Dolaşıq nitqiylə əllaməçidir,
Sadə cümləni də qura bilməyir.

Alim var zəlillik yağır üzündən,
Məntiqə “püff!” - deyir, fikrə lağ atır.
Bəd niyyət göyərir qara izindən,
Şairə, nasirə badalaq atır...

Nə ola, o kəsi tutub qılığa,
deyəsən; bir sözü hecaya böl sən.
Deyəsən; bu qələm, bu da sən, qağa,
Götür, iki misra yaz, qoşa bilsən!..

Deyəsən; şit tərif - zəhər - badələr,
Əqlin məhsulu yox, yapışdırmadır.
“Tapdığın” terminlər, ya ifadələr
Bil ki, ondan-bundan çırpışdırmadır.

Deyəsən; həyatın daim “neçin?”də...
Pak sual qoynuna girə bilmirsən.
Efir “şair”ləri gözün içində,
Həyat şairini görə bilmirsən...

Alim var cəhdini öysə də belə,
Adi biri deyil hələ sıradan...
“Tənqidçi” libası geysə də belə,
Seçə də bilməyir ağı qaradan!..

Alim var bələdik hər cik-bikinə;
Yalana müntəzir, qurğuya hazır.
Dindirsən, and içir öz məsləkinə,
Elmsiz cahilə elmi iş yazır.

Alim var çəkinmir, göz görə-görə,
Oğurluq mətnlər çap elətdirir.
Nəsrə əl aparır, qulp qoyur şeirə,
Sonra başımıza “tapp!” elətdirir.

Nolar, lap dözərik tarpaturpuna,
Təki sağlam sözə bir “sağ ol!” - desin.
Təki vicdanında ürək çırpına,
Göstərib düz səmti, doğru yol desin...

Əyilib əyməkdir ümdə şakəri -
Gecəsi, gündüzü beləcə keçir.
Əldə əyrisi çox, dildə şəkəri,
İşi-peşəsi də köçürhaköçür...

Sözün sinəsinə bəzən çökərək
Fikrin dərisini soyanlar da var.
Modern yozumuna sığal çəkərək
Özünü “klassik” sayanlar da var...

İstedadsızlara şeytan əliylə
Cildlər həsr edilib, tarix yazılır.
Qondarma alimin yaltaq diliylə
Küt, seyrək fikirlər sıx-sıx yazılır...

Bunları saydıqca əzab çəkirəm,
Böyük əməllərdi böyük ad üçün.
Gözümdən xəlvətcə qan-yaş tökürəm,
Sənlə dərdləşməyim - bir imdad üçün...

Doğub taptalarmı Günəş danını?!
Təmənna zorunda o da solarmı?!
Həkim unudarsa öz vicdanını,
“Hippokrat andı”nı yada salarmı?!

Bizdən çox uzaqda şeytana qat-qat
artıq dəstək verib, şərə uyurlar.
İtin qabağına yemədiyi ot,
Atın qabağına əti qoyurlar.

(Ardı gələn şənbə sayımızda)

 





05.12.2016    çap et  çap et