525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov

Transliterasiya redaktorları: professor  Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanında 10-cu iclas

Üçüncü gün

(Keçən nömrələrin axırı) 

Fətəli Xan Xoyski - (Baş vəzir) Möhtərəm məbuslar! O günlər ki, siz neçə dəfəhlərlə bənə müraciətən bu hökumətin təşki-linə bəni vadar etdiniz. Bən birinci bəyannamədə sizə demişdim, inşaallah yadınızdan çıxmamışdır - bən o vəqt sizə dedim ki, böylə xətərli bir zamanda heç kəs cəsarət edib zammam hökuməti əlinə almaz.

Bununla bərabər əgər biz o vəzifəyi öhdəmizə götürüyorsaq, ancaq sizin sidqidil ilə hökumətin dalında durub kömək edəcəgimizə ümidvar oluyoruz. Buna inanıyoram. Əgər görsəm ki, sədaqət yoxdur, bir dəqiqə hökumət başında durmaram. Bunu bən o vəqt dedim və bu sözlər yaddan çıxmazlar. Əlbəttə bən biliyorum ki, hökumətə kömək cürbəcür olar. Sorğu vermək özü də bir cür köməkdir. Bəzi vəqt öylə məqam oluyor ki, bəzi şeylər barəsində tədbir görmək yaddan çıxıyor. Bəlkə hətta hökumətin bəzi şeydən xəbəri olmuyor. Öylə ittifaqlarda gərək məbuslar sorğu vasitəsilə əhvalı hökumətə bildirsinlər, borcludurlar soruşsunlar, məsələn filan kənddə buğda yığıyorlar hökumətə məlumdurmu, filan iş niyə böylə oluyor, hökumət buna bir çarə ediyormu? Böylə sorğular parlaman tərəfindən hökumətə bir köməkdir. Heç hökumət böylə sorğudan inciməz. Əgər bir əsas düz degilsə, parlaman sorğu versin, düzəlməsini tələb etsin. Biz sorğuyu həmişə artıq dərəcə məmnuniyyətlə qəbul edəriz. Amma möhtərəm məbuslar sorğu da var, sorğu da var. Bir sorğu var ki, atanın oğluna verdigi nəsihət kibidir. Bir sorğu da var ki, zəhərli, bədxahlıq sorğusudur. Zənn ediyoram bu ikinci kibi sorğular ilə heç vəqt iş qabağa getməz. Böylə sorğu parlaman ilə hökumət arasında süpürüşmə və oyuncaq meydanı olar. Bu sorğu hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir. Aya, bu o zamandır ki, hökumətə badalaq vurulsun? Aya, Azərbaycanın halı öylədirmi ki, hökumət ilə süpürüşülsün, belə də sorğu olar?

Bu öylə bir zamandır ki, gərək hökumət ilə məhəbbət dili ilə danışasan. Hökumətə deyəsən filan işdə səhv var, gəl biz də sənə kömək edək, düzəldək. Bunu belə etmək lazımdır. Hökumət ilə bu dil ilə danışmaq gərəkdir. Böylə olsa hökumət üçün köməkdir. Bən belə bilirəm ki, heç hökumət ilə özgə dil ilə danışmaq olmaz və hökumət qəbul etməz ki, danışılsın. Bənim yoldaşlarım burada puldan ötrümü, yaxud yox olan ixtiyardan ötrümü əgləşmişlərdir? Aya, bu müqəssirlər skamyasıdır ki, hərə gəlib bir söz desin, bir ləkə yapışdırsın? Aya, bizim tərəfimizdən böyük fədakarlıq, millətə böyük xidmət deyilmi ki, öz səlamətligimizi, bu saat bazarlarda danışılan təmiz adımızı və rahətligimizi millətə fəda edərək bu skamyalarda əgləşiyoruz, hərə bir söz diyor. Hətta ixtiyarımız yoxdur onlardan bir qədər ehtiramla davranmayı tələb edək? Doğrudur çox şeylər olub, nəzarətlərdə çox qüsurlar var, məmurlar rüşvətlər almışlardır, bəzi üsulsuzluqlar oluyor, bunların heç birini gizlədən, pərdələyən yoxdur. Hökumət bunu biliyor, əlindən gələn işləri ediyor və eliyəcəkdir də. Müqəssirlərin təqsirini aydınlaşdırmaq üçün istintaq ediliyor, sonra məhkəməyə veriləcəklərdir. Bu barədə nazirlər bəyanat verdilər. Ancaq bən bunu da deməliyəm ki, bununla bərabər hökumət bir fövqəladə istintaq komisyonu da təşkil ediyor ki, bu işlərə baxsın. Çünki adi istintaq və məhkəmələr kifayət etmiyorlar. Fövqəladə komissiya lazımdır. Hökumətin borcudur bu işləri görsün, görəcəkdir də. Bənim fikrim bunları göstərmək degil, əsl mətləb sorğunun mahiyyətindədir. Bu sorğu adəti degil. Heç parlamanda böylə sorğu görülməmişdir.

Adət böylədir ki, hökumətə sorğu verəndə əvvəlcə deyərlər ki, filan yerdə, filan şey olubdur. Filankəs filan işi görübdür, bu hökumətə məlumdurmu və nə tədbir görüyor? Sorğu böylə olar. Yoxsa heç bir şey göstərmədən sorğu verəsən, hökumətdən cavab aldıqdan sonra başlayasan ki, xeyr böylə degildir, filan filan olubdur. Bu sorğu degil, dalında yumruq, cibində daş gizlətməkdir ki, hökuməti qəflətən vurasan, böylə sorğuya nə cavab vermək olar. Parlamanda heç böylə adət yoxdur və bu hökumət dili degildir ki, hökumət ilə bu dil ilə danışıyorlar. Hər şeyin xasiyyətinə fikir vermək lazımdır. Siz gərək həmişə nəzərdə tutasınız hökumət ki, bu övzada dolanıyor bu nə aləmdir, nə övzadır. Bunu siz biliyorsunuz, çünki mümkün degil parlamanda oturanlar bilməsinlər. Siz bunu biliyorsunuz ki, Azərbaycanın istiqlalı hər dəqiqə təhlükədədir.
 
Biliniz imdi öylə bir vəqtdir ki, nəinki bez və çit, hətta öylə əhval çıxa bilər ki, Azərbaycan belə qalmaz. İstiqlalımız gedər. Böylə mühüm zamanlarda hökumət işlərini Tağıyev fabrikasının bezilə ölçmək olarmı? Bu məqamda bu cür ki, sorğu veriliyor, aşkardır ki, bu xeyirxahlıq fikrilə verilmiş xeyirxahanə sorğu degildir. Biliyorsunuz ki, hökumətin həftədə 5-6 iclası oluyor. Gecə saat 2-yədək oturuyoruz. Lakin bunca vəqtdə iş o qədər olmuşdur ki, sıradakı məsələlərə keçmək mümkün olmamışdır. Xarici siyasət o qədər hücum ediyor ki, bu halda mümkündürmü hökumət gedib sənin bezlərini ölçsün? Azərbaycanın başına bir bəla gələrsə, onda bez nəyə gərək, çit və neft nəyə gərək olar? Gərək öylə etmiyəsiniz ki, hökumətin səbr kasası dolsun. Böylə olsa Azərbaycan üçün çox xətalar çıxar, hökumət dəgişmək ilə bir qarışıqlıq çıxarsa, onda bütün millətə diyoram: qoy millətin günahı və xətanın məsuliyyəti tamamilə hökuməti yıxanların öhdəsinə düşsün. Qabaqda bu məsələ ayrı cür idi. Şimdi dil bir az dəgişibdir. Dün hökumətə hamı bir təpik vuruyordu. Eybi yoxdur. Bu da keçər. Sanki bizə bir səvab, mərhəmət etmişlər. Öylə bil biz öz keyfimizlə buraya gəlmişik, sanki bizə deyirlər bu dəfə təqsirinizdən keçib sizi dəgişmiyoruz, gələn səfər belə qələt etsəniz görərsiniz nə edərik!

Aya, bu olar? Aya, hökumət ilə bu dillərlə danışılar? Bənim qulağıma yetişdiginə görə parlaman üzvlərindən birisi digərinə deyibdir ki, hətta Biçeraxov və Denikin köməyilə də olsa bu hökuməti yıxacağam. (Mərkəzdən və soldan eyib olsun). Lazım gəlsə o ada-mın adını da deyə bilərəm. Aya, biliyorsunuz Biçeraxov kimdir? Denikin kimdir? Bunlar o adamlardır ki, Azərbaycanın adını da çəkməgə qoymazlar. Aya, hökumət ilə süpürüşmək istəyən bu cür adamlar parlamanda otura bilərmi? Xeyr! (Mərkəzdən və soldan alqış). Hökumət ilə parlaman arasında qiylüqal çıxarmaq vəqti degil. Möhtərəm məbuslar! Fikirləşək bu məqam nə məqamdır: bu məsuliyyət nə məsuliyyətdir? Gördügünüz işləri düşünmək, fikirləşmək lazımdır. Əgər düşünülsə əminəm bir adam tapılmaz ki, deməsin: bu danışılan dil hökumət dili ilə danışmaq dili degildir. Böylə qorxulu zamanda dalğalar arasında bulunan qayığımızı bir tövr səlamətə çıxaraq ki, məqsədlərimizə müvəffəqiyyət ilə nail ola bilək. (Mərkəzdən, soldan alqış).

Bu nitqdən sonra zeyldəki üç formula (təklif) varid oluyor. 

Sosialistlərin təklifi 

“Bizim sənayemizin ən qiymətli məhsulatının alış-verişi və cəmaət içərisində təqsimi barəsində verilən sorğulara hökumətin verdigi izahatını dinləyib Azərbaycan Məclisi-Məbusa-nının əhali və cümhuriyyət üçün böyük əhəmiyyəti olduğunu və bunun lazımi surətdə qaidəyə qoyulmasını qeyd edərək əhvali-fövqəladədən dolayı məmurların xidmətlərində göstərdikləri suyi-istemalları və həmçinin möhtəkirlik və əksinqilab hərəkətlərinin şiddətli qanunlar ilə önünü almaq lazım olduğunu nəzərə alıb qət ediyor ki:

1- Suyi-istemallar və ehtikar işlərini müəyyən və istintaq etmək üçün bir fövqəladə parlaman komisyonu intixab etməli və

2- Məmurların xidmətlərindəki suyi-istemalları və möhtəkirligi və əksinqilab işlərini mühakimə üçün təşkil ediləcək ali tribunalın qanun layihəsini düzəltmək üçün bir komisyon intixab etməli və bununla növbədəki məsələlərə keçiyor. 

Müsavatın təklifi 

“1 - Vaqe olan sorğuya qarşı hökumətin verdigi bəyanatını kafi görərək Məclisi-Məbusan növbədəki məsələlərin müzakirəsinə keçiyor.

2 - Eyni zamanda məmləkət hasilatının iyi bir surətdə idarəsi və ərzaq işinin müvafiq surətdə idarəsi üçün lazım gələn tədbirləri görmək məqsədilə parlaman komisyonunun təşkilinə lüzum görürüz”.

Ağa Aşurovun təklifi

“Hökumətin sorğulara olan cavabını eşidərək, Məclisi-Məbusan hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanını kafi görərək növbədəki məsələlərin müzakirəsinə keçiyor”.

Təklif səsə qoyulduqda “Müsavat” kəndi təklifinin birinci qismini Aşurovun təklifinə dəgişərək yarısı Aşurov, yarısı “Müsavat” təklifindən ibarət olmaq üzrə aşağıdakı qərarnamə qəbul ediliyor:

Hökumətin sorğulara olan cavabını eşidərək Məclisi-Məbusan hökumət rəisinin göstərmiş olduğu tədbirlərin tezlik ilə görülməsi arzusunu izhar edərək və hökumətin bəyanını kafi görərək növbədəki məsələlərə keçiyor.

Eyni zamanda məmləkət hasilatının iyi bir surətdə idarəsi və ərzaq işinin müvafiq bir surətdə idarəsi üçün lazım gələn tədbirləri görmək məqsədilə parlaman komisyonunun təşkilinə lüzum görür.

“Azərbaycan”, 15 fevral 1919, №117

Zammam - çox eyib söylənən, həcv edilən

(Ardı var)

 





05.12.2016    çap et  çap et