525.Az

Millət vəkillərimiz özbək həmkarları ilə nədən danışıblar?


 

Millət vəkillərimiz özbək həmkarları  ilə nədən danışıblar?<b style="color:red"></b>

Ümummilli lider Heydər Əliyevin  90 illiyi ilə bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Azərbaycandan olan millət vəkilləri səfər çərçivəsində aprelin 3-də Özbəkistan parlamentində-Ali Məclisində olublar.

Bu haqda 525.az-a məlumatı səfər iştirakçılarından olan professor, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova verib. Onun dediyinə görə, millət vəkillərindən Qənirə Paşayeva və Etibar Hüseynovla birgə Özbəkistan Ali Məclisinin müvafiq komitələrindən birinin sədri Məhəmmədyusif Teşabayev və həmin şəxsin rəhbəri olduğu komitənin üzvləri ilə görüşüblər.

Görüşün çox maraqlı keçdiyini qeyd edən millət vəkili bildirib ki, özbək həmkarları ilə fikir mübadiləsi zamanı Özbəkistan-Azərbaycan əlaqələrinə, hər iki qardaş-dost ölkənin ali qanunverici orqanları arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinə və digər məsələlərə geniş şəkildə toxunulub və hər iki tərəf bu əlaqələrin, münasibətlərin səviyyəsindən razılıqlarını ifadə edib.

“Eyni zamanda, bu əlaqələrin, dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin bundan sonra daha da genişləndirilməsi, sürətləndirilməsi məsələsi məqsədəuyğun hesab edilib. Onu da qeyd edim ki, Özbəkistan bu gün  işğalçı və təcavüzkar Ermənistanla heç bir diplomatik münasibətlər qurmayan 3 ölkədən biridir. Bu qardaş və dost ölkə hər zaman Qarabağ məsələsində Azərbaycanın birmənalı haqlı mövqeyini, ərazi bütövlüyünü dəstəkləyib, ifadə edib. Bunlar çox mühüm, önəmli, olduqca təqdirəlayiq məqamlardır. Ona görə də Özbəkistan-Azərbaycan əlaqələrinin bundan sonra da gücləndirilməsi lazımdır. Bunun hər iki tərəfə ancaq və ancaq müsbət xeyri var”-deyə, R.Aslanova sözlərinə əlavə edib.

Kamil Həmzəoğlu

 





03.04.2013    çap et  çap et