525.Az

Ekspert: “Strateji yol xəritələri neftdən asılılığın azaldılmasına yönəlib”


 

Ekspert: “Strateji yol xəritələri neftdən asılılığın azaldılmasına yönəlib”<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev 6 dekabr 2016-cı il tarixli fərmanı ilə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib.
 
Sənədə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov APA-ya açıqlamasında deyib ki, milli iqtisadiyyat və 11 əsas istiqamət üzrə strateji yol xəritələrinin hazırlanmasına Azərbaycan hökuməti ABŞ-ın “McKinsey” şirkətini cəlb edib.
 
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə strateji yol xəritələrinin hazırlanmasına yerli ekspertlər və yerli “beyin mərkəzləri” də cəlb olunub. V. Bayramov yerli ekspert kimi milli iqtisadiyyat üzrə strateji xəritənin, strategiyanın hazırlanmasında iştirak edib: “Yol xəritəsinə nə üçün ehtiyac vardı? Nəzərə almaq lazımdır ki, Azərbaycan artıq yeni, post-neft dövrünə qədəm qoyub. Post-neft dövründə də yeni iqtisadi modelin tətbiqi vacibdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkədə neft gəlirləri yüksək olduğu dövrdə hazırlanmış və təsdiq edilmiş bir konsepsiyadır. Bu konsepsiya daha çox infrastrukturun inkişaf etdirilməsi və rəqabət qabiliyyətinin artırılması üzərində qurulub. Yeni model mövcud infrastrukturdan istifadə etməklə, həm xarici investisiyanın cəlb edilməsi, həm neftdən asılılığın aradan qaldırılması, həm də iqtisadiyyatın diversifikasiyası, modernləşdirilməsi kimi fəaliyyətləri özündə əks etdirir”.
 
İslahatların həyata keçirilməsinin fasiləsizliyi təmin ediləcək
 
İqtisadçı strategiyanın 3 dövrü əhatə etdiyini nəzərə çatdırıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası yaxın dövr kimi qiymətləndirilir. Bu dövr üçün fəaliyyətlər 2016-cı ildən icra edilməyə başlanıb və bu, 2020-ci ilə qədər davam edəcək. 2020-2025-ci illər orta dövrü əhatə edir. Bu dövrdə iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması üçün islahatların davam etdirilməsi nəzərdə tutulub.
 
V. Bayramov bildirib ki, strateji dövr 2025-ci ildən başlayır: “Bu dövrdə artıq əvvəlki dövrlərdə həyata keçirilən fəaliyyətin davam olaraq daha strateji fəaliyyətlərin, islahatların həyata keçirilməsi nəzərdə tutulub. Strategiyanın mahiyyəti və forması elədir ki, hər bir dövr əvvəlki dövrün davamı kimi gedəcək. Hər bir dövrdəki fəaliyyətlər sonrakı dövr üçün bir baza rolunu oynayacaq. Məsələn, 2016-2020-ci illərdə həyata keçirilən fəaliyyətlər həm də 2020 və 2025-ci illərdə reallaşdırılan fəaliyyətlərin baza rolunu oynayacaq. Bu da ardıcıllığın qorunub saxlanılması və islahatların həyata keçirilməsinin fasiləsizliyini təmin etmək məqsədi daşıyır. Bu strateji xəritənin əvvəl qəbul edilmiş dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, fəaliyyətlər illər üzrə qruplaşdırılıb və hər bir fəaliyyətin müddəti, o fəaliyyət üçün tələb olunan maliyyə və məsul olan dövlət qurumu müəyyənləşdirilib. Eyni zamanda, hər bir fəaliyyətin nəticələrinin yoxlanması üçün konkret indikatorlar müəyyənləşdirilib. Konkret indikatorlar əsasında nəzərdə tutulan fəaliyyətin necə icra olunduğunu müəyyənləşdirmək mümkün olacaq. Bu, imkan verəcək ki, dövlət qurumlarının hesabatlılığını artırmaq mümkün olsun, fəaliyyətə daha hesabatlı və məsuliyyətli yanaşsınlar”.  
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri 11 istiqamət üzrə strateji yol xəritələrinin bəzilərinin iqtisadiyyatın sektorları üzrə hazırlandığını qeyd edib: “Məsələn, turizm, maşınqayırma, kimya sənayesi üzrə strateji yol xəritələri var. Digər strateji yol xəritələri konkret istiqamətlər üzrə hazırlanıb. Kiçik və orta sahibkarlığın inkişafı, uyğun mənzil təminatını nəzərdə tutan strateji yol xəritələri var. Müəyyən sektorlarda inkişaf istiqamətləri müəyyənləşdirilib və ona uyğun fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulub. Məqsəd həmin sektorların ixrac qabiliyyətini artırmaq, bu sektorlara xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Həmin sektorlarda liberallaşdırmanın dəstəklənməsinə nail olmaq əsas məqsəddir. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı strateji yol xəritəsində kiçik və orta sahibkarlıq əsas hədəf olaraq götürülüb. Strateji yol xəritələri növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması, həm də kiçik və orta sahibkarlığın iqtisadiyyatda payının artırılmasına yönəlib. Xüsusi proqramlarla həm kredit resurslarının təminatı, həm kiçik sahibkarlıq üçün daha yaxşı biznes mühiti yaradılması, həm də sahibkarların dəstəklənməsi nəzərdə tutulub”.
 
Hər il vətəndaşlara aşağı qiymətlə 3 min mənzil təklif ediləcək
 
V. Bayramovun sözlərinə görə, uyğun qiymətli mənzil təminatı ilə bağlı strateji yol xəritəsi mənzillərin inşa edilərək daha aşağı qiymətlə vətəndaşlara təklif edilməsini nəzərdə tutur: “Birinci il 2 min, növbəti illərdə isə hər il 3 min mənzil aşağı qiymətlərə vətəndaşlara təklif olunacaq. Bu, mənzil bazarının 10 faizidir. Hesablamalara görə, mənzil bazarında illik tələbat 30 min mənzildir. 3 min mənzilin uyğun qiymətə vətəndaşlara təklif edilməsi nəzərdə tutulub”.
 
Ekspert bütövlükdə yeni yol xəritəsinin iqtisadiyyat üçün yeni bir baza formalaşdıracağını söyləyib: “Bu xəritənin hazırlanması və tətbiq edilməsi növbəti illərdə Azərbaycan iqtisadiyyatının hansı istiqamətlərdə inkişaf edəcəyini və prioritetlərin nə olacağını aydın şəkildə göstərir. Yol xəritəsi hazırlanarkən həm milli xüsusiyyətlər nəzərə alınıb, həm də beynəlxalq praktika öyrənilib, beynəlxalq praktikada tətbiq edilən ən yaxşı modellərdən istifadə olunub. O baxımdan iqtisadi inkişafın bərpa edilməsi üçün bu, kifayət qədər mükəmməl bir sənəddir. Sözsüz ki, burada icra çox vacibdir. İndikatorlar var və sənəddə monitorinq mexanizmləri belə müəyyənləşdirilib ki, hər il fəaliyyətin icrasına monitorinq həyata keçirilsin. Ona görə də güman edirəm ki, artıq dövləti qurumları hər bir fəaliyyətin icrasına hesabatla və məsuliyyətlə yanaşmalıdırlar ki, hazırlanmış yol xəritəsi Azərbaycan iqtisadiyyatında qeyri-neft iqtisadiyyatı üçün bir xəritə, yol rolunu oynasın”.
 
Turizmin inkişaf üfüqlərini müəyyənləşdirən sənəd
 
“Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanmasında iştirak etmiş Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov APA-ya açıqlamasında bildirib ki, məqsəd turizmin rəsmi olaraq ölkədə qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən biri kimi elan olunmasıdır.
 
E. Aslanov nəzərə çatdırıb ki, strateji yol xəritəsinin hazırlanmasına həm dövlətin müvafiq orqanları, həm elmi dairələrin nümayəndələri, həm də vətəndaş cəmiyyətinin nümayəndələri qatılıb: “Kifayət qədər təkmil bir sənəd hazırlanıb. Bizim üçün sevindirici haldır ki, dövlət başçısı bu sənədi təsdiq edib. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin hazırlanmasında müəyyən qədər iştirak etmiş ali məktəb nümayəndəsi olaraq deyə bilərəm ki, bu strateji yol xəritəsi ölkəmizdə turizmin inkişafı üçün böyük ümidlər vəd edir. Sənəd ilk dəfə konkret tədbirləri müəyyənləşdirib. 2020-ci ilə qədər turizmlə bağlı hədəflər, prioritetlər və tədbirlər müəyyən olunub. Xüsusi olaraq 2020-ci ilə qədər Bakının turizm potensialının tam reallaşdırılması və ölkəyə turist axınının artırılması üçün alətlər müəyyənləşdirilib. Turizmin inkişafı üçün güzəştlər nəzərdə tutulur. Azərbaycanın, xüsusən Bakının turizm potensialı ilə bağlı təşviqat kampaniyasının aparılması, qış turizmi, çimərlik turizmi, sağlamlıq turizmi, ekoturizmin potensialının artırılması üçün tədbirlər, təşviqlər, iqtisadi alətlərdən istifadə edərək o turizm növlərinin stimullaşdırılması nəzərdə tutulub. Sənəddə 2020-yə qədər həyata keçiriləcək tədbirlər və hədəflər müəyyənləşdirilib. Eyni zamanda, 2025-ci ilə qədər uzunmüddətli baxışlar və 2025-ci ildən sonra üfüqdə görünən əsas istiqamətlər müəyyən edilib. Çox vacib əlamət odur ki, bundan sonra turizm sahəsində hazırlanan sənədlər, qəbul ediləcək qanunların məzmunu və ruhu bu sənədə uyğunlaşdırılacaq”.
 
E. Aslanov yaxın vaxtlarda “Turizm haqqında” qanunun qəbul edilməsinin gözlənildiyini açıqlayıb: “Müzakirəyə çıxarılacaq həmin qanun layihəsində də turizm üçün bir sıra mühüm yeniliklər nəzərdə tutulub və həmin qanun da bu sənədin ruhuna uyğunlaşdırılacaq. “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” artıq 2020-ci ilə qədər və 2025-ci ilə qədər turizm sahəsindəki konkret addımları, prioritetləri, hədəfləri müəyyənləşdirib. 2025-ci ilə qədər Bakının dünyanın “Top-20” turizm şəhərlərindən birinə çevrilməsi hədəflənir. Sənəd Azərbaycana 3 saat və 3 saatdan az uçuş məsafəsində olan ölkələrlə turizm sahəsində əməkdaşlığın gücləndirilməsi, hava nəqliyyatı şəbəkəsinin genişləndirilməsini nəzərdə tutur. O cümlədən, həmin ölkələrdən turistlərin ölkəyə cəlb olunması üçün hədəf qrupların müəyyənləşdirilməsini və ona uyğun marketinq seqmentinin, təbliğat kampaniyalarının aparılmasını  nəzərdə tutur. İlk növbədə Bakıda və digər turizm potensialı olan müvafiq böyük şəhərlərdə turizm təbliğat bürolarının yaradılması, Turizm Şurasının və onun ixtisaslaşdırılmış işçi qruplarının fəaliyyətinin təşkili sənəddə əksini tapıb. Turizmin bir çox növləri var ki, bu gün Azərbaycanda həmin sahələrin potensialından kifayət qədər istifadə edilməyib. Bura sağlamlıq turizmini, ekoturizmi və digər turizm növlərini əlavə etmək olar. Sənəd bu potensialdan daha geniş istifadə edilməsini nəzərdə tutur”.
 





08.12.2016    çap et  çap et