525.Az

Peşəkar mediadan "reket mətbuat"a qarşı aparılan əməliyyatlara dəstək


 

MƏTBUAT ŞURASI DTX-nın "REKET" QƏZETLƏRİN AŞKARLANMASI İSTİQAMƏTİNDƏKİ FƏALİYYƏTİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİR

Peşəkar mediadan "reket mətbuat"a qarşı aparılan əməliyyatlara dəstək<b style="color:red"></b>

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda "reket" jurnalist fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyatlara başlayıb.

Həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir neçə "reket" media adlandırılan qəzet, sayt rəhbərləri tutularaq istintaqa cəlb edilib. Bunlar "Bizim dövr" qəzetinin və eyniadlı saytın rəhbəri Surxay Əliyev, "Gündəlik Bakı" qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevdir. Sözügedən şəxslərin məhkəməyə çıxarılacağı gözlənilir.

Məlumatlara görə, DTX tərəfindən analoji əməliyyatlar əsasən, "reket"lərin yuvası kimi tanınan "Azərbaycan" nəşriyyatında aparılır. Hazırda nəşriyyatın ciddi nəzarətdə olduğu, burada və digər ünvanlarda yerləşən "reket"lərlə bağlı növbəti əməliyyatların keçiriləcəyi gözlənilir.

Dövlət Təhlükəsizlik Xidməti həbsləri təsdiqləyib. DTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, dekabrın 3-də qurum tərəfindən yayılan açıqlamada bildirilirdi ki, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir. Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində "Gündəlik Bakı" qəzetinin baş redaktoru H. Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, dekabrın 3-də DTX "reket" mətbuatın digər nümayəndəsi "Bizim dövr" qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.

DTX-nın keçirdiyi əməliyyatlar ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Peşəkar media da "reket" jurnalist fəaliyyəti ilə bağlı hüquq-müdafiə orqanlarının apardığı əməliyyatları dəstəkləyir və bu prosesin davamlı xarakter almasını istəyir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən media məkanındakı neqativ hallara, sui-istifadələrə qarşı mübarizə aparmaqdadır. O APA-ya bildirib ki, bu mübarizəyə ictimaiyyətin diqqətini cəlb etmək üçün zamanında "reket jurnalistika" ifadəsi düşünülüb: "Biz "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyası da yaratmışıq. Komissiyanın rəyləri əsasında peşə prinsiplərinə tam etinasız yanaşan kütləvi informasiya vasitələrinin adları "qara siyahı"ya daxil edilir. "Qara siyahı" mütəmadi olaraq yenilənir və bu barədə cəmiyyətə məlumat verilir. Əlbəttə, "reket jurnalist", "reket mətbu orqan" deyilərkən biz məsələnin hüquqi tərəfləri üzərində dayanmırıq. Ancaq o da nəzərə alınmalıdır ki, belə kütləvi informasiya vasitələrinin "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"na sayğısızlığı həm də hüquqi müstəvidə dəyərləndirilə bilən hadisədir. Bu cür şübhələrimiz olduğu təqdirdə, müvafiq materialları hüquq-mühafizə orqanlarına təqdim edirik".

Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun tədbirləri ictimai qınağa əsaslanır. Barəsində Mətbuat Şurasına şikayət edilən nəşrin peşə prinsiplərinin hansı bəndlərini pozduğu diqqətə çatdırılır və məsələ bu qaydada ictimailəşir:

"Ancaq təcrübə göstərir ki, bir çox hallarda ictimai qınaq tədbiri yetərsiz olur. "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin baş redaktorları və onlarla birgə müxtəlif şəxslər saxlanılıb. Hazırda məsələ araşdırılmaqdadır. Konkret nəticəyə araşdırmanın yekunlarından sonra gəlmək mümkündür. Əgər sözügedən şəxslər həqiqətən də qanunları pozublarsa, müvafiq qaydada məsuliyyət daşımalıdırlar. Peşə prinsiplərinə etinasızlıqlarına gəldikdə, onu deyə bilərəm ki, onların rəhbərlik etdikləri media orqanları barədə şikayətlər indinin özündə də az deyil".

"APA" Holdinqin direktorlar şurasının sədri Vüsalə Mahirqızı da mövzu ilə bağlı qeyd edib ki, Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən bu əməliyyatları dəstəkləyir. O, "Qafqazinfo"ya bildirib ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyi zamanında vətəndaşlardan şantaj yolu ilə pul almaq kimi məsələlər də saxlanılan həmin "reket"lərin fəaliyyətinə daxildir. Bu təkcə hüquq müstəvisində mübarizə ilə yanaşı, həm də medianın peşəkarlaşması, təmizlənməsi üçün yaxşı bir xidmətdir. Həbs olunan şəxslərin jurnalistika ilə bağlılığı yoxdur. Mətbuat Şurası illərdir ki, bununla bağlı kampaniya aparır. Azərbaycan jurnalistlərinin iradəsinin ifadəsi olan Mətbuat Şurası hələ bir neçə il öncədən reket jurnalistika ilə mübarizəyə qarşı bir komissiya yaratmışdı. İndi həbs olunan şəxslərin bir çoxu "qara siyahı" ya salınmışdı. Dəfələrlə onlarla söhbət edilmişdi və məsələ ictimai qınağa çıxarılmışdı. Azərbaycan jurnalistləri təəssüf ki, onların adından sui-istifadə edən belə insanların olduğunu illər əvvəl bəyan etmişdilər.

"Reket"çilik yolu ilə peşədən sui-istifadə edilməsinə hüquq müstəvisində qiymət verilməli idi. Hesab edirəm ki, DTX-nin bu əməliyyatları uğurludur.

Normal, müstəqil jurnalistika ilə məşğul olmaq istəyənlər, peşəni şərəflə daşımaq istəyən, ondan utanmayan insanların hamısı bu cür əməliyyatları dəstəkləməlidir. Nəhayət ki, medianın üzərinə bu adamlar vasitəsilə vurulan qara ləkə aradan götürülməlidir. Biz də bu məsələyə hər cür informasiya dəstəyi verəcəyik".

"525-ci qəzet"in baş redaktoru, Mətbuat Şurasının üzvü Rəşad Məcid  Dövlət Təhlükəsizlik Xidmətinin "reket" qəzetlərin aşkarlanması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirir: "Mətbuat Şurasında artıq neçə ildir ki, "reket" jurnalistikaya qarşı komissiya var. "Reket" qəzətlərdən ictimaiyyətin şikayətləri bəlli idi. Elə qəzetlər var idi ki, dəfələrlə onlar barəsində ictimai qınaq formasında Mətbuat Şurasında rəy çıxarılmasına baxmayaraq, bunlar öz "fəaliyyətlərini" davam etdirirdilər. Mən ötən il Milli Təhlükəsizlik Nazirliyində baş verən hadisələrdən sonra demişdim ki, bir sıra reket qəzetlər var ki, onların yazdıqları faktlar jurnalist fəaliyyətindən daha çox, hansısa xüsusi xidmət orqanının fəaliyyətinə bənzəyir. Bu kimi halların mövcudluğu da vaxt keçəndən sonra aşkarlanacaq. Məlum olurdu ki, bu kimi qəzetlərə bir çox hallarda MTN-in o vaxtki xəbər əməkdaşları himayədarlıq edirdi. Onların vasitəsilə məmurları, sadə insanları şantaj edərək pul qazanırdılar. İndi DTX-nın bu cür əməliyyatları aparması və faktların aşkarlanması, "Azərbaycan" nəşriyyatında bu kimi qəzetlərə qarşı xüsusi əməliyyatın keçirilməsi Mətbuat Şurasının neçə il əvvəl dediyi fikirlərin reallaşmasıdır. Mən bu cür hadisəni yüksək qiymətləndirirəm. Elə bilirəm ki, mətbuat adına xələl gətirən bu tipli insanların gələcəkdə mediaya üz tutmasının qarşısı alınmalıdır. Əlbəttə ki, proses davam etməlidir. Bir neçə qəzet var ki, dəfələrlə Mətbuat Şurası onların haqqında qərarlar çıxardıb. Onlar da yəqin ki, Dövlət Təhlükəsizlik Xidmətinin diqqətində olacaq".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "525"ə bildirib ki, illərdir "reket" mediaya qarşı hüquqi müstəvidə tədbirlər görülməsinin tərəfdarı olduğunu vurğulayıb: "Mətbuat Şurası məsələ ilə bağlı kifayət qədər ciddi addımlar atıb. Lakin bəzən ictimai qınaq effekt vermir. Bu insanlar jurnalist fəaliyyəti ilə yox, konkret cinayətlə məşğul olublar".

E.Mirzəbəyli qeyd edib ki, 2006-cı ildə rəhbərlik etdiyi qəzetdə çalışan Aydəniz Vəlixanlı Azərbaycan Nəşriyyatından geniş bir reportaj hazırlamışdı: "O, özünü iş axtaran şəxs kimi təqdim edərək həmin "reket" qəzetlərin "baş redaktor"ları ilə görüşüb. Mən diktafonda ona edilən təklifləri eşidəndə dəhşətə gəldim. Biz bu reportajı çap etdikdən sonra "reket" media tərəfindən üstümüzə total bir hücum başladı. Biz yalnız Mətbuat Şurasının dəstəyi ilə özümüzü qorumağı bacardıq. Yəni, onlar ciddi bir cinayətkar şəbəkədirlər. Ona görə də, "reket" fəaliyyət həyata keçirən "media"ya qarşı görülən tədbirləri yalnız yüksək qiymətləndirmək olar. Atılan addımlar həm də peşəkar Azərbaycan jurnalistikasının üzərindən bu ləkələrin təmizlənməsinə kömək edəcək".

Mətbuat Şurasının "reket" jurnalistikaya qarşı Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə isə bildirib ki, kimliyindən asılı olmayaraq, jurnalistikaya xələl gətirən, istənilən qəzet, sayt cəzalandırılacaq: "Hesab edirəm ki, aparılan uğurlu işlər göz qabağındadır. Həmin şəxslərin adları Mətbuat Şurasının "qara siyahı"sına düşüb və dəfələrlə bu cür fəaliyyətlə məşğul olan mediaya xəbərdarlıqlar etmişik. Qanun qarşısında hər bir vətəndaş bərabər məsuliyyət daşıyır. Bizə həmin qurumlarla bağlı çoxsaylı şikayətlər daxil olub.

Hazırda "qara siyahı"da təxminən 100-ə yaxın çap və elektron mətbuatın adı var. Qısa müddətdə araşdırma aparılacaq. Komissiyamızın növbəti iclası keçiriləcək. Həmin iclasdan sonra "qara" siyahıya düşən mediaların adları ictimailəşdiriləcək.

Bəzən hansısa kiçik reket mətbuatın yazdığı hansısa xəbərə böyük bir qurum reaksiya verir. Bu, bizi düşündürən məsələdir. "Reket"in xırdası-böyüyü yoxdur".

Qeyd edək ki, bir neçə ay əvvəl "Jam.az" saytının rəhbəri Fikrət Fərəməzoğlu da "reket" fəaliyyətdə ittiham olunaraq həbs olunub.

DTX-nın bu istiqamətdə həyata keçirdiyi əməliyyatlar davam edir.

Ceyhun ABASOV

 





08.12.2016    çap et  çap et