525.Az

Dərin qatlardakı zəngin xəzinə


 

BU XƏZİNƏDƏN AZƏRBAYCAN DAİM BƏHRƏLƏNƏCƏK

Dərin qatlardakı zəngin xəzinə<b style="color:red"></b>

Həyat yalnız sevincdən deyil, həm də kədərdən ibarətdi. Xoşbəxtlik aləminə çevrilmək, kədərsiz, qəmsiz, qüssəsiz keçinmək əzəl gündən dünyanın taleyinə yazılmayıb.

Tarix qovğalı dünyada bir-birinə qənim  kəsilən insanların dərdini çəkə-çəkə vərəqlənib, vərəqlənə-vərəqlənə də qocalıb. Lakin bu qoca tarixdə həmişə cavan qalan liderlər dünən də olub, bu gün də var, sabah da olacaq. Onlar öz  uca şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən Təklərdi. Sözün həqiqi mənasında belə liderlər bir xalqın  görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı simalara  çevrilirlər. Onların möhürü tarixin yaddaşında əbədi qalır. Azərbaycan xalqının XX yüzillikdə yetişdirdiyi və XXI yüzilliyin üçüncü ilində itirdiyi Heydər Əlirza oğlu Əliyev məhz belə liderlərdəndi. O, özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı, Azərbaycan uğrunda verdiyi bənzərsiz mübarizə  ilə ümummilli lider səviyyəsinə yüksəlib.

Ümummilli lideri Heydər Əlirza oğlunun fəaliyyəti və şəxsiyyəti ilə bağlı yüzlərlə kitab, elmi əsər, publisistik məqalələr yazılıb, araşdırmalar aparılıb. Müasirləri hələ liderin sağlığında Heydər Əliyevi dərk etməyə, Azərbaycan xalqının və dövlətinin xidmətçisinin böyük obrazını geniş ictimaiyyətə təqdim etməyə çalışıblar. Lakin mən də "Heydər Əliyevi onun müasirləri tam dolğunluğu, olduğu kimi tam dərk etmək imkanlarında deyillər. Onun layiqli qiymətini gələcək nəsil və tarix özü verəcək"  deyənlərin mövqeyini tam bölüşürəm. Çünki Heydər Əliyev tarix yazmırdı, onu öz qüdrətli çiyinlərində irəli aparırdı. Böyük Öndər memarlıqdan mühazirə oxumurdu, memarlığın ən gözəl nümunəsini - müstəqil Azərbaycan Respublikasını yaradıb öz xalqına, gələcək nəsillərə ərməğan edirdi. Onun yaşamaq əzmi, mərdliyi, böyük dövlətçi şəxsiyyəti bizdən sonra gələcək nəsillərə bir örnək olacaqdır.

Təkrarlamaqda fayda var ki, Heydər Əliyevin sağlığında onun böyüklüyünü, qüdrətli dövlət və siyasət adamı olduğunu cəmiyyətə çatdırmaq istəyən jurnalistlər də, zənnimcə, elə bir uğur qazana bilmədilər. Sanki onlar sehrli aləmin içinə daxil olmaq cəhdilə onun ətrafında fırlanan səyyahlara bənzəyirdilər. Elə mən də özümü həmişə o  sıralarda görürdüm və indi də elədir.

Təxminən 800 günə yaxın bir müddət ərzində dünya liderlərinin yaxından tanıdığı, qəbul etdiyi bu nəhəng dövlət adamını çoxsaylı xarici səfərlərdə müşaiyət edib, həmin səfərlərə həsr olunmuş 20-yə yaxın sənədli televiziya filminin ssenarisini yazıb, keçirdiyi müşavirə, yığıncaq və toplantılarla bağıı 2000-dən çox reportaj və şərh hazırlamışam. Mətbuat səhifələrində Heydər Əlirza oğlunun daxili və xarici siyasəti, dövlət quruculuğu məsələlərinə həsr olunmuş 100-lərlə məqalənin müəllifiyəm.

 Ömrümdən keçən həmin günlər  həyatımın bənzərsiz və təkrarsız, ən mənalı dövrüdü. Məhz həmin günlər vaxtilə uzaqdan-uzağa, ancaq telekanallarda gördüyüm və iftixar duyduğum böyük türk oğlu ilə yanaşı dayana bildim, onu öz qabiliyyətim daxilində tanımaq imkanları əldə etdim, böyük və əvəzsiz bir həyat məktəbi keçdim.

Heydər Əlirza oğlu canlı ensiklopediya, ciddi  və sanballı tədqiqata  ehtiyacı olan bir məktəbin banisidi. Bu məktəbdən bəhrələndiyimə görə Ulu Tanrıya və Böyük Öndərə həyatımın sonunadək borcluyam.

lll

"Azərbaycanı informasiya blokadasından Heydər Əliyev çıxardı" reallığını çoxları dilə gətirib. Mən liderin bu sahədəki fəaliyyətinin canlı şahidlərindən biriyəm. O, xarici ölkələrə səfərləri zamanı bütün görüşlərində ilk olaraq Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın təcavüzünü və ölkəmiz üçün ağır nəticələrini, beynəlxalq  seperatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə çatdırır, fikrini "əgər dünya ədalətlidirsə, təcavüzkarı və təcavüzə məruz qalanı fərqləndirməlidir" kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin prezident, baş nazir, yaxud da adi bir jurnalistin olması fərq etmirdi. Heydər Əliyev  bəzən həmsöhbətinə yorulmaq bilmədən eyni fikri  təkrar etmək məcburiyyətində qalaraq Azərbaycan reallığını çatdırırdı. Və nəinki çatdırırdı, ona bunu inandırırdı. Onun üçün böyük, ya kiçik auditoriya anlayışı yox idi. Onun üçün daha bir nəfərin  ( olsun dövlət xadimi, yaxud əcnəbi bir diplomat, ya da xarici iş adamı)  Azərbaycan haqqında həqiqəti bilməsi önəmli idi. Bu səbəbdən də xarici ölkələrə səfərləri zamanı vaxtının böyük əksəriyyəti ölkəmizin ətrafında yaradılmış informasiya blokadasını yarmağa,  dünyanın kor olmuş gözlərini açmağa sərf olunurdu. Bir çox hallarda müəllim şagirdinə dərs izah edirmiş kimi xəritədə Ermənistanın təcvüzü nəticəsində işğal olunmuş torpaqları göstərir,  bu məsələ ilə bağlı verilən sualları  yorulmadan cavablandırırdı. Qərəzli sualları da elə incə təbəssüm və ustad gedişləri ilə cavablandırırdı ki, sual verən qarşısında kimin olduğunu dərhal anlayırdı.

 Ümummilli lider kiminlə hansı dildə danışmağın vacibliyini  çox yaxşı bilən böyük diplomat idi. 1994-cü ildə Parisdə Fransa prezidenti Fransua Mitteranla Yelisey Sarayında görüşərkən danışıqların nəticəsi olaraq Fransa prezidenti belə dedi:  “Fransa Ermənistanın dostu olduğu kimi Azərbaycanın da dostudur. İndi biz Azərbaycanı Fransa üçün açırıq. Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın yaranması bilavasitə prezident Heydər Əliyevin xidmətidir". Fransada erməni lobbisinin gücünü, Ermənistan-Fransa əlaqələrini, o vaxt erməni əsilli bir adamın Fransanın baş naziri olduğunu nəzərə alsaq, Heydər Əliyevin Fransa -Azərbaycan münasibətlərində yaratdığı dönüşün böyüklüyünü qiymətləndirmək mümkündü.  Mitteranın jurnalistlər qarşısında söylədiyi həmin fikirlərin həyata vəsiqə aldığını Fransa-Azərbaycan münasibətlərinin indiki  çərçivəsində də aydın görürük. O vaxt Parisin meri olan Jak Şirakla görüşən Heydər Əliyev onun yüksələn xətlə inkişaf edən siyasi karyerasını nəzərə alaraq danışıqlar apardı. Səfərdə onu müşaiyət edən xarici işlər naziri Həsən Həsənovun söylədiyi "prezident Şirakla əməlli-başlı işlədi" fikrinin mənasını mən çox sonralar dərk etdim. Böyük Öndər   yüksək səviyyəli görüşlərdə həmişə  açıq və aydın  diplomatik gedişlər edirdi. Azərbaycanın haqq davasını, ədalətli mövqeyini müdafiə etmək, möhkəmlətmək  üçün ölkəmizin potensialı onun şəxsi qeyrəti, yenilməzliyi nəticəsində ön plana çəkilirdi.

Siyasi polemika zamanı o heç vaxt müdafiədə oynamırdı. Məsələn, 1994-cü  ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşdü. Onun "biz demirik ki, zorakılıq edənlərə qarşı ciddi münasibət göstərilsin, biz ədalətli münasibət istəyirik. Bəli, ABŞ-da ermənilər çoxdu. Prezident Klinton dedi ki, burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi olan ölkəyə bir milyon erməni necə təsir göstərə bilər? Onlar ABŞ-ın adından danışa bilməzlər". Bu fikirlər qətiyyətli  dövlət başçısının ABŞ administrasiyasına, konqresinə və senatına ünvanlanmış açıq və ədalətli tənqidi idi, özü də düz Amerikanın göbəyində. Şelbinin cavabı isə belə oldu:  "Biz maraqlıyıq ki, Azərbaycan müstəqil bir ölkə olsun. Təhlükəsiz sərhədləriniz olsun. Biz çalışacağıq ki, Rusiya ilə olan problemləriniz həll edilsin. Rusiyanın siyasətini də sizdən yaxşı bilən yoxdu".  Senatorun sonuncu fikri Heydər Əliyevin siyasət düaeni olduğunun  təsdiqi idi. Heydər Əliyev həlledici anlarda həlledici məqamları elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, onu yalnız o edə bilərdi. Məsələn, 1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfiri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ Konqresi tərəfindən "Azadlığı müdafiə aktı"na edilmiş 907-ci düzəlişə diqqət çəkərək dedi: "Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş  aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədalətsizlik etmək isə olmaz.  Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm". ABŞ səfiri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi.

Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın imkanları ilə yanaşı, özünün xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə çox məharətlə biirləşdirirdi. O, dünyanın maraqlarını Azərbaycana cəlb etməklə, ölkəmizin gələcək təhlükəsizliyi üçün strateji kursunu addım-addım həyata keçirirdi. Ulu Öndərin neft strategiyasının verdiyi  töhfə  artıq  çoxdandır ki, öz bəhrəsini verməkdədir.

Heydər Əliyev İslam dünyasında tam qəbul olunan lider idi. 1994-cü ildə Mərakeşdə keçirilən İslam Konfransı Təşkilatının zirvə toplantısında bu  təşkilata üzv olan dövlətlərin Ermənistanı təcavüzkar bir dövlət kimi yekdilliklə  tanımaları da məhz onun şəxsiyyəti ilə bağlı idi. İslam dünyası Heydər Əliyevi kommunist rejimində belə öz dinini qoruyub saxlayan böyük siyasət adamı kimi qəbul edirdi.  Şübhəsiz, bu məsələdə onun sabiq SSRİ-nin rəhbərlərindən biri kimi islam dövlətlərinin liderləri ilə qurduğu əlaqələr müstəqil Azərbaycanın problemlərini çözmək üçün  çox kara gəlirdi.

Ümummilli liderin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasətin görünən tərəfləri haqqında çox yazılıb, çox deyilib. Mən bir məsələyə diqqət çəkmək istəyirəm. Heydər Əliyev münaqişənin həlli üçün Azərbaycanın real  müstəqilliyini  qətiyyən qurban vermək istəmirdi. Onun üçün yarımmüstəqillik anlayışı yox idi. Bu səbəbdən idi ki, zaman-zaman  münaqişənin həlli ilə bağlı  bəzi dairələr tərəfindən edilən təklifləri (münaqişə bölgəsinə sülhməramlı qüvvələrinin yerləşdirilməsi və s.) qətiyyətlə rədd edirdi. O, münaqişənin həlli formasına həmişə Azərbaycanın ərazi bütövlüyünün tam halda bərpa olunması mövqeyindən yanaşırdı. Böyük Öndər Dağlıq Qarabağ münaqişəsinin həllini dünyada gedən proseslər kontekstində görür və münaqişənin həlli üçün etibarlı zəmin yaradırdı: güclü iqtisadiyyat, güclü ordu və beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyinə dəstəyi. Eyni siyasi kursu yeni dövrün tələblərinə uyğun, yeni taktiki gedişlər etməklə möhtərəm prezidentimiz cənab İlham Əliyev davam etdirir.

 Yaxşı yadımdadır.  1995-ci ilin mayında Rusiya Federasiya Şurasının sədri Vladimir Şumeyko Bakıya səfər etmişdi. Milli Məclisdə  mənə eksklüziv müsahibə verən Şumeyko bu fikirləri dedi: " Şuşa və Laçın istisna olmaqla digər rayonlarınızı istəyirsinizsə, gedin bu gün götürün". Daha sonra Şumeykonu qəbul edən prezident Heydər Əliyev çox aydın və qətiyyətli formada belə dedi: "Biz kimdənsə pay istəmirik. İstəmirik ki, az və ya çox versinlər. Bəziləri deyir ki, Dağlıq Qarabağ və Laçın istisna olmaqla Ermənistan işğal olunmuş digər  rayonları qaytara bilər. Mən qətiyyətlə bu fikirləri rədd edirəm. Azərbaycanın ərazi bütövlüyü tam halda  bərpa olunmalıdır və olunacaq".  Prezident bu fikirləri söyləyərkən təxminən 2-3 saat mənə müsahibə verən Şumeykonun üzünə baxdım. Çaşqın və bir az da hürkək bir  görkəm almışdı. 

lll

Heydər Əliyev diplomatiyasının əsas  əlamətlərindən biri ən çətin, dramatik danışıqlar, görüşlər zamanı vəziyyətə nəzarət etməklə onu idarə etməyi idi. Görüş və söhbətlər zamanı Azərbaycanın xeyinə nəyisə həll etmək üçün, sözün əsil mənasında, onun gedişləri tükənməz idi. Bütün səviyyələrdə və ən müxtəlif şəraitlərdə müsahibin diqqətini cəlb etmək üçün nadir məziyyətlərə malik idi. Bir fakt: 1995-ci ilin mayında Bolqarıstana səfəri zamanı həmin ölkənin parlament üzvləri qarşısında çıxışı nəzərdə tutulmuşdu. O vaxt kommunist rejimindən sıyrılmış Bolqarıstanın prezidenti  demokrat Jelyu Jelev idi. Parlamentdə isə çoxluq sosialistlərin tərəfində idi. Bəlkə də bu səbəbdən idi ki, yenicə demokratiyanı dadmağa başlayan parlament üzvləri özlərini son dərəcə sərbəst aparır, hətta Jelyu Jelev çıxış edərkən bir-birləri ilə ucadan söhbət etməklə, bəzən də replikalar atmaqla bir növ onu sancılmış duruma salmaq istəyirdilər. Jelyu Jelev çıxışında Bolqarıstan kommunistlərinin başçısı Todor Jivkovun ölkədə yaratdığı böhranlı vəziyyətdən, SSRİ-nin onun ölkəsini 15 müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdindən də söhbət açdı.

Sonra söz Azərbaycan prezidenti Heydər Əliyevə verildi. Zalda tam sakitlik yarandı, daha doğrusu, zala  sükut çökdü.  Çıxışını Azərbaycanın müstəqilliyi və onun qorunub saxlanılması üzərində quran Heydər Əliyev Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, onun həlli ilə bağlı beynəlxalq aləmdə görülən işlər, münaqişənin ədalətli həlli ilə əlaqədar Azərbaycanın mövqeyi haqqında ətraflı məlumat verdi. Beynəlxalq seperatizm və terrorizm haqqında,  bəşəriyyətə vurduğu ziyanla əlaqədar fikirlərini açıqlayan pezident Heydər Əliyev keçmiş SSRİ-dəki vəziyyətlə bağlı da müəyyən tarixi məqamlara aydınlıq gətirərək qəfil gediş edərək dedi: " Bolqarıstan prezidenti Jelyu Jelev çıxışında bildirdi ki, keçmiş SSRİ rəhbərliyi bu ölkəni müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq istəyirdi. Mən bu məsələyə bir az aydınlıq  gətirmək istəyirəm. Əslində tam tərsinədir. Ölkənizin sabiq rəhbəri Todor Jivkov dəfələrlə Sov. İKP MK-nın siyasi bürosuna müraciət edib ki, Bolqarıstanı 16-cı müttəfiq respublika kimi Sovet İttifaqının tərkibinə qatsınlar. Deyim ki, siyasi büroda bu məsələyə birmənalı münasibət yox idi. Lakin hər halda məsələ qapalı müzakirəyə çıxarıldı. Mən - Heydər Əliyev çıxış edərək bildirdim ki, Todor Jivkovun bu təklifinə müsbət cavab vermək məqsəduyğun deyil. Çünki beynəlxalq aləmdə düzgün qarşılanmaz və s.  Onu da deyim ki, bu  təklifimi siyasi büro üzvlərindən müdafiə edənlər də var idi. Beləliklə, Jivkovun təklifi qəbul olunmadı. Xatirimdədi, sonralar bu məsələ gündəliyə bir də çıxarıldı. Yenə də eyni münasibət oldu. İcazə verin qürurla bildirim ki, o vaxt Bolqarıstanın SSRİ-nin tərkibinə qatılmamasının əsas səbəbkarlarından biri qarşınızdadır".  Daha sonra zarafatla əlavə etdi ki, bəlkə o vaxt atdığım addım üçün indi mənə minnətdarlıq edəsiniz?! Bolqarıstan parlamentinin sədri yekun  sözündə həqiqətən də Heydər Əliyevə dərin məzmunlu çıxışı və o vaxt atdığı addım üçün təşəkkür etdi: "Cənab prezident, siz tarixi çıxış etdiniz. Bolqarıstanın taleyi ilə bağlı bizə məlum olmayanı söylədiyinizə görə çox sağ olun".

Elə həmin gün Azərbaycan prezidenti mətbuat konfransı keçirirdi. Çoxsaylı jurnalist ordusu onu dövrəyə almışdı. Rusiya televiziyasına müsahibə verən Heydər Əliyev qəfil sözünü kəsdi və əlilə jurnalistlərin ön cərgəsindən xeyli arxada dayanan bir nəfəri göstərərək dedi: "Türk balası, niyə elə çəkinirsən? Niyə arxada durubsan? Yaxın gəl görüm. Bundan sonra sənin sualına cavab verəcəyəm".  Elə də etdi. Türk jurnalisti yanına çağırıb hansı agentliyi təmsil etdiyini soruşdu. Aydın oldu ki, o, "Anadolu" agentliyini təmsil edir. Sual vermədi, xahiş etdi ki, prezident onu iqamətgahında ayrıca  qəbul etsin. Heydər Əliyev onun xahişini yerinə yetirdi.

Elə ordaca həmin jurnalistin kimliyi ilə maraqlandım. Prezidentimizin onu hardan tanıdığını soruşdum. Belə cavab verdi: "Heç vaxt görüşməmişik və bir-birimiz tanımırıq. Sadəcə o türk, mən türk, qan çəkdi. Arkadaş, biləsiniz ki, bu ölkədə türkləri öpüb başlarının üstünə qoymurlar. Heç vaxt inana bilməzdim ki, Bolqarıstana səfərə gələn bir prezidentdən müsahibə alaram. Məni yaxın buraxan kimidi"?

1994-cü ildə Heydər Əliyev Fransaya səfər etmişdi. Diplomatik korpusun nümayəndələri qarşısında çıxış edirdi. Söz alanlardan biri Azərbaycan prezidentinə belə bir sual verdi: "Cənab prezident, siz keçmiş sovetoloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə olacaq?" Heydər Əliyev zəndlə onun  üzünə baxdı  və bir qədər yumor hissilə "Ovanesov, siz hələ də keçmiş SSRİ və onun yerində  qurulan müstəqil respublikaların taleyi ilə maraqlanırsınız? Axı, mən sizi 1983-cü ildə Kremldə qəbul edərkən SSRİ-nin taleyi ilə bağlı  bəzi fikirlərimi çox aydın söyləmişdim. Deyəsən yaddaşınız  zəifləyib. Mən isə sizi yaxşı xatırlyıram. Bizim düz 30 dəqiqə dialoqumuz oldu" -  dedi. Bu sözlərdən sonra erməni Ovanesov stola çökdü. Zaldakılar Heydər Əliyevin hafizəsinə heyrət etdilər. Onu "kompüter adam" adlandıranlar yanılmırlar.

lll

Taleyim  elə gətirib ki, ötən on il ərzində Azərbaycana rəhbərlik etmiş şəxsləri xarici səfərlərdə jurnalist kimi müşaiyət etmişəm. 1992-ci ilin mayında o vaxt prezident səlahiyyətlərini icra edən Ali Sovetin sədri Yaqub Məmmədovla İranda, 1993-cü ilin oktyabrında prezident Əbülfəz Elçibəylə Türkiyədə, həmin ilin avqustundan başlayaraq 1995-ci ilin noyabrına qədər  isə prezident Heydər Əliyevlə çoxsaylı səfərlərdə olmuşam. Onları müqayisə etmək fikrindən çox-çox uzağam. Qısaca qeyd edim ki, hər yerdə Heydər Əliyev beynəlxalq səviyyəli lider kimi qarşılanır, ərazicə kiçik olan bir ölkənin böyük dövlət başçısı kimi yola salınırdı. Prezidenti müşaiyət etdiyim həmin xarici səfərlərdə ona göstərilən böyük jurnalist marağının  hər zaman şahidi olmuşam. Bu, həm də liderin şəxsi keyfiyyətləri ilə bağlı idi. Hər hansı ölkənin paytaxtına  Azərbaycan liderinin təyyarəsi eniş edəndə elə aeroportdaca,  ən azı, 25-30 jurnalistlə qarşılaşırdıq. Onların arasında hər zaman "Röyter", " Bİ-Bİ-Sİ", "Vaşinqton Post",  "Nyu-York Tayms", "Qardian", "Fiqaro" və başqa nəhənglərin nümayəndələri olurdu. Prezident Heydər Əliyev heç vaxt jurnalistlərdən qaçmaz, ən mürəkkəb sualları belə cavablandırmaqdan yayınmazdı. Ekskülüziv müsahibələr vermək üçün  istirahət vaxtını  xərcləyirdi. Bu şəxsiyyət xarici  səfərlər zamanı gündə 14-16 saat işləyirdi.

Diqqət çəkən bir məqam var idi. Zirvə toplantılarında iştirak edən jurnalistlər  digər dövlətlərin rəhbərləri ilə müqayisədə Azərbaycan prezidentinə daha çox suallar verirdilər. Yaxşı yadımdadır. 1995-ci ildə Alma-Atıda MDB dövlətlərinin zirvə toplantısı keçirilirdi. Sonra mətbuat konfransı təşkil olundu. Konfransı giriş sözü ilə Rusiyanın baş naziri Viktor Çernomırdin açdı . Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdinə, Əliyevə və Nazarbayevə ünvanlanırdı. Növbəti suala cavab verən Heydər Əliyev həmkarlarını vəziyyətdən çıxarmaq üçün gülə-gülə dedi:" Viktor Stepanoviç, bəlkə digər prezidentlərin vaxtını almamaq üçün mən ayrı bir zala keçim"? Zalda alqış səsləri ucaldı...

Eyni münasibəti türkdilli dövlətlərin Ankarada, İslam Konfransı Təşkilatının Kasablankada keçirilən zirvə toplantılarında da görmüşəm.

Azərbaycan lideri jurnalistlərə çox açıq idi. Səfər zamanı onu müşaiyət edən jurnalistlərin hamısını şəxsən tanıyırdı. Onlara xüsusi qayğı və səmimiyyətlə yanaşırdı. Uçuş zamanı təyyarənin salonunda gəzərək hər bir jurnalistin kefini soruşur, bəzən duzlu-məzəli atmacalar da atırdı. Mütləq həm səfərdən əvvəl, həm də vətənə dönəndə təyyarənin  salonunda onu müşaiyət edən jurnalistlərə müsahibə verirdi. Və bu zaman tam sərbəst atmosfer yaradırdı. Mənə elə gəlirdi ki, o, jurnalistlərin ürəyini oxuyur və bizim hansı sualı verəcəyimizi bilirdi. Mətbuat üçün açıqlama bitəndən sonra bir çox hallarda onu müşaiyət edən birinə tərəf baxaraq deyirdi: "Hə... sən nəsə soruşmaq istəyirdin, axı". Bax, belə diqqətli, gözündən heç nə yayınmayan bir şəxsiyyət idi O.

Bu, doğrudan da belə idi. Hesab edirəm ki, onun keçirdiyi tədbirlərdə daim iştirak edən, xarici səfərlərdə onu müşaiyət edən jurnalistlər böyük bir məktəb keçiblər. Ümumiyyətlə jurnalistika, sovet mətbuatı, demokratik mətbuat, söz və mətbuat azadlığı haqqında onun qənaətləri və söylədiyi fikirlər böyük tədqiqat mövzularıdı. Xarici səfərlər zamanı Heydər Əliyev onu müşaiyət edən jurnalistlərə işləmək üçün xüsusi şərait yaradırdı. Böyük beynəlxalq  tədbirlərdə, zirvə görüşlərində, habelə ikitərəfli danışıqlardan sonra keçirilən mətbuat konfranslarında Azərbaycan jurnalistlərini çox fəal görmək istəyirdi. Mən bunu  zalda sual vermək üçün basabas salan jurnalistlər arasından onu müşaiyət edənləri nüfuzedici baxışlarla süzərkən sezirdim. Bizim zalda necə mövqe tutduğumuz, kameraların necə işlədiyi, mikrofonun necə qurulduğu da Heydər Əliyevin diqqətindən yayınmırdı. Bəli, o məhz idarə edirdi.

Tələsikdə əgər kameraların işləməsi və mikrofonların qurulması üçün vaxt lazım gəlirdisə, Heydər Əliyev müəyyən gedişlərlə bizim özümüzü tarazlamağımıza imkan yaradırdı. Hiss edirdim ki, Azərbaycanın taleyüklü məsələlərinin həlli ilə bağlı beynəlxalq birliyin və dünyanın nəhəng dövlətlərinin başçılarına ünvanladığımız suallar onda razılıq doğurur.

Böyük lideri Az.TV-nin əməkdaşı kimi xarici səfərlərdə müşaiyət etdiyim zamanlar mətbuat konfraslarında verdiyim suallardan əsasən narahatlıq keçirməmişəm. Lakin iki dəfə hədəfə tam düşmədiyimi də etiraf edirəm. Gerçəkdən mən prezident Heydər Əliyevə, yaxud onun iştirakı ilə keçirilən mətbuat konfranslarında hansısa dövlətin başçısına, yaxud beynəlxalq təşkilatın rəhbərinə sual verərkən özümü böyük bir imtahan verirmiş kimi hiss edirdim. Onunla və onun yanında işləmək hər bir jurnalist üçün böyük məsuliyyət olduğu kimi, həm də böyük şərəf idi. Onun "Ağababalı, (o mənə Ağbabalı yox, Ağababalı deyirdi) bura gəl görüm" ifadəsini işlətməsi o demək idi ki,  sərbəst şəkildə çoxsaylı suallar vermək imkanım var. Lakin bu, nisbi sərbəstlik idi. Ondan müsahibəni ən sərbəst formada təyyarənin salonunda üzbəüz əyləşərkən alırdım. Həyəcanımı azaltmaq üçün Heydər Əliyev baxışları və oturuşu, üzündəki xoş təbəssüm və səmimi ifadələri ilə şərait yaradırdı.

Xarici səfərlərin birindən dönürdük. Yolüstü İstanbuldakı Atatürk Hava Limanında qısa müddətə dayanmalı olduq. Ermənistan nümayəndə heyəti də hava limanında idi. Bir az aralıda Levon-Ter Petrosyanı gördüm. Ona bir neçə sual vermək üçün gözəl məqam yaranmışdı. Prezidentin köməkçisi Eldar Namazova yaxınlaşıb niyyətimi bildirdim. O, "əzizim, mən bir şey deyə bilmərəm" söylədi. Heydər Əlyev 4-5 metr kənarda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət edirdi. Ani olaraq nəzərlərim ona dikildi. Dövlət başçısı niyyətimi hiss etmiş kimi göründü. Üzündəki ifadədən bir cəsarət tapıb operatorla birlikdə Ter-Petrosyana yaxınlaşdım. Müsahibə alındı...

İş otağında oturmuşdum.  Xidməti hökumət telefonu zəng çaldı. Dövlət başçısının köməkçisi bildirdi ki, prezident mənimlə danışacaq. Təxminən bir dəqiqədən sonra "Nezavisimaya qazeta"da çıxan materialı oxumusan"? sualını eşitdim. "Xeyr, cənab prezident" deyə astaca cavab verdim. "Bəs, nə işlə məşğulsan? Oxu, mənimlə əlaqə saxla" deyərək dəstəyi asdı. Telefonun dəstəyi əlimdə donub qalmışdım...

Sədrin birbaşa telefonu zəng çaldı: "Hazır ol, prezident çağırır, gedirik". Bir gün əvvəl "Xəbərlər"də Azərbaycan dövlətçiliyinin müdafiəsi ilə bağlı bir süjetdə yol verilən çox ciddi nöqsan mənə bəlli idi.  Lakin bu nöqsanın müəllifi mən deyildim. Onun  müəllifi Prezident Aparatının indi ekslər sırasında olan yüksək vəzifəli şəxsi idi. Prezidentin bizi həmin məsələ ilə əlaqədar çağırdığının  fərqinə vardım. Dövlət başçısının iş otağına daxil olanda mənə veriləcək hər hansı suala belə cavab verəcəyim barədə düşünmək halında deyildim. İçəridə gedən qısa söhbətdən aydın oldu ki, dövlət başçısı o nöqsanın haradan gəldiyini çox yaxşı bilir. Azərbaycanın milli maraqlarının, dövlətin və dövlətçiliyinin qorunmasında informasiyanın rolu barədə öz fikirlərini qısa formada bildirəndən sonra mənə "sən get" dedi. Və mən bir daha əmin oldum ki,  prezident Heydər Əliyev ölkədə gedən bütün proseslər haqqında ən dəqiq məlumatlara malikdi.

Ulu Öndər mətbuatın böyük dostu idi. XX əsrin sonlarında Azərbaycanın müstəqilliyini elan edənlərin mətbuatın azadlığını elan etməyə cəsarətləri çatmadı. Heydər Əliyev isə 1998-ci ildə  KİV üzərində senzuranı ləğv etdi. Mətbuatda və digər informasiya vasitələrində dövlət sirrini qoruyan baş idarəni tarixin arxivinə  göndərdi. MDB məkanında ilk dəfə məhz Azərbaycanda informasiya mənbəyinin açıqlanması üzərinə qadağa qoyuldu. MDB məkanında ilk dəfə məhz ölkəmizdə mətbuatın  dövlət qeydiyyatı ləğv olundu. Belə ilkləri çox sadalamaq olar. Ulu Öndər yaxşı bilir və əməldə də onu göstərirdi ki, Söz azad olmayınca cəmiyyət azad ola bilməz.

 Zaman dağ çayı kimi axıb gedir, zər-zibaları çürüdüb, daş-kəsəkləri söküb özü ilə aparır. Təkcə əməllər, ideyalar, ideyaları həyata keçirməyi bacaran böyük şəxsiyyətlər əbədi yaşayırlar - Böyük Öndər kimi. Nə qədər Azərbaycan var, o qədər də Heydər Əliyev olacaq. Nəsillər hər zaman ümummilli liderə minnətdar olacaq, məzarı önündə baş əyəcək və onu al qərənfil, tər çiçəklərlə süsləyəcəklər.

Azərbaycanın ən böyük sərvəti Heydər Əliyev dühasıdır, onun müqayisəyəgəlməz siyasi və dövlətçilik təcrübəsidir. Bu sərvət müqəddəsdir və hifz olunmalıdır. Bunun məhz belə olduğunu Azərbaycan xalqı özünün böyük oğlunu cismən itirdikdən sonra bir daha tam, aydın formada yəqin etdi. Yəqin etdi ki, müstəqil Azərbaycanın gələcəyi, inkişafı, hüquqi-demokratik dövlət quruculuğu, ölkənin ərazi bütövlüyünün təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, sosial rifah Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttdən və siyasi kursdan kənarda deyil. Məhz ona görə də Azərbaycan xalqının böyük əksəriyyəti 2003-cü ilin oktyabrında keçirilən prezident seçkisində Heydər Əliyev məktəbinin layiqli yetirməsi, Ulu Öndərin siyasi kursunun şəriksiz davamçısı, Azərbaycanda və beynəlxalq  aləmdə sanballı dövlət xadimi, sivil bəşəri dəyərlərə sadiq, praqmatik düşüncə sahibi kimi tanınan və qəbul edilən cənab İlham Əliyevə səs verdi, onu prezident seçdi. Artıq 13 ildir ki,  möhtərəm prezidentimiz ölkəyə rəhbərlik edir. Azərbaycan xalqı fəxr edir ki, Heydər Əliyev kimi nəhəngdən sonra ona zamanın özünün tələbindən irəli çıxan və Azərbaycanın şansı sayılan lider rəhbərlik edir.

Heydər Əliyev kursunun davam etdirilməsinin, onun ideyalarının həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan günbəgün yeniləşir, inkişaf edir, müasirləşir. Cənab İlham Əliyev yeni dövrün yeni çağırışlarına ölkəmizin milli maraqlarından çıxış edərək cavab verir. Bu da xalqın və "Heydər Əliyevin ən böyük əsəri olan müstəqil Azərbaycan Respublikası"nın mənafeyinə xidmət edir. Obrazlı dildə desək, "Azərbaycan gəmisinin sərnişinləri rahatdırlar ona görə ki, bu gəminin sükanı arxasında həm xalqın, həm də Böyük Öndərin  etibar və etimad göstərdiyi kapitan durur".

 





08.12.2016    çap et  çap et