525.Az

Siz onu tanıyırsınızmı?!


 

Yazıçı-dramaturq Hüseynbala Mirələmova açıq məktub

Siz onu tanıyırsınızmı?!<b style="color:red"></b>

Şəfiqə HƏSƏNOVA
Neftçala rayonu, Aşağı Surra
kənd orta məktəbinin müəllimi

Hörmətli Hüseynbala müəllim!

Qurbanı olduğum bu yurdun xamırı elə bir sevgi ilə yoğrulub ki, onun yetişdirdiyi dahilər ən azı özü qədər ölməzdir. Vətənimizə əbəs yerə şairlər yurdu deməyiblər. Bu hamıya məlumdur. Lakin Azərbaycan təkcə şairləri ilə öyünməməlidir. Onun neçə-neçə dahi bəstəkarları, rəssamları, yazıçıları və başqa tanınmış sənət sahibləri də var.

Bu gün mən sizinlə əsərlərinizdən aldığım təəssüratı bölüşmək istəyirəm. Bu mənim həddimdirmi, bilmirəm? Lakin müəllifi olduğunuz kitabları oxuduqca aldığım zövqün ləzzətini sizinlə bölüşmək istədim.

Əvvəlcə “Gəlinlik paltarı” romanını oxudum. Elə ilk səhifələri oxuyarkən bu qənaətə gəldim ki, ilahi, yazıçı qadın dünyasını necə gözəl bilir. Məncə, bu hər yazıçıya müəssər olmur. “Qadın nə istəyir?” sualı çoxları tərəfindən açıqlanmağa çalışılıbsa da...

Əsərdə Həyat, Sadiqə elin adət-ənənəsini dəyərləndirən, namusu ilə yaşayan qadınlardır.

Zinayə və Fənayə tam onların əksidir. (Sizin bir gözəl xüsusiyyətiniz də var ki, hər obraza öz xarakterik adını verirsiniz). Fənayənin çoxlarının həsəd aparacağı gözəlliyi var. Onun amalı azad sevgi və gücdür. O, nigaha inanmır, sevib sevilmək, sevgi dənizində üzmək istəyir. Bəli, Fənayə elə gözəldir ki, onu çoxları sevir. Onu dəlicəsinə sevən Qarabağ uğrunda döyüşlərdən yaralı qayıdan Fədai var. Fənayə Fədainin sevgisinə inanır, lakin bu ona azlıq edir. Axı, Fədai ona sevgidən başqa heç bir şey verə bilməzdi. Fənayə isə həyatın çətinliyini deyil, azad, qayğısız, problemsiz həyat istəyirdi. Bu həyatı ona Haris verir. Fənayənin ən böyük səhvi Harisə inanmaq olur və anasının yaşadığı kimi sevib seçir, bilə-bilə ki, anası vaxtı ilə kişilərin göz bəbəyi idi. İndi isə o, əri Qadirə yaxınlaşmaq istəsə də, Qadir belə onun kim olduğunu bildiyi üçün ondan uzaqlaşır. Zinayənin günü ağlamaqla keçir. Axı o və onun kimilər müəyyən yaşdan sonra təkliyə məhkumdurlar. Harisin iç üzü açıldıqdan sonra Fənayə Yusifcanla qarşılaşır. Yusifcan evli və yaşca ondan böyükdür. “Yusifcan Fənayə ilə keçirdiyi günü əsl ömür hesab edirdi”. Lakin o, son nəfəsində ömür yoldaşı Zərifəni görüb üzr istəmək istəyir, əlbəttə, bu mümkün olmur. Yusifcana görə Zərifə “evim-eşiyim, uşaqlarım, geyməyə paltarım, yeməyə çörəyim” var deyən və aldadıcı sevgi ilə yaşayan bir qadındır. Doğurdanmı qadınlar bununla kifayətlənir: – bu, məncə, mümkün deyil. Hər bir qadın yaşından asılı olmayaraq sevgi istəyir. Qadın hər cür yoxluğa dözər, sevgisiz yaşaya bilməz. Sevib-sevilməyən qadın günü-gündən solar, məhv olar, ancaq cismani yaşayar. Zərifə kimi qadınlar, yəni aldadılan qadınlar onun hiss etdiyi gün ölürlər. Fənayənin dramatik ömür səhnəsi, sonda yazıçının ona xəyali gəlinlik paltarı geyindirməsi, ölüm səhnəsinin müqəddəs bir məkanda baş verməsi çox böyük ustalıqla qələmə alınıb. Yazıçı heç bir qadını üzüqara görmək istəmir, ona görə də Fənayəyə Günəşin şəfəqlərindən saflıq donu geyindirir. Bununla da gənclərimizə tərbiyəvi bir mesaj verir. Əziz qızlarımız, seçdiyiniz yolun sonunu görməyə çalışın.

“Qırxıncı otaq” sizin sevilə-sevilə oxunan digər bir kitabınızın adıdır. Bu romanda cəmiyyətin çox problemlərinə toxunulur. Lakin biz bu yazıda Cahan obrazının üzərində qalacağıq. Cahan anasının istəyilə ailə həyatı qurub.Cəmi bir gün olub bu ailənin ömrü. Toyun səhərisi əri yataq xəstəsi olub və çox keçmir ki, o, ölür. Cahan isə həyatı ilə razılaşır,”bir üzü qız, bir üzü gəlin” anasının yanına qayıdır, özünü elmə sərf edir. Anasının təkidi ilə ikinci dəfə evlənir Cahan. Bir oğul dünyaya gəlir, lakin Qarabağ müharibəsi oğlunun atasını da alır Cahandan. Dul qalan Cahanın başı nələr çəkir. Heç bir hədə-qorxu onu namuslu həyatından döndərə bilmir. Folklor İnstitutunda akademik Aşur Qaraxanlı nə zülmlər verir ona, işində uğur qazanmağına mane olur, həyatını zəhər edir. Lakin Cahan hər şeyə dözür. Ta o günə kimi ki, arada gəlini qalır. Oğlu Taleyin heç bir şeydən xəbəri olmasın deyə, Cahan Aşur Qaraxanlının görüşünü qəbul edir və o, Qaraxanlını öldürüb həbsə düşür. Nə yaxşı ki, həyatda hakim Adil Hüseynli kimi kişilər də var. Adil müəllim Cahana kömək edir və biz bu zaman başı müsibətlər çəkmiş Cahanla onun ruhən yaxınlaşdığının şahidi oluruq. Əgər Adil müəllim yaşasaydı, Cahanla sevgi dolu bir həyat sürəcəkdi. Adil Hüseynlinin öldürülməsinə baxmayaraq Cahan ömrünün sonuna qədər onun məhəbbəti ilə yaşayacaq və bu sevgi onun həyat amalı olacaq. Siz hər bir qadını seçdikləri yoldan asılı olmayaraq böyük sevgi ilə qələmə alırsınız. Hiss olunur  ki, siz onları sevirsiniz. Sizin ən böyük ustalığınız ondadır ki, kiçik bir hekayədə də qadın obrazını məharətlə yaradırsınız. 

“Qaraçı qızı Dorito” kiçik bir hekayədir, mənim isə ən çox sevdiyim əsl əsərdir. Bəli, əsl əsər deyirəm, çünki çox gözəldir. Əsər var oxuyursan, heç bir məna kəsb etmir, bu hekayəni oxuduqca əsərlərə bərabər zövq verir..

Arada bir haşiyə çıxım. “Qadının yaşı ötüb, özünə baxmır” deyən kişilər, sizə bir məsləhətim var. Hüseynbala Mirələmovun ”Hesab çatıb” hekayəsini oxuyun. Bu əsər sizə çox gözəl cavab verəcək, özünüz əsərin qəhrəmanı kimi şoka düşəcəksiniz. Təkcə “Hesab çatıb”a görə bütün qadınlar adından sizə, əziz Hüseynbala müəllim, təşəkkür edirəm. Sizi min yaşayasınız. Qələminiz biz qadınların qırılmış qəlblərinin məlhəmi kimi daim yaşayıb yaratsın.

Sizin “Xəcalət”, ”Cəza”, ”Yanan qar”, ”Sonuncu fateh” romanlarınız da var. ”Yanan qar”, mənim fikrimcə, əsərləriniz içərisində şah əsərdir. Hüseynbala müəllim, sizin bütün əsərlərinizi bir nəfəsə oxumuşam. Hətta tarixi əsəriniz “Sonuncu fateh”i də. Əsərlərinizin dili çox rəvandır, axıcıdır, heç oxucunu yormur. “Yanan qar” isə başqa aləmdir. Bir  rəssam incəliyi ilə yaratdığınız təbiət təsvirləri Qarabağı görməyənləri belə valeh edir. Bəy Kamran obrazı isə Azərbaycan ədəbiyyatında və xalq arasında böyük sensasiya yaradacaq bir obrazdır. Sözünün ağası, xalqın, torpağın, qadın namusunun təəssübkeşidir. Bəy Kamran bir çoxları kimi torpağını atmır, oğlu Bəxtiyar, Həsən, Bənövşə, Akif müəllim, Zakir kişi və başqaları  ilə partizan hərəkatına başlayır və ermənilərə qarşı mübarizə aparır. “İstəkli oxucum” deyə başladığınız müraciətinizdən məlum olur ki, bu obrazlar sizin təxəyyülünüzün məhsulu deyil, hamısı həyatdan alınıb və onların sonrakı taleləri məlum deyil. İnsaallah ki, torpaqlarımız geri alınar və sizin arzuladığınız kimi həmin insanların sonrakı həyatları, qəhrəmanlıqları haqqında da roman yazacaq və biz oxucuları da sevindirəcəksiniz.

Əsər başdan ayağa sevgi ilə yazılıb. Lakin bir səhnə var ki, onu qeyd etməsəm olmaz. Bəy Kamran yorğundur, Bənövşə Sədəf xalanın təkidi ilə onun ayaqlarını yuyur. Bənövşə Bəyin ayaqlarını yuduqca “ürəyində ildırımlar çaxırdı” Bəy Kamran da bunu hiss edir və o, istəsəydi, Bənövşəni özünə tabe edərdi. Lakin onun böyüklüyü ondadır ki, o, hisslərinə çox çətinliklə qalib gəlir və fikirləşir ki, Bənövşə oğlu Bəxtiyara layiqdir. Bunu hər kişi bacarmaz. Məncə, həyatın hələ də davam etməsinə səbəb Bəy Kamran kimilərin olmasıdır. Çox təəssüf ki, belə kişilərin sayı getdikcə azalır.

Əsəri oxuduqca, süjetlər bir-birini əvəz etdikcə, oxucu da onlarla birlikdə yaşayır. Bu əsərə film çəkməmək günahdır.

Hətta uşaqların da böyük həvəslə oxuduqları “Cəza”nı bir amerikalı və ya avropalı yazmış olsaydı Hollivudda çox gözəl bir film çəkilərdi. Bizim sponsorlar, rejissorlar nə fikirləşir görəsən?

Sizin “Xəcalət” povestiniz əsasında Azərbaycan Milli Dram Teatrının səhnəsinə eyni adlı tamaşa qoyulub. O tamaşa da birbaşa insanın ürəyinə təsir edir. Azərbaycanda “Qarabağ” faciəsinə aid sanballı əsər yazılmayıb deyənlər, deməli, sizin – Hüseynbala Mirələmovun “Xəcalət” və “Yanan qar” romanlarını oxumamışlar. Oxuyun, sonra deyin görək, yenə öz əvvəlki fikrinizdə qalırsınızmı?

Hörmətli Hüseynbala Mirələmov, sizin gözəl publisistik, tənqidi yazılarınızı da oxudum. Rəsul Rza haqqında “Yeddi nəğmə”niz, “Güllələnmiş heykəllərin fəryadı” esseniz, “Bir gecənin sehri”, “Maşallahın paneli” hekayələriniz, tərcümələriniz və başqa yazılarınızı bir dəfə oxumaqla doymamışam. Sizə söz verirəm ki, onları dönə-dönə oxuyacam.

Bir çox tarixi kitablar oxumuşam. Onların içində sizin “Sonuncu fateh” romanınız da var. Bütün oxucuların rahat oxuması üçün anlaşıqlı bir dildə yazılan əsərdir. Nadir şah haqqında əvvəllər yazılan əsərlərdə əsas fikir onun oğlunun gözünü kor etməsinə yönəlsə də, Hüseyn müəllim, sizin bu əsərinizdə böyük fatehi tamam başqa bir aspektdə görürük. Həqiqətən də, Nadir şahın amalı çox böyük olub. Parçalanmış, ayrı-ayrı ölkələr tərəfindən işğal olmuş Səfəvi torpaqları birləşdirmək, islam dinini parçalayan süni-şiə ayrımçılığına son qoymaq. Bu gün belə həlli mümkün olmayan məsələlərdir bunlar. Təhmasib şahın səhvi üzündən verilmiş torpaqlar yenidən geri alınır. Nadir şah Hindistanı belə fəth etmişdir.

Nadir şahın üstün cəhətlərindən biri də ailə-nigah məsələsinə çox ciddi əməl etməsidir. Bütün əsərlərinizdə olduğu kimi, “Sonuncu fateh” romanı da oxucuların qəlbini elə ilk andaca fəth edir. Mərhum akademik Bəkir Nəbiyevin təbirincə desək “Əsərin dili aydın, təbii, axıcıdır. Romanda əlvan obrazlar qalereyası var”. Əlbəttə, bu sizin uğurunuzdur. Sizin bu əsərdəki digər uğurunuz isə Nadir şaha dırnaqarası baxanlara onu sevdirməkdir. Təəssüf ki, dahi şəxslərin səhvləri də böyük olur.

Hüseynbala müəllim, bacardıqca qısa yazdım, çünki bilirəm ki, yazdıqca sonu gəlməyəcək, həm də sizin mənim yazdıqlarıma heç ehtiyacınız da yoxdur. Sizin haqqınızda Çingiz Aytmatov kimi dahi öz sözünü deyib, kitablarınıza akademiklər, Bəkir Nəbiyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadənin yazdıqları fikirlər çox dəyərlidir. Mənsə, sizin əsərlərinizi çox sevən adi bir oxucuyam. Əsərləriniz vasitəsilə də sizi çox sevirəm və inanın ki, bu yazıda mən əsərləriniz haqqında təəssüratlarımın çox az hissəsini qeyd etdim. Mənim məqsədim odur ki, sizin qadınları tanıdığınız qədər, onlarda sizin əsərlərinizi oxuyub sevsinlər. Mən bütün qadınlar adından Sizə təşəkkür edirəm.

P.S. Əziz qadınlar, sizin də fikrinizi öyrənmək istəyirəm Hüseynbala Mirələmov bizi başa düşən, ən yaxşı tanıyan yazıçıdır. Siz necə, onu tanıyırsınızmı?

 





04.04.2013    çap et  çap et