525.Az

Daha bir nazirlikdə 16 nəfər cəzalandırılıb


 

Daha bir nazirlikdə 16 nəfər cəzalandırılıb<b style="color:red"></b>

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki təsərrüfatlara büdcədən  toxumlara və tinglərə görə ayrılan subsidiyanın proqnozlaşdırılması və icrasının auditini apararkən ciddi nöqsanlar üzə çıxarıb. Milli Məclisdən Modern.az saytına bildirlib ki, bu barədə məlumat Hesablama Palatasının parlamentə təqdim etdiyi hesabtda əks olunub.

Subsidiyanın ödənilməsi üçün daxil olmuş müraciətləri araşdırmaq məqsədi ilə müvafiq rayon (şəhər) icra hakimiyyəti başçısının sərəncamı ilə rayon (şəhər) komissiyaları, həmçinin kənd təsərrüfatı nazirinin əmri ilə rayon (şəhər) komissiyalarından daxil olmuş müraciətlərə rəy verilməsi məqsədilə nazir müavininin sədrliyi ilə İqtisadi İnkişaf Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb.

Nəzarət tədbiri keçirilən qurumlar tərəfindən, o cümlədən Ekspert Şurası Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri, Şəki, Qax, Bərdə, Kürdəmir, Qobustan İcra hakimiyyətlərində yaradılan müvafiq komissiyalar sənədləşməni təşkil edərək hüquqi və fiziki şəxslərə subsidiyanın verilməsi üzrə fəaliyyət göstərib. 

Yoxalamalar nəticəsində məlum olub ki, reproduksiyalı toxumlar və tinglər üçün kvotanın müəyyənləşdirilməsi məqsədilə subsidiya alan təsərrüfatlarda müvafiq kənd təsərrüfatı məhsulları üzrə məhsuldarlığın dəyişmə dinamikasının qiymətləndirilməsi həyata keçirilməyib, Ekspert Şurası tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan müxtəlif əmsallar müəyyən edilərək ödəmə aparılıb, mövcud qanunvericiliyin tələbləri gözlənilməyərək nəzarət tədbiri həyata keçirilən müvafiq rayonlarda ərazilər üzrə işçi qrupları yaradılmayıb.

Bəzi rayon komissiyaları tərəfindən subsidiyanın ödənilməsi üçün sənədlər Respublika Komissiyasına natamam və müəyyən çatışmazlıqlarla təqdim edilib, bəzi rayon komissiyalarında sənəd dövriyyəsi düzgün qurulmayıb, hüquqi şəxslərin müvafiq müvəkkil banklardakı hesablaşma hesabının olmasına baxmayaraq, vəsaitlər hüquqi şəxslərin rəhbərinin adına olan ödəmə kartlarına köçürülüb.

Bəzi rayonlarda sertifikat verilmiş toxumun keyfiyyəti aşağı olub. Optimal səpin müddətinə, səpin və gübrə normasına və digər aqrotexniki qaydalara əməl edilməməsi nəticəsində sortların məhsuldarlığı potensial məhsuldarlıqdan dəfələrlə aşağı olub, bölgüdən az və çox satılma halları olub, Aqrar Elm Mərkəzinin rayon təşkilatlarında və dövlət toxumçuluq təsərrüfatlarında elit toxum əkinlərindən əldə olunmuş məhsuldarlıq, həmin toxumları əkən özəl toxumçuluq təsərrüfatları ilə müqayisədə xeyli aşağı olub, istehsal edilən 1 kq toxumun maya dəyəri isə özəl təsərrüfatlarda istehsal edilən toxumun maya dəyərinə nisbətən yüksək olub.

Toxumun müəyyən hissəsi kondisiyaya çatdırılmadan birbaşa sahədən satılıb, lazımı miqdarda əkin sahəsi və maddi texniki bazası olmayan toxumçuluq subyektləri fəaliyyət göstərib.

Bəzi hallarda subsidiya ödənilməsi üçün təqdim edilmiş sənədlərdə, toxum istehsalına dair hesabat formasında, bəzi qaimə fakturalarda və alqı-satqı müqavilələrində imzaların olmaması, bəzi qaimə fakturaların ciddi uçot blanklarında yazılmaması, bəzi hallarda sertifikat olmadan toxum satışının həyata keçirilməsi, subsidiyanın alınması məqsədilə toxumçuluq təsərrüfatları tərəfindən 2-ci reproduksiyalı toxumların bir birinə satılması halları müəyyən olunub.

Nəzarət tədbiri həyata keçirilən rayonların toxumçuluq təsərrüfatları tərəfindən satılan toxumun səpildiyi sahələrə baxış keçirilmədən səpin barədə dəqiq olmayan arayışlar verilib, audit aparılan 5 rayon üzrə dövlət və özəl toxumçuluq təsərrüfatlarına subsidiyanın artıq ödənildiyi müəyyən edilib, digər nöqsanlara yol verilib.

Auditin nəticələri üzrə Hesablama Palatasında qəbul edilmiş Kollegiya qərarı nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinə, Şəki, Qax, Bərdə, Kürdəmir, Qobustan İcra hakimiyyətlərinin başçılarına göndərilib və Milli Məclisə məlumat təqdim edilib. Kollegiya Qərarının icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyində geniş müşavirə keçirilib, Rayon İcra Hakimiyyəti başçılarına telefonoqramlar, Rayon İcra Hakimiyyəti başçılarının aqrar məsələləri üzrə müavinlərinə məktublar göndərilib, Ekspert Şurasına müvafiq tövsiyələr, Respublika Dövlət Toxum Müfəttişliyinə, nazirliyin nəzdində fəaliyyət göstərən “Toxum Şurası”na, Aqrar Elm Mərkəzinə və digər struktur bölmələrinə müvafiq tapşırıqlar verilib, Ərazi Kənd Təsərrüfatı İdarələrinin, rayon dövlət toxum müfəttişliklərinin rəislərinin, aqronomlarının, özəl və dövlət toxumçuluq təsərrüfatlarının rəhbərlərinin iştirakı ilə geniş zona müşavirələri keçirilib, toxum və ting üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və prosesləri izləmək üçün 11 qrup yaradılıb.

Nəzarət tədbiri həyata keçirilən 5 rayon üzrə 96902,0 manat məbləğində subsidiya məbləği toxumçuluq təsərrüfatları tərəfindən dövlət büdcəsinin vahid xəzinə hesabına nağd qaydada ödənilib.

Nöqsan və çatışmazlıqlara yol vermiş təşkilatların 16 əməkdaşına qarşı intizam tənbehi tədbirləri görülüb, o cümlədən, 4 nəfər (2 idarə rəisi, 2 aqronom) işdən azad edilib, 10 nəfərə (6 idarə rəisi, 4 aqronom) töhmət verilib, 2 nəfər (1 icra hakimiyyətinin müavini, 1 idarə rəisi) xəbərdarlıq edilib, müvafiq tələblərə cavab verməyən 224 təsərrüfat subyekti toxum istehsalçılarının dövlət reyestrindən çıxarılıb.

Subsidiyanın ödənilməsi Qaydasında boşluqların aradan qaldırılması, toxum və ting istehsalının subsidiyalaşdırma sisteminin sadələşdirilməsi barədə təkliflər Hesablama Palatası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib.

 





04.04.2013    çap et  çap et