525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

İslam dünyası 

İslam VII əsrdə Ərəbistanda yarandı. Bu ərazinin mərkəzində ucsuz-bucaqsız Ərəbistan səhrası uzanırdı.

Adamlar əsasən onun kənarında və dəniz sahillərində yaşayırdılar. Təsərrüfat və mədəni cəhətdən ən inkişaf etmiş ərazi Yəmən və Ərəbistandakı Hicaz idi, axırıncıda dar vahə zolağı var idi. Yəmənin torpağı isə çox məhsuldar idi, ona görə də burada sabit əkinçilik sivilizasiyası inkişaf etmişdi. Lap qədimdən Yəməndən və Hicazdan mühüm ticarət yolu keçirdi, bu yol Hindistanla əvvəlcə Roma, sonra isə Bizans imperiyalarını birləşdirirdi. Ərəb şəhərlərində ticarətlə təkcə ərəblər deyil, həm də Roma təbəələri, perslər, abissiniyalılar məşğul olurdular.

Səhranın kənarlarında bədəvilər adlanan köçəri ərəb tafyaları yaşayırdılar. Onlar dəvə, qoyun otarır, yaxşı atlar yetişdirirdilər. Çobanlıq heç də çox vaxt bədəvi tayfalarını yedizdirə bilmirdi, onlar oturaq sakinlərə qarşı soyğunçuluq basqınları edirdilər. Bədəvilər təkcə igid döyüşçülər deyildilər, onlar həmçinin obrazlı və hissiyyatlı poeziya ilə şöhrət tapmışdılar.

Ərəblər Semit xalqlarına aiddir. Onların dini və adətləri yəhudilərinkinə yaxın idi. Nə vaxtsa ərəblərin və yəhudilərin əcdadları bir tayfada yaşamışdılar, bu əcdadlar yəhudi Bibliyasında öz əksini tapır. Uzun əsrlər ərzində ərəblər bütlərə sitayiş etmişdilər. Ərəbistanın bütpərəst mərkəzlərindən biri öz müqəddəs yeri olan Kəbə ilə şöhrət tapmış Məkkə idi. Ərəblər Kəbəni Abrahama (İbrahimə) aparıb çıxarırlar. Kəbə məbədində Adəmin cənnətdən gətirdiyi Qara daş qalırdı (bu daş indiyədək oradadır).

V-VI əsrlərdə yerli ərəblərdən çox sayda moizəçilər meydana gəldi, onlar öz tafya adamlarını bütpərəstlikdən çəkindirmək istəyirdilər. Ərəbistanda xristianlar və iudeylər də moizə oxuyurdular. Çox sayda ərəblər onda xristianlığa və iudaizmə keçdi. Yəməndə isə hətta xristian və iudey knyazlıqları meydana gəldi.

570-ci ildə Məkkədə tanınmış Qureyş nəslindən olan Məhəmməd dünyaya gəldi. O, çox erkən yetim qaldı, aclıq və ehtiyac içərisində oldu. 25 yaşında o, Xədicə adlı varlı qadınla evləndi və onun ticarət işlərini apardı. Bu qadın ərinin yaxın dostu və əqidə sirdaşı oldu. Məhəmmədin belə bir adəti vardı ki, o, Məkkə yaxınlığındakı Hira dağına çəkilir, orada nəcib düşüncələrə dalırdı. Bir dəfə, bu hadisə 610-cu ildə olmuşdu, o, dağlıq mağarada yuxuya daldı və yuxuda onun yanına mələk Cəbrayıl gəldi və onunla danışmağa başladı. Beləliklə, Məhəmməd peyğəmbərliyə çatdırıldı və öz ölümünə qədər yuxarıdan vəhy almaqda davam etdi. Onlar da müqəddəs kitab Quranın tərkib hissəsi oldu. Yalnız dörd ildən sonra Məhəmməd məkkəlilər qarşısında öz moizəsini oxudu. Onlara vahid Allah haqqında məlumat verdi və adamları ona inanmağa çağırdı, bütpərəstləri isə Qiyamət günü barədə xəbərdar etdi. Lakin şəhərlilərin bir hissəsi, xüsusən Qureyşin görkəmli adamları onun çağırışından hiddətləndilər, onu öz atalarının dinindən uzaqlaşmaqda ittiham etdilər. Şəhərin başçıları Məhəmmədi və onun ardıcıllarını sıxışdırırdılar. Xədicənin ölümü də Məhəmmədi çox sarsıtdı. Peyğəmbər Məkkədən uzaqlaşmağı qərara aldı. 622-ci ildə peyğəmbərin və onun ardıcıllarının Yasribə (bir qədər sonra peyğəmbərin şəhəri kimi Mədinə ən-Nəbi və ya Mədinə adlandı) köçməsi - hicrə baş verdi. Burada bir-birilə düşmənçilik edən Mədinə tayfalarını birləşdirə və ilk müsəlman icmasını yarada bildi. Peyğəmbər nəsil və tayfa fərqlərini ləğv etdi, onlar ərəbləri ayırırdı. İcmanın üzvləri isə artıq özlərini vahid xalqın nümayəndələri sayırdılar. İcmaya iudeya tayfaları da daxil idi, lakin bu ittifaq uzun sürmədi.

İudaizmə sitayiş edən iudeylər ilk əvvəllər Məhəmmədin təliminə hörmətlə yanaşdılar. Məhəmməd, Bibliyaya da daxil olmuş qədim əhvalata əsaslanaraq öyrədirdi ki, Allahla ilk ittifaq bağlayan Abraham (İbrahim) olmuşdur. Bu ittifaqı xatırlatmaq üçün Allah insanlara peyğəmbərləri göndərmişdir, onlardan başlıcaları Moisey və İususdur. Məhəmməd təkcə ərəbləri deyil, iudeyləri və xristianları da Abrahamın dininə qayıtmağa çağırdı, bu din iudaizmdən və xristianlıqdan qədimdir və hər iki dini birləşdirəcəkdir. Bu qədim və əsl din Allahın iradəsinə özünü tam “tabe etməkdə” ifadə olunurdu. “Müsəlman” sözü (ərəb dinində “muslim”) “islam” sözlərindən yaranır, o, həmin adamdır ki, özünü bütünlüklə “Allaha tabe edir”. Müqəddəs Kitabın, iudeya və xristian peyğəmbərlərinin həqiqiliyini etiraf etməklə, Məhəmməd deyirdi ki, o, İbrahim (Abraham) dininin axırıncı peyğəmbəridir, öz ifadəsi ilə deyildiyi kimi, “peyğəmbərliyin möhürüdür”. Lakin tezliklə Məhəmməd əmin oldu ki, onun çağırışı çox sayda ərəb tərəfindən dəstəkləndiyi halda, nə iudeylər, nə də xristianlarda müsbət cavab tapmadı. İslam, özünün iudaizmdən və xristianlıqdan fərqli olan ritualları ilə ayrıca dinə çevrildi. Qədim Kəbə hələ də bütpərəstlərin əlində qalsa da, müsəlmanların baş məbədi kimi qəbul edildi.

Məhəmməd Mədinənin valisinə çevrildi və məkkəlilərlə müharibəyə başladı. Həlledici mühasirə vaxtı məkkəlilər qorxudan döyüşsüz şəkildə Məhəmmədə təslim oldular. O, Məkkəyə gəlib, Kəbəni bütlərdən təmizlədi və bu məbəd müsəlmanların ali müqəddəs yerinə çevrildi. Xədicənin ölümündən sonra Məhəmməd bir neçə nikaha girdi (bunlar bəzən siyasi məqsədlər güdürdü), lakin onun kişi cinsindən olan övladı qalmadı.  Sonrakı dövrlərdə peyğəmbərə və müsəlman icmasına münasibətdə ən böyük nüfuz sahibi Ayişə oldu. Peyğəmbərin nəslini isə onun Xədicədən olan qızı Fatimə davam etdirdi, onun törəmələri şərif və seyid adlanır və indiyə kimi müsəlmanlar arasında müstəsna hörmətə malikdirlər.

621-ci ildə Məhəmmədin özü demişdi ki, bir dəfə gecə o, Kəbədə yatanda, qanadlı heyvan olan Burak onu Yerusəlimə, Moria dağına aparıb çıxardı, orada qədimdə Solomon (Süleyman) məbədi yerləşirdi. Həmin yerdə o, İbrahimi (Abrahamı), Müsanı (Moiseyi) və İsanı (İisus Xristosu) gördü və onların Allaha olan duasına rəhbərlik etdi. Moria dağından o, göylərə qalxdı və Allah qarşısında dayandı, Allah Məhəmmədin ardıcıllarına öz başlıca göstərişlərini verdi. Bu səyahət və Məhəmmədin göyə qalxması ərəb dinində “isra” və “mirac” adlanır. Məkkəlilər onun sözlərinə inanmayanda, peyğəmbər Yerusəlimi təsvir etdi. O, bu şəhərdə əvvəllər olmamışdı və oradan Məkkəyə yollanan karvanları saydı.

İlk əvvəllərdən müsəlmanları hərbi uğurlar müşayiət etdi. Onlar çox tezliklə bütün Ərəbistanı fəth etdilər, sakinlərin əksəriyyəti tədricən müsəlmanlığa keçdi. Hamı tərəfindən təqib olunan peyğəmbər kimi başlayan Məhəmməd 632-ci ildə müsəlman dövlətinin hökmdarı kimi oldu.

İslamın ilahiyyat və praktiki əsasları Quranda öz əksini tapmışdır, onlar Allahın Məhəmməd vasitəsilə insanlara çatdırılan birbaşa müraciəti hesab olunur.

Dindar adamın həyatı beş ritual vəzifə ilə müəyyən olunur. Onlar Allahın Məhəmməd vasitəsinə göstərişləri kimi çatdırıldığı vaxtdan indiyə kimi saxlanılır və qüvvədədir. Bunlar inanc, namaz qılmaq, xüms və zəkat, oruc tutmaq və Məkkəyə ziyarət etməkdir. Onlar İslamın beş dayağı adlandırılmışdır.

İnancı bu sözlər müəyyən edir: “Allahdan başqa Allah yoxdur və Məhəmməd onun peyğəmbəridir”. Əgər kimsə səmimi qaydada bu ehkama inam bəsləyir və onu dilinə gətirirsə, o, heç bir ritual ibadətləri olmadan belə, müsəlmana çevrilir. Başqa dinlərdə isə digər ritual ibadətləri vacibdir. Ali ləyaqət - Allaha tabe olmaqdır. İslamın ikinci dayağı namazdır, namaz gündə beş dəfə qılınmalıdır. Bundan başqa, namazdan əvvəl hökmən ritual yuyunmanı icra etmək lazımdır, bunsuz o, ibadət sayılmır. Müsəlmanın üçüncü vəzifəsi ianə verməkdir. Onu dövlət yığırdı və ehtiyacı olanlara dəstək üçün istifadə olunurdu. Öz əmlakının bir hissəsini ianə kimi vermək müsəlmanın əmlakının onun özündə qalan hissəsini gözdən qoruyurdu.

Ramazan ayında oruc tutmaq müsəlmanın dördüncü borcudur. Ramazan ayında Sahib ilk dəfə öz peyğəmbərinə - rəsuluna Quranı vəhy etmişdi və məhz bu ayda Məhəmməd məkkəlilər üzərində ilk dəfə qələbə çalmış və Məkkəyə girmişdi. Günün işıqlı vaxtı müsəlman oruc tutmalı, yalnız gün batandan sonra və çıxandan əvvəl yemək yeməli və su içməlidir.

Dindarın axırıncı vəzifəsi Məkkəyə Həcc adlanan ziyarətdir. Hər bir müsəlman bunu ömründə heç olmasa bir dəfə icra etməlidir. Bu göstəriş qədim ərəb adətinə gedib çıxır, qədim ərəblər zülhiccə ayında bunu icra edirdilər. Həmin ayda Məkkəyə bütün islam dünyasından zəvvarlar gəlir, onlar ihram adlanan xüsusi geyimdə olurlar. Onlar birlikdə ibadətləri yerinə yetirir və bu qayda onlarda birlik və öz dinlərinin güclü olması hissini yaradır.

Məhəmmədin ölümündən sonra Kiçik Ərəbistan İslam dövləti onun varislərinin işğal siyasəti hesabına qüdrətli imperiyaya çevrildi. Məhəmməd sağ ikən öz varisini adlandırmadığına görə, VIII əsrin ortalarına qədər Xəlifə titulu üstündə qızğın mübarizə getdi. Xəlifə peyğəmbərin valisi olmaqla, İslamın dini və siyasi rəhbəri idi. Dörd mömin xəlifədən birincisi Əbu Bəkr oldu, onunla İslamın “qızıl dövru” başlandı. O, İslamdan uzaqlaşan ərəb tayfalarına qarşı uğurla vuruşurdu və yenidən dindarları birləşdirdi. O, İslamı həmçinin Persiyanın və Bizansın bir hissəsinə yaydı. 634-cü ildə Əbu Bəkr isitmədən öləndə, Məhəmmədin müşaviri Ömər xəlifə oldu. Bu xəlifənin on illik idarəçiliyi dövründə İslam öz ali nüfuzuna çatdı. İslam imperiyasına Palestina, Suriya, Misir və demək olar ki, bütün Persiya birləşdirildi. Yerli əhalə qəsbkarları Bizans və Persiya ağalığından özlərinin xilaskarı kimi qarşıladı. Ərəblər tutulmuş torpaqlarda əvvəllər mövcud olan dövlət idarəetməsini saxladılar. Müqəddəs Kitabın əsasını təşkil etdiyi dinlərin ardıcıllıqlarına, başqa sözlə, iudeylərə, xristianlara, həmçinin zoroastristlərə dini ibadət azadlığı verilirdi, lakin onlardan xüsusi can vergisi - cizyə alınırdı.

Ömərin ölümündən sonra o, şəxsi qisasa görə iranlı xristian tərəfindən öldürülmüşdü, xəlifəlik onun kürəkəni Məhəmməd Osmana keçdi. O, Əməvi nəslindən idi. Onun hökumranlığı dövründə Quranın kanonik mətni yaradıldı, bu mətndəki bəzi versiyalar əvvəllər mövcud olunmuşlardan bir çox cəhətlərə görə fərqlənirdi. Lakin Osman öz təbəələrinin narazılığına səbəb oldu. Çünki böyümüş xilafətin möhkəmləndirmək niyyəti ilə torpaqları və mühüm dövlət vəzifələrini öz qohumlarına payladı. Xristian kilsəsindəki nepotizm, elə bil ki, yeni yapranan dində də öz tətbiqini tapmışdı.

Xilafətdə, beləliklə, ilk daxili çəkişmə başladı. Osman öz əleyhdarları olan müsəlmanlardan birinin qılıncının zərbəsi ilə həyatdan getdi. Dördüncü xəlifə Əli ibn Abu Talib oldu, o, Məhəmmədin qızı Fatiməyə evlənmişdi, həm də peyğəmbərin dini və dünyəvi irsinə sahib olmağa yalnız onun haqqı var idi. Lakin Əlinin əleyhinə xəlifənin Dəməşqdəki valisi və Osmanın qohumu olan Muaviyə çıxış etdi.

Osmanın əleyhdarları arasında Məhəmmədin dul arvadı Ayişə də var idi. O, siyasi həyatda fəal iştirak etməyə can atırdı. Ayişə indi də Əliyə qarşı çıxış etdi. Ayişənin ardıcılları hətta Əlinin xəlifə Osmanın qətli ilə əlaqədə olması barədə ittiham irəli sürürdülər. Xilafətdə ilk vətəndaş müharibəsi başlandı. Qarışıqlıq bütün ölkəni bürüdü.

856-cı ildə Əli “dəvə döyüşündə” Ayişənin tərəfdarlarını darmadağın etdi. Bu döyüş ona görə belə adlanırdı ki, Ayişə döyüş meydanına zirehli kəcavəsi olan dəvənin üstündə çıxmışdı. Sonrakı ili Əli Siffində Müaviəyə ilə döyüşə girdi. Müaviyə Osmanın əmisi oğlu idi. Qələbə artıq Əlininki idi, bu vaxt Suriya döyüşçüləri nizələrinə Quranın vərəqlərini keçirib, kimin haqlı olduğunu sübut etmək uçun məhkəmənin keçirilməsini tələb etdilər. Əli buna razılıq verdi və məhkəməni uduzdu. Əlinin tərəfdarlarının bir hissəsi məhkəmənin qanuniliyini etiraf etməyi rədd etdi və öz rəhbərinə ümidini itirdi və xəlifənin düşərgəsini tərk etdi. Bu gedənləri xaricitlər adlandırdılar və Əli sonralar onlardan birinin xəncəri ilə qətlə yetirildi.

(Ardı var)

 





12.12.2016    çap et  çap et