525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

I cild (noyabr 1918 - aprel 1920) 

(Əvvəli ötən şənbə sayımızda)

Azərbaycan Məclisi-Məbusanında Birinci dövri-ictima

11-ci iclas 

18 fevral 1919 saat 2-dən 15 dəqiqə işləmiş açılıyor.

Sədr: Həsən bəy Ağayev

Katib: Əhməd Cövdət Pepinov

Sədr - Parlamanın iclası açılıyor. Divani-Rəyasət ruznameyi-müzakiratı bu qərar ilə tərtib etmişdir:

1- Parlamanın mühafizəsi həqqindəki qanun layihəsi

2- Parlaman binasının məxaric smetası

3- Dəmiryol təarifəsinin təzyidi həqqindəki qanun layihəsi

4- İki komisyon intixabı: ləvayehi-qanuniyyə komisyonu və 2 məmləkətin hasilatını hüsni-idarə və ərzaq işlərini yaxşı-laşdırmaq işlərinə baxan komissiya.

5- Varid olmuş kağızlar, o cümlədən məzuniyyət barəsində ərizələr, məbusların çıxması barəsindəki kağızlar və “Əhrar” firqəsinin bir təklifi və sairə.

Hərgah bu tərtibə etiraz edən yoxsa qəbul olunur. Söz Aslan bəy Qardaşovundur.

Qardaşov - Əvvəla bütün qanun layihələri müzakirə edilməsindən əvvəl birər surətləri ümum fraksiyalara göndərilməlidir ki, fraksiyalar mövqeyi müzakirəyə qoyulacaq olan məsələlərlə qabaqca tanış olsunlar, tainki qanun müzakirə edilən zaman hər fraksiya öz fikrini söyləməgə imkan bulsun. Saniyən Əhrar fraksiyasının təklifi Məclisi-Məbusanın ümumi iclasında baxılmaq üçün verilməmişdir. Heyəti-rəyasətə vermişik ya qəbul, yaxud rədd edər.

Sədr - Deməli siz təklifinizin parlamanda müzakirə edilməsini münasib görmüyorsunuz.

Qardaşov - Xayır!

Sədr - Bən özümə borc biliyorum, ərz edəyim ki, “Əhrar” fraksiyası parlaman tərəfindən Şəki və Zaqatala mahallarına bir heyət göndərilməsini təklif ediyor. Lakin Heyəti-rəyasət parlamanın xəbəri olmadan bu məsələyi yalnız başına həll edəməz. Binaənileyh heyət göndərilməsi məsələsini Məclisi-Məbusanda müzakirəyə qoyulmağı münasib bildi. Madam ki, fraksiya özü məsələnin müzakirəsini arzu etmiyor, o halda o məsələ qalsın. Keçəlim ikinci məsələyə: Qardaşov cənabları təklif ediyorlar ki, parlamana idxal olunan bütün qanun layihələri müzakirə edilmək üçün qabaqca fraksiyalara göndərilsinlər. Hərgah bu təklifə etiraz yoxsa qəbul olunur. Deməli qəbula keçiyor.

Bunu da ərz etməliyəm ki, ruznameyi-müzakiratə daxil olanlardan başqa iki layihə varid olmuşdur. Birincisi, qonşumuz Cibaliyun hökumətinə 10 milyon manat qərz buraxılması, ikincisi zavodlardan buraxılan spirtlərin “aksiz” altına alınması. Razı olsanız bu məsələləri də ruznameyi-müzakiratə daxil edəriz.

Səslər - Qəbuldur, qəbuldur!...

Sədr - Bir də bən özümə borc biliyoram məbuslara məlum edim ki, bu gün parlamana Azərbaycan əhalisinin erməni qismindən də məbuslar gəlmişlərdir. Hələlik 5 məbus gəlmişdir. (Soldan alqış). Söz maliyyə komissiyasının sədri Əbuzər bəy Rzayevindir.

Əbuzər bəy Rzayev - Məclisi-Məbusanın keçən iclaslarından birisində qət edilmişdi ki, parlamanın mühafizəsi üçün bir qorucu bölük təşkil olunsun. Məzkur qorucu bölügün məxaric smetasını tərtib verərək Divani-Rəyasət maliyyə komisyonuna həvalə etmişdi. Şimdi komissiya büdcəyi müzakirə etdikdən sonra iclasa təqdim ediyor. Bölügün mövcudu 200 nəfərdən ibarətdir. Bunlardan 8-i baş nəfər, 192-si əskər. Bundan əlavə bölügün bir komandanı, iki də müavini oluyor, istər isəniz bunların maaş xərclərini də ayrı-ayrı oxuyalım (oxuyur).

Azərbaycan Məclisi-Məbusanını xassə qoruyucu bölügünün təşkili layihəsi:

Parlamanın kəndinə məxsus qoruyucu bölügü olmadığından indiyədək bu yüksək idarənin mühafizəsi şəhər polis nəfərləri vasitəsilə icra olunurdu. Bu gün dəxi onların təhti-mühafizəsindədir. Bu hal şəhərin inzibatını azaltmaqla bərabər, şübhəsiz şəhərin mühafizəsi işlərinə dəxi suyi-təsir ediyor. Bu suyi-təsirin önünü almaq üçün və Məclisi-Məbusanın heysiyyətini nəzərə alıb onun şərəfini mətlub bir dərəcədə saxlamaq üçün Azərbaycan Məclisi-Məbusanının öz təhti-idarəsində bulunacaq bir qoruyucu təşkilatı yapılması lüzumi bədihi bir məsələ dərəcəsindədir: Divani-Rəyasətin zənnincə bu qoruyucu təşkilatı ibtidada 200 nəfərdən əskik olmamaq şərtilə yapılmalıdır. İki yüz vücudları sağlam, qeyrətli və əqidəli könüllülərdən mütəşəkkil bu bölük tamamilə Divani-Rəyasət təhti-idarəsində olmaqla bərabər əskəri cəhətdən bilkülliyə əskəri komandanlarına itaət edib onların tabeətində və nəzarətində bulunacaqlardır. Bölügün bütün məsarifi Məclisi-Məbusan tərəfindən təmin edildigi üçün bu təşkilat Məclisi-Məbusana məxsus bir əskəri bölük şəklini alacaq “Məclisi-Məbusan” xassə qurucu bölügü ismilə təsmiyə bölünür. Bir komandan ilə iki onun müavinindən başqa bölük nəfərləri əlbəsələrini, yatacaq ləvazimatı ilə yiyəcək və içəcəklərini və əsləhə və qeyri mayəhtaclarını hökumət xəzinəsindən alacaqlardır. Bölügün daxili nizamı ilə başqa vəzifəhlərinin tərtibatını Divani-Rəyasətin öhdəsinə buraxaraq yalnız bölük nəfərlərinin əlbəsələri üçün bir dəfəlik mətlub mə-xaric ilə bərabər oların bir sənəlik tibbisi məsrəfi və başqa məxa-ricinin surətini bəyan etmiyəcəgəm.

Məclisi-Məbusan bu bölük təşkilatını qəbul edərsə yuxarıda zikr olunan məxaricin rəfi üçün iki milyon iki yüz doxsan altı min rublə təxsis etməlidir. 

Məxaric surəti 

1- Bölük komandanı: ayda 2000 manat, onun iki müavini hərəsinə ayda 1500 manat, baş nəfər (8) hərəsi ayda 250 manat, adi nəfər (192) hərəsi ayda 200 manat, yekunu - ildə 544800 manat.

2- Hər əskərə gündə: girvənkə yarım çörək, 8 misqal şəkər, yarım misqal çay, 3/4 ət, 5 manatlıq yağ və sair xörək ləvazimi, hər əskərə əlbəsə üçün ildə 2000 manat, yekunu bir milyon 333 min 700 manat.

3- Bölügün yatacaq, mənzil və sair ləvazimatı:

1- İyirmi otaqdan ibarət bir mənzil, otaqların biri dəftərxanəyə, biri komandan dairəsinə, biri yemək otağı, biri mətbəx mütə-baqisi bölük üçün - igirmi min manat.

2- İşıq və yanacaq - igirmi min manat.

3- İki yüz danə döşək iki yüz üzilə - 5000 manat, döşəklik otu - 1800 manat.

4- Altı yüz balış - 4950 manat.

5- Sap və zəhmət həqqi - 1200.

6- Balışın otu - 600 manat.

7- Mərəfə 6 yüz danə - 15000 manat.

8- Yun yorğan - 40000 manat.

9- Məhrəba iki yüz danə - 1100 manat.

Mətbəx ləvazimi: cümlətani 178.383 manat 33 qəpik.

Məzkur büdcələrdə mülahizə olunmamış xərclərin unudulmasını nəzərə alaraq və fiyatların günbəgün tərəqqisini dəxi hesaba alsaq, fövqüzzikr miqdarı iki milyon yarım manata iblağ etmək lazım gəliyor.

İştə 200 nəfər ilə zabitanın bir sənəlik bütün məsarifi bu qərar ilədir:

Maaşları - 544.800 manat

Təəyyüşləri - 1.610.200

Mənzil və mənzil ləvazimatı - 178383,33 qəpik

Nəzərə alınmayan məsarif - 165616,67 qəpik

Yekunu: 2.500.000 manat

Əgər 200 nəfərin bir yüzünün süvari olmasına Məclisi-Məbusan qərar versə, o vəqt fövqüzzikr məsarifə zeyldəki məsarif dəxi əlavə olunmalıdır:

1- yüz at - 400.000 manat

2- yüz yəhər - 150.000 manat

3- noxta və yüz çul - 15000

4- yüz qılınc və yüz xəncər - 40000

5- ot - 36000

6- saman - 360000 manat

7- arpa - 360000

8- 4 araba, 4 at - 20000

9- araba atı xərci - 4302

10- qaşov və sair meyəhtac - 200000

Yekunu: 1.768.200

Maliyyə büdcəsi komisyonunun 17 fevral 1919 tarixli protokolundan iqtibas:

Məclisi-Məbusan Divani-Rəyasəti tərəfindən təqdim olunan Məclisi-Məbusan xassə qoruyucu bölügünün təşkili xüsusundakı qanun layihəsi müzakirə olunaraq atidəki, təshib ilə qəbul olunması qət ediliyor:

1- Çörəgin girvənkəsi 3 rublə şərtilə bölügün bir sənəlik çörək xərci -330.000 manat.

2- Ətin pudu 150 manat şərtilə bölügün bir sənəlik xərci - 202.500 manat.

3- Bölügün bir sənəlik təəyyüş məsarifi - 1.333.700 manat.

4- Çəngəl-bıçaq üçün - 14000 manat.

5- Çay içməgə qab üçün - 600.

6- Kağız və qeyri dəftərxanə ləvazimi üçün - 6000 manat.

7- Bölügün yanacaq, mənzil mətbəx və sair ləvazimat məxarici - 138103 manat.

8- Bölügün bir yüzünün süvari olması qəbul edilmiyor. Fəqət bölügün ehtiyacı üçün iki araba ilə iki at lazım görülüyor. Bunların alınması və saxlanması xüsusunda aşağıdakı məxaric qəbul olunur:

1- İki araba, iki at - 100000

2- Atlar üçün bir sənəlik yem xərci - 210600 manat

3- Vedrə və qeyri ləvazim - 400 manat

Yekun: 32000

9- Binaənileyh bölük nəfəratı və komandanlarına veriləcək maaş - 544800 manat. Bölügün bir sənəlik təəyyüşü məsarifi 1333700 manat. Mənzil yatacaq və sair 1380103 manat 33 qəpik. İki araba iki at və onların saxlanması məsrəfi 32000 manat və nəzərə alınmayan məsarif 151396 manat 67 qəpik olmaq üzrə bölügün bir sənəlik məxaricinin yekunu iki milyon 2 yüz min (2.200.000) olmalıdır.

Sədr - Söz istəyən varsa buyursun. (Sükut) Bu barədə danışmaq istəyən yox isə (Qara bəy yerindən: var, var). Söz Qara bəyindir.

Qara bəy - (İttihad) Layihə müfəssəl oxundu. Diqqət ediniz: komandana ayda 2000, müavinlərinə ayda 1500 manat təyin edilmişdir. Biz bu məbləği az hesab ediyoruz. Çünki onlara məvacibdən başqa bir şey verilmiyor. O məvacib ilə xidmət edilməz. Bunların maaşlarını artırıb yaşayışlarını təmin etməlisiniz. Biz təklif ediyoruz komandana ayda 3000 və müavinlərinə 2400 manat maaş təyin edilsin.

Kazımzadə - “Müsavat” tərəfindən buna etiraz yoxdur.

Sədr - Söz istəyən yoxsa axırıncı söz məruzəçinindir.

Əbuzər bəy - Bən də təklif ediyoram ki, komandana 3000, müavinlərinə 2400 manat maaş təyin edilsin.

Sədr - Deməli məruzəçi özü də etiraz etmiyor. Şimdi maddə-bəmaddə oxuyalım.

Katib - (Birinci maddəyi oxuyor).

Məhəmməd Əmin - (yerindən) Bəzi istilah barəsində bir neçə söz söyləmək istərdim.

Sədr - İstilah barəsindəmi?

M.Ə. (yerindən) - Əvət, əvət, istilah barəsində.

Sədr - Buyrunuz.

Məhəmməd Əmin - Bu olayın məxsusi ismi parlamanda qəbul edilib qoruqçu bölügü təsmiyyə edildi. İmdi isə parlaman xassə fövci oxundu. Təklif edərdim parlamanın əvvəlcə qəbul etmiş oldu-ğu qoruyucu bölügü sözü qalıb xassə sözü atılsın.

Sədr - Deməli siz xassə sözünə etiraz ediyorsunuz?

M.Ə. - Əvət, həm xassə sözünə, həm də fövc olmasın.

Sədr - Fövc sözü yoxdur, qurucudur.

M.Ə. - Bən fövc eşitdim.

Sədr - Xayır fövc degil, birinci maddəyi kim qəbul ediyorsa əlini qaldırsın.

M.Ə. - Sözüm var.

Sədr - Nə barədə?

M.Ə. - Bu maddə həqqində.

Sədr - Buyurun.

M.Ə. - Təklif edərdim bölük məxsusi ismi ki, parlaman qəbul etmişdi “qoruyucu bölügü” layihənin hər yerində o ad ilə yazılsın. Bu oxunan maddədə dəxi xass, fövcü bölügü naqisdir. Hər yerdə qorucu bölügü əvəz edildigi kibi bu maddədə də kəza əvəz edil-məlidir.

Ağamalı oğlu - (yerindən) Doğrudur.

Sədr - Birinci maddəyi eşitdiniz. Bən onu səsə qoyuram. Hər kəs etiraz etmiyorsa əlini qaldırsın. (Əllər qalqıyorlar). Etiraz yoxdur. Deməli müttəhidülqövl qəbul olunur.

Katib - (İkinci maddəyi oxuyor)

Sədr - Hər kəs ikinci maddəyi qəbul ediyor əlin qaldırsın. (Əllər qalxıyor). Deməli ikinci maddə ittifaqi ara ilə qəbul olunur.

Katib - (Üçüncü maddəyi oxuyor)

Sədr - Xahiş ediyoram etiraz edən varsa əlini qaldırsın. (Əl qaldıran yoxdur). Deməli etiraz edən yoxdur. Müttəhidülrəy qəbul olunur.

Katib - Dördüncü maddəyi oxuyur.

Səslər - Komandan ilə müavinlərinin maaşını artırdıq, ona görə bu məbləği də artırmalıdır.

Əbuzərov - bu smeta bir illikdir. Bir ilin də iki ayı getmişdir. O iki ayın pulu bunun üstünə gəlirsə smetayı artırmaq lazım gəlməz.

Sədr - Onda nə qədər təfavüt edər?

Əbuzərov - 302600 manat.

Sədr - Axırıncı maddə deməli böylə qəbul olunur: Smeta yekunu - 2.200.000 manat bu şərtlə ki, komandana ayda 3000, müavinlərinin hərəsinə 2500 manat verilsin. Hər kim bunu qəbula razı degilsə əlini qaldırsın. (Etiraz edən yoxdur). Deməli qəbul olunur. Şimdi qanunu tamamən səsə qoyuram. Hər kim bu qanuna etiraz ediyorsa əlini qaldırsın. (Əl qaldıran yoxdur). Deməli etiraz yoxdur. Müttəhidülrəy qəbul olunur.

(Ardı var)

 





12.12.2016    çap et  çap et