525.Az

Aqil Abbas prezidentə təşəkkür məktubu göndərib


 

Aqil Abbas prezidentə təşəkkür məktubu göndərib<b style="color:red"></b>

Yazıçı-publisist, millət vəkili Aqil Abbas “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubun mətnini oxuculara təqdim edirik. 

Möhtərəm Prezident!

Sizə, məni bir yazıçı kimi yüksək qiymətləndirərək dövlətin ali mükafatı –”Şöhrət” ordeni ilə təltif etmənizlə əlaqədar öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Və həm də yalnız öz adımdan deyil, sözü, şeiri, sənəti  qiymətləndirən, ölkənin mənəvi sütunlarının  qədir-qiymətini bilən bütün vətəndaşlarımızın adından. Çünki bu “Şöhrət” ordenini təkcə mənə deyil, ümumiyyətlə, ədəbiyyatımıza və söz sənətimizə verilən  bir ali mükafat kimi dəyərləndirirəm.

Ulu öndər Heydər Əliyevin siyasi  varisi və layiqli davamçısı kimi Siz ədəbiyyatımızın, mədəniyyət və incəsənətimizin inkişafına, təkcə inkişafına yox, həm də dünyada təbliğ edilməsinə həmişə xüsusi diqqət və qayğı göstərirsiniz.

Min illik Azərbaycan ədəbiyyatının (təkcə klassiklərimizin deyil, həm də  müasir  şair və yazıçılarımızın əsərlərini) latın qrafikası ilə yüksək tirajla nəşr edilərək yeni nəslə çatdırılması, görkəmli ədiblərimizin yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, həm də dünyanın müxtəlif ölkələrində keçirilməsi, əsərlərinin ən nəfis şəkildə nəşrləri, adlarının əbədiləşdirilməsi, elm və incəsənət xadimlərinə, yaradıcı şəxslərə Prezident təqaüdlərinin verilməsi, dünya ədəbiyyatının orijinaldan birbaşa doğma dilimizə tərcümə olunması, ən sivil ölkələrdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, bir az əvvəl qeyd etdiyim kimi məhz Sizin ədəbiyyatımıza, mədəniyyət və incəsənətimizə xüsusi diqqət və qayğının təzahürüdür.

Möhtərəm Prezident!

Sizin uğurlu  iqtisadi  siyasətiniz nəticəsində Azərbaycan regionda lider dövlətə çevrildiyi kimi, həm də mədəni inkişaf baxımından ölkəmiz təkcə regionda deyil, Avropada söz sahibidir. Və Paris, Roma kimi Bakı da Avropanın mədəniyyət  mərkəzinə  çevrilmişdir. Dünyanın bir çox Beynəlxalq iqtisadi və mədəni  forumları, konqresləri və tədbirlərinin Bakıda keçirilməsi buna əyani sübutdur. Onu da qeyd edim ki, ölkəmizin iqtisadi inkişafı nəticəsində bu tədbirlər təkcə Bakıda deyil, bölgələrdə də çox böyük  coşğu və uğurla  keçirilir.

Möhtərəm  Prezident!

Mənim üçün bu əziz gündə fürsətdən istifadə edib həm öz adımdan, həm də ssenari müəllifi olduğum “Dolu” filminin bütün yaradıcı  heyəti adından Sizə təşəkkürümüzü bildirməyi özümə borc bilirəm. Sizin sərəncamınızla, Mədəniyyət və Turizm Nazirliyinin dövlət  sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı olan bu film artıq xarici dillərə  tərcümə olunmaqda və dünyanın bir neçə ölkəsində uğurla nümayiş etdirilməkdədir. Və bu filmin Tbilisidə təqdimat mərasimi keçirilərkən Gürcüstan kino ictimaiyyətini inandıra bilmirdik ki, bu film və hər il çəkilən neçə-neçə bədii, sənədli filmlər, televiziya serialları  məhz Sizin sərəncamınızla dövlət  vəsaiti  hesabına  ekranlaşdırılır. Onlar bizim dediklərimizə əmin olduqdan sonra  mədəniyyət və incəsənətə belə diqqət və qayğı göstərməyinizə görə Sizə Gürcüstan kino ictimaiyyətinin də minnətdarlığını çatdırmağı xahiş etdilər.

Möhtərəm Prezident!

Qarabağdan seçilmiş bir millət  vəkili kimi, Qarabağ ictimaiyyətinin nümayəndəsi kimi onu da Sizə çatdırmaq istəyirəm ki, Qarabağ camaatı Sizin xarici və daxili siyasətinizi yüksək qiymətləndirir, Sizin Ali  Baş Komandan kimi tezliklə işğal olunmuş  torpaqlarımızı düşməndən azad edəcəyinizə və Müqəddəs  Bayrağımızı Şuşada  dalğalandıracağınıza inanır, Sizə uğurlar diləyir və bu yolda həmişə Sizinlə birlikdə olacaqdır.

Möhtərəm Prezident!

Bir daha məni bu ali mükafata layiq gördüyünüzə görə həm öz adımdan, həm də Məmməd Araz ailəsi adından Sizə öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Və çalışacağam ki, bu etimadı yeni-yeni əsərlərimlə doğruldum.

Sizə uzun ömür,  can sağlığı və Azərbaycanın müstəqilliyi uğrunda, dünyada qüdrətli bir dövlətə  çevrilməsi uğrunda apardığınız mübarizədə uğurlar diləyirəm.

Tanrı Azərbaycanı qorusun! Tanrı Sizi qorusun!

Hörmətlə:
Aqil ABBAS
yazıçı

 





04.04.2013    çap et  çap et