525.Az

... Qəfil qəribsəyir adam - qayıdırsan sevgilərin uşaq vaxtına...


 

... Qəfil qəribsəyir adam - <b style="color:red">qayıdırsan sevgilərin uşaq vaxtına...</b>

qəfil qəribsəyir adam -
qayıdırsan oturduğun stulun ağac vaxtına
görürsən budaqların hər haçasında bir yuva
içində ətcə balalar civildəşir...

qəfil qəribsəyir adam -
qayıdırsan sevgilərin uşaq vaxtına
görürsən müharibədə itgin düşmüş əmin
sol yanağından bir çimdik götürür
və gülümsəyərək çıxıb gedir
yanağından bir çimdik də itgin düşür...

qəfil qəribsəyir adam -
qayıdırsan yatağının beşik vaxtına
görürsən tərləmisən, anan əynini dəyişir
görürsən tərləmisən, anan əynini dəyişir
görürsən tərləmisən, anan əynini dəyişir
və qəfil əllərini tutub saxlayırsan...

lll

(bacım Almaraya)

Mən bilirdim qəriblik vətəndən deyil,
bədəndən başlar, Almara.
bədəndən başlar bütün sərhədlər.
bir də gördüm qərib oldum əllərimə,
qollarıma, gözlərimə
bir də gördüm yad bədəni döyərcəsinə
döyürəm qərib əlləri
yorğun-arğın dizlərimə.
axı bu necə yadlaşmaqdı
ağlamaq da olmur bu soyuqluğu.
Nəğməli əllərin deyib susuram, Almara...

Heç düşündünmü, Almara
uşaqlar dəliləri neyçün sevər?
böyüklər nə qədər qorxutsalar da
uşaqlar dəlilərlə oynar, dəlilər uşaqlarla.
uşaqlar sevdiyindən daş atarlar dəlilərə
dəlilər gülüb keçər onların atdığı daşlara
götürüb qaytararlar özlərinə.
onların biri-birilərinə atdığı daşlar
heç vaxt hədəfə dəyməz, Almara
uşağını mənimlə qorxutma,
Nəğməli əllərin deyib susuram...

İndi səninlə böyük oyuncaq evlərdə
yanaşı oturmaq
palçıqdan düzəltdiyimiz evciklərdəki
səadətə toxunmaqdı, Almara
indi səninlə danışmaq
qonşu bağlarından nar oğurlamaq həvəsidi
nənəmizin tütün kisəsidi
odun sobasının üstündə
çörək dilimlərini qızartmaqdı,
heyva qovurmaqdı.
indi səni sevindirmək
balaca daxmamızdakı gizlənqaç oyununda
yerini bilə-bilə “axtarmaq”, “tapmamaq” qədər
asan deyil, bilirəm
mən hər şeyi bilirəm Almara, amma
Nəğməli əllərin deyib susuram...

İlk dəfə anamızın məzarı üstə gördüm səni,
ilk dəfə adamların göz yaşları arasından
sən necə də işıqlı görünürdün
onların saxta qulaqdeşən ağıları arasından
sənin pıçıltı hıçqırıqların necə də aydın eşidilirdi.
bir az yağış da vardı
yağışların bir qadına bunca yaraşdığını
ilk dəfəydi görürdüm, Almara
mənə yanaşıb
- özünü soyuğa verəcəksən -  də dedin gileyli səslə
elə bu havalarda çevrilərdi “səni sevirəm”lər
anamızın dilində “əynini qalın elə”yə,
“çimib küçəyə çıxma”ya,
“çimib küçəyə çıxma”ya...
bir də nəsə deyəcəkdim, unutdum
Nəğməli əllərin deyib susuram, Almara
Nəğməli əllərin deyib susuram...

lll

boğazımdan heç nə keçməz demirəm
hər şey yaxşı olacaq.
mən sənə demirəm nə qal, nə də ki...
yollarına baxmıram.
qurban olum arxayın get
deyirəm, darıxmıram...
niyə belə uzaqdasan qollarımdakı qadın,
nə olar ki bu ağacın kölgəsinə qısılsaq?
bir az da doğmalaşsaq.
gözlərindən axan yaşın adı nədi bilmirəm
nə olar ki bu yağış da yağmasa
bu külək də əsməsə
təbiət də yorulsa...
yağış yağmasın nə olar
küləklər də əsməsin,
qoy bizi bu şəhərin küçələri unutsun
yarıyolda qalmayaq.
o qaraçı qızcığaz da üstümüzə gəlməsin
nə olar ki bircə dəfə biz də “xoşbəxt olmayaq”...
heç kəs başa düşmür bizi deyirsən
nə yadlar, nə doğmalar,
nə yağışlar, nə küləklər, nə də o qaraçı qız
neyləyək?
səni and verirəm
qurumamış qaranquş yuvalarına,
belə olma...
bəlkə başa düşər bizi adamlar
bu şəhəri küçə-küçə ayaqyalın yerisək...

lll

Yağışlar yağıb qurtardı
küləklər əsib getdilər,
yolunu gözlədiklərim
dənizlərin uzağında
gözdən itən gəmilərtək
harasa üzüb getdilər,
arxalarıyca yellənən
bircə cüt əllərim qaldı...

Buludlar axdı çay kimi
göy üzü də duruldu,
biz günəşli gün görmədik
gözləməkdən yorulduq,
göyüzündə hər şey vardı
çömçəquyruq ulduzlar da,
bircə Allah görünmədi
ətəyinə uzanan
bircə cüt əllərim qaldı...

Bu nə ağacdı yıxıldı
kölgəsi özündən qabaq?
yollar da burulub getdi
döngəsi özündən qabaq,
bilmirəm bu nə bədəndi
yaşayıram içində
nə dostu var, nə düşməni
eləcə bağrına basan
hər kəsi özündən qabaq
bircə cüt qolları qaldı...

lll

Mən o biri dünyanın həqiqi olmasını istəyirəm,
istəyirəm sən boyda günaha görə
Allahın da qarşısında cavab verə bilməyim...

lll

İllərdir isindiyimiz hənirlər
ocaq olmaq istəmədi nədənsə...
dizinə baş qoyub aldandığımız qadın qolları
qucaq olmaq istəmədi nədənsə...
Mən - nə it hürən tərəfə getdim,
nə də işıq gələn tərəfə.
mən nə azdımsa, tanıdığım yollarda azdım...

lll

Hər şeyi təzədən başlamaq lazım - ana bətnindən.
ağrılara ağlamaq da adiləşib daha,
bir az da
bir az da yenicə doğulmuş körpəyə qoşulub
ağlamaq lazım - xatirəsizcəsinə.
deyirəm, hər şeyi təzədən başlamaq lazım - beşikdən.
məsələn, ilk öyrəndiyimiz kəlmə
“ana” deyil, “qadın” olsun gərək,
bəlkə onda öyrənərik bütün qadınları
anamız kimi sevməyi həm də.
bəlkə onda öyrənərik
bütün qadınlardan bir az-bir az
bir az-bir az doğulmağı həm də...
Hər şeyi təzədən başlamaq lazım deyirəm,
məsələn,
pəncərə qarşısında heykəlcə dayanıb
baxışlarını eyni nöqtəyə zilləmiş qadının
gözlərinə pıçıldamaq lazım
Ki,
belə Təklik olmur, belə Yoxluq olur...

lll

qadın odur - təkcə yalanına deyil,
                                  andına da inanırsan,
yağış odur - təkcə damlasına deyil,
                             səsinə də islanırsan,
ağac odur - təkcə gövdəsinə deyil,
                               kölgəsinə də söykənirsən,
sevgi odur - təkcə xəyalından deyil,
                               dodağından da asılırsan...

 





12.12.2016    çap et  çap et