525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

Daş dövrünün insanı

Dərsin başlamasına beş dəqiqə qalırdı. Dəhlizdə Filologiya fakültəsində oxuyan rəfiqəm Sevinci gördüm, neçə gündü məni axtardığını söylədi.

O, mavi gözlərini iri açıb, sevinə-sevinə:

- Sənə ev tapmışam, - dedi.

Sevincin sevinci elə mənə də keçdi. Özümə yer tapa bilmədim. Dərsin tez bitməsini istədim. Ona görə də tez-tez saatıma baxdım. Əqrəblər rəqəmlərin üzərində gəzmək əvəzinə, sanki yerində qurdalanırdı. Professor İqrar Əliyev auditoriyanın içində dolaşan milçəyin belə nəsil-nəcabətini qılıncladığından,  yerimdə sakitcə oturub mühazirəsini dinlədim. Onun qırışdan kiçilən çöhrəsində yalnız mavi gözləri işıldayırdı. Seyrək qaşlarını çataraq hərdən mühazirəsinə fasilə verib diqqətlə tələbələrə baxanda mənə elə gəlirdi ki, o, faşist düşərgəsində qurbanlarını seçib onları qaz sobasına yola salan zabitdi. Çünki mavi gözlərində illərin deyil, əsrlərin kini-küdurəti yığılmışdı. Amma bir qədər keçəndən sonra nə qədər yanıldığımın fərqinə vardım. O, Daş dövründən elə ürəklə danışdı ki, bunu daşa dönmüş ürəyin sahibi edə bilməzdi. Əlacım olsaydı, nəinki İqrar müəllimdən, elə Daş dövründən də üzr istəyərdim. Saatın əqrəblərini unudub özümü Quldarlıq quruluşuna atdım.

 Zəngin səsini professordan öncə biz eşitdik. Tələbələr yerində vurnuxanda o, saatına baxdı. İqrar müəllim adəti üzrə cibindən kiçik bloknot çıxardıb, ora iki cümlə yazdı. Onunla üzbəüz otursam da, dəftərçədə nəyi qeyd etdiyini görə bilmədim. O, fikirli-fikirli ağ saçlarını qarışdırıb ayağa qalxdı. Auditoriyadan çıxanda tələbələr doxsan dəqiqə içlərində boğub saxladıqları nəfəslərinə, şeytanlarına azadlıq verdilər. Mən də sevincimi qabağıma qatıb yola düzəldim. Küçəyə çıxanda ayağıma daş ilişdi...

Görəsən, daşın da başdan acığı gəlirmi?    

Naməlum dəmir qapı   

Yol boyu ürəyimdə Allaha yalvardım ki, ev sahibi adam balası adam olsun. Ayaqlarımın da arzusu vardı: ünvanı tezliklə tapmaq. Odur ki, inamla Nizami metro stansiyasından sağa doğru hərəkət etdi. Akademik Milli Dram Teatrının yaxınlığına çatanda qara çəkmələrim sanki yerə mıxlandı. Çünki qarşıda dörd yol qollarını açıb məni gözləyirdi. Əgər qaranlıq olsaydı, Cırtdan kimi işıq gələn tərəfi seçərdim.

Hava üzünü bozartsa da nurunu ətrafa saçırdı. Odur ki, dörd sual arasında qaldım. Bilmədim hansı səmtə üz tutum? Məhəllənin tinində ayağının birini divara söykəyib, yoldan ötənlərə tamaşa edən oğlana yaxınlaşdım. Ondan ünvanı soruşdum. O, bir kəlmə demədi, əvəzində bığının üstündə şəstlə dayanan burnu kompas kimi sola çevrildi. Burnunun göstərdiyi istiqamətdə hərəkət etdim. Birinci dəfə idi ki, bu cür əyri-üyrü küçələrə rast gəlirdim. Evlər bir, iki, bəzənsə üç mərtəbəli, hərəsi də bir-birindən fərqli idi. Divarlar elə qalınlıqdaydı, bomba düşsəydi dağılmazdı. Eyvanlar isə böyük sinələrini qabağa verən qadınlardan fərqlənmirdi.

Küçəyə baxa-baxa mənə bir anlıq elə gəldi ki, yuxudayam. Axı, yuxuda sevimli jurnalistimi buna oxşar küçədə görmüşdüm. Hətta bir qədər irəliləyəndən sonra eynən boz dəmir qapı da qarşımda dayandı. Həyəcanım bir qədər də artdı. Düşündüm ki, nə olardı, qapı açılardı və sevimli jurnalistim məni içəri dəvət edərdi. Mən də ona “İnsan pərəstişkarının ürəyini sındırmaz, aldatmaz”- deyərdim. Ya da sadəcə, gözünün içinə baxardım. Vəssalam! Fikirlərim elə inamla beynimə axdı, bir də onda ayıldım ki, qapının kandarındayam. Qapının yanında əyləşən qarının mənə diqqətlə baxdığını görəndə əlimi qapının zəngindən saxladım, ondan ünvanı soruşdum. O, nazik qolunu şlaqbaum kimi qaldırıb sağ tərəfi göstərdi. Təşəkkür edib, on-on beş addım aşağı düşdüm. Hündürlüyü metrə yarım, qəhvəyi rəngli, köhnə taxta qapının zəngini basdım. Heç yarım dəqiqə keçmədi ki, qapının bir tərəfi açıldı. 12-13 yaşlı oğlan mənə baxıb gülümsündü. O, sanki məni çoxdan gözləyirdi. Oğlan incə boynunu həyətə uzatdı:

- Mama, babulya, ona prişla!  - dedi.

Uşaq məni içəri dəvət etdi. Suvağı tökülmüş divar, rəngi özündən getmiş eyvanlar həyəti sanki mühasirəyə almışdı. Dayanıb ətrafa dövrə vurdum. Gözümün qonağı yalnız və yalnız boz rəng oldu. Səmaya baxdım. Hava da özünü boğmuşdu. Yağış ləkəsi eyvanın şüşələrini tutmuşdu deyə birinci mərtəbədəki otaqları görə bilmədim. Qapını açıb içəri boylanmağa da cürət etmədim. Bir az keçəndən sonra yaşı səksəni haqlayan rus qarı və əlli yaşlarında olan qızı həyətə düşdülər. Onların təbəssümü üzlərinə pilləkənin başında olanda qondu. Mən də gülüşümü ürəyimdən çıxardıb, dodaqlarıma apardım.

Qarının qızı birinci mərtəbənin qapısını açdı. Məni əvvəlcə toz, sonrasa his qarşıladı. Qarıyla ensiz dəhlizin başına keçdim. Açıq çəhrayı rəngdə kiçik taxta qapı aralandı. Boynumu əyib içəri keçəndə gözlərim az qala hədəqəsindən çıxacaqdı. Elə bildim hansısa pirə gəlmişəm. Əgər qarı və qızı otaqda olmasaydı, divarları öpüb, ondan dilək istəyəcəkdim.

Eynəyimi təmizləyib, otağa daha diqqətlə baxdım. Orada çarpayı, kiçik masa, kamod və dolab vardı. Toz hər tərəfə, hətta pəncərənin məhəccərini örtən tora da hakim olmuşdu. Otaqda parıldayan yalnız qarının mavi gözləri idi. Onun gülər gözlərinə baxıb, “yox” deyə bilməzdim. Axı, heç “yox” deməyə səbəbim də yox idi. Qapıdan çıxanda boynum qeyri-ixtiyari sola buruldu. Boz dəmir qapıya baxdım. Qadın pəncərənin önündə yox idi. Onu sanki qapı udmuşdu...

Görəsən, yuxu yatanda nə görür?

 





12.12.2016    çap et  çap et