525.Az

Ay yarım gecikmiş yazı


 

QƏDİMİLİKLƏ MÜASİRLİYİN SİMBİOZU – ƏRZURUM

Ay yarım gecikmiş yazı<b style="color:red"></b>

Təxminən ay yarım öncə,18-21 fevral tarixlərində Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil xanımın rəhbərliyi ilə bir neçə dəyərli həmkarımla-Əminə xanım, Niyaz, Mirsəməd, Mürtəza və adını unutduğum gənc operator qardaşımızla  birgə Türkiyəyə-Ərzuruma səfər etmişdik. İndi deyə bilərlər ki, üstündən xeyli keçəndən sonra buna qayıtmağa nə  ehtiyac var?.. Amma hesab edirəm ki, var... Bəzi obyektiv və subyektiv səbəblər üzündən Ərzurum səfərimizlə bağlı yazını gecikdirmək məcburiyyətində qalmışdım...Nə isə, səfər günlərimizə qayıdaraq bəri-başdan onu qeyd etmək istəyirəm ki, 4 günlük (daha doğrusu, 2 günlük- 18-i və 21-i demək olar ki, İstanbulda olduq ) Ərzurum səfərimiz heç zaman yaddaşımdan, xatirəmdən, hafizəmdən silinməyəcək... Bu əsrarəngiz, füsunkar, ən əsası yaşı minilliklərlə ölçülən tarixi bir şəhər yaddaşımda heç zaman silinməyəcək dərin izlər buraxdı... Səfərdə də  məqsəd necə deyərlər, həm ziyarət, həm ticarət idi-yəni, həm gözəl istirahət etmək, gəzib-dolaşmaq, əylənmək, həmçinin, nəinki Türkiyənin, hətta , bütövlükdə Avropanın və dünyanın ən inkişaf etmiş turizm (xüsusilə, qış turizmi) mərkəzlərindən biri ilə yaxından tanış olmaq idi...

Elə bu məqamda xatırladım ki, Ərzurum səfərində təkcə Azərbaycandan olan media mənsubları təmsil olunmurdu, səfərin-tədbirin təşkilatçıları rəngarənglik, geniş tanıtım, təqdimat olsun deyə, başqa bir neçə ölkədən-Ukraynadan, Polşadan, Gürcüstandan və Rusiyadan da bir neçə jurnalisti bura dəvət-cəlb etmişdilər... Elə tədbirdə Türkiyənin, ev sahibliyi edən Ərzurumun media mənsubları da iştirak edirdi... Aşağı-yuxarı təxminən 30-ya yaxın media mənsubunun və digər (təşkilatçı) şəxslərin qatıldığı Ərzurum səfəri-tədbiri ilk anından gözəl alındı, hamının ürəyindən olan bir səfər oldu... Bu səfərə kimi bir-birini görməyən, yaxından-uzaqdan tanımayan 6 ölkənin media mənsubları arasında qısa zaman kəsiyində bir doğmalıq, sıcaqlıq, həmrəylik yarandı (hərçənd ki, media əhli arasında həmrəylik çətin olur) – Rusiyadan və qonşu Gürcüstandan olan bəzi həmkarlarımızın bir qədər özlərini yuxarı çəkmələrinə, dartmalarına rəğmən...

Onu  qeyd edim ki, İstanbuldan Ərzuruma gecə saatlarında çatdıq...Həmin gün Bakıda, elə İstanbulda da havanın nisbətən yumşaq olmasına baxmayaraq, Türkiyənin Sibiri hesab olunan Ərzurumda əsl qış-fevral havası idi-hər tərəf ağappaqıydı... Biz Ərzuruma yetişən ərəfədə də və çatandan sonra  da qar göydən od kimi yağırdı... Bu yerdə Türkiyə hava yollarının pilotlarına da xüsusi təşəkkürlər... Havanın sərt, qarlı-dumanlı olmasına baxmayaraq, bizi mənzilbaşına ruhumuz incimədən belə rahat çatdırdılar... Eyni zamanda, onu da deyim ki, bizimlə təxminən eyni vaxtlarda Ərzurumda olmalı olan, səhv etmirəmsə, polşalı və ukraynalı həmkarlarımız xeyli gecikmişdilər... Dediyim kimi, havanın sərtliyi səbəbindən onları Ərzuruma çatdırmalı olan təyyarə təxminən bir saata yaxın göydə dövrə vuraraq, oradan Trabzon hava limanına və yenidən Ərzuruma enmişdi...

Yuxarıda da qeyd etdiyim ki, Ərzurum səfərində bir mehribançılıq, sıcaqlıq vardı iştirakçılar arasında... Bu da heç şübhəsiz havası sərt-  amma özü, ruhu sıcaq olan Ərzurum və ərzurumluların mehribanlığından, səmimiliyindən, istiliyindən irəli gəlirdi... İstanbuldan Ərzuruma qalxan təyyarəyə minər-minməz ərzurumluların mehribanlığı, sadəliyi, insanpərvərliyi ilə əhatə olunduq... İlk kəlməmizdəcə bizim Azərbaycandan-Azərbaycan türkləri olduğumuzu bildilər və “siz azərimisiniz” (düzünü deyim ki, bu ifadədən də xoşlanmıram, çünki biz azəri deyil (onlar farsdilli xalqdır), Azərbaycan-Oğuz türkləriyik) –deyə, soruşaraq, öz mehribançılıqlarını ortaya qoydular...Ərzurumluların bizə qarşı münasibətdə mehribançılıqlarının bir özəlliyi də ondan ibarət idi ki, ləhcəmiz, şivəmiz daha çox eynilik və oxşarlıq təşkil edirdi...

Ərzuruma çatandan sonra məşhur Əminə xanım demişkən, “Dəmir” (bu da ayrı bir söhbətin mövzusudur) – əslində isə “Polat” otelə yol aldıq... Azərbaycandakı bir sıra beşulduzlu oteldən də gözəl bir otel idi – sözün hər mənasında... Səhərisi gün isə, yəni, ayın 19-da səfərlə bağlı oteldə  konfrans-təqdimat mərasimi düzənləndi... Yaşı minilliklərlə ölçülən, qədimiliklə müasirliyin simbiozu olan Ərzurumun tarixi, bu günü, onun dünyada ad çıxaran turizmi, ələlxüsus, qış turuzmi-xizək (kayak) sürmə mərkəzləri, buz meydançası, göz, ruh oxşayan təbiəti, adamı valeh edən kanatları və sair barədə iştirakçılara bolluca və çox maraqlı məlumatlar verildi... Belə məlum oldu ki, Ərzurum Avropanın və dünyanın digər qış turizmi mərkəzlərindən sözün bütün mənalarında bir sıra müsbət məqamları ilə fərqlənir... Bir balaca pulun oldu, ucuz, sərfəli və keyfiyyətli qış turizmi-istirahəti imkanı əldə edə bilərsən... Bu məqamlar xüsusilə, qış turizmi ölkələri sayılan Rusiya, Ukrayna və Polşadan olan həmkarlarımızda xüsusi maraq, heyrət yaratmışdı...

Bu təqdimatdan sonra  Ərzurumun xizək (kayak) sürmə mərkəzləri, buz meydançası, günün ikinci yarısında isə, unikal, əsrarəngiz tarixi yerləri, memarlıq adidələri, məscid-mədrəsələri ilə tanışlıq imkanı əldə etdik və bir daha buranın gözəlliyinə heyran olduq, belə demək mümkünsə, bayıldıq... Ulubəy məscidi, digər tarixi məscid- mədrəsələr insanda sanki başqa aləm yaradır, hisslər doğururdu... “Oltu tası” ( gümüşdən baha, qızıldan nisbətən ucuz zinət əşyaları) satılan və nümayiş olunan satış mərkəzləri adamı valeh edirdi... Xüsusilə, Ərzurumun tarixi Qala divarları və “Ərzurum evləri” (ona “Puşkin evləri” də deyirlər-deyilənə görə, dahi rus şairi Puşkin həmin evlərdən birində bir müddət yaşayıb) deyilən əsrarəngiz  bir məkan adama xüsusi ləzzət verirdi... Qala divarlarının nəhəngliyindən, əzəmətindən, “Ərzurum evləri”nin təkrarolunmazlığından adamın ağzı heyranlıqdan az qala açıq qalırdı...

 “Ərzurum evləri”ndə də fürsətdən istifadə edib, təxminən iki saatdan çox dincəldik...Bizim uşaqlarla  polşalı və ukraynalı həmkarlarımız bir arada idilər... Öncədən də bildirdiyim kimi, aramızda çox gözəl, səmimi bir atmosfer yaranmışdı-özü də elə bir atmosfer ki, ləzzətli çay-şirniyyat süfrəsi arxasından heç kim tərpənmək istəmirdi... Hətta, bəzən süzülməsindən dəqiqələr keçməsinə baxmayaraq, aramızdakı istilik səbəbindən çaylarımız belə soyumamışdı-soyumurdu...

Həmin axşam “Polat” oteldə düzənlənən şounun da – ona bizim təbirimizcə, “xınayaxdı” da demək olar – ayrı yeri vardı... Otelin sahibindən sıravi işcisinəcən hamının qatıldığı bu şouda-“xınayaxdı” da əməlli-başlı vur çatlasın idi... Deyən kim, gülən kim, oxuyan kim, rəqs edən kim, sadəcə, mənim kimi tamaşa edən kim... Əlavə dörd göz gərək idi ki, bu gözəl şounu izləsin... Maşallah olsun, bizim “Hüseynova bacıları”- Əminə xanımla Sevil xanım, o cümlədən,  “Hüseynov qardaşları”- Mirsəmədlə Mürtəza da dayanmadan rəqs etdilər, elə bil ki, media mənsubu deyil, göz dəyməsinə əsl rəqqas imişlər... Hətta deyərdim ki, məşhur Türkiyə rəqqası Mustafa Ərdoğan  gəlib bu səhnəni seyr etsəydi, Əminə xanımla Sevil xanımın rəqsinə paxıllıq edər və sənətini yerdə qoyardı... Türk-ərzurumlu qardaşlarımızdan birinin ifa ediyi “Səkinə dayı qızı lay-lay” adlı Azərbaycan mahnısı isə gecəyə xüsusi gözəllik, dad qatdı...

Səfərin 2-ci gününu (əslində üçüncü günü), ayın 20-ni daha çox oteldə keçirdik, daha doğrusu, otelin düz yanındakı xizək sürmə mərkəzlərindən birində olduq, tədbir işrtirakçıları əməlli-başlı saatlarla xizəksürmə, kanata minib Ərzurumun əsrarəngiz təbiətini seyr etmək imkanı qazandılar. Axşamı isə Ərzurum valisinin iştirakı ilə qısa mətbuat konfransı düzənləndi və tədbir iştirakçılarının şərəfinə vali adında şam yeməyi verildi.. Valinin bildirdiyinə görə, onların məqsədi Ərzurumu qış turizmi mərkəzi kimi daha çox təbliğ və turistləri bura cəlb etməkdir. Eyni zamanda, vali sözlərinə onu da əlavə etdi ki, Ərzurum dünyada qış turizmi mərkəzləri sırasında ilk yerlərdə-ilk iyirmilikdə yer alır...Amma bununla da kifayətlənmək istəmirlər, bu sırada Ərzurumu daha ön yerlərə çıxarmağı qarşılarına məqsəd qoyublar və yavaş-yavaş da bu məqsədlərinə doğru inamla irəliləməkdədirlər... Bizdən isə canımız ərzurumlulara, türk qardaşlarımıza uğurlar diləmək qalır...

 Şam yeməyindən sonra da otelin həyətində buzun, qarın üzərində qalanan tonqalların, eləcə də bir-birini əvəzləyən gözəl musiqi sədalarının və Göyün üzərinə gözəllik saçan fişənglərin müşayiəti altında gözəl bir şou təşkil olundu... Yenə də oxuyan kim, rəqs edən kim, tamaşa edən kim... Bayırda da havanın mənfi 15-20 dərəcə  olmasına baxmayaraq, gecənin ecazkarlığı, Ərzurumun ilahi vergisi olan təbiətinin  gözəlliyi adamı isidirdi, otelə qayıtmağa sanki icazə vermirdi...

Həə, əziz dostlar, nə qədər desəm də, qeyd etsəm də,  Ərzurumun gözəlliyini, ərzurumluların sıcaqlığını ifadə etmək üçün sözlər yetməz və yetmir...

Son olaraq bu səfərin, tədbirin gerçəkləşməsində əməyi, zəhməti olanların hamısına-Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə, Ərzurum valiliyinə, “Polat” otelin rəhbərliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinin müvafiq müşavirliyinə və ən əsası  Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri, həmkarım Sevil xanıma iştirakçılar, Azərbaycandan olan nümayəndə heyətimiz adından çox sağ olsunlar deyir, dərin minnətdarlığımızı, təşəkkürümüzü ifadə edirəm!!!

 





04.04.2013    çap et  çap et