525.Az

“Çarəsiz yalan” müxtəlif variasiyalarda...


 

“Çarəsiz yalan” müxtəlif variasiyalarda...<b style="color:red"></b>

Xəyalə ƏFƏNDİYEVA 

Artıq bir neçə aydır ki, publika.az saytının “Ulduz” jurnalı ilə birgə layihəsi olan  “Variasiya” uğurla öz işini davam etdirir. Layihənin rəhbəri Qulu Ağsəsdir.  Layihə çərçivəsində hər ay oxuculara bir yazıçının hekayəsi təqdim olunur. Müəllif hekayəsini “razvyazka” mərhələsində (düyünün açıldığı məqamda) dayandırır, finalı tamamlamağı isə oxucuların ixtiyarına verir, beləliklə hər bir oxucu özü düşündüyü kimi əsəri tamamlaya bilir. Bu, ədəbi mühitimizdə tamamilə yeni və orijinal bir layihədir. Yazılı ədəbiyyatın nümunəsi olan hər hansısa bir əsərin müxtəlif variasiyalarının, çoxvariantlılığın yaranması müəyyən mənada onu şifahi xalq ədəbiyyatına, folklora yaxınlaşdırır. Çağdaş Azərbaycan nəsrində xüsusi dəsti – xətti olan Elçin Hüseynbəylinin “Çıxılmazlıq”, Firuz Mustafanın “Alın yazısı” hekayələrinə yazılan bir – birindən maraqlı sonluqları “Variasiya”nın ictimaiyyət tərəfindən diqqətlə qarşılanması və layihənin uğuru hesab etmək olar.

Aprelin 1-də saytın redaksiyasında ötən ay təqdim olunan “Çarəsiz yalan” hekayəsinin müəllifi, istedadlı gənc yazıçı Pərvin Nurəliyevanın sonluq yazan müəlliflərlə görüşü keçirildi. Pərvinin hər şeydən öncə təvazökarlığı, orijinal istedadı, özü kimi zərif və bənzərsiz yazı manerası, əsərlərində insan həyatının, düşüncəsinin köklü problemlərinə müraciət etməsi, yaradıcılığına xas humanizm, realizm, psixoloji dərinlik və s. kimi keyfiyyətləri daim ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur. “Çarəsiz yalan” isə onun hekayə yaradıcılığının yeni uğurlarından biridir. “Çarəsiz yalan” hekayəsi ilə Pərvin ilk dəfədir ki, bədii yaradıcılığında Qarabağ mövzusuna müraciət etmiş və bu da olduqca uğurlu alınmışdır. O, Vətəninə, torpağına dərin məhəbbətlə bağlı olan bir insandır. Milli düşüncə, vətənpərvərlik motivləri onun ədəbi söhbətlərində, publisistik yazılarında və məruzələrində aparıcı xətt kimi keçir.

Hekayə barədə fikirlərimdən əvvəl heç vaxt unutmayacağım bir hadisəni oxucularla bölüşmək istərdim. Ötən il oktyabr ayında Pərvin Peredelkinoya gedəcəkdi. Həmin gecə ona məktub yazıb “Yaxşı yol, uğurlar!” arzuladım. Bir neçə dəqiqə sonra cavab gəldi: “Alim Qasımovun “Vağzalı” kompozisiyasını dinləyirəm. Əvvəli belə başlanır: “Sənə qurban olum, Təbrizin yolu...” Ecazkar, ilahi səs və “Vağzalı”nın ideal harmoniyası... Adamda qəribə ovqat oyadır. Mənə elə gəlir ki, belə ovqatda, lap elə günü sabah, Şuşaya getsəm, heç kim qarşımı kəsməz... Axır zamanlar səbirsiz olmuşam. Şuşaya, Ağdama getmək istəyirəm, Moskvaya yox...”

Həmin gecə bu məktub məni çox kövrəltmişdi. Nədənsə, “Çarəsiz yalan”ı oxuyanda bu yazışmanı xatırladım. Məncə, Pərvin hekayəni elə o gecəki ovqatında yazıb...

Öncə də qeyd etdiyimiz kimi, “Çarəsiz yalan” hekayəsi ilə Pərvin ilk dəfədir ki, bədii yaradıcılığında Qarabağ mövzusuna müraciət etmişdir. Yazıçının müraciət etdiyi mövzu – Şuşa, Qarabağ mövzusu, torpağından didərgin salınan, doğma Vətənində vətənsizləşdirilən insanların taleyi, məğlub edilən millətin faciəsi, vətənsizlik acısı ilk baxışda ənənəvi görünsə də, dərin ideya – məzmunu, daşıdığı məna yükü, bədii sanbalı, ədəbi tutumu, təsir gücü, yüksək sənətkarlığı, səmimi və inandırıcı təqdimatı bu əsəri dəyərli sənət nümunəsi səviyyəsinə yüksəltmişdir.

Yazıçı tədbirdə çıxışı zamanı belə maraqlı layihə hazırladığına görə Qulu Ağsəsə, hekayəyə sonluq yazan bütün müəlliflərə təşəkkür edərək sonluqların hərəsini bir özəlliyinə görə bəyəndiyini bildirdi: “Latış şairi, tərcüməçi, türkoloq Uldis Berzinşin yazdığı sonluq məni xeyli sevindirdi. Mən Riqada səfərdə olanda bu şəhərdə tamam başqa auranın olduğunu gördüm. Tamamilə başqa mühitdə yaşayan insanın azərbaycanlı xarakterini dəqiqliklə yaratması maraqlıdır. Hekayədə Berzinş “Latva Litva” adı ilə öz proobrazını yaradıb.”

“... Sürücü maşını saxladı. Maşından düşdük. Sonuncu olaraq maşından o, “Latva Litva” düşdü. Bu, Riqadanmı,  Pribaltikadanmı gəlmiş biri idi. Yol boyunca susmuşdu, indi elə bil uzun-uzun düşündüyü bir şeyi nənəmdən soruşmağının tam zamanı çatmışdı. Üzünü nənəyə tutub:

– Bağışlayın, Natəvan xanım, Şuşaya getsək, kiminlə danışmağı arzu edəcəksiniz? Tanıdığınız adamlar qaldımı orada? Sağ qalanları Allah qorusun. Ermənilərləmi danışacaqsınız? Nə soruşacaqsınız onlardan? Sizinkilər bizi niyə qovdular evimizdən, bunumu soruşacaqsız?

 Nənə elə bil suallardan dirildi, səsi düzəldi:

– Bunu niyə soruşuram? Yol bilib də yol soran o yəhudi xırdavatçısı deyiləm ki... Onların cavabını onlardan da yaxşı bilirəm. Yox, mənim soruşacağım başqadı. Lap kiçik bir qız uşağı var idi o vaxtlar, ayağı açılmırdı, yeriyə bilmirdi. Anası bizə gətirirdi. Qadının adı Marta idi deyəsən. Uşağın adını heyif ki, unutmuşam... Onu soruşacağam ki, görəsən o balaca erməni qızı sağaldımı?”

Pərvin onu da qeyd etdi ki, “Berzinşin bu sonluğu mənə “Fəryad” filmində  Ceyhun Mirzəyevin yaratdığı obrazı xatırlatdı. Filmdə o, otağı yandırsaydı, xilas olacaqdı. Amma otaqda körpə erməni uşağının ağladığını görəndə tez alovu söndürür, fikrindən daşınır. Bu, başqalarının, hətta sənə düşmən olan, qənim kəsilənlərin körpəsinin taleyini öz şəxsi taleyindən üstün tutmaq, əsl insanlıq göstərməkdir. Bax budur humanizm, əsl azərbaycanlı xarakteri... Ədəbiyyatımıza bu cür diqqətinə və hekayəyə yazdığı təsirli sonluğuna görə Uldis Berzinşə dərin təşəkkürümü bildirirəm”.

Daha sonra yazıçı qalibləri elan etdi: Uldis Berzinş, Hicran Hüseynova və Firəngiz Cabbarova ən uğurlu sonluq müəllifləri kimi mükafatlandırıldılar. Tədbirdə gənc rəssam Mərziyə Hüseynovanın hekayəyə final əvəzi çəkdiyi illüstrasiyalar da böyük maraqla qarşılandı.

“Çarəsiz yalan” hekayəsini oxuduqca məndə belə bir təəssürat yaranırdı ki, bəlkə də, Pərvin Şuşalıdı, bəlkə, onun avtobioqrafiyası ilə bağlı bilmədiyimiz hansısa məqamlar var. Axı necə ola bilər ki, Bakıda doğulub boya-başa çatan adam Şuşanı, onun çölünü, çəmənini, suyunu, havasını, küçələrini bütün incəliklərinə qədər təsvir edə bilsin.

Yazıçı Xoca Mircanlıdan, Mamayi məhəlləsindən, Dəmirçidən, Ərimgəldidən, Daşaltı dərəsindən, Üzeyir bəyin ev muzeyindən, Xan qızı Natəvanın evindəki Uşaq Sanatoriyasından, Cıdır düzündən, zəfəranlı, qırxbuğumlu, boyanalı, nehrə yağıyla yağlanmış Qarabağ plovundan, çətənə qarışıq qovurğadan, tut qurusundan, Şuşanın bayramlarından, adət – ənənələrindən elə danışır, obrazların dilində məhz qarabağlılara məxsus müraciət formalarından, dialekt sözlərdən elə istifadə edir ki, adam heyrət içərisində qalır. Düşünürsən ki, ömrü boyu bircə dəfə də olsun, Şuşanı görməyən adam belə inandırıcı təsvirləri necə yarada bilir.

Təbii ki, “Çarəsiz yalan”ı yazdığı ərəfədə Pərvin Şuşaya aid çoxsaylı sənədli və bədii filmlər izləmiş, Şuşanın tarixindən, məişətindən, adət – ənənələrindən bəhs edən elmi və bədii kitablar oxumuş, dialektologiya mənbələrinə müraciət etmişdir. Məhz buna görə də onun beynində hamımızın ekranlarda gördüyümüz dağılmış Şuşa yox, bambaşqa mənzərəsi olan bir Şuşa canlanmışdır. Pərvinin zəngin mütaliəsi, obrazlı təfəkkürü və dərin təxəyyülü hekayənin bu cür uğurlu alınmasına zəmin yaratmışdır.

Hekayədəki Natəvan nənə, Rüfət, Məlahət həkim və s. obrazları yazıçı kiçik detallarla olsa da, tam, dolğun və bitkin obraz kimi xarakterizə edə bilmişdir. Obrazların mənəvi-əxlaqi portretini yaratmaq, hadisə və situasiyaları müfəssəl şəkildə, təfərrüatı ilə təsvir etmək povest və romana nisbətən hekayə üçün daha çətindir. “Hekayə nəsrin desant janrı olduğu üçün” burada intellekt, elm və savaddan başqa kamil və xüsusi fitri istedad, obrazlı təfəkkür mühüm rol oynayır. Yazıçı bunu oxucuların tam məmnun qalacağı bir formada, onları duymağa, düşünməyə, nəticə çıxarmağa sövq etmək, onlarda təbii, səmimi hisslər oyatmaq şərti ilə həyata keçirir.

Hekayənin bir yerində Rüfət belə bir fikir söyləyir: “Ümumiyyətlə, “qaçqınam” ifadəsinin dərd, ağrı, xəstəlik kimi səsləndirilməsini qəbul edə bilmirdim”. Burada sanki Rüfət müəllifin ruporudur. Yazıçı öz düşüncəsini onun dili ilə oxucuya çatdırır. Mənə belə gəlir ki, “Qaçqınlığı ilə vaysınmaq” məhz Pərvinin özünün qəbul edə bilmədiyi bir məqamdır.

Hekayədə Natəvan nənənin dilindən Şuşa ilə bağlı bir – birindən maraqlı xatirələr səslənir: “Soruşsan, ən çox nəyiyçün darıxıram Şuşanın, cavab verəmmərəm. Oralar məndən ötrü bütöv bir varlıqdı, canlıdı, lap adam kimi. Şuşada olanda babanın yoxluğunu heç hiss eləmirdim. Kimsə mənə dul deyəndə hirslənirdim. Çünki ondan  sonra Şuşaydı mənim ömür-gün yoldaşım. Vallah ora başqa aləmdi. Elə bil özgə planetdə oturub baxırdıq dünyaya. Ətraf rayonları-filanı çox gəzib dolanmışdıq. Amma Azərbaycanın yüksək kürsüsü Şuşaydı. İndi o kürsü yoxdu deyən, səsimizi də eşidən yoxdu...”

Hekayəni oxuyarkən biz fərdi-psixoloji və ümumi-ictimai yük daşıyan kədərin, güclü emosiya doğuran epizodların, fikirlə  hissin bölünməz vəhdətinin və yazıçının son məqamda oxucunu gözlənilməzlik qarşısında qoya bilmək bacarığının şahidi oluruq:

“Nənəcan, bax demisən ha... Sağalmalısan Şuşada. Bura da Hövsan deyil ki, neft qoxusundan, çirkli havadan şikayət edəsən... Eşidirsən?! Elə bu an ovcumdakı əlin soyuduğunu duydum. Saçını, alnını, yanaqlarını oxşadım. İndicə içirtdiyim suyun, ya bəlkə ölüm tərinin soyuqluğunu əlimin içində hiss edəndə diksindim. Ölmüşdü artıq. Sevindiyindən!”

 Pərvinin əksər hekayələrinin sonunda işıq görünür. Baxmayaraq ki, bu hekayə nənənin ölümü ilə bitir, amma burda ölümün özündə də işıq, rahatlıq var. “Sevindiyindən ölmək...” Bu ifadəni yazıçının tapıntısı və uğuru kimi qiymətləndirmək olar.

Hicran Hüseynova “Çarəsiz yalan”a ümid dolu bir sonluq yazmışdı: “...Böyük qələbəlik vardı ölkədə, keçən bu vaxt ərzində artıq Qarabağ da qaytarılmışdı. Qarabağın qara bəxti açılmış, toy-bayram ovqatı görünməmiş vüsət almışdı. Çalıb-oynayan kim, qurban kəsən, qonaqlıq verən kim. Adamlar dəstə-dəstə işğaldan azad olunmuş bölgələrə axışır, yuxudaymış kimi hələ də reallığı tam mənasıyla dərk edə bilmirdilər.”

 Hicran xanımın yazdıqları bizim hamımızın arzumuz, duamız, diləyimizdi. Gün o gün olsun ki, bu nikbin ovqatımız hekayə, roman sonluqlarında qalmasın. Qarabağımızın qara bəxti açılsın. Arzularımız reallaşsın.

...Qarabağda görüşmək ümidi ilə...

 





04.04.2013    çap et  çap et