525.Az

Poeziyanın həqiqəti: Yaxşıların azalmaq qorxusu...


 

Poeziyanın həqiqəti: Yaxşıların azalmaq qorxusu...<b style="color:red"></b>

Onunla tanışlığımın, dostluğumun maraqlı bir tarixçəsi var. Ədəbi məclislərin birində durdu ürək sözlərini dedi və mövzuya yönəlik şeirini oxudu. Səmimiyyəti  məclisə sirayət elədi. İlk dəfə gördüyüm bu şairin çıxışı bir çoxları kimi mənim də ürəyimdən oldu. Ona yanaşıb təbrik etdim, oxuduğu şeir haqqında xoş sözlər dedim.

Təvazökarlıqla dinlədi, minnətdarlıq elədi. Sonra başladığımız şirin söhbət bizi yaxınlaşdırdı, aramızda hərtərəfli tanışlığın, ünsiyyətin möhkəm özülünü qoydu, davamlı bir körpüsünü yaratdı.

Öyrəndim ki, Nəcməddin Mürvətov 1953-cü ildə Siyəzən rayonunun (keçmiş Xızı) Yuxarı Ələz kəndində doğulub. İndiki Pedaqoji Universiteti, o zamankı (APİ) bitirib. İllərdir ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğuldur. Şeirləri dövri mətbuatda vaxtaşırı dərc olunur. Məktəb direktorudur. O vaxtlar dörd şeir kitabının müəllifi olan Nəcməddin müəllimin indi kitablarının sayı doqquza çatıb. Hər kitab bir arzu, bir murazdır, şairin duyan könüllərə səfəridir. Onun kitablarının adlarını ardıcıllıqla izləmək istəyirəm. “İlk sözüm”, “Etiraf”, “Varım-dövlətim”, “Dünyamıza sözüm var”, “Həqiqət axtarıram”, “Yaxşılar azalmasın”, “İnam zəfərə aparır”, “Ömür adlı payım varmış” və nəhayət “Ürəklərin sifarişi sözümdə”... Bu kitabların hər birinin adı poetik məramnamə kimi səslənir və şairin iç dünyasının, daxili aləminin yeni bir görüntüsü kimi boy göstərir. Nəcməddin Mürvətovun mövzuları çeşidli və rəngarəngdir. Müasirlərimizi qayğılandıran, düşündürən, riqqətə gətirən olayların hamısı onun qələmindən keçib, poetik biçim ala bilir.

Son beş kitabının ilk oxucusu-redaktoru olduğumdan onun barəsində bir neçə kəlmə deməyi, şeirləri, poemaları haqqında fikir bölüşməyi, qənaətlərimi açıqlamağı özümə borc bildim.

Əsl poeziya həqiqət axtarışına doğru baş alıb gedən uzun, sonu görünməyən, ilğımlarla müşayiət olunan ağ bir yoldur. Hər şair bu yolda nə qədər mənzil qət etməyini, hansı ağrı-acılarla üzləşəcəyini yaradıcılıq anlarının hansı şirin əzablarını yaşayacağını heç özü də bilmir. Bəli, əsl şair ömrü həqiqətə çatmağa, ona qovuşmağa can atan bir yoldur və nə yaxşı ki, Nəcməddin Mürvətov da bu müqəddəs yolun – poeziya yolunun, həqiqət yolunun yolçusudur. Çünki:

Həqiqət öz adını tanrı adından almış,
Qalib gəlmiş həmişə milyon-milyon yalana.
Nur selinə bələnmiş, ziya kimi saf qalmış,
Divan tutmuş riyaya – haçadilli ilana!   

Şair üçün doğru söz, sağ söz hər şeydən üstün, hər şeydən ucadır. Söz həqiqətdən uzaq olanda gözdən düşür, məna yükünü itirir, yazıqlaşır, miskinləşir. Bax onda şairin o sözü deyən adamdan çox, o sözə yazığı gəlir:

Sözlər çoxu mənasını itirib –
Gücü çatmır daşımağa yükünü.
Aktyor tək öz rolunu bitirib
Soyunubdur paltarını, börkünü!   

Dünyanın yaşam qayğıları artdıqca, dərdi-əzabı böyüdükcə onun yalanları da artır, qlobal səviyyədə böhtan və iftiraları da böyüyür.

Boşboğazlıq bürüyübdür dünyanı
Deyilənlər çevrilməyir əmələ.
Olacaq tək göstərirlər xülyanı
Söykənməyib bir əsasa, təmələ. 

Çox yaxşı haldır ki, şair hər şeyin mahiyyətinə varmaq istəyir, görünənlərin adi görüntüsünə yox, iç dünyasına nüfuz etməyə çalışır.  “Unudulub ədalət” şeiri məhz bu daxili iztirabın, iç sarsıntının məhsuludur:

Mən peyğəmbər deyiləm həm, aqilliyə iddiam yox,
Deyəcəyim fikirlərsə aydından da aydındır çox.
Nə qədər ki, milyonlar ac, tək-təklərsə toxdan da tox
Dolanacaq, yetər yəqin əvvəl-axır fəlakətə,
Yaşamında dünya çoxdan söykənməyir ədalətə.   

Nəcməddin Mürvətovun lirik “mən”i üçün dünyanın dayaq, istinad nöqtəsi haqq və ədalətdir. Əgər dünya ədalətə söykənmirsə onda fəlakət qaçılmazdır. Dünya özünü də, qoynunda yaşayan insanları da bu fəlakətdən qorumalı, haqqın-ədalətin keşiyində ayıq-sayıq durmalıdır. Əslində haqdan-ədalətdən uzaqlaşan min bir yalanlarla dünyanın qulağını dolduran elə insanlardır. Dünya – bu dünyada yaşayanların sadəcə evidir. Ev çirkli saxlanırsa, vaxtlı-vaxtında təmizlənirsə ev yox, ev sahibi günahkardır. Əsrlərdən bəri bəşəriyyət özünün bütün günahlarını zavallı dünyanın boynuna yükləyə-yükləyə gəlib. Ancaq dünya köhə dünyadır, sevgisiylə, sevinciylə, lap elə kədəriylə də əzizdir, doğmadır. Nəcməddin Mürvətovun bu əzəmətli, böyük dünyanın içində öz dünyası var ki, şair bu dünya ilə yaşayır. Çünki:

Orda sözlər həqiqətdən tutur maya,
Orda təkcə haqq-ədalət çatır haya.
Orda sevinc, eşq-məhəbbət çatır haya
Orda riya, yalan, böhtan xar olur, xar,
Bax belə bir hikmət adlı bir dünyam var.  

Mən şairin “Həqiqət axtarıram” kitabını oxuduqca onun hikmət dünyasına daxil olduqca, onu bir insan, bir yaradıcı kimi yaxından tanıdıqca şeirinə, sözünə rəğbətim, qələminin gücünə inamım artır.

Bir şeirimdə də demişəm, “həqiqət həqiqət axtaranların ürəyində olur, vicdanında, şəxsiyyətində boy göstərir”.

Bu mənada Nəcməddin Mürvətov bir ziyalı, bir müəllim, ən nəhayət bir şair kimi təqdir olunmalı, öyülməli insandır. İnanıram ki, Nəcməddin Mürvətovun şeirləri oxucuların xoşuna gələcək. Onların haqq-ədalət duyğusunu əsl həqiqətə, ali həqiqətə – poeziyaya yönəldəcək. Çünki dünyada ən böyük həqiqət poeziyadır. Ona görə poeziyadır ki, poeziya həqiqət uğrunda döyüşür, çarpışır, mücadilə edir.

N. Mürvətovu ən çox narahat edən, həyəcanlandıran həyatda gördüyü eybəcərliklər, insanların  qeyri-insani hərəkət və davranışları, acgözlük, paxıllıq, riyakarlıq, yaltaqlıq kimi ləyaqət hissini alçaldan, insanı addımbaşı gözdən salan, insanlığa yaraşmayan sifətlərdir. Bu sifətlərlə tez-tez rastlaşan müəllif şeirin, sözün, çox yerdə köməyinə bel bağlayır, ta qədimdən bu günümüzə gəlib çatan bu sağalmaz yaraların poeziya məlhəmiylə sağalacağına inanır. İnanmasaydı bəlkə “Anlamaz”ları anlatmağa çalışmazdı, əyrini, oğrunu “bədbəxt” adlandırıb şeirin, sözün daşdan keçən oxuna tuş eləməzdi.

Sən allah gendə dur ki, rahat olum mən bir az,
Qoy düşməsin gözümdən dünyamızın əşrəfi.
Yaman yaraşır sənə inan bir ad “anlamaz”
Nadanlığın gətirir ona “şanı, şərəfi”.   

Nəcməddin Mürvətov müəllimdir. Didaktiyaya meyllilik onun peşəsindən gəlir, öyrətmək, başa salmaq, düz yola yönləndirmək içindən qonan hissdir, necə deyərlər can yanğısıdır. Ancaq bu yanğı öz poetik biçimini, təsirli, yanğılı ifadə tərzini tapa biləndə şeirə çevrilir:

Tükənib hoqqana dözümüm, tabım,
Atdığın hər addım zülmüm, əzabım.
Bitəcək səninlə hər haqq-hesabım
Qoymaram bu işi bir də sabaha,
Mən öz qiymətimi bilirəm daha.   

Və nə yaxşı ki, belədir. İnsan öz çəkisini, qiymətini biləndə yaşadığı cəmiyyətdə öz yerini bələdləyəndə nəyə qadir olduğunu hiss edəndə böyükdür, ucadır. “Vətəndaşlq” deyilən ali hiss də bu böyüklükdən, bu ucalıqdan qaynaqlanır:

Bax nə vaxtdır açılmır Qarabağın düyünü,
Eşitməkdən bezmişəm düşmənin hay-küyünü.
ATƏT, BMT tutsun qoy uzağı züyünü,
Çıxaq hərbə, gör neçə igid, dəliqanlıyam,
Mən də sənin tək qağa “köhnə söz” imkanlıyam.   

Nəcməddin Mürvətovun kitablarında ailə-məişət mövzusunda qələmə alınmış xeyli şeirlər var. Səmimiyyəti ilə seçilən bu şeirlərdə ata haqqı, ana müqəddəsliyi, bacı istəyi, qardaş məhəbbəti təsirli, yaddaqalan misralarda ifadə olunmuşdur:

Əlini qoy çiynimə, təkcə dayan yanımda,
Aslan gücü, qüdrəti yaranacaq canımda.
Artar şəksiz-şübhəsiz şöhrətim də, şanım da,
Dayaq durub bağladım varlığımı həyata,
Nur, ziyasan ömrümə, yaraşıqsan, ay ata.
(Əlini qoy çiynimə)

Səsləməmiş yetişib, verib erkən hay mənə
Məhəbbətdən, sevgidən tutub töhfə, pay mənə.
Kəlməbaşı söyləyib guya “yoxdur tay mənə”
Səbrim, qərarımdır o, inam yerim, inancım,
İndi anam əvəzi, əziz, mehriban bacım.
(“Anam əvəzi bacım”)

Sadəlikdə seçilir halallıqdır məramı,
Ömrü boyu dadmayıb bircə tikə haramı.
Sirdaş sanır, dost sanır, bilir düz ilqar hamı
Söyləyirlər töhfədir bizlərə tanrı payı,
Mötəbər tanımıram qardaşımdan savayı!   

Hamımızın yaşadığı dəruni hisslərdir. Vətən ailədən, ocaqdan başlayır. Ailəyə, ocağa bağlı olmayan adam, ata-ana haqqını, bacı-qardaş məhəbbətini duyub qiymətləndirməyən övlad əsl vətəndaş ola bilməz. Bu mənada Nəcməddin Mürvətovun şeirləri çox ibrətamizdir.

Şairi son dərəcə həyəcanlandıran, qayğılandıran mənəvi dəyərlərin get-gedə deqredasiyaya uğraması, köhnə kişilərdən miras qalan “inam, etibar, sədaqət” deyilən məvhumların az qala “qırmızı kitaba” düşmək təhlükəsidir. Onun üçün insan ləyaqəti dünyada hər şeydən qiymətlidir. Müasirlərini bu ləyaqətin daşıyıcısı olmağa çağıran N.Mürvətov doğma kəndindən, elindən-obasından ayrılmadan şair taleyini halallıqla yaşayır.

Nəcməddin Mürvətovun yaradıcılığında gözəlliyə, saflığa, sevgi, məhəbbət hisslərinə də dəruni bir münasibət var. Şairə görə sevgi saf, səmimi ürəkdən qaynaqlanır, insandan mənəvi təmizlik, saflıq və duruluq tələb edir. Onun təsvir etdiyi gözəlin surəti gözümüzdə, qəlbimizdə bax beləcə canlanır:

Duyğuları zərif, ürəyi incə,
Adi söz deyirsən titrəyir, əsir.
Söz var çöhrəsində dönür sevincə,
Söz var elə bil ki, əhdini kəsir. 

Tanrı bol eləmiş saflıq payını
Ülvi bir paklığı bəxş etmiş ona.
Yerlərdə axtarma onun tayını
Göydən uçub gəlib o mələk, sona...     

Nəcməddin müəllim çağdaş şeirimizin bütün vəzin və şəkillərində qələmini sınayır. Xüsusən hecada və əruzda özünü tam sərbəst ifadə eləyə bilir. Şairin kitablarında qəzəl janrına da müraciət olunub. Məsnəvi formasında da yazır. “Ömür adlı payım varmış” kitabında çap olunan “Uca Tanrının rəsulu” poeması bütünlüklə klassik üslubda məsnəvi formasında qələmə alınmışdır. Ancaq əlbəttə ki, bədii yaradıcılıqda, poeziyada forma və janrın çeşidlənməsinin elə də önəmi yoxdur. Əsas sənətkarlıq məziyyətidir. Qəlbin, hissin ağılla müdrik vəhdətidir.

Şairin şeirdən umacağı ifadəsinə çalışdığı mətləblərin oxucu ürəyinə, oxucu qəlbinə sirayət etməsi, o qəlbdə, o ürəkdə yurd-yuva qurmasıdır.

Bu mənada güman edirəm ki, Nəcməddin Mürvətov bir çox hallarda öz istəyinə, məqsədinə nail ola bilir.

Şeir can yanğısıdır, çox zaman ağrılardan, əzablardan doğulur. Nəcməddin Mürvətov da qələm götürəndə, söz demək məqamında bu ağrıların, əzabların içində olur, qəlbindən, ruhundan süzülən yaşantıları dilə gətirir:

Ürəyimdən ağrılarla üzülür,
Şəffaflaşır, büllurlaşır, süzülür.
Kəlmələri incilər tək düzülür,
Varlığımda möcüzəli sehirlər,
Tanrı payım, töhfəmdir bu şeirlər. 

Xəyallara qapananda, dalanda,
Ruhum cana xoş yanğılar salanda.
Vəhylə gələn “de” əmrini alanda
Saralıram, lap soluram deyirlər,
Tanrı payım, töhfəmdir bu şeirlər.

Əsl şeir doğrudan da tanrı payıdır. Tanrı bu payı bu payın qədrini, qiymətini bilənlərə bəxş eləyir.

Nəcməddin Mürvətovun bir şair kimi amacı, istəyi çox böyükdür.

Dünyamız rahatlıqla nəfəs alsın, milli münaqişələrə, məhəlli çəkişmələrə son qoyulsun, yaxşılar  azalmasın, ulularımızdan bizə miras qalan mənəvi dəyərlərin üstünə qara kölgələr düşməsin, planeti ölümə, qana sürükləyən başsız başçıların, acgöz  harınların yer üzündən rəddi, izi silinsin... və sair.

Mən şair dostumun şeirlərini oxuya-oxuya bu qənaətə gəlirəm ki, yaxşıların azalmasına, dünyanın pislərin ümidinə qalmasına, köhnə dəyərlərin təzələşən cəmiyyətimizdə kölgələnməsinə, dəyərdən düşməsinə nə ulu yaradan, nə də onun yerdəki ilhamçıları – şairlər heç vaxt yol verməyəcəklər. 

 





04.04.2013    çap et  çap et