525.Az

Aqil Abbasa məktub


 

Aqil Abbasa məktub<b style="color:red"></b>

Əzizim Aqil!

Bu məktubu sənə beş-altı il öncə yazmışdım. Amma həmin vaxt göndərmədim. Fikirləşdim ki, deyəsən, çox emosionaldı və sənə olan istəyimi gizləyə bilməmişəm. Aradan illər keçdi. Gördüm ki, Aqil də dəyişməyib, mənim ona münasibətim də. Həmin yazını əvvəllər ədalətin kötüyünü, indisə “Ədalət”in aylığını alan Aqilə göndərirəm: yəqin ki, zəngin arxivində bir parça kağıza yer tapılacaq.

10. VIII. 2000

Yazıçı Aqil Abbasa!

Mən giley-güzarımı səninlə çoxdan, bəlkə də bir il-iki il bundan əvvəl bölüşmək istəyirdim. Mətbuatda da demisən, üzbəüz söhbətlərimizdə də: daha yaza bilmirəm, yazmaq istəmirəm, qələbədən sonra yazacam... jurnalist, redaktor və nəhayət, torpaq itkisini ürək ağrısı kimi yaşayan (nər kimi qardaşın faciəli şəkildə dünyasını dəyişəndə sən torpaqlarımız gedəndə düşdüyün hala düşməmişdin) sıravi vətəndaş Aqilin son illərdə gördüyü işlərin qiymətini yerdə bəzi-bəzi Allah bəndələri, göydə isə ulu Tanrı verəcək. Gördüyün xeyirxah, savab işlərə rəğbətimi bildirməklə yanaşı, sənə-jurnalist, redaktor Aqilə yazıçı Aqildən gileyimi də bildirmək istəyirdim.

Demək istəyirdim ki, söz demək bacarığı olan adamların ən müqəddəs amal naminə belə qələmini zorla “susdurmaları”, obrazlı şəkildə desək, paslandırmaları qılıncı paslandırmaq qədər (və bəlkə də daha çox) günahdır. Demək istəyirdim ki, yazıçı Aqilin bir müddət və ya həmişəlik susması ədəbiyyatımızın dəhşətli itkisi deyil və olmayacaq. Demək istəyirdim ki, ədəbi mühitdə gülərüz, dəliqanlı, qələm sahiblərinin böyük əksəriyyətinin dərddaşı, xeyirxah, ən başlıcası isə nikbin yazıçı Aqilin, hansı niyyət və diləklə olmasının fərqi yoxdur, susması “A.Abbas” ünvanlı bir boşluqdan başqa, ədəbi prosesin gedişinə təsir göstərməsə də, öz yaşıdı və özündən yaşca cavan ədəbi qüvvələrin ovqatına, inamına, xüsusən də yazıçı Aqilin nikbinliyinin qıcıqlandırdığı nikbinliyinə təsir göstərə bilər. Demək istəyirdim ki, yazıçı üçün bu günah deyilsə, onda bəs günah nədir? Demək istəyirdim ki, 6 il çəkən bu susqunluq hələ neçə il çəkəcək? Demək istəyirdim...

Amma indi sənə heç nə demirəm. Ona görə yox ki, demək istədiklərimin bir qismini emosional şəkildə dedim. Ona görə ki, son vaxtlar yazıçı Aqilin tədricən birbaşa ədəbiyyatla, sənətlə bağlı ağrılara yenidən üz tutması, özü də 15-20 il bundan əvvəlki dəliqanlığı ilə üz tutması, başqalarını deyə bilmərəm, şəxsən məni sevindirdi. Mənim öz nikbinliyimə yazıçı Aqilin nikbinliyi də əlavə olundu. Mən bir daha inandım ki, bizim nəslin ən şıltaq qələm sahibi yenidən ədəbiyyatla yaşamağa başlayırsa (sənin “susduğun” vaxtlarda da ədəbiyyatla yaşadığına şübhəm yoxdur), deməli, “torpağı zorla zəbt etmək olar, amma əbədi “mənimsəmək” qeyri-mümkündür” həqiqətinə əminlik yaranır.

Ağdamda toy məclisin yadımdan çıxmır: toy mağarının qızılgül talvarının üstündən qurulmasını (toya görə “təşkil olunmamışdı”, təbii idi və əksər ağdamlıların həyətini qızılgül başına götürmüşdü), gül ətrinin məclisi şərabdan artıq meyxoşlaşdırdığını unuda bilmirəm. Bircə dəfə və sənin toyunda olduğum Ağdam bir də məhz o qızılgül talvarları ilə yadımda qalıbdı. Mən inanıram ki, tezliklə qələbəmizi yazıçı Aqillə həmin həyətdə, həmin qızılgüllərin əhatəsində qeyd edəcəyik. Desən də, deməsən də əminəm ki, Ağdam tez-tez, bəlkə də hər gün yuxuna girir və dəli kimi yuxudan ayılıb ürəyini tutursan. Sonra da ürəyini tuta-tuta jurnalist, redaktor, vətəndaş Aqil kimi əlindən gələn və gəlməyən işləri görməyə girişirsən. Mən Ağdamın (bütün torpaqlarımızın simvolu mənasında) yazıçı Aqilin yuxusuna haram qatmadığına inana bilmirəm və bu səksəkələrin, bu ağrıların, bu göynərtilərin bədii sözə çevrilmək istəmədiyinə inanmıram. Biz özümüzün özümüzə inamımızı qaytarmamış torpağımızı sonuncu qarışına qədər qaytara bilməyəcəyik. İnamımızın özümüzə qayıtmasında yazıçı Aqilin də borcu az deyil.

Qaytar borcunu, yazıçı Aqil, yaz. Heç kəs səndən şedevr gözləmir. Hamı səndən Aqil Abbas imzalı bir az kövrək, bir az romantik, bir az sentimental, bir az da şıltaq bədii yazılar umur. Qaytar borcunu, yazıçı Aqil, yaz. Ədəbi prosesin yazıçı A.Abbasın dəlisov nikbinliyinə ehtiyacı var.

 





04.04.2013    çap et  çap et