525.Az

"Jurnalistika millidən daha çox, beynəlxalq səciyyə daşımalıdır"


 

"Jurnalistika millidən daha çox, beynəlxalq səciyyə daşımalıdır" <b style="color:red"></b>

Azərbaycanda mətbuat tarixi köklərə, ənənələrə malikdir. 

Keçən əsrin əvvəllərində hələ bir çox ölkələr mətbuatın nə olduğunu bilməyəndə ölkəmizdə əsl qəzetçilik məktəbləri var idi-"Molla Nəsrəddin", "Kaspi", "Açıq söz" və başqaları. Elə indi də var. Amma gərək, yaxşını dediyimiz kimi çatışmayanı da deyək. Danılmaz faktdır ki, xüsusilə son illər qeyri-peşəkarların çoxalması nəticəsində mətbuatda bəzi dil qüsurlarına rast gəlinir.

Məsələn, futbol matçlarında tez-tez eşitdiyimiz bir cümləni deyim-"Rəqib futbolçusu topu tordan keçirdi". Axı top tordan keçmir, tora ilişərək geri qayıdır... Və ya "...gecə saat 24-ə kimi..." Aydın məsələdir ki, saat 24 onsuz da gecədir. Daha bir neçə bu cür qeyri-dəqiq ifadələrə misal çəkə bilərik, amma, zənnimizcə, ehtiyac yoxdu. Hələ orfoqrafik səhvləri, bir cümlədə eyni sözün dəfələrlə təkrarlanmasını, norma pozuntularını demirik.

Bir neçə gün əvvəl bu məsələlər və bizi maraqlandıran daha bir neçə sualla bağlı, üç aydır tanıdığımız hörmətli müəllimlərimizdən biri, 30 ilə yaxındır BDU-nun Filologiya və Jurnalistika fakültələrində dərs deyən, bir çox kitabların müəllifi dosent Yaşar Məmmədli ilə görüşüb söhbət etdik.

Müsahibimiz suallarımızı səmimi cavablandırdı:

- Yaşar müəllim, son illər mətbuatımızda müxtəlif dil qüsurlarına rast gəlirik. Bir mütəxəssis kimi bu barədə nə deyə bilərsiniz?

- İlk növbədə onu deyim ki, dili bilmədən jurnalist olmaq olmaz. Jurnalistika təkcə ixtisas yox, həm də istedaddır. Bu sahə jurnalistlərdən dilin potensial imkanlarından istifadə bacarığı tələb edir. Qeyd etdiyiniz kimi, son vaxtlar dil qüsurlarının artmasının əsas səbəblərindən biri sosial şəbəkələrdən düzgün istifadə etməməkdir. Kim nə istədi, necə gəldi yazır.

Qəzetlərdən, televiziya və radiodan fərqli olaraq sosial şəbəkələrdəki yazılara nəzarət, onları redaktə edən yoxdur. Axı "ş" əvəzinə "s", "ə" əvəzinə "e" yazmaq nə dərəcədə düzgündür? Həm də elələri var ki, sadəcə diplom xatirinə jurnalistika fakültəsinə daxil olurlar. Belə olan halda isə onun peşəkar olacağından söhbət gedə bilməz. Ümumiyyətlə, elə eləmək lazımdır ki, gənclər ali məktəbdə oxuya-oxuya praktika ilə də məşğul olsunlar. Bunun ən optimal yollarından biri budur ki, jurnalistika fakültəsində təhsil beş il olsun. İlk iki il ərzində tələbələr nəzəri biliklərə yiyələnsinlər, onlara yüksək səviyyəli mütəxəssislər dərs keçsinlər.  Növbəti üç ildə müxtəlif redaksiyalara təhkim olunaraq praktika ilə məşğul olsunlar,müxtəlif sahələr üzrə ixtisaslaşsınlar. Məsələn, idmandan yazan jurnalist idman terminlərini öyrənsin, siyasətdən yazanın bugünkü beynəlxalq siyasi vəziyyət haqda anlayışı olsun. Əfsuslar olsun ki, bizdə ixtisaslaşma çox ləng gedir. Yaxşı olardı ki, tələbə həmin üç il ərzində xarici dil də öyrənsin və təhsilini başa çatdırdıqdan sonra başqa bir ölkəyə gedib Azərbaycanı orada təmsil etsin. Unutmaq olmaz ki, jurnalistika millidən daha çox, beynəlxalq səciyyə daşımalıdır.

- Fikrinizcə, dilimizin söz fondu kifayət qədər zəngindirmi, yoxsa, əksinə, kasaddır?

-Mən fəxrlə deyə bilərəm ki, türk dilləri arasında ən zəngini Azərbaycan dilidir. Sadəcə bəzi jurnalistlərimiz dildəki sözlərdən istifadə edə bilmirlər. İstər oxucuya, istər tamaşaçıya, istərsə də dinləyiciyə informasiyanı çatdırmaq üçün heç də elmi qrammatikaya ehtiyac yoxdur. Məlumatı çatdıran jurnalist öz savadını nümayiş etdirməyi yox, auditoriyanı düşünməlidir. Səmimi deyirəm ki, bəzən efirdə o qədər mürəkkəb cümlələr işlədilir ki, mən dilçi ola- ola onu başa düşmürəm. Bu isə həmin jurnalist və ya şərhçinin qeyri-peşəkarlığının göstəricisidir.

- Yaşar müəllim, belə bir fikir var ki, gedib başqa fakültəni bitirib sonra jurnalistika ilə məşğul olmaq olar. Sanki "dördüncü hakimiyyət"ə alternativ variant kimi yanaşırlar. Bu barədə fikirləriniz maraqlı olardı.

- Qətiyyən düzgün deyil. Mənim fikrimcə, universitet tərkibində xüsusi bir jurnalistika institutu yaradılmalıdır ki, orada ancaq əsl jurnalistlər yetişdirilsin. Və burada ayrı-ayrılıqda jurnalistika, diktorluq, aparıcılıq fakültələri fəaliyyət göstərməlidir. Əvvəla, belə bir təşəbbüs sadəcə diplom xatirinə yaşayanların yolunu kəsəcək. Həmçinin təəssüflər olsun ki, çox vaxt bizdə jurnalistlə aparıcını, aparıcı ilə diktoru səhv salırlar. Eyni zamanda bildiyiniz kimi, jurnalistika fakültəsinə qəbul üçün xüsusi qabiliyyət imtahanı keçirilir - abituriyentlər esse yazırlar. Əslində bu da daha ciddi olmalıdır. Qabaqcadan abituriyentin qəzet, televiziya və radio jurnalistikasına getməsi müəyyənləşdirilməlidir. Əgər qəzet jurnalistikasına gedirsə, ondan yazı qabiliyyəti, radioya meyl göstərirsə, danışıq qabiliyyəti, düzgün diskussiya tələb olunmalı, televiziyaya gedirsə, nitqi ilə yanaşı xarici görünüşünə diqqət yetirilməlidir. Onu da nəzərinizə çatdırım ki, jurnalistika fakültəsində dərs keçən hər bir müəllim böyük məsuliyyət hissi ilə audirotiyaya daxil olmalıdır. Əslində jurnalistika fakültəsinin xarakterik bir cəhəti var. Burada bütün qeyri-ixtisas fənləri jurnalistlərə lazım olan qədər keçilməlidir. Burada nə tarixçilər, nə tərcüməçilər, nə filoloqlar yox, jurnalistlər yetişir.

- Hansı televiziya proqramlarını daha çox izləyirsiniz?

- AzTV-də "Xəbərlər"i, müxtəlif icmalları izləyirəm, İTV-də "Carçı"nı, ATV-nin səhər proqramını və sairə. Çünki həmin kanallarda və proqramlarda dil məsələsinə xüsusi diqqət yetirilir.

- Şəxsi planda bir sual: tələbələr arasında çox sevilirsiniz, sizcə, bunun səbəbi nədədir?

-Heç vaxt kiminsə sevgisini qazanmağa çalışmamışam. Xüsusilə də tələbələrin. Sadəcə çox zaman onlarla dost kimi danışıram. Ümumiyyətlə, müəllim-tələbə münasibəti normal olmalıdır. Heç bir səbəb olmadan müəllim niyə tələbəyə qışqırmalı və ya xətrinə dəyməlidir ki? Əgər doğrudan da, tələbələrin hörmətini qazanmışamsa, deməli, müəllim-tələbə münasibətini nizamlaya bilirəm.

Söhbətimizin sonunda Yaşar müəllim bizə tövsiyə olaraq bunları da dedi: - Çalışın, gələcəkdə peşəkar jurnalist olun, öz üslubunuzu formalaşdırın, heç kimi təkrarlamayın. Hər bir jurnalistin mətbuatda öz imzası və üslubu olmalıdır.  Yaxşı jurnalistə həmişə tələbat var və olacaq. Jurnalistikamızın gələcəyi sizin əlinizdədir.

Şəbnəm QURBANSOY
Kənan NOVRUZ
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbələri

 





13.12.2016    çap et  çap et