525.Az

Tariximizin Heydər Əliyev səhifəsi


 

Tariximizin Heydər Əliyev səhifəsi<b style="color:red"></b>

Kainat kimi dünyamızın tarixi də sonsuzdur. O qədər sonsuz ki, bəzən onu insanların sadəcə "baxıb keçdiyi bir pəncərə"yə də bənzədiblər.

Tarixin pəncərəsindən bu dünyaya baxıb keçənlərin sayı da sonsuzdur. Bu sonsuzluq zəncirində çox nadir simalar olur ki, onlar sadəcə baxıb keçmir, öz baxışları ilə bəşəriyyətin həyatını dəyişəcək qədər güclü bir iz buraxıb gedir. Məhz belə şəxsiyyətlərin surəti Tarixin Şərəf Lövhəsində özünə daimi yer qazanır və tarix davam etdikcə onların şərəfli əməlləri də yaşayır.

Tariximizdə öz şərəfli yerini tutmuş, milyonlarla insanın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət simvoluna çevrilmiş siması Heydər Əliyevdir. O əbədiyyətə qovuşub, onun yaratdığı tarix isə öz uğurlu yoluna davam etməkdədir. Hər ötən il Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına daha dərin məna qazandırır, onun Vətənimizin indisinə və gələcəyinə çox möhkəm tellərlə bağlı olduğunu daha aydın göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir məntiqdən - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir. Böyük siyasi mütəfəkkir kimi, Heydər Əliyevin keçdiyi həyat yolu və bütöv bir xalqın gələcəyini müəyyən edən uğurlu siyasi kursunun kökündə dayanan səbəblər haqqında çoxsaylı dəyərli əsərlər yazılır.

Bu araşdırmalarda Heydər Əliyev yeni tarixdə xalqımızın yetişdirdiyi ən böyük düha sahibi kimi xarakterizə olunur və bu, şəksizdir. Lakin Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycan kontekstində deyil, daha geniş miqyasda - XX əsrin qlobal siyasi aynasında baxmaq, dünya siyasətinin formalaşmasında mühüm rol oynamış siyasi xadimlərlə bir sırada nəzər salmaq onun siyasi portretini daha önəmli cizgilərlə zənginləşdirmiş olar. Məhz bu rakursda biz Heydər Əliyevi bütün ömrü boyu müasir dünya siyasətinin qaynar məkanında, onun yaradıcıları və yönləndiricilərinin ön sıralarında görürük. Xüsusən sovet dövrünün son illərində, kommunist ideologiyasının agoniyası fonunda yürüdülən Qorbaçov siyasətinə qarşı çıxması və heç kim tərəfindən anlaşılmayan qeyri-müəyyən bir siyasəti dəstəkləməkdən imtina etməsi onu dövrün pozitiv siyasi perspektivlərini düzgün müəyyən edə bilən yeganə sovet siyasətçisi kimi tanıdır.

Hadisələrin sonrakı inkişafı da göstərdi ki, Sovet liderləri arasında post-sovet məkanında müstəqilləşmə epoxasının zərurətlərini duyan və siyasətdə yeni yolun traektoriyasını dəqiqliklə cıza bilən, yeni dövrün qüsursuz siyasi-ideoloyi kursunu ərsəyə gətirən yeganə siyasətçi məhz Heydər Əliyev oldu. Məhz bu baxımdan, öz dövrünün ən xarizmatik dövlət xadimi və ən praqmatik siyasətçisi kimi tanınan Heydər Əliyev ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət kimi regionun coğrafi sərhədlərinə sığmayaraq ümumdünya kontekstinə çıxır.

Heydər Əliyevin siyasi fəaliyyəti, əsasən, XX əsrin ikinci yarısı ilə bağlıdır. Bütövlükdə XX əsr bəşər tarixində bir çox təlatümlü hadisələrin baş verdiyi, iki dünya müharibəsinin od ələdiyi, çoxsaylı milli dövlətlərin meydana gəldiyi, siyasi və iqtisadi böhranların və eyni zamanda, dünya inkişafına təkan verən proseslərin yaşandığı qlobal ziddiyyətlərlə dolu dramatik yüzillik kimi tarixə düşdü. Baş verən bütün bu proseslər dünyanın bu günkü mənzərəsini ərsəyə gətirməklə yanaşı həm də siyasətdə aparıcı şəxsiyyətlərin dövlətlərin və bütövlükdə bəşəriyyətin taleyində nə qədər önəmli rol oynadığını göstərdi. Bu yüzillikdə bəşəriyyət məhz tarixi şəxsiyyətlərin sayəsində ziddiyyətli, odlu-alovlu dünyadan nisbətən sabit və dayanıqlı dünyaya keçid aldı. XX əsrin tarixi məhz şəxsiyyətlərin tarixdəki rolu baxımından ibrətamiz bir dövr oldu. Bu tarixi Çörçilsiz, De Qollsuz, Kennedisiz, Mandelasız və eləcə də Heydər Əliyevsiz təsəvvür etmək və şərh etmək mümkün deyil. Tarixi sınaqlar qarşısında öz xalqlarını məhv olmaq təhlükəsindən böyük siyasi məharət hesabına çıxarmağa nail olmuş bu tarixi şəxsiyyətlər XX əsrin müxtəlif dövrlərində təkcə öz ölkələrinin deyil, həm də regionun və bu regionda yaşayan xalqların tarixində dönüş yaratmağa nail oldular. XX əsrin böyük siyasi xadimlərindən biri kimi tanınan Uinston Çörçil siyasi karyerasının ən yüksək pilləsində bütün bəşəriyyəti təhdid edən şər qüvvə ilə - imperialist işğalçılığının ən qəddar forması olan faşizmlə üz-üzə qalmışdı. Faşist Almaniyası artıq Britaniya şəhərlərini, paytaxt Londonu bombalayırdı. Belə bir çətin məqamda düşmənin amansız həmlələrinin qarşısını almaq, təcavüzə məruz qalmış xalqı ruh düşkünlüyündən çıxarmaq, ümummilli müqavimət hərəkatını formalaşdırmaq Britaniya hökumətinin qarşısında duran ən başlıca vəzifə idi. Məhz Çörçilin uzaqgörən siyasi gedişləri və qətiyyətli siyasi duruşu nəticəsində faşist Almaniyasına qarşı çox güclü ingilis cəbhəsini formalaşdırmaq mümkün oldu. Zaman və geosiyasi faktorlar baxımından fərqli olsa da, hadisələrin kökündə dayanan səbəblər və təhlükənin miqyası baxımından müstəqilliyimizin ilk illərində qarşılaşdığımız təhdid və təhlükə ötən əsrin 40-cı illərində Britaniyanın üzləşdiyi təhlükədən çox da fərqlənmir. Öz şovinist ideoloji baxışlarına görə mənfur erməni millətçiliyi faşist düşüncəsindən heç də geri qalmır. Ermənistan rəhbərliyinin Avropa Şurasının tribunasından azərbaycanlılarla ermənilər arasında etnik uyuşmazlığın mövcudluğunu iddia etməsi elə nasistlərin "ari"lərlə başqa millətlərin uyuşmazlıq düşüncəsinin eynidir. Məhz buna görə Azərbaycanın üzləşdiyi təcavüz və ermənilər tərəfindən milli ayrı-seçkilik zəminində etnik təmizləmə siyasəti artıq sadəcə milli təhlükəsizliyimizi deyil, eyni zamanda bəşəri dəyərləri təhdid edən, beynəlxalq hüquqa zidd olan təhlükəli tendensiya xarakteri almışdı. Belə bir məqamda erməni faşizminə qarşı ümummilli cəbhəni formalaşdıra bilməsi məhz Heydər Əliyev şəxsiyyətinin qüdrəti idi. Xüsusilə, 1994-cu ilin aprelində düşmən hücumlarının kəskinləşdiyi məqamda ümummilli liderimizin xalqa müraciətini xatırlamaq yerinə düşər. Ağdam, Tərtər, Füzuli rayonları istiqamətində erməni qoşun birləşmələrinin aramsız hücumlarını dəf etmək ümummilli səfərbərliyin ən yüksək şəkildə təşkili zərurətini yaratmışdı. Belə bir anda Heydər Əliyevin soyuqqanlı və bir o qədər də qətiyyətli, xalqın vətənpərvərlik hisslərini alovlandıran müraciətindən sonra qısa zaman ərzində cəbhədə əhəmiyyətli dönüş yarandı, düşmən tapdağında olan bir neçə qəsəbə və kəndlərimiz işğaldan azad olundu. Cəbhədə yaranan dönüş tez bir zamanda düşməni atəşkəs sazişi imzalamağa məcbur etdi. Məhz bu tarixdən başlayaraq, Azərbaycanda daha sistemli və vahid mərkəzdən idarə olunan ordu quruculuğuna start verildi.

Bu epizodlarda iki fərqli zamanda, dövlətçiliyin məhvolma təhlükəsi ilə üzləşdiyi ən çətin məqamlarda tarixi şəxsiyyətlərin üzərinə götürdükləri missiyanın xalqların taleyində nə qədər mühüm rol oynadığını görürük. Öz xalqlarının taleyüklü məqamlarında göstərdikləri cəsarət, siyasi qətiyyət və əzmkarlıq keyfiyyətləri hər iki siyasət adamını bəşər tarixində öz dəst-xətti olan görkəmli siyasi xadimlər kimi tanıtdırır.

Məşhur çex dissidenti və siyasətçisi Vaslav Havel Heydər Əliyevlə eyni siyasi dövrün hadisələrinə şahidlik etmiş görkəmli şəxsiyyətlərdəndir. Sovet imperiyasının Şərqi Avropada mövqelərini möhkəmləndirməsindən sonra aktiv siyasi mübarizə meydanına atılan Havel uzun illər regionun kommunist totalitarizmindən qurtulmasında, Şərqi Avropa dövlətlərinin bu imperiyadan asılılığına son qoyulmasında müstəsna rol oynamışdır. Xüsusilə, Sovet İttifaqının çökməsi ərəfəsində Şərqi Avropada baş qaldıra biləcək etnik münaqişələrin qarşısını almaq, Çexiya və Slovakiyanın sülh şəraitində müstəqil dövlətlər kimi dünya birliyinə inteqrasiyasına zəmin formalaşdırmaq Vaslav Havelin sülhpərvər siyasətinin prioritet istiqamətləri idi. Vaslav Havellə Heydər Əliyevi birləşdirən ortaq məziyyət isə bu tarixi şəxsiyyətlərin uzun müddət ərzində kommunist ideologiyası sırınan cəmiyyətlərinə demokratik prinsipləri və Avropa dəyərlərini aşılaya bilmək qabiliyyətləridir. Azərbaycan hələ müstəqilliyini bərpa etməzdən əvvəl Sovet ideologiyasının artıq yeni zamanın reallıqları ilə ayaqlaşmadığını və məhvə məhkum olduğunu dəfələrlə bildirən Heydər Əliyev hakimiyyətə dönüşündən sonra demokratik dəyərləri, hüququn aliliyi prinsipini dövlət siyasətinin aparıcı xəttinə çevirdi. Ölkədə hakimiyyətin üç əsas qolunun - qanunvericilik, icra və məhkəmə hakimiyyətinin demokratik prinsiplər əsasında təşkilini təmin etdi, siyasi partiyaların fəaliyyətinə geniş zəmin yaradaraq, hakimiyyətin sağlam siyasi mübarizə yolu ilə formalaşdırılmasının əsasını qoydu.

Həyat və mübarizə yollarına nəzər saldığımız liderlər fəaliyyət göstərdikləri məkanın coğrafi sərhədlərini aşaraq universal düşüncə sahibləri, dünyanın yeni sosial yaşam və yeni siyasət reallıqlarını ərsəyə gətirən yaradıcı insanlar kimi tanınmışlar. Onlar üçün məkan və zaman fərqi yoxdur. Bu baxımdan, Heydər Əliyevin malik olduğu ali insani keyfiyyətlər və siyasi qabiliyyətlər ona istənilən siyasi mühitdə və istənilən coğrafi məkanda siyasi elitanın ən yüksək pilləsində qərarlaşmağı təmin edə bilərdi. Belə bir dühanın məhz Azərbaycan xalqına mənsub olması və özündən sonra bu xalqın tarixində yaradıcı iz və daha uzaq gələcəyə hesablanmış siyasi irs qoyması bütövlükdə xalqımızın milli uğuru və iftixar mənbəyidir. Müasir dünya tarixində yaradıcı iz qoymuş digər tarixi şəxsiyyətlərlə ortaq məziyyətlər daşıdığı üçün və bəzi hallarda isə həmin siyasi xadimləri belə üstələyən keyfiyyətlərə malik olduğu üçün Heydər Əliyev dünya miqyaslı fenomenal şəxsiyyətdir, Azərbaycan xalqının hər zaman fəxr edəcəyi və həyat yolundan ibrət götürəcəyi böyük bir mütəfəkkirdir.

Heydər Əliyev şəxsiyyəti o qədər zəngindir ki, istənilən aspektdən yanaşdıqda onun intəhasız fəaliyyətinin geniş okeanına çıxa bilirsən. Öyrənildikcə öyrənilən, heç zaman tükənməyən Heydər Əliyev irsi, onun yaradıcı zəkası hələ uzun illər çoxtərəfli araşdırmaların mövzusu olacaq. Və hər zaman bu şəxsiyyətin tarixdə oynadığı əhəmiyyətli rol daha dərin və daha geniş məzmunda, daha konseptual şəkildə açılacaq. Amma bir həqiqət heç zaman dəyişməyəcək: Heydər Əliyev müasir Azərbaycanın qurucusu olmaqla yanaşı, tərəqqi və ədalət, sülhpərvərlik və humanizm ideyalarına, bəşəri dəyərlərə əsaslanan geniş spektrli fəaliyyəti ilə bəşər tarixinin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir!

 





13.12.2016    çap et  çap et