525.Az

Gürcüstandan Azərbaycana qaz ittihamı


 

Gürcüstandan Azərbaycana qaz ittihamı<b style="color:red"></b> “Azərbaycan qazının keyfiyyəti barədə məsələ bu gün ortaya çıxmayıb, 5 ildir, kimsə qaz borusuna müdaxilə edərək nə isə qarışıq daxil edir və bu da nəticədə qazın keyfiyyətinə təsir göstərir”.
 
Lent.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze söyləyib.
 
Kaxa Kaladze deyib ki, bu, Azərbaycan tərəfindən real olaraq belə əsaslandırılır ki, müəyyən müddətdə qaz ötürülən kəmərdə problem olub: “Gürcüstanın Azərbaycandan qaz aldığı kəmər yetərincə qəza vəziyyətindədir. Kəmərdə təzyiq aşağı düşür, əhaliyə lazımi səviyyədə qaz çatmır. Mən bütün bunları başa düşürəm. Ötən illər ərzində Gürcüstan cəmiyyətində belə fikir formalaşıb ki, qaz keyfiyyətsizdir”. 
 
Kaxa Kaladze bildirib ki, Azərbaycan qazının keyfiyyətinin tənzimlənməsi məsələsi ilə müvafiq komissiya məşğul olmalı, bu suallara cavab verməli və problemin həlli ilə məşğul olmalıdır: “Lakin belə problemlərlə müntəzəm məşğul olacaq energetika və su təminatının tənzimlənməsi üzrə komissiya bu gün faktiki yoxdur. Biz birgə çalışmalıyıq ki, həqiqətən də tənzimləyici komissiya olsun. Bu məsələnin həlli üçün güclü komissiyanın yaradılması və ona real səlahiyyətlər verilməsi lazımdır. Yoxsa bu komissiyanın sədri restoranları gəzməklə məşğul olmamalıdır”.
 
Lent.az Kaxa Kaladzenin ittihamları ilə bağlı “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədovla əlaqə saxlayıb. Lakin Mahir Məmmədov bu ittihamlara cavab vermək istəməyib: “Kaxa Kaladzenin açıqlaması ilə tanış deyiləm, ona görə də buna münasibət bildirə bilmərəm. Kaxa Kaladze iqtisadi forum çərçivəsində aprelin 8-də Bakıya gələcək. Yaxşı olardı ki, Kaxa Kaladzeyə Bakıda olarkən bu suallar ünvanlansın və o, bu suallara cavab versin”.
 





04.04.2013    çap et  çap et