525.Az

Milli dəyərlərin təcəssümü: ədəbi axtarışlar, ideoloji mübarizələr


 

Milli dəyərlərin təcəssümü: <b style="color:red">ədəbi axtarışlar, ideoloji mübarizələr</b>

(Əvvəli ötən sayımızda)

Teymur Əhmədovun "Xatirə, sənədli oçerk və etüd"lərdən ibarət ədəbi-bədii əsərləri V cilddə toplanıb.

Müəllifin hələ gəncliyindən "Sovet Ermənistanı" qəzetində işlədiyi vaxtlardan bədii ədəbiyyatla məşğul olması, hekayələr, bədii-sənədli oçerklər yazması, hələ o zaman onun İrəvan ədəbi mühitində yazıçı kimi tanındığını göstərirdi. 1961-ci ildə nəşr olunmuş "Ülkər" adlı hekayələr kitabı onun yazıçı pasportu olub. Bu mənada kitaba daxil edilmiş həmin əsəri, sonrakı illərdə "Vedibasarın qanlı-qadalı günləri", "Hekayə və oçerklər"i, "Ssenarilər"i, müxtəlif mövzulu "Məqalələr"i, "Ədəbi qeydlər"i, Teymur Əhmədovun yaradıcılığını bir çox istiqamətdən araşdırmağa, tədqiq etməyə imkan verir. Müəllifin "Xaqani Şirvani" (qısametrajlı sənədli ədəbi film), "Nizami Gəncəvi" (bir hissəli ədəbi tədris filmi), "Mirzə Fətəli Axundov" (iki hissəli ədəbi tədris filmi) ssenariləri ədəbiyyatşünas, yazıçı-publisistin ədəbi yaradıcılığının fərqli bir istiqaməti kimi də bizdə maraq doğurdu.

"Vedibasarın qanlı-qadalı günləri"ndə milli münaqişələr zəminində 1918-1920-ci illərin hadisələri, soydaşlarımızın başına gətirilən faciələr, doğma yurdlarından perik düşən, evləri dağıdılan, yandırılan insanların faciəsi, bu yerlərin hər qarışından ötrü Abbasqulu bəy Şadlinskinin mübarizələr içrə keçən həyatı, tarixi günlər müəllifin qələmində reallıqların bədii təxəyyüldən gələn hiss və həyəcanların ifadəsinə söykənmişdir. Azğın ermənilərin azərbaycanlılar yaşayan kəndləri dağıtması, camaatı qanına qəltan edib ev-eşiklərini talan etməsi, həyat salnaməsinin təqdim etdiyi bu gerçəkliklər qəlbimizi ağrıdır. İndi adları dəyişdirilərək unudulmağa məhkum olmuş kəndlərimiz, camaatın başına gətirilən müsibətlər yazıçı Teymur Əhmədovun nəsr yaradıcılığında həm də tarixi bir əsər olaraq xatırlanır. Bu əsərdən aldığım təəssüratlar zəngindir, ən başlıcası isə həyat gerçəkliklərini bədii düşüncə, hiss və duyğularla əks etdirməsi onların uzun zaman yaddaşlarda közərəcəyinə zəmin yaradır. "İnsanlıq ərşə çəkilib", "Qvardiya batalyonu", "Damcılı bulağın hekayəti", "Şahbalı qırğını", "Ağ göyərçinin hekayəti", "Qürbətdə" kimi bədii axtarışların təcəssümü olan əsərləri onun yaradıcılığında tam yeni bir nəfəsdə, düşüncədə yaranmış ayrıca bir qoldur. Burda düşünürəm ki, yaradıcılığın geniş üfüqlərində həvəslə, məhəbbətlə, arayıb-axtarmaq coşqusu ilə yazıb-yaradan Teymur Əhmədovun bədii əsərləri xalqımızın tarixi taleyinin ən ünlü məqamlarını, mənəvi-əxlaqi dəyərlərini, həyat gerçəkliklərini ifadə etdiyindən səhih məxəzlər hesab edilməlidir. Məhz bu səbəblərdən də həmin əsərlər araşdırılmalı, təhlil olunmalı, ədəbiyyat tariximizdə yeri və rolu göstərilməlidir.

Burda onu da xatırlatmaq yerinə düşər ki, T.Əhmədov Azərbaycan ədəbiyyatında təxminən 20-30 il əvvəl formalaşmağa başlamış fotoalbom janrının yeni məzmun, ideya kəsb etməsində ilk cığır açmışdır. Bu janrın ilkin nümunələrində gördüyümüz fotolar və onları müşayiət edən qısaca məlumatlardan fərqli olaraq, müəllifin bu tipli əsərləri tamamilə yeni forma və məzmunda işlənmişdir. Belə ki, ədəbi şəxsiyyətlərin ömür yolu, yaradıcılığı, ictimai fəaliyyəti, əsərlərinin ideya-bədii xüsusiyyətləri ilə xalqın milli-mənəvi sərvəti olması sistemli şəkildə, bəzən bölmələr, fəsillər formasında qurulmuşdur. Bir qədər də tarixi, bədii-publisist salnamə xarakteri ilə fərqlənən bu əsərlərdə onun təkcə tərtibçi kimi yox, müəllif kimi görünməsi də axtarış əziyyətlərini ortaya gətirir. Bu sahədə müəllifin son işlərindən olan "Zəlimxan Yaqub", "Mir Cəlal", "Mirzə İbrahimov"un həyat və yaradıcılıq yolunu forma və məzmunca yeni istiqamətdən tədqiq etdiyi əsərləri buna misal göstərmək olar. Onun bütün yaradıcılığı, elmi araşdırmaları, bədii-tarixi əsərləri, publisistikası, ədəbi qeydləri, xatirələri, fotoalbomları maarifləndirici xarakterə malik olduğundan bütün zamanlar üçün aktualdır, müasirdir.

Yaradıcılığının müdrik və olduqca məhsuldar çağında yazdığı memuar ədəbiyyatı janrında "Mənim həyatım" əsəri (bildiyimə görə xatirələrin növbəti hissələri də nəşrə hazırlanır) qədim İrəvan torpağının taleyi ilə vəhdətdə olan şəxsi taleyinin təcəssümü, gerçək ifadəsidir. Əslində ömrün aqillik, ixtiyar çağlarında yazıçıların qədim yurdumuzun tarixi fonunda qələmə aldıqları tale-ömür yazıları onları başqa bir prizmadan öyrənməyə, tədqiq etməyə imkan yaradır. Burda ədəbi şəxsiyyət olaraq onların mənəvi aləmi, həssaslığı, ülvi hissləri, vətənsevərlik duyğuları, yaşadıqları həyata münasibətləri öz əksini tapdığından onlar ədəbiyyat tariximiz üçün dəyərli əsərlər hesab edilməlidir. Burda bizim üçün doğma, önəmli olan qədim Oğuz yurdu İrəvan quberniyasında Azərbaycan ictimai-ədəbi mühiti ilə tanışlığımız xüsusi əhəmiyyət kəsb edir. Əsərdə soydaşlarımızın həyatı, arzuları, məişət qayğıları munis xatirələrin istisində bədii detallarla təsirli, rəvan bir dillə təsvir olunur. Teymur müəllim öz xatirələrində itirilmiş torpaqlarımızın, azərbaycanlılara məxsus yurd yerlərimizin sanki bədii xəritəsini çəkib. Əsər uşaqlıq çağlarından başlamış, maraqlı hadisələrin, munis xatirələrin müşayiətilə yadda qalır. Bütün əhvalat, hadisələr gerçək nağıllar qədər insanı özünə bağlayır. Şirəli, dolğun yazıçı dili-təhkiyəsi ilə cəlbedici olan "Mənim həyatım" əsəri müəllifi başqa bir prizmadan öyrənməyə, tədqiq etməyə yol açır.

"Şahbalı qırğını"nda müəllif daşnak Levon ağanın fitnə-fəsadla, ürəyi, qəlbi təmiz Şahbalı camaatını soyqırıma məruz qoymaq, çirkin niyyətini hiylə ilə həyata keçirmək planını faş edərək,  soydaşlarımızın yaşadığı hadisələri təsvir etmişdir. İrəvanın ən ucqar dağ kəndi olan Şahbalıda baş verən qırğın daşnakların həmin dövrdə törətdikləri əməllərin bir qismidir. "El gücü" hekayəsi də 1918-ci il hadisələrinin qərbi Azərbaycanda azərbaycanlılar yaşayan kəndlərdə törədilmiş qırğınlardan bəhs edir. Əsərdə təsvir olunmuş hadisələr, daşnaqların törətdiyi fəlakətlərin gerçək mənzərəsi hansısa rejissorun çəkdiyi bədii film deyil, düz bir əsr əvvəl babalarımızın yaşadığı qanlı-qadalı illərin yaddaş tariximizdən silinməyən ağrılarıdır.

Professor Teymur Əhmədov bütün həyatı, yaradıcılığı boyu mətbuatdan ayrılmamış, ədəbi-publisist yaradıcılığının yolayrıcında elmi tədqiqatlara başlamış və böyük cəsarətlə, uzun illərin axtarış əziyyətlərinə qatlaşaraq ədəbiyyat və mətbuat tariximizi bir çox dəyərli əsərləri ilə zənginləşdirmişdir. Onun ruhu ilə bağlılıq təşkil edən elə mövzular var ki, hər zaman tədqiqatçı alimi bu istiqamətdə yeni axtarışlara sövq edir. Bu mövzular ədəbiyyat tariximiz, milli mətbuatımızın inkişaf yolları, milli münaqişələr zəminində itirilmiş əzəli, qədim torpqlarımızın, soyqırım hadisələrinin xalqın yaddaşında, tərcümeyi-hal tarixində hər zaman oyaq saxlanması, unudulmamasından ötrü yeni və mötəbər qaynaqlar kimi qiymətlidir. Vətən və xalq üçün mücadilə aparan vətənpərvər, maarifpərvər ziyalıların həyat və yardıcılıq yollarının yeni aspektdən öyrənilməsi ədəbiyyatşünas-alimin 60 ildən çox elmi, ədəbi-bədii yaradıcılığının motivini ehtiva edir. Belə bir əhatəliliklə müşahidə olunan yaradıcı ömür öyrənilməli, tədqiq olunmalıdır.

Teymur Əhmədov tədqiqatları, elmi, jurnalistik fəaliyyəti ilə, ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığına, mətbuat tarixinə, ictimai fikrə öz töhfəsini vermişdir. Bu mənada ədəbiyyatşünas alim, yazıçı-publisistin V cilddən ibarət "Seçilmiş əsərləri"nin ideya-bədii xüsusiyyətlərini belə dəyərləndirmək olar:

Teymur Əhmədov neçə onilliklər boyu apardığı çox ciddi araşdırmaları sayəsində vətəninə məhəbbət və sədaqətini, Azərbaycan sevgisini düşüncəsində, ruhunda və əməllərində yaşadan Nəriman Nərimanovun həqiqi, büllurtək saf obrazını yaratmaqla onu xalqına qaytardı. Eləcə də aktuallığını itirməyən bu mövzuda yaradıcılıq işlərini davam etdirməklə N.Nərimanovun fəaliyyətinə  kölgə salan haqsız ittihamları elmi-nəzəri tədqiqatları ilə rədd etdi. T.Əhmədovun bu istiqamətdə gördüyü işlərin miqyası olduqca geniş, həm də davamlıdır. Və bu sahədə aparılan tədqiqatların nəticəsi olan çoxlu sayda əsərlərin meydana gəlməsinə çəkilən zəhmətin bəhrəsi ədəbiyyatşünas alimin N.Nərimanovun xatirəsinə yaratdığı ədəbi-əbədi abidə olması ilə əhəmiyyətlidir.

Ötən əsrin 80-ci illərinin sonunda, milli oyanış dövrünün ilk illərində Azərbaycan demokratik mətbuatının yeni məzmun, ideya istiqamətində, ictimai-siyasi fikrin durulaşdığı zamanda milli jurnalistikamızın inkişafında və yeni dəyərlər kəsb etməsində T.Əhmədovun yaratdığı və redaktoru olduğu "Ata yurdu", "Vətən səsi", "Vətən həsrəti", "Hikmət", "Elturan" "Yeni fikir", "Füyuzat" kimi qəzet və jurnalların meydana gəlməsi, xalqın ictimai-sosial problemlərinin, didərginlik, qaçqınlıq, yurd itkisi ağrılarının işıqlandırılmasında bu mətbuat orqanlarının müstəsna rolu olmuşdur.            Onun publisistikasının ruhundakı cəsarət, mübarizlik, vətənpərvərlik duyğuları ürəyinin işığı, xalqın dərdlərinə bütün varlığı ilə acımaq qəlbinin ağrılardı. Publisistikanın qiymətli nümunələri olan bu məqalələr yeniyetmə və gənclərin tərbiyə olunmasında, vətənpərvərlik ruhunun yüksəlməsində, eləcə də vətənin hər daşının qədrini, qiymətini bilməsində və onu qorumasında böyük əhəmiyyətə malikdir. Publisist milli-mənəvi dəyərlərimizə söykənmiş bütün hadisələrə, ictimai-siyasi, tarixi, mədəni sahələrə, bir sözlə, həyatımızı əks etdirən bütün mövzulara jurnalistika yaradıcılığı ilə öz münasibətini bildirməyə çalışmışdır. Onun bütün mövzuları ruhən, ictimai dəyərlər məcmusu baxımından bir-birinə çox bağlıdır. Onun publisistika yaradıcılığı özünün məfkurəvi mübarizəsi, bu yolda bir sıra ictimai-mənəvi problemlərin qaldırılması və çözülməsi prosesinin təməlçisi olması ilə dəyərlidir.

Professorun 5 cilddə toplanmış əsərləri, ədəbiyyatşünas-alimin, yazıçı-publisistin keçdiyi şərəfli yolu bizdə belə bir fikir yaratdı: O, ilk gəncliyindən ədəbiyyata könül vermiş, bu sahəni dərindən öyrənməyi, araşdırmağı, tədqiq etməyi, həmişə müasir səslənən, aktuallıq kəsb edən mövzularda dərin mündəricəli əsərlər yazmaqla millətə xidmət etməyi qarşısına məqsəd qoymuşdur. Onun ədəbiyyatşünas, ictimai xadim, milli mətbuatımızın öncüllərindən olaraq yaşadığı ömür zəngindir, ibrətamizdir.

P.S. Bu məqalədə məqsədimiz heç də filologiya elmləri doktoru, professor Teymur Əhmədovun tarixilik və müasirliklə müşahidə olunan əsərlərini təhlil etmək olmadı. İstəyimiz, neçə onilliklər boyunca onun ədəbiyyatşünas-alim, yazıçı-publisist fəaliyyətini ehtiva edən sənət dünyasına bir ədəbi ekskurs etmək arzusunu doğurdu. Və sonda bizdə belə bir əminlik yarandı ki, ədəbiyyatımıza, mətbuatımıza, ümumən xalqımıza elm xadiminin əsl ziyalı, vətəndaş xidməti hesab etdiyimiz bu əsərlər gələcəkdə tədqiqatçıların nəzər-diqqətindən yayınmayacaq, ədəbiyyatşünaslığın tədqiqat obyekti olacaq.

 





15.12.2016    çap et  çap et