525.Az

Bu il bir tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb


 

Bu il bir tondan çox narkotik vasitə dövriyyədən çıxarılıb<b style="color:red"></b>

Ötən il ərzində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə aid 2590 fakt aşkar edilib və qanunsuz dövriyyədən ümumi çəkisi 1371 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülüb.


APA-nın məlumatına görə, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının bu gün keçirilən iclasında komissiya sədri, baş nazirin müavini Əli Həsənov bildirib. Onun sözlərinə görə, aşkar edilən cinayət faktlarından 780-i satış, 1660-ı saxlama, 136-sı əkin, 14-ü isə digər faktlar olub. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 49,2 faizini həşiş, 27,4 faizini marixuana, 11,9 faizini tiryək, 7,8 faizini heroin təşkil edib.

 

Ə. Həsənov deyib ki, Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, ölkədə 27910 nəfər narkoman rəsmi qeydiyyatdadır. Onlardan 21999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olan, 567 nəfəri anonim müalicə alanlardır.

 

Komissiya sədri narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsinə qarşı mübarizə aparmağın əsas yolunun real vəziyyəti açıqlamaqdan ibarət olduğunu söyləyib.

 

Komissiyanın İşçi Qrupunun rəhbəri Məzahir Əliyev isə qeyd edib ki, 2012-ci il ərzində narkotiklərlə bağlı cinayət əməllərinə görə 2181 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 74 nəfəri xarici ölkə vətəndaşıdır. Bunlardan 44-ü İran İslam Respublikası, 13-ü Gürcüstan, 9-u Rusiya, 7-si Əfqanıstan, 1-i isə Slovakiya vətəndaşıdır. Əcnəbilərdən ümumilikdə 200 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb.

 

Narkotiklərlə bağlı 465 məhkəmə hökmü üzrə 1452 kq-dan artıq müxtəlif növ narkotik vasitə yandırma üsulu ilə məhv edilib.

 

Ümumilikdə 2007-2012-ci illər ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində 17095 fakt aşkar edilib və qanunsuz dövriyyədən ümumi çəkisi 11 tona yaxın olan müxtəlif növ narkotik vasitə götürülüb.

 

2012-ci ildə müsadirə olunaraq götürülən narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 23 milyon 143 min ABŞ dolları təşkil edib. Ümumilikdə son 5 ildə qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin “qara bazar”da ümumi dəyəri 183 milyon ABŞ dolları təşkil edib.

 

 

 





05.04.2013    çap et  çap et