525.Az

Yol hərəkəti qaydalarına pozmağa görə cəzalar artdı, cərimələr sərtləşdi


 

Yol hərəkəti qaydalarına pozmağa görə cəzalar artdı, cərimələr sərtləşdi<b style="color:red"></b>

Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə və "Yol hərəkəti haqqında" haqqında qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
 
Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına, normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə, nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə və nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə cərimələrin miqdarı 50 manatdan 150 manata qaldırılır.

Əli Hüseynli deyib ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, yalnız yaşı 60-dan yuxarı olan insanlar sürücülük vəsiqəsini dəyişən zaman sağlamlıq haqqında tibbi arayış alacaqlar. Onun sözlərinə görə, yeni avtomobillər istehsal olunduqdan 4 il sonra texniki baxışdan keçəcəklər: “Çünki ilk illərdə avtomobillərin texniki baxışdan keçməsi formal xarakter daşıyacaq. Həm də bu texniki baxış 1 il yox, 2 ildən bir həyata keçiriləcək. Avtomobilin istehsalından 10 il ötəndən sonra isə avtomobil hər il texniki baxışdan keçəcək”.

Əli Hüseynli bildirib ki, sərxoş vəziyyətdə sürücü qəza törədərsə, 1 nəfər həyatını itirəndə 8 ilə, 2 nəfər və daha çox insan həyatını itirərsə, həmin sürücü 12 ilə qədər azadlıqdan məhrum ediləcək.

Millət vəkili Qüdrət Həsənquliyev Almaniya, ABŞ, Koreya kimi ölkələrdə istehsal olunan avtomobillərdə yan şüşələrinə pərdə vurulmasının nəzərdə tutulduğunu nəzərə çatdırıb: “Hətta bəzən avtomobillərin qabaq şüşələrinə də pərdə vurulur. Biz standartdan kənar pərdələrin vurulmasına görə cəza nəzərdə tutmalıyıq. Məsələn, Bakıda tıxaclar çox olur. Yayda temperatur 40 dərəcəyə çatır, kondisioner də avtomobili soyuda bilmir. Bu kimi məqamlar nəzərə alınmalıdır”.

Qüdrət Həsənquliyev 60 yaşdan yuxarı insanların sürücülük vəsiqəsi alarkən tibbi yoxlamadan keçməsi barədə müddəaya da etiraz edib: “Elə insan var ki, 50 yaşında xəstədir, tökülüb itir, ancaq 80 yaşlı insan var ki, sağlamdır. 60 yaş məsələsi diskriminasiyadır”.

Spiker Oqtay Əsədov isə millət vəkilinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində səsvermə zamanı dəyişikliklərin əleyhinə səs vermədiyini xatırladıb.

Qüdrət Həsənquliyev tibbi arayış məsələsinin tamamilə ləğv olunmasını istədiyini bildirib. O, sərxoşluğa görə daha ciddi cəza nəzərdə tutulmasını istəyib.

Millət vəkili Zahid Oruc yol qəzalarının azalması üçün cəzaların sərtləşdirilməsini vacib sayıb. Millət vəkili Sahib Alıyev deyib ki, dəyişiklik şəffaflığın artmasına kömək edəcək: “Ancaq bu dəyişikliklər yol qəzalarının sayını artsa da, əhəmiyyətli təsirə malik olmayacaq. Daha ciddi addımların atılması lazımdır. Bu gün bir həftə ərzində yol qəzaları zamanı həyatını itirənlərin statistikasına baxsaq, görərik ki, Dağlıq Qarabağ savaşı zamanı bir həftə ərzində həyatını itirənlərin sayı ilə eynidir. Bu, əslində yol terrorudur”.

Millət vəkili Qənirə Paşayeva cərimələrin artırılması ilə bu sahədə məsul orqanların işini də təkmilləşdirməsini zəruri sayıb: “O gün yol gedirdim, bir avtomobil təcili yardım maşınının səsi ilə hərəkət edir, digər sürücülərdən yol istəyirdi. Yaxud görürsən ki, avtomobildən hansısa heyvan səsi çıxır. Tibbi arayış da gerçəkdən tibbi arayış xarakteri daşımalıdır”.

İnsanlarımızın laqeydliyi ilə bağlı avtomobillərə texniki baxışın 4 ildən sonra keçirilməsi məsələsinə ehtiyatla yanaşan Qənirə Paşayeva texniki baxışın keçirilməsinin də formal xarakter daşımamasını gərəkli sayıb.

Spiker Oqtay Əsədov deyib ki, bəzi qanunların icrasında problem olur: “Biz keçən il sükan arxasında danışanların cəriməsini 7 manatdan 50 manata qaldırdıq. Ancaq hara gedirsən, yenə də sürücülər mobil telefonla danışır”.

Daxili İşlər Nazirliyi Yol Polis İdarəsi rəisinin müavini Ramiz Hüseynov bildirib ki, 2012-ci ildə sərxoş sürücülər 106 hadisə törədiblər, 42 nəfər ölüb, 105 nəfər yaralanıb. Onun sözlərinə görə, qəzalar və ölənlərin sayı 2011-ci illə müqayisədə artıb. Ramiz Hüseynov sükan arxasında danışan sürücülərlə bağlı cərimələrin miqdarının artırılmasının da tərəfdarı olduqlarını söyləyib.

Millət vəkili Vahid Əhmədov yan pərdə ilə istehsal edilən avtomobillərə qadağa qoyulmasının düzgün olmadığını vurğulayıb və bu məsələyə aydınlıq gətirilməsini istəyib.
Spiker Oqtay Əsədov isə avtomobilin sifariş əsasında aksessuarla birgə gəldiyini bildirib. Ramiz Hüseynov isə qanunla avtomobillərdə yan şüşələrə pərdə çəkilməsinin qadağan olunduğunu qeyd edib.

Millət vəkili Sabir Rüstəmxanlı isə yan pərdə ilə Azərbaycana gələn avtomobillərlə bağlı problemin olduğunu dilə gətirib: “Avtomobili pərdəli alan insan problemlə üzləşir. Məcburdurlar ki, şüşəni tam dəyişsinlər. Digər bir problem şəhərdə tıxaclarla bağlıdır. Bir qayda tətbiq olunsun, məsələn, bir gün şəhərə tək nömrəli, bir gün də cüt nömrəli avtomobillər buraxılsın”.

Spiker Oqtay Əsədov bu gün Bakıda bir çox yerlərdə böyük dayanacaqlar tikildiyini xatırladıb: “Bu dayanacaqlar tikildikdən sonra yeni bir qanunun qəbuluna ehtiyac olacaq. Ancaq əvvəlcə dayanacaq tikilməlidir, yoxsa şəhərə evinə, işə gələn insan avtomobili harada saxlamalıdır? Tək nömrə, cüt nömrə məsələsi tıxac problemini həll etməyəcək. Londonda da bu qayda problemi həll etmədi. Nömrəni lazım olanda tək, laxım olanda cüt edəcəklər”.

Hər 3 qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

 





05.04.2013    çap et  çap et