525.Az

Keçmişini unudanın gələcəyi olmaz


 

TARİXÇİ-POLİTOLOQ ƏRƏSTUN BAXŞƏLİYEV: “HƏR BİR XALQ ÖZ MİLLİ KİMLİYİ VƏ MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİ İLƏ TANINIR”

Keçmişini unudanın gələcəyi olmaz<b style="color:red"></b>

Təəssüf ki, cəmiyyətimizdə bəzən tarixi abidələrimizə biganə münasibət hökm sürür. Müxtəlif vaxtlarda müəssisə, obyekt kimi mənimsənilən bu abidələr az qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Xüsusən tikinti meydanlarında katlavan qazılan zaman aşkar olunan maddi və mənəvi sübutlarımız bir maneə kimi dağıdılaraq tarixdən silinir. Çox təəssüf ki, belədir. Bəzən öz tariximizi özümüz məhv edirik. Yalnız qazanc haqda düşünənlər tarixi irsimizi laqeydliklə baltalayırlar. Çirkli qazanc dalınca qaçan kirli əllər sərhəd tanımır. Belə işbazlar üçün şəxsi maraqlar milli düşüncə və milli maraqlardan daha yuxarıda dayanır. Ancaq keçmişini unudanın gələcəyi olmaz deyiblər.

Sosioloq Əhməd Qəşəmoğlu tarixi abidələrimizin məhv olunmasının dəhşətli bir fakt olduğunu bildirib. O qeyd edib ki, dəfələrlə öz gözləri ilə belə halların şahidi olub: “Şəhidlər Xiyabanından aşağı, üzü Teleteatra gələndə yan-yana bir neçə bina tikilib. Həmin binaların fundamenti qazılanda nə dərəcədə mühüm obyektlərin göründüyünün şahidi olmuşam. Eləcə də paytaxtımızın başqa yerlərində bu kimi acınacaqlı hallarla rastlaşmışam. İşadamı ona görə belə edir ki, həmin yeri almaq üçün olduqca böyük çətinliklərdən keçib. Bir neçəsini yaxından tanıdığım belə işadamlarında heç şübhəsiz, vətənpərvərlik, milli təəssüb hissləri arzu olunan səviyyədə deyil. Əslində onların əksəriyyəti necə böyük bir səhvə yol verdiklərini başa da düşmürlər”.

Ə.Qəşəmoğluya görə, bu məsələyə hələ 25 il əvvəl diqqət yetirilməliydi: bu illər ərzində bir çox tikililərin altında çox mühüm mədəniyyət nümunələri itib batıb. Keçmişi geri qaytara bilməsək də, yenə nəyisə dəyişmək olar. Xüsusilə bu məsələ ilə bağlı qanun qəbul edilməlidir. Bakıda və ölkənin digər ərazilərində, arxeologiya baxımından mühüm olan obyektlərdə ağır konstruksiyalı tikinti işlərinin aparılmasına icazə verilməməlidir. Tikinti üçün torpaq sahələrinin ayrılması zamanı indiki neqativ hallar aradan götürülməlidir. Hər bir obyektin tikintisi zamanı açılan fundamentlərə arxeoloqlar tərəfindən baxışın keçirilməsi və tikintiyə icazə verilməsi bu baxımdan mühüm addım olardı. Lakin bu məsələ bir idarənin üzərinə qoyularsa, yenidən neqativ hallara şərait yarana bilər. Həmin açılmış fundamentlərə eyni zamanda QHT-lər və KİV-lər də baxış keçirə bilməlidir. Tikinti ilə məşğul olan təşkilatların rəhbərləri üçün milli mədəni abidələr, onların əhəmiyyəti, üzə çıxan nümunələrlə neçə davranmaları ilə bağlı kurslar keçirilməlidir. Üzə çıxan mədəniyyət nümunələrini gizlədən, məhv edənlər üçün ağır cəza tədbiri müəyyənləşməli və bu barədə məlumat verənlər mükafatlandırılmalıdır”.

Politoloq Ərəstun Baxşəliyevin fikirlərinə görə, əgər hər hansı bir şəxs düşünə bilsə ki, tarixi yaşatmaq dolayısıyla həmin şəxsin özünün varlığı üçün önəmlidir, o zaman bəlkə də belə hallara çox təsadüf olunmaz. Tarixi yaşatmağın milli-mənəvi dəyərlərimizə sahib çıxmaq anlamını özündə ehtiva etdiyini deyən tarixçi bu baxımdan hər bir xalqın öz milli  kimliyi və milli mənəvi dəyərləri ilə tanındığını dilə gətirib: “Bu dəyərlər xalqın tarixində, eləcə də tarixi özündə qoruyub saxlayan abidələrində daha çox təcəssüm olunur. Əgər bu gün naşılıqdan və cəhalətdən dolayı hər hansı bir abidə dağıdılırsa və ya yoxa çıxarılırsa, təbii ki, bu özümüzə və öz kimliyimizə ən böyük zərbə kimi dəyərləndirilməlidir. Fikrimcə, cəmiyyətimizin, insanlarımızın maarriflənməsinə kifayət qədər ehtiyac var. Məhz bundan sonra biz bu qəbildən olan faktların qarşısını qismən də olsa, ala bilərik. Əslində burada hər bir Azərbaycan vətəndaşı öz dövləti ilə bərabər çalışsa, bu daha effektli olar. Bu gün sevindirici haldır ki, dövlət belə halların qarşısının alınması üçün daha çox çalışır və daha çox səy göstərir. Bu çalışmalarda Heydər Əliyev Fondunun rolu olduqca böyükdür. Bölgələrdə infrasrtuktur layihələrinin həyata keçirilməsi, regionların sosial-iqtisadi inkişafı fonunda atılmış olan addımlar kontekstində tarixi abidələrimizin qorunması və onların rekonstruksiya olunması sözün həqiqi mənasında alqışa layiqdir. İllər öncə “Bakı-Tbilisi-Ceyhan” layihəsi işlənəndə boru kəmərləri keçən yerlərdə böyük tədqiqat işləri aparılaraq tədqiqatın yekunları əsasında dövlətə hesabat verildi. Bakının su ilə təmin olunması üçün “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi əsasında işlər aparılanda isə dövlət tarixi abidələrin məhv olmaması üçün əməli işlər gördü və bununla bağlı lazımi tədqiqat işlərinin aparılması üçün mühüm göstərişlər verdi. Bu gün bizlər də əslində bir vətəndaş olaraq bu məsuliyyəti öz üzərimizdən atmamalıyıq. Əgər təsərrüfat və tikinti işləri aparılan ərazilərdə tarixi abidələrə rast gəlinirsə, ən azından bu barədə yerli bələdiyyə orqanlarına və ya regionların hər birində yaradılan və yenidən qurulan Tarix-diyarşünaslıq muzeylərinə lazımi məlumatlar verilməlidir.

Naxçıvan Milli Elmlər Akademiyasının bu sahədə atmış olduğu addımlar olduqca təqdirəlayiq haldır. Burada demək olar ki, alimlər kənd-kənd dolaşaraq hər bir abidəni qeydə almış, onun qısa xarakteristikasını verməyə çalışmışlar. Ancaq buna baxmayaraq yenə də çatışmamazlıqlar qalmaqdadır. Bu araşdırmalarda qismən olaraq mən özüm də iştirak etdiyim üçün bunu deyə bilirəm. Orada daha çox abidələrin tarixi dövrlərinin müəyyən edilməsində problemlər yaranıb. Misal üçün, Naxçıvan bölgəsində ilk orta əsrlər dönəminin araşdırılmasına çox böyük ehtiyac duyulur. O zaman Vüsalə Qasımlı tərəfindən başladılan genişmiqyaslı tədqiqatlar bu işdə çox böyük nailiyyət oldu. Bu zaman ilk orta əsrlər dönəminə aid abidələr bir-bir qeydə alınaraq tədqiqata cəlb edildi. Burada çox görkəmli tarixçi alimlərdən olan Vəli Baxşəliyevin, Vəli Əliyevin, Bəhlul İbrahimlinin, Səfər Aşurovun və digərlərinin də olduqca müstəsna rolu olub. Hazırda təkcə Naxçıvan deyil, Azərbaycanın digər ərazilərinin də bu səviyyədə öyrənilməsinə böyük ehtiyac var. Təəssüf ki, bu gün biz işğal altında olan torpaqlarımızda bu kimi tədqiqatlar apara bilmirik. Yəqin ki, çox qısa bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapar və bizim tarixçi alimlərimiz burada yerləşən abidələrimizi də belə bir şəkildə genişmiqyaslı tədqiqatlara cəlb etmək imkanına sahib olarlar”.

İbn Xəldunə qədər heç kim tarix fəlsəfəsini yazmağa qət etməyib. Bəşəriyyət bu nəzəriyyəni tarixi hekayə kimi qəbul ediblər. Hələ XIV əsrdə yaşamış ərəb tədqiqatçısı İbn-Xəldun tarixin fəlsəfəsi olduğunu irəli sürərək qeyd edib ki, tarix fəlsəfəsi tarixin tənqidindən daha qüdrətli işdir. Tarixin bir elm olduğunu üzə çıxaran, onun qanunlarını açıqlayan İbn Xəldun tarixi nağıl və hekayə olmaqdan çıxararaq, bu elmin məqsədini ictimai həyatı öyrənmək olaraq qəbul edib. Onun bu iddiasını bəşəri əhəmiyyətli hesab edən mütəfəkkirlər kimi, zidd fikir nümayiş etdirən, əksinə çıxış edərək tarixi bir elm kimi qəbul etməyən ziya sahibləri də az olmayıb. Ən nəhayətdə günümüzdə qeyri-dəqiq elm olaraq qəbul edilən tarixə yeni baxış və yeni qiymət verənlər də az deyil.

Ceyhun ABASOV

 





05.04.2013    çap et  çap et