525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda) 

Onun tərəfdarları xüsusi partiyaya ayrıldılar (ərəbcə bu, “şiə” adlanır, bu sözdən də onların adı olan “şiələr” yaranmışdır).

Onlar hesab edirdilər ki, Əli xüsusi yüksək müqəddəsliyə malikdir və bu, onun birbaşa varislərinə keçir. Əlinin törəmələrindən biri Ölməz Mehdi (xilaskar) şiələrin rəyinə görə dünyanın lap sonundan əvvəl insanların yanına gələcəkdir. Bu ideyalar şiələrlə digər müsəlmanlar - sünnülər arasındakı başlıca mübahisə mövzusudur. Sünnülər Əlini müstəsna dərəcədə nüfuzlu hesab edirlər, ancaq həm də onu adi adam sayırlar. Digər mühüm ehkamlar və rituallar isə onlarda və digərlərində eynidir. İndi şiəlik əsasən İranda, həmçinin İraqda və Azərbaycanda inanc məzhəbidir.

Əlinin ölümündən sonra xilafətdə hakimiyyət Əməvilər nəslindən  olan Müaviyəyə keçdi. Dövlətin paytaxtını o, Dəməşqə köçürdü. Əməvilər dövründə xilafətin qoşunları Şimali Afrikanı fəth edib, 711-ci ildə Gibraltar boğazından Avropaya keçərək, vestqotları darmadağın etdilər və bütün Pireney yarımadasını tutdular. Şərqdə ərəblər Hindistana və Çinin sərhədinə çatdılar. Xilafət o vaxtkı dünyanın yarısını tutaraq öz siyasi qüdrətinin zenitinə çatdı.

Əməvilər sülaləsindən olan və 685-705-ci illərdə xəlifəlik etmiş Əbd əl- Malik hökmranlığının ilk yeddi ilində süqut ərəfəsi ilə üzləşməli oldu. Bizanslılar müsəlmanlardan Ermənistanı aldılar, İraqda isə qureyşli ağalıq edirdi, Bəsrədə xaricitlər möhkəmlənmişdi, Kufədə isə - şiələr hakim mövqedə idi. Ona xilafətin zədələnmiş birliyini çətinliklə bərpa etmək nəsib oldu. Ondan sonra Əbd əl-Malik dövləti yenidən qurmağa başladı.

Əbd əl-Malikin dövründə ərəb dili xilafətin rəsmi dilinə çevrildi, bütün dövlət sənədləri həm paytaxtda, həm də əyalətlərdə bu vaxtdan etibarən ərəb dilində yazılmağa başlandı, əvvəllər isə bu sənədlər işğal edilmiş xalqların dilində tərtib olunurdu. Bu tədbir imperiyanın birliyini xeyli möhkəmləndirdi. O, xilafətdə pul islahatı apardı və imperiyanın öz sikkələri meydana çıxdı, onlar Bizans və İran pullarını əvəz etdi. Dəməşqin sikkə düzəldən müəssisəsində qızıl dinarlar və gümüş dirhəmlər buraxılırdı, əyalətlərdə isə yalnız gümüş sikkələr döyülürdü. Əbd əl-Malik həmçinin vergi qoyulmasını qaydaya saldı və ordunu islahata uğratdı

Yerusəlimdə o, möhtəşəm Qübbət əs-Səhra (“Qaya qübbəsi”) məscidini çox qədim Solomon (Süleyman) məbədinin yerində ucaltdı.

Əməvilərin ağalığını daxili çəkişmələr gücdən saldı. Peyğəmbərin dayısı Abbasın törəmələri xəlifəyə qarşı üsyan qaldırdılar. Onları şiələr və Şərqi iranlılar dəstəklədilər. 749-cu ildə qiyamçıların qoşunu pers Abu Müslimin başçılığı altında taxt-taca ilk Abbasi xəlifəsini yüksəltdilər. Abbasilər paytaxtı Bağdada köçürdülər və müsəlman imperiyasına XIII əsrin ortalarına qədər hökmranlıq etdilər. Abbasilər epoxasında müsəlmanların hərbi qızğınlığı tədricən yoxa çıxdı, Bağdad xilafətinin özü isə müstəqil dövlətlərə parçalandı.

Əməvilərin qoşunu Pireneydən keçərək İspaniyanı tutub, cənubi Fransaya sahib oldu. Xəlifə I Validin on illik hökmranlığı dövründə əməvilərin işğal siyasəti davam etdirildi. Şərqdə və qərbdə ərəblər sürətli qələbələr çaldılar. Onlar Şimali Afrikaya sahib olduqdan sonra Tarik ibn Ziyadın başçılığı altında ərəb qoşunu 711-ci ildə Gibraltar boğazını keçib Avropa torpağına qədəm basdı. 1200 il bundan əvvəl Kserksin başçılığı altında perslər Yunanıstanı tutmağa cəhd etsə də, Salamin dəniz döyüşündəki ağır məğlubiyyətdən sonra geri, Asiyaya çəkilməli oldular. Asiyalılar, daha doğrusu ərəblər (mavrlar) Pireney yarımadasını işğal etməyə başladılar. İspaniya sahillərindəki qaya o vaxtdan Tarik dağı - ərəbcə Cebel üt-Tarik adlanır və ispanların tələffüzündə bu söz “Gibraltar” kimi səslənir. 715-ci ildə bütün İteriya yarımadası müsəlmanların əlində idi. Əməvilər isə bu vaxt öz qüdrətlərinin zirvəsinə çatmışdılar.

Lakin Fransanın cənubunun işğalının davamı uğurlu olmadı. Frank mayordomu Karl Martell ərəbləri məğlub etdi, bu vaxt onlar Luara çayına qədər çatmışdılar. Bu məğlubiyyətə baxmayaraq, ərəblər hələ bir neçə onillik Provans əyalətində hakimiyyəti əllərində saxladılar.

Müsəlman işğalçılarının hərbi ekskanstisiyası Avropaya ərəb incəsənətinin və fəlsəfəsinin daxil olmasına şərait yaratdı. Ərəb mədəniyyəti Qərbi Avropada təbabətin və təbii elmlərin inkişafına təkan verdi. İspaniyanın cənubunda səkkiz əsr ərzində mövcud olan Əl-Əndəlus sivilizasiyası Avropaya elmi və mədəni inkişaf epoxasını töhfə verdi.

750-ci ildə Əməvilər sülaləsini xilafətin taxt-tacında Abbasilər əvəz etdi. Onlar öz yollarını peyğəmbər Məhəmmədin əmisi və ardıcılı Abbasa bağlayırdılar. Onlar Əməvilərə qarşı mübarizədə xilafətin şərqində dəstək tapdılar. Şərqi iraqlıların arasında ərəblərin hökmranlığına olan narazılıq artmışdı. Hələ 747-ci ildə üsyan etmiş iranlıların lideri Əbu Muslim - Xorasanda Abbasilərin qara bayrağını qaldırmışdı. 750-ci ildə axırıncı Əməvi xəlifəsi olan II Mervan üzərində qələbədən sonra xilafət yeni sülalənin banisi olan Əbulabbas Saffahın əlinə keçdi. O, əməviləri rəhmsizliklə məhv edirdi. Yalnız gənc Əbd ər-Rəhmana Əndəlusa qaça bilmək nəsib oldu, burada o, 756-cı ildə Kordoba əmirliyini yaratdı.

Beləliklə, bu vaxt iki xilafət mövcud oldu - Abbasilərin Bağdad xilafəti, əməvilərin Kordoba xilafəti və axırıncı ispan dünyasında yeganə qanuni hakimiyyət olduğunu iddia edirdi. Kordoba müsəlmanların dini mərkəzinə çevrilir. Şəhərdə 3 min məscid tikilmişdi.

Abbasiləri dəstəkləyən iranlılar əsasən İslamın şiə qoluna mənsub idilər. Lakin Abbasilər xilafətə sahib olduqdan sonra tezliklə şiəlikdən ayrıldılar və özlərinin sünnülüyün tərəfdarı olduqlarını göstərdilər. Buna baxmayaraq, iranlıların xilafətdə rolu xeyli artdı. Abbasilərin paytaxtı Bağdadda (şəhər 762-ci ildə yenidən tikilmişdi) küçələrdə və sarayda fars dili tədricən ərəb dilini sıxışdırdı. Öz sələflərindən fərqli olan Abbasilər heç də qələbələri ilə öyünə bilməzdilər, ona görə də imperiyanı parçalanmaqdan saxlaya bilmədilər. XII-XIII əsrlərdə onlar türk hökmdarlarının tabeliyində oldular. Lakin Abbasilərin idarə etməsi tarixə ərəb-müsəlman mədəniyyətinin və elminin çiçəklənməsi epoxası kimi daxil oldu.

Abbasi sülaləsi 1258-ci ilə qədər hökmranlıq etdi və xilafət ilə birlikdə süqut etdi. Onları monqol işğalçıları məhv etdilər. Müsəlmanların yaddaşında Abbasi xilafətinin “qızıl dövrü” kimi qalan illər Harun ər-Rəşidin idarəçiliyinə aiddir. Xəlifə öz hakimiyyətini möhkəmləndirərək İran nəslindən olan Barmakilərin böyük qüdrətini cilovlaya bildi. Onlar mühüm dövlət vəzifələrini tuturdular. İmperiyanın ərazilərindəki dinc həyat sənətkarlığın və ticarətin inkişafına səbəb oldu.

Xəlifənin Bağdad sarayı intellektual və bədii yaradıcılıq həyatının mərkəzi olaraq qalırdı.

Lakin artıq Harun ər-Rəşidin vaxtında xilafətin kənar regionlarında mərkəzdənqaçma qüvvələri açıqca görünürdü. Xəlifə qiyamları yatıra bilmədi. Ancaq Harun ər-Rəşid öz dövründə böyük populyarlıq qazanmışdı, onu ədalətli hökmdar hesab edirdilər. “Min bir gecə” nağılları isə öz növbəsində Harun ər-Rəşid mifi yaratdı.

Abbasilərin idarə etməsi dövründə, bu yarım minillik bir dövrü əhatə edir, müsəlman elmi xüsusi inkişaf əldə etmişdi. Bağdadda məşhur tərcümə mərkəzi meydana gəlmişdi, burada yunan, Suriya və pəhləvi dillərindəki bütün bilik sahələrinə məxsus olan əsərlər ərəb dilinə tərcümə olunurdu. Aristotelin, Platonun və neoplatoniklərin fəlsəfi əsərləri, Yevklidin, Arximedin və Ptolomeyin təbiət elmlərinə aid traktatları, Hippokratın tibb traktatları ərəb dilində yeni həyat qazandılar. Bir qədər sonra bu kitablar Qərbi Avropada ərəb dilindən latın dilinə tərcümə olundu.

Qədim yunanların nailiyyətlərinə arxalanaraq müsəlmanlar astronomiyada və astrologiyada, matematikada, coğrafiyada, əlkimyada parlaq uğurlar qazandılar. Müsəlman ilahiyyatı və fəlsəfə də xüsusi inkişafa çatdı.

Özündən sonra 150 əsər qoyub getmiş İbn Sina (980-1037-ci illər) tibb elmində böyük nüfuz sahibi idi. Onun “Həkimlik elminin qanunu” əsəri Avropanın tibb fakültələrində öyrədilirdi.

Abbasilər özləri hərbi uğurları ilə öyünə bilməsələr də, bu dövrdə Tunis ərəbləri sülaləsi olan Aqlabidlər Siciliyanı, sonra isə Cənubi İtaliyanı tutdular. Şimali Afrika ərəblərinin Bağdad xilafətindən azad olmaq istəyi hələ VIII əsrin ortalarında meydana gəlmişdi. Mərakeş müstəqillik əldə etmişdi. Bundan sonra Abbasilər Tunis və Əlcəzairin şərq hissəsində İfrikiya adlanan sərhəd markası yaratmış və onun sərhəd müdafiəsini yerli sülalə olan Aqlabidlərə tapşırmışdı. Aqlabidlər Abbasilərin valiləri olsalar da, onlar tezliklə tam müstəqillik əldə etmişdilər və İfrikiyanı məğribdəki ən qüdrətli dövlətə çevirmişdilər. Şimali Afrika iqtisadiyyatı inkişaf etməyə başlamışdı. Lakin tezliklə yeni dövlət öz təbəələrinin diqqətini daxili münaqişələrdən yayındırmaq üçün işğallara əl atdı. Bizansla müharibədə Kriti, bir il sonra, 827-ci ildə Siciliya və Cənubi İtaliyanı tutdu.  

Səlcuqlar, Osmanlı imperiyası və Persiya 

X əsrdə isə türkdilli xalq olan oğuz-türkmən tayfaları Orta Asiyanın cənubundan köçməyə başladılar, onları sonralar öz liderlərinin adı ilə Səlcuqlar adlandırdılar. Onlar 960-cı ildə islamı qəbul etdilər. XI əsrin ortalarında onlar İranı özlərinə tabe etdilər, 1050-ci ildə isə Bağdadı götürdülər. Xəlifə onların hərbi rəisi Toğrul bəyə sultan titulunu verdi. Onun varisi Alp Arslanın vaxtında isə (1063-1072-ci illər) türklər Kiçik Asiyanın şərqinə girdilər. Bizanslılar üzərində Manzikertdəki 1071-ci ildəki qələbə türklərə Kiçik Asiyanı işğal etmək üçün yol açdı, burada bir neçə türk əmirlikləri yarandı, onlardan ən böyüyü Rum əmirliyi idi. Sonra onlar Fatimidlərdən Yerusəlimi, Palestinanın və Suriyanın digər şəhərlərini aldılar.

Səlcuqların basqınlarından sonra xristianların Palestinanın müqəddəs yerlərinə gəlmələri çox çətinləşdi. Xristianların sıxışdırılması xəbəri bütün Avropaya yayılmaqla, Şərqə Səlib yürüşlərinin təşkili üçün başlıca səbəb oldu. Bizans imperatoru da bu ideyanı dəstəklədi, çünki onların köməyi ilə Kiçik Asiyada itirilmiş torpaqlarını geri qaytarmaq istəyirdi.

1300-cü ilə yaxın isə Osmanlı sülaləsinin banisi, türk tayfası Kayıdan olan I Osman tarixdə mühüm rol oynayacaq imperiyanın yaranması üçün birinci addımı atdı. XIII əsrdə Kayı türkləri monqol işğalçılarından qurtulmaq üçün Orta Asiyadan köçüb səlcuqların Rum sultanlığına gəldilər. Burada tayfanın başçısı Ertoğrul Bizans torpaqlarının lap sərhədində kiçik ərazi aldı, bu torpağı 1288-ci ildə onun oğlu Osman vərəsə kimi götürdü. XIV əsrin əvvəllərində Rum sultanlığı on əmirliyə parçalandı. Bundan sonra Kiçik Asiyadakı Bizans ərazilərinin xeyli hissəsini tutan əmir Osman özünü müstəqil hökmdar elan etdi və Adrianopolu (Ədirnəni) XIV əsrin sonunda özünə paytaxt edən Osmanlı dövləti artıq cənubi-şərqi Avropada ağalığını qurmağa can atdı. Konstantinopol 1453-cü ildə işğal edilənə qədər Adrianopol 88 il ərzində Osmanlı türklərinin paytaxtı oldu. Buradan onlar Balkan yarımadasındakı Bizans torpaqlarını və ya Rumeliyanı tutmağa başladılar.

Konstantinopolun işğalı isə Bizans dövlətinin varlığına son qoymaqla yanaşı, Osmanlı imperiyasının böyük hərbi zəfərinə səbəb oldu. Bizansın son imperatoru XI Konstantin Paleoloq özünün paytaxt şəhəri tutulanda həlak oldu və beləliklə, sultan II Mehmet Fatehin bu işğalı Bizansın minillik tarixini başa çatdırdı. Konstantinopolun tutulması Avropanın dini və siyasi həyatında böyük dəyişikliklərə səbəb oldu. Osmanlı imperiyasının nüfuzu yüksəldi, o öz qoşunlarına hədə gələn qüdrətli Asiya-Avropa dövlətinə çevrildi. Qorxuya düşən Avropa dövlətləri Qərb xristian sivilizasiyanı birlikdə müdafiə etməyi özlərinin başlıca vəzifəsi hesab etdilər. Avropa Qara dənizə girişdən məhrum oldu. Təhlükə hesabına Şərqlə ticarət xeyli zəiflədi.

(Ardı var)

 





19.12.2016    çap et  çap et