525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920)

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov 

Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

(Əvvəli ötən şənbə sayımızda)

Qəbul olunan layiheyi-qanuniyyə budur:

1- Azərbaycan Məclisi-Məbusanının mühafizəsi üçün 200 nəfərdən mütəşəkkil bir qorucu bölügü təşkil olunur.

2- Qorucu bölügü Məclisi-Məbusan Divani-Rəyasəti təhti-idarəsində bulunacaqdır.

3- Qorucu bölügünə komandanlar və nəfərlər dəvəti rəyasət ixtiyarındadır.

4- Qorucu bölügünün məsarifi üçün bu layihəyə əlavə olunan məsarif surəti üzrə sənədə 2 milyon 200 min manat dövlət xəzinəsindən buraxılıyor.

Sədr - Növbədəki məsələ parlaman mülkünün məxaric smetasıdır. Söz büdcə-maliyyə komisyonu sədri Əbuzər bəy Rzayevindir.

Əbuzər bəy - (Oxuyur).

1- Məclisi-Məbusan nəzarətçisi (1) ayda 1000 manat

Nəzarətçi müavini (1) 800

Qapıçı (3) 550

Xidmətçi (4) 550

Sil-süpürücü - 550

Dalandar (2) 550

2- 1919-cu il müddətinə lazım olan yanacaq:

5 ay müddətinə 34 soba üçün:

Neft - 90946 manat

Karanka

Kayronka (bağlı) 520

3- Mənzillərin işığı - 13000 manat

4- Zənglərin tərkibi - 4800

5- 8 telefon və 5 əlavəsi - 6500

6- Təmirati-cariyyə - 6000 manat

7- su yolu və qapı, pəncərə və sairənin təmizlənməsi - 18000 manat

8- Dəftərxanə üçün qənd-çay ildə - 8000 manat

9- Sandalya və sair ləvazim - 100.000 manat

10- Xüsusi ittifaqlarda müavinəti nəqdiyyə - 12000 manat

Maliyyə komisyonu bu layihəyə baxaraq bəzi yerlərini təshih etmişdir. İştə protokol:

Məclisi-Məbusana ləvazim heyəti tərəfindən parlaman mülkünün və onun xədəmə və məmurlarının məxarici həqqində təqdim olunan smeta müzakirə edilərək atidəki, təshih ilə qəbul olunur:

1- Birinci maddə 4-cü fəsil: dörd xidmətçi əvəzinə 2 olmalıdır.

2- Üçüncü maddədəki işıq xərci - 3000 manat olmalıdır.

3- Beşinci maddə telefon xərci - 3000 olmalıdır.

4- Altıncı maddədə göstərilən xərc - 3000 manat olmalıdır.

5- Yeddinci maddədəki xərc - 1000 manat olmalıdır.

6- Səkkizinci maddədən qənd çıxarılmalı və xərc 6000 manat olmalıdır.

7- Onuncu maddədəki xərc - 253216 manat olmalıdır.

Sədr - Bu barədə danışmaq istəyən varsa buyursun. Parlaman etiraz etmiyorsa səsə qoyuram (Ruscaya tərcümə edilir). Parlaman binasının məxarici 1918 dekabr ayı ilə bərabər 13 ay müddətinə maliyyə komisyonu tərəfindən 253216 manat qəbul olunur. Təfsilatı eşitdiniz, hər kəs bunu qəbul ediyorsa əlini qaldırsın (Əllər qalxıyor). Demək müttəhidülrəy qəbul olunur.

“Azərbaycan”, 21 fevral 1919, №119

Xassə - qvardiya
Mayəhtac - insana gərəkli şeylər
Mütəbaqi - artıq qalanı
İblağ - çatdırmaq
Təəyyüş - yaşama
Təsmiyyə - adlandırma
Fövc - dəstə

Azərbaycan Məclisi-Məbusanında

(keçən nömrədən mabəd)

Dəmiryol təarifəsi 

Sədr - Növbədəki məsələ dəmiryol təariflərinin təzayüdi həqqindəki layihədir. Söz maliyyə-büdcə komissiyası sədri Əbuzər bəy Rzayevindir.

Rzayev - Məlumdur ki, axır zamanlar dəmiryol xidmətçi və zəhmətkeşlərinin məvacibi artırılmışdır. Ondan bəri dövlət hər ay dəmiryolundan 8 milyon manat zərər çəkir. Bu zərəri azaltmaq qəsdilə təriq və məabir nəzarəti təariflərin artması həqqində bir layihə hazırlayıb təqdim etmişdir. Büdcə komissiyası məzkur qanun layihəsini müzakirə və bir qədər təshihdən sonra parlamana təqdim ediyor.

Layihədə birinci klas qiymətinin 1918-ci il qiymətlərinə nisbətən 10 dəfə artırılması təsəvvür olunmuyordu. Biz isək 15 dəfə artırıyoruz. İkinci klas nəzarət layihəsində 8 dəfə artırılmışdır. Biz 12 qat artırıyoruz. Üçüncü klas 6 dəfə artırılmışdı, biz 10 dəfə artırdıq. Bir də klasları nəzərə alaraq 4-cü klas vaqon buraxılıyor, bunun bileti 3-cü klasın yarı qiymətində olacaqdır.

Müəllimlər bileti qiyməti əvvəlki qərar üzrə qalır.

Bakı-Sabunci-Suraxana yolunda vaqonlar əksərən fəhlə üçün olduqlarından qiymətləri artırılmıyor. Hər bir yük vaqonu konduqtorunun məvacibi 10 qat artırılmışdır. Baqaj və sərnişin surətilə aparılan yüklərin kirayəsi köhnə qiymətə qarşı 24 və seym rəqəmlərinə nisbətən iki qat artırılıyor. Böyük və kiçik surətlə göndərilən mallara 16 (seymə nisbətən 2 qat) artırılıyor. Malların mühafizəsi üçün alınan 5/1 qəpik vergi şimdi 5 qəpi-yədək artırılıyor. Komisyon vergiləri 5 qat artırılıyor. Rayon komitəsi məsarifi üçün neft vaqonları da daxil olaraq hər vaqondan alınan vergi 5 manat artırılıyor. Əskəri və xüsusi yüngül şəraitli təarifə ləğv ediliyor. Stansiyon məxarici 6 qat artırı-lıyor. Malı yükləmək və vaqondan düşürmək xərci 9 qat artırılıyor. Qapan xərci 9 dəfə artıyor. Mövqüflərdə yükləri saxlamaq üçün alınan vergi 25 qat artırılıyor.

Bu layihə üzrə artırılmış təarifə müvafiqən daxildə tətbiq ediləcəkdir: beynəlmiləl nəqliyyat xəttində Gürcüstan ilə Azərbaycan arasında əqd edilmiş olan tranzit müqavilənaməsinin 10-cu maddəsi mövcibincə bu təariflərin beynəlmiləl bir miqyasda tətbiqi üçün Gürcüstan hökumətilə saziş husuli lazımdır. Bu barədə müzakirat dəvam ediyor. Maliyyə-büdcə komisyonu bu təarifə layihəsinin qəbulunu təklif ediyor.

Sədr - Söz təriq və məabir naziri Xudad bəy Məlikaslanovundur.

Məlikaslanov - Hökumətin layihəsilə büdcə komisyonu layihəsi arasında bir qədər təfavüt var. Məsələn, biz birinci və ikinci klas biletini 12 dəfə artırmışdıq, komissiyə 15 dəfə artırmışdır. Fəqət hökumət tərəfindən bu təshihlərə məmaniət yoxdur. Burada bir iş var ki, Gürcüstan hökumətilə bizim aramızda olan tranzit müqavilənaməsinin 10-cu maddəsi mövcibincə Azərbaycan ilə Gürcüstan arasında biri-birinə göndərilən yüklər təarifəsinin artırılması hər iki tərəfin rizasilə olmalıdır. Ona görə də layihənin axırında bu xüsusi qeyd edilmişdir. Əgər gürcülər bu layihəyi tamamilə qəbul etməsələr, yenidən müzakirat başlamalı olacaqdır. Fəqət təariflərdən bir neçəsi var ki, Gürcüstan qəbul etmişdir. Və bu barədə danışığa məhəl yoxdur. Biz isək müvəqqəti layihəsi tamamilə qəbul edib daxildə tamamilə də tətbiq edə bilərik. Amma beynəlmiləl münasibətdə onlarsız qəbul etmək olmaz.

Sədr - Söz Mustafa Mahmudovundur. (Danışmaq istəmiyor) İbrahim Əbilov:

İbrahim Əbilov - (Sosialist) Dəmiryol qulluqçularının məvacibi artırılarkən təariflərin də artırılması barəsində danışıq olmuşdu. Biz demişdik ki, kirayələrin artırılmasilə ərzaq şeyləri də bahalanacaqdır. Biz o vəqt dedik ki, kirayə artırılmasın, çünki burası fəhlələrin yeni tələbatına bais olar. Ona görə ərzaq şeylərinin ucuzlaşması üçün tədbir görülsün. Lakin görüyorsunuz ki, fəhlələrə verilən məvacib onları təmin etmədigi bir halda kirayələrin artırılmasilə şeylər daha da bahalanacaqdır. Biz keçən dəfə də dedik ki, kirayə bir manat artırılsa, alış-verişçilər bir manat əvəzinə əşyanın üstünə 5-10 manat gələcəklərdir. Malların qiymətini bahalandıracaqlar əleyhinə hökumət heç bir tədbir görmüyor. Möhtəkirlərin iştəhasına bir səd çəkmiyor bu layihəyi qəbul etməklə onların iştəhasını daha da artırmış oluruz. Layiheyi-maliyyə, büdcə komisyonunda müzakirə edilərkən bizim fraksiyamızın nümayəndəsi iştirak edib, səs verməmişdir. Bir də məzkur layihə heç fraksiyalarda müzakirə edilməmişdir. Neçə dəfə burada danışılmışdır ki, parlamana təqdim olunan layihələr əvvəlcə fraksiyalara göndərilsin. Tainki hər fraksiya öz rəyini deyə bilsin. Bir dəfə burada oxumaqla işdən xəbərdar olmaq mümkün olmadığından fraksiyamız tərəfindən təklif ediyoram həm bu layihə, həm də bundan sonra idxal olunacaq ümum layihələr surəti əvvəlcə fraksiyalara göndərilsin. Bizim fraksiyamız əsasən təariflərin artırılmasına ziddir.

Sədr - Söz hökumət üzvü Məlikaslanovundur.

Məlikaslanov - Biz bu qanuni hələ çox ləngə salmışıq. Səbəbi də ki, budur ki, Gürcüstan ilə bağladığımız şərtnaməyə görə biz gərək dəmiryolu təarifəsi həqqindəki tədbirlərimizi biri-birimizin rizası ilə görək. Bu cür bir qanun çoxdan gərək qəbul edlilmiş olaydı. Çünki siz biliyorsunuz ki, hər bir şey bahalanmışdır. Məvaciblər artırılmışdır. Hətta dəmiryoluna lazım olan şeylər 100-200 dəfə bahalanmışdır. Halbuki, biz təarifəyi 6-7-8 qat artırmışıq. Dəmiryol əmələsi və xidmətçilərinin məvacibini artırarkən biz fikir etmişdik ki, təarifəyi də artıraq. Lakin Gürcüstan ilə bağladığımız şərtnamə dolayısı ilə bu vəqtədək gecikmişdir. Bu gecikməyə görə gündə bizim 60, 70, 80 min manata qədər zərərimiz oluyor. Ona görə də bu qanunu müstəsna tutaraq təcili surətdə qəbul etməniz təvəqqe olunur. Əgər imdi bu qanunu qəbul etməsəniz, zərərimiz get-gedə artar, zənnimizcə bu məsələyi fraksiyalara versəniz də, heç bir şey dəyişə bilməz. Çünki büdcə-maliyyə komissiyasında bütün firqələrin nümayəndələri olduğu halda qəbul olunmuşdur. Bən xahiş edirəm bu gün məsələyə baxıb qurtarasınız ki, xəzinəyə zərər dəgməsin. Mötərəm məbuslar! Siz biliyorsunuz ki, Azərbaycanın mədaxil mənbəi ancaq neft ilə dəmiryoludur. Hal-hazırda vətənimizdən istədigmiz qədər neft ixrac edəmmiyoruz. Dəmiryollarımız da bu halda bunca zərər veriliyor. Vəhalon ki, Rusiyanın ən mədaxilli yollarından biri də Qafqasiya dəmiryolu idi. Əgər işlər böylə gedərsə, xəzinə əlbəttə çox zərər çəkər. Tək kağız pul kəsməklə bir nəticə əldə ediləməz. Kağız pul nə qədər artıq çıxsa, qiyməti o qədər əksilər. Və hər şey o nisbətdə bahalaşar. Bunun müqabilinə öylə tədbir görməlidir ki, əhalidən bir şey çıxarıb zərərimizi onunla bir qədər yüngülləşdirək.

Sədr - Daha söz istəyən yoxdur ki? Söz doktor Rəfiyevindir.

Rəfiyev - Əbilov cənablarının söylədikləri doğrudur. Hər bir qanun parlamanın ümumi iclasında müzakirə edilmədən əvvəl fraksiyalara göndərilməlidir ki, fraksiyalar onunla aşina olsunlar ki, qanuni səsə qoyanda nəyə səs verdiklərini bilsinlər. Amma bu layihə təcilidir. Təriq və məabir naziri söylədi ki, Qafqasiya dəmiryolu həmişə xəzinəyə mənfəət gətirən bir yoldur. Şimdi siz bu yolun mədaxilinə baxsanız görərsiniz ki, dekabr ayında 5 milyon mədaxil vermişdir, yanvarda da bu miqdardan artıq olmamışdır. Amma yanvardan bəri məvaciblər artırılmış olduğundan məxaric 13 milyona qalxmışdır. Görüyorsunuz ki, bu surətlə ayda 8 milyon manat zərər hasil oluyor.  Şimdi əgər bu təariflər artırılmasa, o halda dəmiryolu həmişə mənfəət gətirmiş olduğu halda imdi hər ay 8 milyon olmaq üzrə ildə 96, bəlkə 100 milyon manat zərər verəcəkdir. Azərbaycanın cəmi məxarici ayda 600 milyondur. Bunun da beşdən bir hissəsi dəmiryoluna düşür. Heç bir xəzinə buna dayanamaz. Öylə isə tədbir görməlidir ki, barı bu vəqtədək əsasən mənfəət verməkdə olan müəssisələr heç olmasa mənfəət gətirməsə də zərər də verməsinlər. Binaənileyh bən təklif edərdim təriq və məabir nəzarətinin bu layihəsi qəbul edilsin ki, tezlik ilə tətbiq oluna bilsin.

Sədr - Söz İbrahim Əbilovundur.

Əbilov - Bən məsələnin əsası üstündə danışmaq istədim. Yalnız dedim ki, layihə fraksiyalara verilmiş olsaydı, bəlkə dəmiryolu mədaxilinin artması barəsində ayrı yollar tapmaq olar. Bu surətlə də xəzinənin zərəri qapadılardı. Şimdi biz dəmiryolunun sair mədaxillərini bilmiyoruz ki, fikrimizi bəyan edək. Doktor Rəfiyev layihənin fraksiyalara verilməsi əleyhinə olaraq diyor ki, qanun təcilidir.

Möhtərəm məbuslar! Xatirinizdə varmı ki, keçən iclasın birində də yenə bir qanun layihəsi təqdim olunduqda təcilidir deyə təsdiq etdirildi. Hər dəfə də böylə ola bilər. Ona görə biz təklif ediyoruq qanun layihələri bir həftə qabaq fraksiyalara göndərilsin ki, fraksiyalar qabaqca öz arasında müzakirə edib parlamanda da məsələyə baxıldıqda nəyə səs verdiklərini bilsinlər. Bir də dedilər qanun fraksiyaya verilsə gecikəcəkdir. Bir qanun nə qədər təcili olursa bir həftə təxir ilə keç olmaz. Halbuki tədqiq olunmadan qəbul edilsə, nəticəsi yaxşı çıxmaz. Deyirlər dəmiryolu zərər veriyor. Bəli veriyor. Lakin gərək sair mədaxil yollarını da düşünək. Məsələn bilet məsələsindən başqa qeyri işləri dəgişdirmək vaqonları artırmaq və daha nə kibi yolları varsa ətraflıca düşünərək tapmaq ilə işi dəxi də yaxşı düzəltmək olar. Heç düşünmüyoruz ki, bilet qiymətlərini artırmaqdan hasil olan kardan daha böyük zərər qaçaq surətilə biletsiz gedənlərdən hasil olar. Bu qiymətlərin artırılmasilə bəlkə bir paraların mədaxili daha da artacaqdır. Ğeyri-bir çox şeylər də var ki, onlardan mədaxili artırmaq olar nəinki, yalnız malların təarifəsini artırmaqla. Bununla zərər qapanmaz. Tutalım ki, biz təarifəyi artırdıq, haman dəm alış-verişçilər bundan istifadə edib siz bir manat artıranda onlar 5-10 manat artıracaqlar ki, fəhlə bahalıqdan dolayı məvaciblərinin artırılmasını tələb edəcəkdir. Sonra da biz yığışıb deyəcəgiz bu fəhlələrə baxın dünən məvacibini artırmışıq, bu gün genə tələb edirlər, bu insafsızlıqdır - deyəcəgiz. Layihəyə keçərək diyoruz ki, nə dəmiryolundan xəbərimiz var, nə də qanundan. Ona görə təklif ediyoruz qanunlar qabaqca fraksiyalara verilsinlər, sonra parlaman müzakirəsinə qoyulsunlar. Nə qədər təcili olsa da fraksiyaya göndərmək lazımdır.

(Ardı var)

 





19.12.2016    çap et  çap et