525.Az

Kirayə arzular


 

Kirayə arzular<b style="color:red"></b>

Əlvida, Hüseyn Cavid prospekti!

Azmayım deyə elə gəldiyim küçələrlə Nizami metrosuna qayıtdım. Yol boyu götür-qoy etdim. Evin sahibəsinə, ən əsası Yeganəyə nə deyəcəyimi düşündüm. Yenə qıza yazığım gəldi. Axı, o zavallı da mənim kimi evdən qurtulmaq istəyirdi. Ürəyim əriyib fikirlərimi yemək istəsə də, yaddaşım buna aman vermədi. Sahibənin qızlarının ədası, Yeganənin kobudluğu, hətta şamaxılı ədiblərin “gecələri” kinolent kimi eynəyimin önündən keçdi. Düşündüm ki, bəlkə evə çatan kimi elə düzünü söyləyim? Deyim ki, hamınızdan bezdiyimə görə canımı götürüb gedirəm. Sonra fikirləşdim ki, belə işdə insanın karına ancaq yalan gəlir. Bəs, çox sevdiyim “ən böyük biclik düzlükdür” kəlamı necə olsun? Düzü, bir anlıq özüm-özümdən utandım. Amma nəsə uydurmağa məcbur idim...  

Qapını açıb içəri daxil olanda sahibənin böyük qızı kərpiclə cins şalvarını döyəcləyirdi. Yazıq şalvarın dili olsaydı, bəlkə də harayı bütün prospekti bürüyərdi. Qızla salamlaşanda heç üzümə belə baxmadı. Özümü mətbəxə atdım. Mətbəxtdə içi tərəvəzlərlə dolu olan balonlar yenə karvan kimi sıraya düzülmüşdü. Balonlar sınmasın deyə ayağımın ucunda otağa keçdim. Yeganə çarpayısında uzanıb kitab oxuyurdu. Üzümə belə baxmadı. Heç elə bil bir həftə öncə mənimlə küçələrə düşüb ev axtaran bu deyildi. Düşündüm ki, bir neçə günün içində bir-birimizdən ildırım sürəti ilə necə uzaqlaşmışıq? Bəlkə tikəmizi yarı bölmədik, ona görədir? Axı, un məhsulunun ən müqəddəs növü əlaqələri möhkəmləndirir (indi düşünürəm ki, insanlar kökəlməsinlər deyə çörəyi azaldandan münasibətlər də korlanıb).    

...Yeganə kitabı tumbanın üzərinə qoyub yerindən sıçrayanda elə bildim üstümə hücum çəkəcək. O, ayaqlarının ucunda pəncərəyə yaxınlaşıb ehtiyatla pərdəni çəkdi.

- Boy, deyən sabah yağış yağacaq?- Yeganə boynunu uzadıb səmaya baxdı. 

- Mən çıxıram.

O, qaşlarını alnına qaldırıb təəccübləndi.

- Boy... Bəs, mən necə olacam?

Həmin an dilimi yalanın ixtiyarına buraxdım.

- Nə bilim vallah... Bibimgildə qalacam. İmkan yoxdur. Gərək iş də tapım...

- Hm.. Belə de! Məni atdın, hə?

- Demə day... Təsadüfən alındı. Bibim dedi, yığış gəl yanıma...

Bunu söyləyəndə elə bildim üstümdən böyük yük götürüldü. Deyəsən, inandırıcı oynamışdım. Yalanımdan ruhlanıb ayağa qalxdım. Şifonerdən paltarlarımı götürüb iri çantama qoydum. Yeganə çaş-baş qalmışdı.

Yardımçı olmasa da, məni diqqətlə izlədi:

- Ay Ülü, deyirəm, qızım olanda adını qoyacam. Qoy sənə oxşasın!

-Nə gözəl! - daha heç nə deyə bilmədim.

Bu, Yeganədən eşitdiyim ilk və son etiraf idi. Yükümü hazırlayandan sonra mətbəxə keçdim. Sahibə qapağı balona bərkitməklə məşğul idi. Böyük qız adətinə xilaf çıxmadı, yenə məni yuxarıdan aşağıya süzdü. Onun baxışları daha məni qıcıqlandırmadı. Salamsız-kəlamsız mətləbə keçdim:

- Gələn ay üçün pul verməyə imkan yoxdu. Gedib bibimgildə qalacam.

Sahibə əlini saxladı. Əvvəlcə qızlarının, sonrasa mənim gözümə diqqətlə baxdı:

- Özün bil. Nə deyim. Bizim də pulumuz olsaydı, evdə kirayənişin saxlamazdıq.

Bunu söyləyəndə sahibə qəhərləndi. Böyük qızı iti addımlarla otağına keçib anasını səslədi. Mətbəxdən bir tərəfi əyilmiş alüminium qazanımı, köhnə tavamı götürüb yükün üstünə qoydum. Kiçik qız otağa gəlib astaca soruşdu:

- Elə bu gün gedirsən?

Sualı eşidəndə duruxub qaldım. Mənə indi çatdı ki, bu otaqda son saatımı, bəlkə də dəqiqəmi yaşayıram. Qız iri gözlərini mənə zilləyib cavabımı gözlədi.

- Birazdan çıxıram, - dedim.

- Amma maraqlı günlərimiz oldu. Yadında, şairləri yada salırdıq?

“Hə” deyib dərindən ah çəkdim. Daha ona heç nə söyləmədim. Elə bildim yenə də Nəsimini, Sabiri, Seyid Əzimi başıma çırpacaq.

Yüküm ağır olduğundan onu sürüyə-sürüyə qapıya gətirdim. Otaqda Yeganəylə, mətbəxdə sahibə ilə görüşdüm. Böyük qız otağından çıxmadı, kiçik qız, əksinə məni prospektə kimi ötürdü. 43 nömrəli darvazanı bağlayıb yükümü darta-darta metroya gəldim. Heç geriyə belə baxmadım. Həmin an düşündüm ki, daha bundan sonra nə hansısa qızla bir dam altında qalacam, nə də Elmlər Akademiyası ətrafında yaşayacam. Xatirələrim məndən qabaq vaqona tullandı...

Görəsən, Cavid əfəndinin ruhunu incitmədim ki?

P.S. Qəribədir, nə sahibənin, nə də uşaqlarının adı yadımda qalıb.  

Bakı, fevral-avqust, 2016

 





19.12.2016    çap et  çap et