525.Az

Dilçiliyə və Azərbaycan-Bosniya əlaqələrinə dəyərli töhfə


 

Dilçiliyə və Azərbaycan-Bosniya əlaqələrinə dəyərli töhfə<b style="color:red"></b>

Adnan KADRİÇ 

Bəzi kitablar sərlövhəsi, digərləri tərtibatı, qeyriləri isə ideyaları ilə bizi təəccübləndirir. Gülarə Ağasiyevanın tərtib etdiyi “Azərbaycanca-rusca-bosniyaca, bosniyaca-rusca-azərbaycanca cib lüğəti” filoloqların və linqvistlərin, həmçinin şərqşünasların, slavistlərin diqqətini həm ideyası, həm də sərlövhəsi ilə cəlb edir. Gülarə Ağasiyeva Azərbaycan Elmlər Akademiyasının tanınan filoloqlarındandır. Elmlər Akademiyası nəzdində müstəqil fəaliyyət göstərən Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin elmi əməkdaşıdır.

Adıçəkilən kitabın ön sözündə qeyd edildiyi kimi, bu nəşr “Azərbaycanca–slavyanca” seriyası ilə çapı planlaşdırılan lüğətlərdən birincisidir. Lüğətin tərtibçisi G.Ağasiyeva, elmi redaktoru filologiya elmləri doktoru, professor M.Mahmudov, rəyçi filologiya elmləri doktoru İ.Məmmədovdur. Bu nəşrin çap olunmasında əsas məqsəd Azərbaycan Respublikasının başqa dövlətlərlə mədəni, elmi, iqtisadi münasibətlərinin genişləndirilməsi və möhkəmləndirilməsi nəticəsində yaranan tələbatın ödənilməsidir. Lüğətin tərtibçisi, 2007-ci il oktyabr ayında Bakı və Sarayevo arasında əməkdaşlıq haqqında müqavilənin bağlanmasının 35 ili tamam olduğunu qeyd edir. Azərbaycan və Bosniya arasında qarşılıqlı əməkdaşlıq bu gün də davam etməkdədir. G.Ağasiyeva qeyd olunan şəhərlərin oxşar xüsusiyyətlərini – adət-ənənələrə bağlılıq, şəhərlərin özünəməxsusluğu, şərq və qərb elementlərinin çuğlaşmasını – vurğulayır. Lüğətin əsas tərkib hissəsini şəhərlərin bu qeyri-adi kulturoloji xüsusiyyətini əks etdirən leksika təşkil edir.

Azərbaycanca-rusca- bosniyaca lüğətin tərtibçisi Bosniya dilinin yayılması ilə bağlı  maraqlı məlumatlara toxunur. Azərbaycandilli oxuculara müraciət edərək onların bu dilə mükəmməl yiyələndikləri halda, “keçmiş Yuqoslaviyanın digər respublikalarının” nümayəndələri ilə asanlıqla ünsiyyət qura biləcəklərini qeyd edir. Gülarə Ağasiyeva Bosniya ədəbi dilinin ümumi orfoqrafik xüsusiyyətlərindən bəhs edərək, yazı qaydasının “necə eşidirsən, elə də yaz” fonetik prinsipinə əsaslandığını, latın və kiril əlifbalarının bərabərhüquqlu olduğunu qeyd edir. Üç dildə Azərbaycanca-rusca-bosniyaca və Bosniyaca- rusca-azərbaycanca cib lüğəti Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun leksikologiya şöbəsinin müdiri leksikoloq və filoloq M.Mahmudovun təşəbbüsü ilə yaranmışdır. Lüğətdə hər üç dildə geniş yayılmış 8 min leksem yer almışdır.

Bu ilk azərbaycanca-bosniyaca lüğəti maraqlı edən bir neçə məqam mövcuddur. Bu nəşrin bosniyaca –azərbaycanca da ilk lüğət olduğunu qeyd etmək vacibdir. Maraqlı haldır ki, kitabın tərtibçisi olan Gülarə Ağasiyeva öz doğma dili, Azərbaycan dilində müasir standart Bosniya dilinin çox dəqiq terminoloji tərifini vermişdir. Bu termin bosniyacadır. Təxminən 450 il əvvəl Məhəmməd Xefayi Üsküfi özünün Makbul- İ Arif lüğətində də həmin bu termini işlətmişdir:

Letaiften beyan etdum Bosnaca/
Ki der goren-be, vallahi, hasnaca!

Bəzi hazırcavab fikirlərini də bosniyaca söyləmişdir: Kim ki onları görür deyir, ay allah, onlar necə də gözəldir...

Həm 18- cı əsrin ortalarında Osman Şehdiya Belopolyakın “Səfarətnamə” əsərində, həm əsrin axırlarında Osman b.Abdurrahman Boşnyakın, həmçinin onların çoxsaylı müasirlərinin əsərlərində və hətta sonrakı dövrlərdə də Bosniya dili “bosnaca” və ya “Bosna dili/ lisanı” adlandırılmışdır. Artıq 18-ci ilin sonralarında türk dilində olan mətnlərdə paralel olaraq Bosniya dili anlayışının ekvivalenti kimi “Bosnakca” işlədilirdi. 19-cu əsrin ortalarında bosniya mətbuatında yer almış mətnlərdə qəzetin Bosniya dilində olan hissəsində işlədilən Bosniya dili terminin qəzetin türkcə olan hissəsində ekvivalent olaraq “Bosnakca” kimi tərcüməsi verilirdi. Avstriya-Macarıstan hökmranlığı dövründə Bosniyada Bosniya dili termini istifadə olunurdu. Türkiyə Cümhuriyyətinə köçmüş boşnyaklar arasında “türk normativlərinə” uyğun olaraq getdikcə daha çox “Bosnakca”, boşnak dili termini işlədilirdi. Türkiyə Cümhuriyyətində müasir türk dili (Türkiyə türkcəsi), Azərbaycanda isə rəsmi dövlət dili olan Azərbaycan dili (azərbaycanca) eyni dil qrupuna mənsub olduğundan, hər ikisində dil mənsubiyyətini bildirmək üçün identik sözdüzəldici şəkilçilərdən istifadə olunur –ca/ ce/ (-ça,-çe). Türkiyədə gəlmə olan boşnaklar və Bosniya – Herseqovina türkoloqlarının Boşnakça terminini daha geniş istifadə etməsinə baxmayaraq, qeyd etmək vacibdir ki, Bosnaca termininin Bosniya və Herseqovinanın rəsmi dillərindən olan Bosniya dilinin tərcümə ekvivalenti olaraq işlədilməsi daha düzgündür. Lakin türklər istifadədə Boşnakça termininə daha çox üstünlük verirlər. Bu əsnada, qeyd olunan üçdilli Azərbaycanca-rusca-bosniyaca, Bosniyaca-rusca-Azərbaycanca lüğətin başlığı olaraq, həmçinin ədəbiyyatda, xüsusən müasir Bosniya dilinin standartlaşdırılması ilə bağlı əsərlərdə də bəzən Məhəmməd Xevayi Usküfinin 450-il əvvəl bosniyaca-türkcə lüğətində olduğu kimi Bosnaca istilahının işlədilməsi yanlışlıq kimi qiymətləndirilməməlidir. Çünki bu dilin müasir standartları və normativ qaydalarında da rəsmi olaraq “Bosniyaca” termininin işlədilməsi düzgün sayılır. Bosniyaca və ya Boşnyakların dili terminlərinin müxtəlif tərcümə ekvivalentlərin sosiolinqvistik şərtlərdən asılılığının incəliklərinə varmadan qeyd etmək vacibdir ki, lüğətin tərcüməçisi də, digər Azərbaycan filoloqları kimi elmi cəhətdən çox doğru olaraq Bosniyanın azərbaycanca səslənməsinə uyğun olaraq Bosniyaca terminini istifadə etmişdir. Sonda lüğətdə yer alan bəzi qrafik, mətbəə yanlışlıqlara baxmayaraq, müəllifə standart Bosniya dilinin (Bosniyaca) leksikasını Azərbaycan dilli istifadəçiyə daha dolğun şəkildə çatdırmaq istəyinə görə təşəkkür etməyi zəruri hesab edirəm.

Maraqlıdır ki, Azərbaycan Respublikasının əhalisinin çox hissəsini təşkil edən azərbaycanlılar rəsmi olaraq öz dillərini azərbaycancanı ölkənin adıyla bağlayaraq “Azərbaycan dili” adlandırırlar. Halbuki onlarda da bir çox yerlərdə tarix boyu “xalqın adına uyğun” olaraq dilləri Azəricə – azəri dili adlandırılmışdır. Milyonlarla azərbaycanlının İranda, öz Vətənindən uzaq yaşadığı nəzərə alınaraq, çox zaman Azəricə (Azərilərin dili, azəricə) termini “Azərbaycandan uzaqda yaşayan azərilərin dili” mənasında işlədilir. Lakin standart dil qəlibi ölkənin adı ilə bağlıdır. Bosniya dili ilə bağlı da identik situasiya mövcuddur.

Azərbaycanca-rusca-bosniyaca, bosniyaca-rusca-azərbaycanca cib lüğətinin (Bakı, 2006 ), bütün cib lüğətlərində olduğu kimi, həcmi böyük olmasa da, bu kitab Azərbaycan və Bosniya xalqlarının mədəniyyətinin, dilinin yaxınlaşmasında vacib addımdır. Hər bir ən kiçik addımın isə bizim ölkələr arasındakı beynəlxalq mədəni əməkdaşlıq siyasətində rolu böyükdür.

 





05.04.2013    çap et  çap et