525.Az

İslamın "ispişka"sı - (hekayə)


 

İslamın "ispişka"sı - <b style="color:red">(hekayə)</b>

Nə vaxtsa savadsızın birindən mənə xeyir gələcəyini desəydilər, vallah heç inanmazdım.

Qələmə almağa yenicə qol qoyduğum bu iş başıma gələndən sonra inanmaqdan başqa çarəm qalmadı.

Redaksiyaya işə düzələndən az müddət sonra heç əməlli-başlı tanış olmağa macal tapmadığım İslam adlı fotoqrafla ezamiyyətə gedəsi oldum. İslam qaraqabaq, özünə qapananın biriydi. Elə bil dodağını tərpədib danışmağa da ərinirdi. Zalım oğlu ağzını güclə açırdı. Bir söznən fotoqraf söhbətcil deyildi. Ona görə də İslamla ezamiyyətdə olduğum günlər çox cansıxıcı keçirdi. Ondan adama fərli yol yoldaşı olmazdı. Dediyinə görə uzun müddət rayon mərkəzindəki foto-atelyedə şəkil çəkməklə məşğul olurmuş. İşinə görə babat da pul qazanırmış. Aramızda olan qısa söhbətdən hiss elədim ki, İslam ötən illər ərzində bu sənəti yaxşı-pis öyrənsə də, ömründə bircə dəfə də olsun kitab-dəftər üzü açmayıb. Hiss edirdim ki, Azərbaycan dilinin adi qrammatik qaydalarından xəbəri yoxdu. Rayon və kənd adlarını, hətta öz ad-familiyasını da kiçik hərflərlə yazırdı. Bu, onun savadının hansı səviyyədə olduğunun göstəricisi idi. Çox güman ki, adını balaca hərflərlə yazan adamın Nizamidən, Füzulidən, Sədi Şirazidən, Şekspirdən, Dostoyevskidən və başqa dühalardan heç xəbəri də olmazdı. Bəlkə də İslam heç bu dahilərin adlarını belə eşitməmişdi.

Fotoqraflıq peşəsi hələ uşaqlıq çağlarından mənə yaman çətin gəlirdi. Nədənsə bu işdən bir az gözüm qorxurdu. Çünki fotoqrafın məktəbə gəlib şəklimizi çəkib çıxarması bir aya qədər uzanırdı. Fikirləşirdim ki, yəqin bu elə bir çətin sənətdir ki, gərək həftələrlə, günlərlə onun üzərində dayanmadan işləyib tər tökəsən.

İslamla ilk ezamiyyətim üzücü və darıxdırıcı oldu. Fotoqraf qəzet üçün şəkil çəkib qurtarana kimi məni əsəbiləşdirib özümdən çıxartdı. Uzun müddət rəsmi sənədlər üçün şəkil çəkmiş İslamın yaradıcı düşüncəsi yerli-dibli yox idi desəm, yəqin ki, səhv etmərəm. Şəkilləri eyni formada, eyni çeşiddə çəkirdi. Sanki tarzən barmaqlarını bir xanada saxlayıb mizrabı eyni simlərə vururdu. Şəkillər hamısı bir-birinə oxşayırdı, elə bil pasport üçün çəkilmişdi. Mən onu başa salmağa çalışırdım ki, qəzet üçün çəkilən şəkillərdə dinamika, hərəkət olmalıdı. O razılaşmayıb deyirdi ki, mən neçə illərin fotoqrafıyam, indi sən, dünənki uşaq gəlib mənə şəkil çəkməyi öyrədəcəksən? Çox mübahisədən sonra bir neçə şəkli öz bildiyi, bir neçəsini də mən göstərdiyim kimi çəkdi. Redaksiyanın rəhbərliyi mənim təklifimlə çəkilmiş şəkilləri bəyəndi.

İslamla ezamiyyətə çox gedəsi oldum, darıxdırıcı günlər yaşadım. Dediyim kimi, onun nə sənətkarlığı, nə də yol yoldaşlığı beş qəpiyə dəymirdi. Hər addımda adamı bezdirib əsəbiləşdirirdi. Onunla ezamiyyətə gedib-gəldikcə əvvəllər mənə çətin görünən fotoqraflıq sənəti yavaş-yavaş gözümdə adiləşib asanlaşırdı. Günlərin birində haradansa ağlıma gözəl bir fikir gəldi. Ağlıma təşrif buyuran fikri götür-qoy edib düşündüm ki, ömründə bir kitab üzü açmayan İslam bu balaca fotoaparatın öhdəsindən gəlirsə, onunla işləməyi bacarırsa, deməli, mənim üçün də onu öyrənmək çətin olmaz. Əgər şəkil çəkməyi bacarsaydım, daha İslamla ezamiyyətə getməyin işgəncəsindən canım qurtarardı. Qəfil ağlıma gələn bu fikri yaddaşıma yazıb sürətlə həyata keçirməyə başladım. Elə İslamın özü ilə gedib təzə bir fotoaparat aldım. Bəzi texniki şərtləri də ondan öyrəndim. Bir-iki dəfə sınaq çəkilişi apardım. Cəhdlərim pis alınmadı. Yavaş-yavaş vərdişləri mənimsədim. İşimi çox həvəslə görürdüm. Bacarığımla çətinlikləri məğlub etməyə çalışırdim. Şəkil çəkməyi yaxşı-yaxşı öyrənib İslamla ezamiyyətə getməyin əzab-əziyyətindən qurtuldum. Arada-bərədə vaxt olanda başqa yerlərdə də şəkillər çəkib az-çox pul da qazandım. Əgər İslamla rastlaşmasaydım, yəqin heç vaxt bu peşəyə sahib olmayacaqdım. Bax, buna görə həmişə ona minnətdaram.

İslamın işində isə heç bir irəliləyiş yox idi. O yenə də həmişəki kimi bir-birinə bənzəyən şəkillər çəkməkdə davam edirdi. Ha çalışsa da ölü nöqtədən bir addım da olsun irəli gedə bilmirdi. Kor kimi tutduğunu əlindən buraxmaq istəmirdi. Mən heç vaxt onun işlərinə qarışıb məsləhət-filan verməzdim. Bilirdim ki, tərsin biridir. Deyilən ağıllı sözləri də eşitməyəcək.

Bir dəfə savadsızlığının ucbatından İslamın başına çox gülməli hadisə gəldi. Məsul katibimiz Mətləbin qardaşı Şamil Rusiyada yaşayırdı. Özü də deyəsən, babat da vəzifədə işləyirdi. O Bakıya gələndə hərdən vaxt tapıb redaksiyaya da baş çəkib bizimlə görüşərdi. Bir dəfə Şamil yenə də iş yerimizə gəlmişdi. Rusiyada gördüyü işlərdən, azərbaycanlıların orada necə yaşadıqlarından ətraflı danışdı. Biz də bəzi şeyləri bir az da ətraflı öyrənmək üçün ona çoxlu suallar verdik. Sağollaşıb gedəndə dedi ki, ay uşaqlar, kimə nə lazımdırsa, yazıb versin, Rusiyadan alıb göndərim. İş yoldaşlarından kimsə qımıldanmadı. Hamımız ona yaxşı yol arzuladıq. Yalnız İslam məsul katibin qardaşına nə isə yazıb verdi. Biz onun Şamildən nə xahiş elədiyi ilə heç maraqlanmadıq da.

Üstündən iki həftə keçəndən sonra məsul katib İslamı çağırıb ona bir bağlama verib dedi ki, qardaşım tapşırdığını alıb göndərib. Fotoqraf bağlamanı elə bizim yanımızdaca açdı. Hamımız maraqla gözləyirdik ki, görəsən, Şamilin Rusiyadan İslama göndərdiyi nədir? Bağlama açılanda hamımızı heyrət bürüdü. Onun içində yüzdən çox kibrit qutusu var idi. Bunu görəndə düşündük ki, bu qədər kibrit fotoqrafın nəyinə lazımdır? İslam niyə Şamili əziyyətə salıb kibritləri Rusiyadan aldırıb? Elə buralardan da nə qədər istəsən kibrit almaq olardı də. Fotoqraf özü də qutulara baxıb mağmın-mağmın gözlərini xeyli döyüb başını aşağı saldı. Susub bir söz demədi. Sonra bağlamanın ağzını bağlayıb sakitcə dayandı.

Bir neçə dəqiqə çəkən sükut və heyrətdən sonra İslamdan bu kibritləri nə üçün məhz Rusiyadan Şamilə aldırdığının səbəbini soruşduq. Fotoqraf qızarıb, pörtüb başını aşağı salıb bir söz demədən bağlamanı götürüb otaqdan çıxdı. Sonra məsul katib qardaşı ilə telefon əlaqəsi yaradıb kibrit məsələsini öyrəndi. Məlum oldu ki, İslam Şamilə verdiyi kağızda ondan "ispişka" alıb göndərməyi xahiş edib. O da fotoqrafın tapşırığını yerinə yetirərək kibrit qutularını alıb göndərib.

Sonralar öyrəndik ki, bu anlaşılmazlığa İslamın savadsızlığı səbəb olub. Sən demə, fotoqrafa aparatın üstünə taxıb şəkil çəkmək üçün istifadə etdiyi "vspışka", yəni işıqsaçan lazım imiş. İslam isə bu sözü dəqiq yaza bilmədiyindən səhvə yol verib. Necə deyərlər, işlər kəllə-mayallaq olub. Nəticədə belə anlaşılmazlıq ortaya çıxıb. Şamil yazıq da elə zənn edib ki, yəqin İslama kibrit lazımdır. Onu da artıqlaması ilə alıb göndərib. Bunu eşidəndə hamımız doyunca güldük. Amma baş verən bu hadisə İslamın vecinə də deyildi. O heç kefini də pozmadı. Yenə də öz işindəydi, qəzet üçün "pasport" şəkilləri çəkməkdə davam edirdi. Hələ də adını balaca hərflərlə yazırdı.

Yaşı çatanda İslam təqaüdə çıxdı. Bir neçə gün əvvəl onu şəhərdə uzaqdan gördüm. Yenə də şəkil çəkirdi. Fotoaparatının üstünə də iri bir işıqlandırıcı taxmışdı. Onu görən kimi neçə illər əvvəl baş verən hadisəni xatırlayıb öz-özümə sual verdim: "Görəsən İslam onu haradan almışdı?.."

İyul, 2014

 





20.12.2016    çap et  çap et