525.Az

Futbolçunun maşınla vurduğu qadın danışdı


 

Futbolçunun maşınla vurduğu qadın danışdı<b style="color:red"></b>

Bir neçə gün əvvəl “Neftçi” klubunun futbolçusu Araz Abdullayev maşınla iki süpürgəçini vursa da, azadıqdadır. Onun futboldan uzaqlaşdırılması ilə bağlı xəbərlər də təsdiqlənməyib.

Belə ki, Araz Abdullayev aprelin 6-da “Neftçi”nin “Qarabağ”a qarşı keçirdiyi oyunda iştirak edib. O, 17 nömrəli forma ilə əsas heyətdə meydana çıxıb.Qeyd edək ki, onun Nobel prospektində vurduğu Xətai rayon MKİS-in 2 işçisindən biri dünyasını dəyişib, digəri isə ağır vəziyyətdə xəstəxanada yatır.

"Yeni Müsavat"ın əməkdaşı Travmatologiya İnstitutunda müalicə olunan Gülsabah Nuriyevanın özü və ailə üzvləri ilə görüşüb. Məlum olub ki, ağır xəsarətlər alan süpürgəçinin vəziyyəti həkimlər tərəfindən orta ağır kimi qiymətləndirilir. Hələ onun neçə gün xəstəxanada qalacağı bilinmir. Süpürgəçi qadının gözlənilən əməliyyatı isə bir neçə dəfə təxirə salınıb. “Orqanizmim zəif olduğundan həkim hələ ki, əməliyyat etmir, qolumdan, ayağımdan əməliyyat edəcəklər. Hələ müalicə olunuram. İmkansızlıqdan çıxmışdım yola, balalarıma çörək pulu qazanmağa”,- deyə qadın ağlayaraq hadisəni anladır. O deyir ki, yaşadıqları Biləsuvar rayonundan dörd il əvvəl Bakıya gəliblər: “Qızım ali məktəbə qəbul oldu, mən də onunla gəldim. Yoldaşım əvvəldən Bakıda işləyirdi, ustalıq edirdi. Deyirdim ki, kirayə qalırıq, heç olmasa, ailəyə maddi köməkliyim dəysin. Sonu da belə...”.

O, ayda 170-200 manat maaş aldığını söyləyir: “Buna da şükür edirdim. Əl-ələ verib dolanırdıq birtəhər. İndi də şükür edirəm ki, heç olmasa ölmədim, sağ qaldım”.

Əlli beş yaşlı Gülsabah Nuriyeva deyir ki, ağır formada zədələr alaraq xəstəxanaya gətirilib. Onun sol qolu gibsdədir. Bədənində çoxsaylı xəsarətlər var, şiddətli ağrılardan şikayət edir. “On gündür buradayam, ölümlə əlləşirəm. Həm də fikirləşirəm ki, həyat yoldaşım da işindən oldu, on gündür işə getmir. Bütün günü yanımdadır, dava-dərmanımı alır. Kirayə pulunu necə verəcəyik, bilmirəm? Ayı 250 manata kirayə qalırıq”.

O, digər yoldaşının ölümündən də xəbərsizdir: “Mənə deyirlər ki, başqa xəstəxanada müalicə alır, ölübmü yoxsa?”.

Ailəyə edilən maddi köməkliyə gəlincə isə, qadın susur. Sonra deyir ki, iş yoldaşları, rəisi gəliblər xəstəxanaya onu görməyə: “Yanıma gəliblər, yemək bişirib gətiriblər. İşdən də çıxarmayıblar ki, sağalanda gəlib işləyərsən. Ancaq qorxuram bir də işə çıxmağa. Hələ qərar verməmişəm”. Onu və iş yoldaşını vuran futbolçunun yardımına gəlincə isə, konkret bir söz demir. “Mən ondan şikayətçi deyiləm, hadisədir, olub. Ancaq mənə sahib çıxsın, müalicə etdirsin məni. Mən onun anası yerindəyəm, o da mənim balam yaşındadır. Onun etdiklərini bağışlayıram. O da vicdansız çıxmasın, elə bilsin mən də anasıyam, yiyə dursun mənə, yardım etsin. Çıxıb qaçmasın, ölməyə qoymasın”,- deyə yalvarır çarəsiz qadın. Onun həyat yoldaşı Vidadi Nuriyev də susur, futbolçunun xəsarət yetirdiyi qadının müalicəsinə yardım edib-etmədiyi barədə bir söz demir.

Xatırladaq ki, martın 29-də Bakının Xətai rayonu ərazisində iki qadın avtomobil qəzasının qurbanı olub. Futbolçu Araz Abdullayev idarə etdiyi idman stilli avtomobillə yolu təmizləyən süpürgəçiləri vurub. Qəza nəticəsində təxminən 60 yaşında olan Zəminə Hüseynova ölüb, digəri isə qadın ağır halda xəstəxanaya yerləşdirilib. Araz Abdullayev hadisədən sonra saxlanılsa da, sonradan “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun zaminliyi ilə azadlığa buraxılıb. Onun məhkəmə işi tamamlana qədər futbol oynamayacağı gözlənilirdi. Bu haqda qərarı “Neftçi” klubunun rəhbərliyi qəbul etmişdi.

 





07.04.2013    çap et  çap et