525.Az

Oralarda kimlər var- Ənvər Məmmədxanlı-100


 

Oralarda kimlər var- <b style="color:red">Ənvər Məmmədxanlı-100</b>

HƏYATIM AĞRIYIR” (2) 

DRAMATURQ VƏ SSENARİÇİ   

... “Od içində” pyesi müəllifin tamaşaya qoyulan ikinci əsəridir. Əsər Cənubi Azərbaycanda gedən azadlıq hərəkatına həsr olunmuşdur. Hadisələr Təbrizdə cərəyan edir. Tamaşa boyu tamaşaçıların gözü qarşısında demokratik hərəkatın boğulduğu, azərilərin güllələndiyi, kitabların yandırıldığı bir şəhər canlanır. Təbriz od içindədir.

Pərdə açılan kimi alovu ərşə dirənən Təbrizin küçələri görünür. Tamaşaçı ilk səhnədən fəlakətə düşmüş bir xalqın mübariz və üsyankar həyatı ilə tanış olur, hadisələrin dinamikliyi onları daima həyəcanda saxlayır.

Təbriz gizli təşkilatının üzvləri və əsərin baş qəhrəmanı Azər həbsdədir. Necə olursa-olsun, onu azad etmək lazımdır. Çünki Azər mübarizənin başında durmalıdır. Onun həbsdə olması Ədaləti və Pərvini çox narahat edir.

İnqilabçı gənclər şəhərlərə axışıb gələn və çörək üçün əziyyət çəkən ac kəndlilərin hərəkatına başçılıq edirlər. Təşkilatın ətrafında toplaşanların sayı get-gedə artır. İran xalq partiyası da gizli yollarla onlara öz köməyini əsirgəmir.

Tamaşaçılar alovların içərisindən “Ana dili” kitabını çıxaran Pərvinlə, təkcə dükanlarının yox, xalqının da dərdini çəkən Şəms ilə tanış olurlar.

İstər birinci pyesində, istərsə də ikinci əsərində Ə.Məmmədxanlı “azadlığın dadını bilmək istəyən” xalqın taleyini yazır. Bu həmin Azadlıqdır ki, düşüncə azaddır, iç azaddır, danışıq azaddır, yazmaq azaddır. Bu Azadlıq uğrunda mübarizə eləyən Azər bütün varlığı ilə ümumxalq işinə bağlıdır. Azər üçün heç nə qorxulu deyil. Onun hərəkətlərində, yerişində, danışığında öz mübarizəsinə inanan bir inqilabçı mətinliyi var. Dor ağaclarının altında dizlərini qucaqlayan anasını görərkən, balaca qardaşının ölüm xəbərini eşidərkən sarsılmır, bu günlərin sonu olacağına inanır.

“Od içində” əsərinin də quruluşunu Adil İsgəndərov vermişdir. “Ədəbiyyat qəzeti” rejissor Adil İsgəndərovun yaradıcılıq işi haqqında geniş yazır: “Quruluşçu rejissor, respublikanın Xalq artisti Adil İsgəndərov diqqətəlayiq bir tamaşa yaratmağı bacarmışdır. Adil İsgəndərov həmişə yenilik yaratmağa çalışan, öz-özünü təkrar etməyən və dramaturqla, aktyorlarla işləməyi bacaran bir sənətkardır. Onun yaradıcılığındakı bu müsbət cəhətlər “Od içində” tamaşasında özünü göstərmişdir. Ona görə də bu tamaşanı rejissorun yaradıcılığında görkəmli bir hadisə kimi qeyd etmək lazımdır. Birinci pərdədən tutmuş ta sona qədər tamaşada bir vəhdət hiss olunur”. (“Ədəbiyyat qəzeti”, 1951, № 14).

   

“OD İÇİNDƏ” TAMAŞASI HAQQINDA FİKİRLƏRDƏN

“...Əsərin qəhrəmanı Azər rolunda respublikanın Xalq artisti İsmayıl Dağıstanlı, həyatını öz xalq səadətinin yolunda qurban verməyə hazır olan dönməz bir mübarizin surətini yaratmışdır. Xalq mənafeyi Azər üçün hər şeydən əzizdir. Dağıstanlı tamaşanın əvvəlindən axırınadək onun bu hissəsini coşğun bir ehtirasla oynayır”. (“Kommunist” qəzeti. 1951. Q.Musayev).

“...Zeyni baba rolunu Sidqi Ruhulla o qədər məhəbbət və istedadla yaratmışdır ki, elə bil mahir bir heykəltəraş mərmərdən heykəl yonmuşdur”. (“Ədəbiyyat qəzeti”, 1954, S.Rəhman).

“Tamaşanın əvvəlindən axırına kimi bu rolu (Ədaləti — T.A.) oynayan Rza Əfqanlının hərəkətlərində ritmika hiss olunur və uzun müddət tamaşaçıların təsəvvüründə canlanıb qalır”. (“Kommunist” qəzeti, 1951, Q.Musayev).

“...Bu rolda (Tehrani – T.A.) Cavadov böyük satira qüvvəsinə malik olduğunu göstərir”. (“Ədəbiyyat qəzeti”, 1951, S.Rəhman).

   

“ŞİRVAN GÖZƏLİ”   

Ə.Məmmədxanlının birdən-birə komediyaya müraciət eləməsi maraqlıdır. Və indinin özündə də bir qədər qəribə görünür. Ona görə ki, sonralar dramaturq bir daha bu janra qayıtmadı. Və yenə yaradıcılığının əsas qayəsi olan tarixilik və müasirlik yönündə yeni-yeni əsərlər yaratdı. “Şirvan gözəli” sırf satirik komediya deyil, lirik ünsürlərə malik bir əsərdir. Pyesdə əsas tənqid hədəfi elmdə ehkamçılığa, pərəstişkarlığa, elmi tədqiqat işini həyatdan ayırıb kabinetlərə bağlamaq hallarına qarşı çevrilmişdir.

Komediyada tanış olduğumuz iki professor  — Vahidov və Zakirov elmi işlərində akademik Mudrova kor-koranə pərəstiş edirlər. Konkret şəraiti, həyatın tələblərini yaddan çıxarırlar. Elmi işi həyatdan ayırmağın əleyhinə çıxan gənc alim Şeyda kolxozçuların köməyi ilə onlara qalib gəlir. Akademik Mudrov da öz tələbəsi Şeydanın elmi cəsarətini alqışlayır.

Ə.Məmmədxanlının “Şirvan gözəli” əsərinin tamaşası 1957-ci il iyunun 1-dən 6-dək Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının teatr baharı festivalında göstərilir. Tamaşanın rəssamı Bədurə Əfqanlı, artistlərdən Sona Hacıyeva (Nisə xanım), Əli Qurbanov (Zakirov), Əminə Sultanova (Fizzə xanım), Mirvari Novruzova (Telli), Həsənağa Salayev (Şeyda) daha çox bəyənilərək Fəxri fərmanlarla mükafatlandırılırlar.

“ŞİRVAN GÖZƏLİ” TAMAŞASI HAQQINDA FİKİRLƏRDƏN   

“Telli surəti aktrisa Mirvari Novruzovanın ifasında bütün mənəvi gözəlliyi ilə canlandırılmışdır”. (“Kommunist” qəzeti, 1957, C.Məmmədov).

“H.Salayev nisbətən yüngül səhnələrdə özünü şən və nadinc bir gənc kimi aparmağı bacardığı qədər dramatik cəhətdən də gərgin səhnələrdə təmkinli hərəkət etməyi ümumiyyətlə bacarır”. (“Kommunist” qəzeti, 1957, C.Məmmədov).

“Ağadadaş Qurbanov yalnız axırıncı pərdədə səhnəyə gəlsə də, yadda qalan və xoş təsir bağışlayan bir surət yaradır. Onun ifasında Mudrov bütün ömrünü böyük elmi işə həsr edən, olduqca sadə, təvazökar, namuslu bir rus alimidir”. (“Ədəbiyyat və incəsənət” qəzeti, 1957, M.Arif).

lll

Ə.Məmmədxanlının Azərbaycan kinosundakı xidmətlərini də ayrıca qeyd etmək istərdik. Yaradıcılığının ilk illərində qələmə aldığı kinonovellalar, Mehdi Hüseyn ilə birgə yazdığı “Fətəli xan”, daha sonralar yaratdığı “Leyli və Məcnun”, “Babək” kinossenariləri kino sənətimizin dəyərli səhifələridir. Bu ssenarilər ilə Ənvər Məmmədxanlı ustad bir kinoçu kimi geniş tamaşaçı kütləsi arasında rəğbət qazandı.

“Leyli və Məcnun” o zamankı dövrü mətbuatda hərarətlə qarşılandı. Poetik bir dillə yazılan “Leyli və Məcnun” ssenarisi kinorejissor Lətif Səfərov tərəfindən çəkilmişdi. Filmdəki lirik və epik çəkilişlər, Məcnunun atası ilə söhbəti, səhrada keçirdiyi günlər rejissor tərəfindən ustalıqla işlənmiş və tamaşaçıların hərarətli sevgisinə səbəb olmuşdur. Ssenarinin fəlsəfi və müasir yönünü tutan kinoçular imkanları daxilində o dövrün tələblərinə cavab verən baxımlı bir kino əsəri yaratmağa nail olublar. İndinin özündə də “Leyli və Məcnun” kinoşəkli maraqla baxılır.

Sonra Ənvər Məmmədxanlı tarixi mövzuda olan “Babək” ssenarisini yazır. Əgər “Leyli və Məcnun” ssenarisində yazıçının əlinin altında müəyyən qədər material vardısa da (qeyd edək ki, “Leyli və Məcnun” ssenarisi çox poetik bir dil və üslubda yazılmışdır), “Babək” filmində ancaq tarixi faktlara arxalanmaqla, bu faktları yazıçı dilinə çevirmək lazım idi. Və Ənvər Məmmədxanlı “Babək” adlı gözəl bir ssenari yazdı. 

ONLAR NƏ DEYİBLƏR:

ANAR ...Tez-tez 37-ci il hadisələrini yada salırdı. Hələ lap gənc yazıçı ikən Yazıçılar İttifaqında keçirilən o qanlı iclasların şahidi olub. “Yadımdadır, Sultan Məcid Qənizadə lap qoca kişi idi – o vaxtki proletar yazıçılardan biri – adını deyirdi Ənvər, mən yazmıram – qocanın az qala boğazını üzürdü ki, ver bura üzvlük biletini, səni İttifaqdan çıxarmışıq. O qoca yazıq da zəif səslə: vermərəm, – deyirdi, bu kitabçaya Maksim Qorki özü imza atıb... Nə fayda, tutub aldılar əlindən... Qoca kişini tutdular, məhv etdilər, amma az müddətdən sonra həmin o bileti ondan alanı da tutub basdılar, o da qayıtmadı... Nə isə... bu bir dövr idi ki, onun faciəsini ancaq Şekspir qələminə sahib olan bir sənətkar yarada bilər...

Stalin haqqında deyirdi: şineli rəngdə boz bir həyat qoyub getdi bizə...

FİKRƏT QOCA “SƏRİNBULAQ” TƏKİN

(yazıdan parça)

...Kuba səfərimizdən bir kiçik epizodu xatırlamaq istəyirəm. Kubalı məşhur şair, rəssam Fəyyad Xamis məni qonaq dəvət etmişdi. Maşında Ənvər müəllim, mən və arxada Ənvər müəllimin yanında bir nəfər də əyləşmişdi. Onlar yolüstü məni Fəyyadın evinə qoyub mehmanxanaya getməli idilər. Ənvər müəllimin yanında əyləşən ağsaqqal yazıçı mənə öyüd-nəsihət verdi: “Orda özünü yaxşı apar, az iç. Çox danışma” – dedim “baş üstə”.

Az keçdi həmin yazıçı yenə həmin sözləri təkrar etdi. Yenə “baş üstə” dedim. Az sükutdan sonra arxadakı yazıçı çiynimə əlini qoydu, indi qoymasın, “Özünü içkidən qoru” – dedi.

—Əşi, adama hörmət eləyəndə, adamın başına çıxmazlar dedim. O yazıçı heyrət içində arxaya söykəndi. Ənvər müəllim ürəkdən güldü.

—Axır ki, dindin, dedi.

—Axı mən nə dedim ki, Ənvər müəllim onun sözünü kəsdi.

—Nə dedin! Kişini bayaqdan boğaza yığmısan. Sonra mənə – get onun acığına ye-iç, – dedi.

Mənim üçün möcüzə Ənvər müəllimin belə sərt danışmağı, mənim o yazıçıdan belə açıq müdafiə etməsi idi.

Hamının sakit, mülayim adam kimi tanıdığı Ənvər müəllimin içində belə sərt və lazım olanda üsyankar bir Ənvər Məmmədxanlı da yaşayırdı

lll

Vaqif Bayatlı Odər

Ölüm – Türkün göy yürüşü
Şeirdən   

...Ölüm də bir uçuş, əvvəlcə yerə,
Sonra yer altına, sonra göylərə
Ölüm həm də yürüş hər Türk oğluna,
“Öldüm Türk?” Qalx, göyün boş qalan andı
Onsuz da yer sənin,
Onsuz da yer Türkün! Qalx göy uğruna,
Türkün göy yürüşü başlanan andı.

 

[email protected]

tofigabdin.com

 





08.04.2013    çap et  çap et