525.Az

Unudulmaz sevgi şeirləri- “Qışladım qapında itlərin ilə...”


 

PƏRVİNin təqdimatında

Unudulmaz sevgi şeirləri- <b style="color:red">“Qışladım qapında itlərin ilə...”</b>

... Görünür, bəxt məsələsi hər yerdə öz işini görür. Həyatda da, sənətdə də... İstənilən uğurun bir tərəfi istedada, peşəkarlığa, zəhmətkeşliyə bağlıdırsa, digər tərəfində bəxt durur... Elə şairin, yazıçının da xalq tərəfindən qəbul olunub sevilməsi, tarixdə qalmasının  müəyyən hissəsi tale işidir.

... Bəxtigətirmiş sənətkar deyəndə ilk öncə İzzəddin Həsənoğlu yadıma düşür. Hələ məktəb illərindən “Apardı könlümü...” qəzəlinin  müəllifi kimi adını əzbərlədiyim şairi bəxtəvər hesab etmək olar. Bu məqamda sual yarana bilər: Şair XIII əsrdə yaşayıb, o dövrdə əksəriyyətin farsca yazmasına baxmayaraq, türk dilində də yazıb və ədəbiyyat tariximizə ilk anadilli qəzəl müəllifi kimi daxil olubsa, bəxtin bura nə dəxli? Dəxli var! Axı heç vəchlə inanmaq olmur ki, Həsənoğluya qədər öz dilimizdə bircə şeir belə yazılmayıb! Bəlkə poetik cəhətdən daha zəif, bir az bəsit əsərlər olub... Sadəcə hifz edilməyib, günümüzə çatmayıblar. Elə məhz bu mənada Həsənoğlunun bəxti gətirib. Türkcə yazdığı “Apardı könlümü...” qəzəli zamanımıza bir təsadüf nəticəsində ötürülüb... XIV əsrdə məşhur özbək şairi Seyfi Sərayi Misirdə Sədinin “Gülüstan”ını çevirərkən həmin şeiri tapıb, (sonralar o bu qəzələ nəzirə də yazıb) dəftərinin sonuna köçürüb, itib-batmaqdan xilas edib.

Maraqlıdır, deyilmi? Şair “bir xoş qəmərüz” dilbəri sevindirmək, ya bəlkə könlünü almaq üçün qəzəl yazır... Bir əsr sonra həmin şeir Seyfi Sərayinin əlinə düşür, xoşbəxtlikdən onun zövqünə uyğun gəlir, dəftərinə köçürür və... nəticədə İzzəddin Həsənoğlu ədəbiyyat tariximizə  “İLK”lərdən birinin müəllifi kimi daxil olur! Bu, bəxt deyil, bəs nədir?

Həsənoğlunun ikinci qəzəlini Misirdə alman şərqşünası Barbara Fleminq tapmışdır. “Necəsən, gəl ey yüzü ağım bənim...” misrası ilə başlanan şeir sadəliyi və hədsiz səmimiliyi ilə seçilir. Ümumiyyətlə, Həsənoğlu poeziyasının əksər klassik ədəbiyyat nümunələrindən əsas fərqi “hadisə”dir. Klassik şeirdə əsasən qadının zahiri gözəlliyi təsvir olunduğu halda, bu qəzəldə “yüzü ağ”ın xarakterini, hansısa ayrı-ayrı həyat fraqmentlərini duymaq mümkündür. Qəzəli təkrar-təkrar oxuyanda ağ bənizli, gülər üzlü, amma həm də sərt bir Qadın göz önünə gəlir. Şair sevgilisinin çəkdirdiyi iztirabı (bəlkə də xoş əzabı!) qəzəl boyu müxtəlif poetik üsullarla ifadə edir. Amma ən maraqlısı budur ki, xilası da əzabverənin özündən gözləyir.

Mənə görə bu qəzəlin ən üstün cəhəti qadının ilahiləşdirilməsidir. Həsənoğlunun “yüzü ağ”ı müqəddəsdir. Şair başqasını sevməyəcəyinə and içir, qapısında itlər ilə qışlayır, ölüncə yolunda gömülməyi vəsiyyət edir və ən nəhayət özünü onun bəndəsi adlandırır...

...Və bütün bunları təsəvvür edib, dərinliyinə varanda sualların içində itib-batıram... Sevməyi bu cür bacaranın bədbəxt olması mümkün idimi? Qadını başı üstə qaldırıb ona bəndəlik eləyən Kişiyə tale amansızlıq edə bilərdimi?

... Bəlkə də Allah şairi mükafatlandırıb sadəcə... Elə bəxti də buna görə gətirib! Saf duyğularına görə!

  

İzzəddin Həsənoğlu:

“...gəl ey yüzü ağım bənim!”

Necəsən, gəl ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim. 

And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər çağım bənim. 

Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim. 

Al əlimi, irəyim məqsudimə,
Qoyma yürəkdə yana dağım bənim.

Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şıltağım bənim.

Qışladım qapında itlərin ilə,
Oldu kuyin üşdə yaylağım bənim. 

Bən ölücək yoluna gömün bəni,
Baqa dursun yarə toprağım bənim.

Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.

Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə, yüzü ağım bənim. 

 





08.04.2013    çap et  çap et