525.Az

Bəhruz Niftəliyevin şeirləri


 

Bəhruz Niftəliyevin <b style="color:red">şeirləri</b>

SƏNSİZ ALINMIR

Heç nə demirəm,
Susuram...
Uçuram başqa diyarlara,
Bu təyyarə uzaqlarda enəcək .
Gedəcək sənə olan hisslərim ,
Unutduğum tarixlər,
Önəmli hadisələr kimi .
Amma ilk dəfə yediyimiz
dondurmanın dadı
qalacaq damağımda
Adı yadımdan çıxsa da....

Heç nə demirəm,
Duyuram ...
Sənə çətin olacaq .
Zülıım kimi yaşayacaqsan mənsizliyi,
Amma sən də unudacaqsan.
Doğum günümü yadırğadığın kimi...
Biz ayrılandan sonra qarğadın kimi?
Həyatımı?
Hər anımı
Belə yaşadın?

Heç nə demirəm ,
Doyuram ...
Boğazımdadır sənsizlik ,
Getmir....

Bitmir yalandan uydurduğum
Xoşbəxtlik melodiyası
Yası könlümdə
Azı yüz dəfə yaşadım
Tükənmir sevgim...

Heç nə demirəm ,
Uyuram ...
Yalanlarıma,
İtirdiklərim saya gəlməz.
Qalanlarıma sarılıram
və heç nə demirəm ...

SƏNİ SEVİRƏM

Bir gün getsəm uzaqlara
Saçlarına sığal çəkən mehin olaram .
Arzun, istəyin və həsrətin -
hər nəyin olaram, bilmirəm,
Bir gün getsəm uzaqlara,
Anaya məhəbbətin,
sevməyin olaram.
Ürəkdən sevin qızım
Sənin xoşbəxtliyin mənə həyatdır
Gülməyin olaram.
Gözlərin şahid olsun gözəlliklərə
Görməyin olaram.
Səni sevmək, ruhumdur mənim,
Səni sevmək, ən gözəl duyğumdur mənim.
Səni sevmək eşqin özüdür ,
Bir gün getsəm uzaqlara ,
Varlığın izimdir mənim
Varlığın bəsimdir mənim .
Başına dönərəm,
Hər il artan yaşına dönərəm.
Bir gün getsəm uzaqlara ,
Təlaşına dönərəm
Ruhum sənlədir ,
Ruhum səndədir!..

NAĞIL SEVGİLİM

Daha danışma nağıllar mənə,
Üç almaya ehtiyacım yox.
Xoşbəxtəm kimi baxırlar mənə,
Nə bir dərdim, nə bir acım yox.

Daha danışma nağıllar mənə,
Qəhrəman yaratma sözdən ibarət.
Nə fərqi var dünya necə gözəldi?!
Əgər deyilsə bizdən ibarət.

Daha mənə nağıl danışma,
Biri var olanda biri yox olur .
Gerçək ol varlığın qədər
Nağılda axı yalan çox olur.

Daha mənə nağıl danışma,
Danış görüm necəsən?
Bəlkə bir də ürəyimdən
Gözlərimdən,
Gözlərimin üzərindən keçəsən?!

Mənə bir də nağıl danışma
Danış günahlarından
İşlədikcə qanına
Çəkdiyin əzablarından danış .

Mənə bir də nağıl danışma!
Sus ya da
Elə sus ki, sən
Lal olduğuna inanım.
Belə aldadım özümü
Belə aldanım
Belə adlayım demədiklərinin üstündən!

SEVGİMDƏN ÖL!

Gəbər mənim üçün, öl mənim üçün,
Yenə sev,
Yenə gəl mənim üçün .
Səfər mənim üçün, səmt mənim üçün,
Doğru mənim üçün, səhv mənim üçün
Bütün yollar tək mənim üçün ...
Yenə sev!
Yıxıl mənim üçün, sın mənim üçün,
amma əyilmə.
Səni bircə dəfə geyinmişəm əynimə,
Soyunsam ruhum çılpaqlaşar .
Yaxıl mənim üçün, yan mənim üçün, amma deyinmə
Soyusan ruhum soyular...
Ağrın mənim üçün dağ mənim üçün,
Bağrın mənim üçün , bax mənim üçün,
Saçlarındakı sığal - ağ mənim üçün,
Yenə sev!
Gurla mənim üçün, yağ mənim üçün
Sel alsın, yollar dağılsın .
Səni hiss edim üzərimdə mən,
Sev alsın sevgin canımı .
Xoşbəxtliyi gözlərimə yığ mənim üçün!..

MƏNİM DİNİM - EŞQ

Dözüm özündən çıxmadan
Sadəcə qalmaqdır.
Tamlığınla tapınmaq,
Səcdədə olmaqdır .
Sitayişin ürəyinə elə sirayət edər ki,
Namazın zamanın olar.

Necə ki,
Baş qoyarsan çiyninə ,
Aşiq olandan sonra .
Əyilərsən sevginə,
Ruhun dolandan sonra.
Qəlbin qiblənə dönər!

Ruhun dini ,
Ruhun dili
Eşqdir.

Eşq dindir,
Eşqi dindir,
Gör sənə nələr deyəcək,
Gör necə susacaq.
Gör necə biləcək,
bütün gizlinlərini.

Dindir eşqi,
İlmə-ilmə səni toxusun.
Dindir eşqi ,
Kəlmə-kəlmə səni oxusun.
...Və sənə elə toxunsun
Çırpılasan özünə !

Mənim dinim eşqdir,
Dönəm quluna.
Mənim dinim eşqdir,
Öləm uğruna!

Necə ki,
Şəhid olurlar.
Qürur və acı dolu
Son nəfəsə
Şahid olurlar,
Öləm uğruna...

Qatı aşiq,
Qatil aşiqdir.
Öldürər hər gün içində
bir sancısını,
Büruzə verməz ,
Xoşbəxt və qayğısız
Yaşada bilmək üçün
Öz parçasını.

Fəda edər ,
Bir az da yalançıdır aşiq,
Əda edər ,
Çəkdiyi əziyyətləri
Anlaşılmasın!
Uzaqdan bir səda gələr,
Eşqdə əzanı,
Eşqdə azan eşidər...

 





22.12.2016    çap et  çap et