525.Az

"Media cəmiyyətdə mayak, "naviqator" rolunda çıxış etməlidir"


 

MƏSAİM ABDULLAYEV: "AZƏRBAYCAN JURNALİSTLƏRİNİN MƏNƏVİ BABASI HƏSƏN BƏY ZƏRDABİDİR"

"Media cəmiyyətdə mayak, "naviqator" rolunda çıxış etməlidir"<b style="color:red"></b>

Əməkdar mədəniyyət işçisi, jurnalist Məsaim Abdullayev "Xalq qəzeti"nə müsahibə verib. "525-ci qəzet" müsahibəni oxuculara təqdim edir. 

-Siz M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmisiniz. Bu həmin ali məktəbdir ki, Həsən bəy Zərdabi orada təhsil alan ilk azərbaycanlı olub. Yəqin ki, tələbə olarkən bu barədə məlumatınız vardı.

- Mən əvvəlcə Bakı Dövlət Universitetinin tələbəsi olmuşam. Universitetin elmi şurasının qərarı ilə 1976-cı ildə təhsilimi davam etdirmək üçün məni Moskvaya göndərdilər. Ondan bir il əvvəl, yəni 1975-ci ildə hələ BDU-nun Jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən "Əkinçi" qəzetinin 100 illiyi ilə bağlı elmi-praktiki konfransda  əsas məruzə ilə çıxış etmişəm. Yadımdadır, o tədbirdə akademik Əziz Mirəhmədov, professorlar İzzət Rüstəmov, Şirməmməd Hüseynov, Yalçın Əlizadə, rəhmətlik müəllimlərimiz Famil Mehdi, Nəriman Zeynalov, Tofiq Rüstəmov, Əliş Nəbili və başqaları iştirak edirdilər. Bu, mənim bioqrafiyamda ən qürurverici hadisələrdən biridir. Həmin anları unutmaq mümkün deyil. 

MDU-nun Jurnalistika fakültəsi digər fakültələrdən fərqli olaraq universitetin məşhur 32 mərtəbəli yeni binasında deyil, Kremlin yaxınlığında, "Manej" adlanan qədim bina ilə yanbayan olan köhnə binasında yerləşirdi. Yeri gəlmişkən, Həsən bəy Zərdabi 1865-ci ildə universitetin məhz həmin binasında təbiət-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Onu universitetdə saxlamaq istəyiblər. Lakin Həsən bəy xalqına daha çox fayda vermək arzusu ilə Vətənə qayıdıb.

Burada bir məqamı vurğulamaq lazımdır. Xoşbəxtlikdən, Azərbaycanda dramaturgiyanın, milli mətbuatın və musiqinin beşiyi başında duranlar bu sahələrin ən qüdrətli şəxsləri olublar. Onlar - M.F.Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli çox yüksək standartlar müəyyən ediblər. H. Zərdabinin müasiri olmuş böyük rus tənqidçisi V.Q.Belinski yazırdı ki, bütün rus yazıçıları Qoqolun "şinel"indən çıxıb. Böyük fəxrlə demək lazımdır ki, Azərbaycan jurnalistlərinin də mənəvi babası məhz Həsən bəydir. 

-Sizcə, H.Zərdabi ənənələri bugünkü jurnalistikamızda yaşayırmı?

-Əlbəttə, yaşayır. Həsən bəy "Əkinçi" qəzetini buraxmaq məramı ilə bağlı yazırdı ki, "heç ola bilməz ki, doğru söz yerdə qalsın". Bu gün Azərbaycanın istər çap mətbuatı, istərsə də elektron mediası cəmiyyəti ən mühüm hadisələr barədə operativ və yüksək peşəkarlıqla məlumatlandırmağa çalışır.

Çox istərdim ki, çağdaş mediamız cəmiyyətdə bir mayak, "naviqator" rolunda çıxış etsin. Tutaq ki, bu gün oxucuları ən çox maliyyə bazarında milli valyutamızın dəyərdən düşməsi problemi narahat edir. Hesab edirəm ki, qəzet səhifələrində vəziyyətdən optimal çıxış yollarını göstərən ekspertlərə daha çox yer verilməlidir. Söhbət ciddi mətbuatdan gedir. Mən ucuz şou dalınca qaçan nəşrləri, eləcə də reket qəzetləri jurnalistikamız üçün yara hesab edirəm. 

Bu gün oxucu, yaxud, tamaşaçı onu maraqlandıran, narahat edən suallara məhz mediada açıq, aydın cavab tapmalıdır. Təəssüf ki, çox vaxt KİV-lər ondan cəmiyyətin umduğu operativ və analitik informasiyanı tam ala bilmir. Belə hallarda, adamlar artıq sosial şəbəkələrə üz tuturlar.

- Azərbaycan oxucusu bu gün dünya mətbuatını kifayət qədər ardıcıl surətdə izləyə bilirmi?

- Fikrimcə, ölkə oxucusuna əcnəbi mediadan daha çox nümunələr təklif olunmalıdır. Rusların "İnosmi" və "İnopressa" adlandırılan  elektron saytları var. Orada dünyanın müxtəlif ölkələrinin qəzet və jurnallarında dərc olunan yazılar operativ şəkildə tərcümə edilərək yayılır. Bizdə də belə bir elekron nəşrə ehtiyac var. Bu yolla oxucular qlobal KİV-in məhsulları ilə daha yaxından tanış olmaq fürsəti əldə edə bilərlər.

-Bildiyim qədər siz bir müddət bəzi ali məktəblərdə pedaqoq kimi də çalışmısınız...

-Bəli, bir neçə il Bakı Dövlət və Avrasiya universitetlərində xarici ölkələrin jurnalistika tarixindən dərs demişəm. Müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, müasir gənclərin jurnalist peşəsinə marağı yetərincə yüksəkdir. Lakin ali təhsil ocaqları redaksiyaların arzuladığı "hazır kadrlar"ı təklif edə bilmir. Özəl universitetlərdə jurnalist kadrlarının hazırlığı vəziyyəti, nə gizlədim, lap bərbad gündə idi. Yaxşı ki, bu fakültələri bağladılar. İndi bir neçə dövlət ali məktəbində jurnalist kadrları hazırlanır. Gənc jurnalistlərin hazırlanmasında hələ də müəyyən çətinliklər mövcuddur. Hesab edirəm ki, aparıcı KİV-lərlə jurnalistika kadrları hazırlayan universitetlər arasında əməkdaşlıq genişlənməlidir. 

-Bu günlərdə sizin Aida Aysa ilə birlikdə "ABŞ mətbuatının tarixi" adlı kitabınız nəşr olunub. Tədqiqat obyekti kimi məhz ABŞ-ı seçməyinizin səbəbi nədir?

-ABŞ-da çap mətbuat çox əlamətdar bir inkişaf yolu keçib. Bu ölkədə mətbuatın yaranması və formalaşması milli dövlətin formalaşması prosesləri ilə üst-üstə düşüb. Buna görə də qəzet və jurnallar, sonrakı mərhələdə radio və qəzetlər cəmiyyətdə proqressiv idealların təbliğ olunmasında və həyata  keçirilməsində pozitiv rol oynayıblar.

Təbii ki, Amerika məbuatı qüsurlardan da xali deyil.  Deyək ki, ilk "sarı mətbuat" da məhz okeanın o tayında yaranıb. Lakin bütövlükdə ABŞ mətbuatı bu ölkənin qüdrətli bir dövlətə çevrilməsində danılmaz xidmət göstərib. Yeri gəlmişkən, ABŞ-da jurnalist peşəsi bu gün də ən nüfuzlu peşələrdən biri sayılır. Səhv etmirəmsə, ABŞ-ın 44 prezidentindən ən azı 10-u bu və ya digər şəkildə jurnalistika sahəsində fəaliyyət göstəriblər. Ən gənc və ən xarizmatik dövlət başçılarından biri sayılan Con Kennedi hətta araşdırmaçı jurnalist olaraq çox nüfuzlu Pulitzer mükafatı laureatıdır. D.Trampın özünün isə bir neçə qəzet, jurnal və telekanaldan ibarət media holdinqi var.

-Məsaim müəllim, bu günlərdə 60 yaşınız tamam olur. Hansı hissləri keçirirsiniz?

-"Mimino" rolunun ifaçısı Vaxtanq Kikabidze mahnılarının birində oxuyur ki, mənim illərim mənim var-dövlətimdir. Əlbəttə, sevinirəm. Yaş insanda məsuliyyət hissini də artırır. Fikirləşirsən ki, daha ağır oturub, batman gələn vaxtımdır. 

Amma yaş artsa da, insanın fikri, düşüncəsi hər zaman müasir olmalıdır. Daim öz üzərində işləməlisən, gənclik illərində olduğu qədər məhsuldar çalışa bilməsən də, cəmiyyəti narahat edən məsələlərdə mövqeyini bildirməlisən.

-Müasir oxuculara nə kimi arzularınız var?

-Dünyada qəzetləri daha çox mütaliə edən, az oxuyan millətlər var. Bu göstərici üzrə tez-tez reytinqləri müəyyən edirlər. Məsələn, Avropanın şimalında yaşayan xalqlar -norveçlər, isveçlər, finlər qitənin cənubunda məskunlaşan italyan və yunanlar, rumınlardan gündəlik mətbuatı az qala 2-3 dəfə çox mütaliə edirlər. Düşünmürəm ki, burada coğrafi amil heç də həlledici rol oynayır, fikrimcə, daha çox fəal vətəndaş cəmiyyətinin formalaşdığı ölkələrdə qəzetlərin analitik yazılarına ehtiyac artır ki, azalmır.

Çox istərdim ki, bizim ölkəmizdə də ciddi, keyfiyyətli mətbuatın oxucularının sayı o qədər artsın ki, biz bu sahədə MDB məkanında birincilər sırasına çıxaq. Qəzet oxumaq, buradakı maraqlı yazıları müzakirə etmək çağdaş dönəmdə hər bir sivil millətin artıq bir mədəniyyət göstəricisidir. Yoxsa, Həsən bəyin, Mirzə Cəlilin ruhları bizdən inciyə bilər!

Elçin ABBASOV

 





22.12.2016    çap et  çap et