525.Az

“Bu, Rüstəm İbrahimbəyovun ruhundan, xislətindən irəli gəlir”


 

“Bu, Rüstəm İbrahimbəyovun ruhundan, xislətindən irəli gəlir”<b style="color:red"></b>

ELŞƏN MUSAYEV: “ONLAR SEÇKİÖNCƏSİ BEYNƏLXALQ GÜCLƏRİ ÖZ TƏRƏFİNƏ ÇƏKMƏK, ONLARIN RƏĞBƏTİNİ QAZANMAĞA ÇALIŞIRLAR” 

Bir neçə ay öncə yazıçı Əkrəm Əylislinin Rusiya mətbuatında ermənilərin maraqlarına xidmət edən “Daş yuxular” əsərini çap etdirərək, Azərbaycan xalqının nüfuzuna ciddi zərbə vurması hər kəsin yaxşı xatirindədir. O zaman hər bir vətəndaş, ziyalılar, qeyri-hökumət təşkilatları buna kəskin etirazını bildirdi. Lakin bəzi şəxslər Ə.Əylislini müdafiə etdi. Sən demə Ə.Əylislinin müdafiəsinə qalxan şəxslərin öz məqsədləri naminə bu addımı atıblar. Bunu “Milyarderlər İttifaqı”nın üzvü, tanınmış kinematoqraf Rüstəm İbrahimbəyovun timsalında aydın görürük. Belə ki, R.İbrahimbəyov Rusiyanın “Rosbalt” agentliyinə müsahibəsində özünün əsl ermənipərəst simasını tam açıqlığı ilə nümayiş etdirib. O, müsahibəsində Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən şikayətlənir və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirir. R.İbrahimbəyov hətta erməniləri münaqişənin qurbanı hesab edir. Bu təəssüf doğurucu və üzücü məqamdır. Amma bu bir faktdır ki, R.İmbrahimbəyov hər zaman Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır. Onun erməni rejissor daşnak Roman Balayanı Azərbaycana dəvət etməsi, onunla yaxın dostluq əlaqələrinə malik olması bir çoxlarına bəllidir. Bununla yanaşı, Rusiyada, Fransa, ABŞ-da tez-tez səfərlərdə olan R.İbrahimbəyov erməni dostları ilə görüşür, onlarla yaxın təmaslara malikdir.

Bütün bunlar göstərir ki, R.İbrahimbəyov da Əkrəm Əylisli kimi Vətəninə xəyanət yolu tutmuş ermənipərəst ünsürdür.

Deməli R.İbrahimbəyovun Ə.Əylislinin xəyanətinə münasibətdə ermənipərəst yazıçını dəstəklədiyini bəyan etməsi heç də təsadüfi xarakter daşımayaraq onun kosmopolit, anti-Azərbaycan ruhlu mövqeyindən irəli gəlib.

Belələrinin özlərini azərbaycanlı adlandırması xalqımız, milyona yaxın qaçqın və məcburi köçkünümüz, müharibədə əzizlərini qurban vermiş vətəndaşlarımız üçün, şəhidlərimizin ruhuna əsl təhqirdir.

Heç şübhə yox ki, Ə.Əylisliyə layiq olduğu yeri göstərən ictimaiyyət onun digər tayı olan R.İbrahimbəyova da əsl münasibətini ortaya qoyacaq.

Politoloq Elşən Musayev “525”in müxbiri ilə söhbətdə R.İbrahimbəyovun Rusiya mətbuatına verdiyi açıqlamanın gözlənilən addım olduğunu bildirib. Onun sözlərinə görə, R.İbrahimbəyovdan fərqli açıqlama gözləmək yersiz olardı: “Çünki bu, onun ruhundan, xislətindən irəli gələn bir şeydir. Rüstəm İbrahimbəyov ömrünün böyük bir hissəsini Azərbaycandan kənarda keçirib. Hətta onun yaradıcılığında Qarabağla bağlı heç bir məqam yer almayıb. Deyərdim ki, onun Azərbaycan ruhu yoxdur. O, heç Azərbaycan dilində yaxşı danışa bilmir. Hesab edirəm ki, onun Rusiya mediasına verdiyi açıqlama xarakterinin məhsuludur. Fikrimcə, bunun davamı gəlsə belə heyrət eləməmək lazımdır”.

E.Musayev bu şəxslərin Azərbaycan əleyhinə danışmasının hansı səbəbdən irəli gəlməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, R.İbrahimbəyov bununla diqqəti öz üzərinə çəkməyə çalışır: “Onlar özlərini hümanist, ümumbəşər dəyərlərin sahibi, daşıyıcıları kimi göstərmək istəyirlər. Çünki bunların fəaliyyətinin bütün xətti beynəlxalq diqqətə yönəlib. Azərbaycanda özlərinə eloktorat qazanmaq, yaratdıqları hərəkata kimlərisə qazanmaq məqsədi ilə bu yola əl atırlar. Ancaq bu fiaskoya uğramış bir addımdır. Buna görə də onlar seçkiöncəsi beynəlxalq gücləri öz tərəfinə çəkmək, diqqətini cəlb etmək, onların rəğbətini qazanmağa çalışırlar. Məhz buna görə də Rüstəm İbrahimbəyov kimiləri humanist, sülhpərvər prinsipləri qabartmağa çalışırlar. Amma onlar bu məsələdə Azərbaycanın milli ruhunu zədələmiş olurlar. Faciələrimizi görməkdən çəkinirlər. Bu, sanki beynəlxalq aləmə yönəlmiş kredit siyasətidir. Belə şəxslərdən hər bir addımı gözləmək olar”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı R.İbrahimbəyovun  millətçi erməni kimi danışdığını bildirib: “O, ermənilərin maraqlarına uyğun olan açıqlamalar verir. Rüstəm İbrahimbəyov özünü kosmopolit düşüncəli dünya vətəndaşı hesab edir. Əgər Rüstəm İbrahimbəyov özünü doğrudan da obyektiv adam hesab edirsə, o zaman baş verənlərə obyektiv münasibət göstərməlidir. Çox təəssüf ki, bəzi ziyalıları hesab edirlər ki, obyektiv olmaq üçün Azərbaycana Əkrəm Əylisli kimi ləkə yaxmaq lazımdır. Həmin ziyalılar obyektivliyi bunda görürlər. Bu ziyalılar müəyyən xarici mərkəzlərin sifarişlərini icra edirlər və bunun müqabilində maliyyə vəsaitləri alırlar. Hazırda həmin xarici mərkəzlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tələbi də ondan ibarətdir ki, mümkün olduğu qədər Ermənistan tərəfi haqlı çıxarılsın. Ermənilərin haqlı çıxarılması işini isə Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi adamlara həvalə edirlər. Rüstəm İbrahimbəyov xarici mərkəzlərə xidmət edən adamdır. O heç zaman Azərbaycan dövlətinin milli maraqlarına xidmət etməyib. Çox təəssüf ki, Azərbaycanda olan bəzi ziyalılar da Rüstəm İbrahimbəyovun yanında olmaqla çox yalnış yolu seçiblər”.

A.Nağı qeyd edib ki, hələ bir neçə il əvvəl QAT R.İbrahimbəyovun Azərbaycan dövlətinə qarşı bu kimi hərəkətlər etdiyini bəyan edib: “Hələ bir neçə il əvvəl Rüstəm İbrahimbəyov deyirdi ki, ermənilər Bakıdan çıxandan sonra guya Bakının səviyyəsi aşağı enib. Yəni, Rüstəm İbrahimbəyov hər zaman bu kimi ermənipərəst açıqlamalar verib. Nədənsə onda ermənilərə sevgi, Azərbaycan xalqına isə nifrət hissi mövcuddur”.

AQİL

 





08.04.2013    çap et  çap et