525.Az

Yaponiyada Azərbaycanla bağlı möhtəşəm tədbirin hazırlıqlarına başlanıldı


 

Yaponiyada Azərbaycanla bağlı möhtəşəm tədbirin hazırlıqlarına başlanıldı<b style="color:red"></b>

Dekabrın 21-dən 22-dək Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası, Yaponiyanın “Sərhədləri Ötənlər” iş adamları klubu və HİS şirkətinin birgə təşkilatçılığı ilə Yaponiyanın Hokkaydo adasının Şiretoko yarımadasının Şari şəhərinə yaponiyalı iş adamlarının səfəri baş tutub.

Səfərdə Yaponiyanın Tokio, Fukuoka, Nagano, Nagoya, Çiba və digər şəhərlərindən olan iş adamları və siyasətçilər iştirak ediblər.

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyanın yaradıcısı və prezidenti Əlibəy Məmmədovun sözlərinə görə səfərdə əsas məqsəd 2017-ci ilin iyulun 1-dən 3-dək baş tutacaq Azərbaycanla bağlı möhtəşəm tədbirə hazırlıq görməkdir: “Tədbir “Sərhədləri Ötənlər” iş adamları klubunun yaradılmasının 4 illiyi ilə bağlı həyata keçiriləcək”.

Gələn ilə planlaşdırılan tədbirə hazırlıq işlərini daha da peşəkar səviyyədə həyata keçirmək üçün təşkilat komitəsi yaradılıb. Həmyerlimiz sözügedən komitəyə sədr seçilib.

Ə. Məmmədov qeyd edib ki, gələn il baş tutacaq tədbirə Yaponiyadan 250 nəfər iş adamının qatılacaq: “Üstəlik tədbirdə yerli ictimaiyyət nümayəndələrinin aktiv iştirakı gözlənilir”.

“Sərhədləri Ötənlər” iş adamları klubunun prezidenti Kazuyasu İşidanın sözlərinə görə, tədbirdə dünya səviyyəsində biznes fəaliyyəti ilə məşğul olan yerli iş adamlarının toplaşacağı tədbirdə əsas istiqamət Azərbaycandır. O bildirib ki, son illər Yaponiya və Azərbaycan arasında olan ticari dövriyyədə inkişaf gözə çarpır: “Bu inkişafa daha da böyük təkan vermək üçün tədbirin əhəmiyyəti danılmazdır”. Qeyd edək ki, K. İşida təxminən 20 dəfə Azərbaycanda səfərdə olub. O, özü ilə birgə ölkəmizə 400 nəfərdən çox yaponiyalı biznesmen gətirib.

Eyni zamanda, K.İşida Azərbaycanla bağlı yapon dilində yazılmış bir neçə kitabın müəllifidir.

Səfər iştirakçıları ilə təşkil edilmiş iclasda çıxış edən Şari şəhərinin meri Takaşi Baba isə bildirib ki, tədbirdə yaponiyalı iş adamlarına həm də Şiretokonun, Şari şəhərinin təbliğatı həyata keçiriləcək: “İşlər uğurlu gedərsə, gələcəkdə Şari şəhəri ilə Azərbaycanın və dünyanın bir çox ölkələrinin şəhərləri ilə qardaşlaşma layihələrini də həyata keçirtmək olar”.

Ə. Məmmədov vurğulayıb ki, son iki ildə dünya bazarında neftin qiymətinin ucuzlaşması, Azərbaycan manatının dəyərdən düşməsi ölkə iqtisadiyyatına müəyyən mənada mənfi təsir göstərmiş olsa da, bunun sayəsində digər sahələrin, qeyri-neft sektorunun inkişafı üçün real şərait yaranıb: “Azərbaycan höküməti son illər xüsusilə kənd təsərrüfatı və turizmin inkişafına xüsusi diqqət ayırır. Bunun nəticəsində artıq bir çox yerlərdə qeyri-neft sektorunun inkişafı nəzərə çarpır. Azərbaycanın kənd təsərrüfatı məhsulları artıq Yaponiya bazarına da daxil olub. Eyni zamanda yaponiyalı iş adamları Azərbaycanda turizm şirkətləri açmağa başlayıblar. Bütün bunlar iki ölkə arasında biznes sövdələşmələrinin daha da artacağını deməyə əsas verir”.

Qeyd edək ki, 2017-ci ildə tədbirin baş tutacağı Şiretoko yarımadası 2005-ci ildə Yuneskonun təbiət irsində qeydiyyat keçən, zəngin təbiətə malik bir regiondur. Burada balıqçılıq və kənd təsərrüfatı sənayesi çox yüksək səviyyədə inkişaf edib, son zamanlar turizm sənayesi də dirçəliş dövrünü yaşayır. Şiretoko əsas etibarilə Cənub-Şərqi Asiya ölkələrindən olan turistlərin səfər etdiyi bölgədir.

Ceyhun ABASOV

 





23.12.2016    çap et  çap et