525.Az

Heyrətlə dərdləşən söz


 

Heyrətlə dərdləşən söz<b style="color:red"></b>

Bu il Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından birinin – şair İnqilab İsaqın 60 yaşı tamam olur. 60 il şair ömrünə uğurlu axtarışlar, gərgin zəhmət və məhsuldar fəaliyyət illəri kimi daxil oldu.

 

İ.İsaq da hamı kimi Allah sevgisinə möhtacdır. İstedad amili ilahi xislətlə bağlıdır və arzulanan vəhy, çağırış və nidalar hərəkətin başlanğıcına – nüvəsinə toplanır. Mənəvi mülkiyyətin qazanılmasında həmin başlanğıc əsasdır. İnqilab İsaqın da yaradıcılığının mayasında müqəddəs zikrə rəvac verən bu başlanğıc dayanır. İnanıram ki, o hər dəfə qələm götürəndə göylərə-genişlik, saflıq məkanına üz tutur. Və bu əlaqə cəhdinin verəcəyi nəticələri də yaxşı bilir. Mistik qavrayış, göylə təmas qurmağa təşnəlik bədii axtarışları intensivləşdirməklə onun yaradıcılığının sabit simasını müəyyənləşdirir. Öncə insanın zaman – cəmiyyət müstəvisində mənəvi cavabdehliyi, saf və dəyişməz xisləti, reallıqlara adekvat münasibəti əsas götürülür. Müəllif bu zaman faktı lirik – psixoloji, lirik – fəlsəfi fonda təqdim edir. Sevinc, inam, dərd, qayğı, vüsal, ayrılıq bəzən dominant başlanğıcdan uzaqlaşıb bədii mətnə fikir əlvanlığı gətirir. Bu zaman kölgə arxasında işıq, ölüm sirrində həyat, vüsal ovqatında kədər görünür. Məsələn, şəhidlik zirvəsində gül açan qan şair düşüncəsində ona görə mübarəklənir ki, o, ölümün təntənəsinə deyil, əbədiyyət faktına çevrilir.

 

...Göyün yeddi qatında 

Qanın gül açan günü 

Axan qanın mübarək 

(“Qan” şeirindən)

 

Minilliklər boyu xalq təsəvvüründə ölümlə qoşa addımlayan qara qiyafəli kədər gözlənilmədən yamyaşıl libasda təqdim olunur. Və oxucu inanır ki, bu tünd yaşıllıqda ölüm xofu yaşamayan kədərə həmişə boz səhra meydan olacaq. Burada boz səhra xəyali genişliyə açılan ucsuz-bucaqsız məkan olsa da, insanın nisgilini dərinləşdirir.

 

“Ölüm – yamyaşıl kədər... Boz səhra meydanında” deyən müəllif oxucunu yuxarıda qeyd etdiyim maraqlı situasiya ilə üzləşdirir. Fikrin dinamizmi milli qürur rəmzi bayrağı “ayaq altından çəkilib öpülən torpaq kimi” şəhid ruhuna qovuşdurur. Tökülən qan yamyaşıl kədərin acığına Vətən torpağını şərəfləndirir. Poetik qənaət belədir ki, uğrunda öləni olduqca, sevilib əzizləndikcə torpaq vətənləşir.

 

“Qan” şeirindən alınan bədii nəticənin lirik-fəlsəfi davamı “Kiri, kiri...” şeirində müşahidə edilir. Qədəri bilinməz dərdi örtməyə yetərli olmayan göz yaşının emosional siqləti heyrət doğursa da, yurdun havasına, torpağına qovuşmaq həsrətilə ağlayan rahat buraxılmalıdır. “Dərdin boyunca ağlayan” insana inilti və hıçqırıq üçün məsafə çox genişdir – elə dərdin boyuncadır. Bu qəmdə də boz səhra genişliyi görünür. Təşnəlik elədir ki, Vətənin bir udum havasına, bir ovuc torpağına çevrilməkdən ötrü, sən demə, göz yaşı üstündə dağa da qalxmaq olarmış! Dağ isə Vətənin seyr edilməsində ucalıq imkanıdır.

 

Kiri, kiri ağlayan var, 

Kiri, doyunca ağlasın 

Göz yaşı dərdini örtməz, 

Dərdi boyunca ağlasın.

  

... Kiri, kiri ağlayan var, 

Göz yaşında qalxır dağa. 

Bir udum yurd havasına, 

Bir ovuc torpaq olmağa, 

Kiri, kiri ağlayan var...

 

İ.İsaqın dünyagörüşü, yaradılışa münasibəti, onun mahiyyətinə varmaq yolunda apardığı axtarışlar xalq düşüncəsindən, bu düşüncənin yaratdıqlarından qaynaqlanır. Ruhi-mənəvi aləmə açılan pəncərədən işıq yolu görünür. Bu yolla xəyali səfərlərə qoşulan şairin magik qavrayışından bir nağıl yolu da ayrılır. Yaxşı ki, demokratiya və ədalət işıqlı nağıl sonluqları qorxulu deyil.

  

Nağıllar alma-alma, 

Qorxulu söhbət deyil.

 

 Bəlkə də həqiqət nə vaxtsa uydurulan “nağıl yalanlar”ından keçib. Xeyirə yozulan bu “yalanlar”ın əli ilə iblis xislətlilərinin niyyəti qaranlığa gömülür. Elə bu inancla söz adamının xəyalları nağıl obrazlarının sorağındadır. Bu, eyforiya olmayıb “işıq dirəkləritək” sıralanmış ümidə bağlılıqdır. Qaranlıq niyyətlərin qənimi Məlikməmmədlər də, müjdə daşıyıcısı Simurq quşları da işığın yanındadır.

 

 ... Necə xilas olacaq körpə xəyallarımız? 

Gərək kömək istəyək əl açıb nağıllara. 

Amma ümidlərimiz işıq dirəkləridir, 

Qaranlığın əlində tez-tez düşsək də dara.

  

Başqa bir nümunədə isə nağılla gerçəklik arasındakı münasibətdə uduzan nağıl dünyası uşaq arzuları üçün yaramır. Alma bitirməyən göylərə də üz tutmağa dəyməz. Axı kütlə psixologiyasında günün reallığı – bazar mövcudluğu qalmaqdadır.

  

Almalar deyilmiş nağıl alması, 

O görən almalar bu göyə gəlməz. 

Yüz selbə atsa da bazar bağına, 

Biri insaflanıb çəkiyə gəlməz. 

 

İ.İsaqın qəlbinə yetişən işıq yoluna kövrək duyğularla süslənmiş bir xatirə yolu da birləşir. O, inanır ki, xatirələrdə dirilən, yaddaşa qayıdan ömrün yenidən yaşanması mümkündür. Keçmişlə gələcək arasında yaranan bağlantı xəstəhal istəyə aid deyil, mənəvi müvazinətin həm dünənki, həm də bugünkü qütbünə paylanan fəal yaşantı üçündür. Ədəbi qənaət isə belədir:

 

İtmiş oyuncağımla 

Dəyməyib hələ aram 

Çərpələng uçuşuna 

Qanad olmağa varam. 

... Bu gecə də yuxumu 

Yuxumu sözə satdım
Mürgülü uşaqlığı 

Beşiyində oyatdım.

 

(“Yuxumu sözə satdım”)

  

Əsrlərlə lirikamızın canında böyüyən bahar, payız, bulud, yol, çiçək, nağıl və s. obrazlar çox zaman İ.İsaqın şeirlərində ənənəvi funksiyasını qoruyur. Dəyişən isə odur ki, bədii təəssüratın qüvvətlənməsində bu obrazlar kifayət qədər çevikdir. Məsələn, narahat və əsəbi zamanla ayaqlaşa bilməyən bahar təkcə səbri tarıma çəkmir, eyni zamanda, şair qəlbində nisgilə çevrilən sarı donlu payıza çevrilir.

 

Bu tıxaclar içində 

Dardı səbrin yolu, dar 

Məni xilas eləməz 

Yolu gecikmiş bahar.

  

Yolu gecikməklə ömrünü ötürmüş baharın payız küləklərinə təslim olmasını da, səbrə bağlanmayan əhvalı da təbii qəbul etməliyik. O da qeyd edilməlidir ki, yetkin davranışlı payız ömrü kamil insan ömrüdür – nağıllaşan, simvollaşan yetkin şair ömrüdür. Aydın duymaq olur ki, mifik qiyafəsi dəyişməyən nağılları xəyallara birləşdirən yol qalır – payız ovqatlı xatirə yolu! Bu yolun fəsil dayanacaqları var. Ümid və həyəcanı da, kövrək təsəllini də yaşayan İ.İsaq üçün borana üz tutan qış təsəlli mövsümü deyil, mərdlik və dözüm formalaşdıran kamillik yoludur. “Sözümü çəkdim sabaha” şeiri bu düşüncələrə əsas verən maraqlı nümunədir.

 

Çiçək tutub könlüm, çiçək, 

Bahar sözlü, payız kövrək 

Boranını qoymayım tək, 

Qışına dönüm Allahın.

  

Yuxumu yozmadım daha,  

Adım batmadı günaha 

Sözümü çəkdim sabaha, 

Xoşuna gəlim Allahın. 

 

Sözün sabaha çəkilməsi isə axtarışların davamını da, qışın canında böyüyən bahara yetişmək istəyini də mütləqləşdirir.

 

İnqilabın şeirləri təkcə sözdən doğulmayıb. O həm də səsin içində dünyaya gəlib. Səs də söz kimi doğmadır ona.  Təbiətə də, təfəkkürə də məxsus çeşidli səslərə qoşulma anları çox olur. İnsan səsi üçün darıxmayan yaxın – uzaq yerlərə can atılmır. “Buludları minib yoran” səsə – şairə yer üzünü piyada dolaşmaq istəyi maraqlıdır – obalara baş çəkmək üçün, insanlarla görüşmək, insan səsi eşitmək üçün!

 

Simvollaşmış evin müdrik sahibi Mələk nənələrin uzaqdan gələn səsi – milli və irqi əlamətləri ilə seçilməyən insanı ocaqla qarşılaması qan yaddaşının oyanışıdır. Ocağa tapınmaq, onu qorumaq bədii təfəkkürə yol açan milli yaşantıdır.

 

Buludları minib yordum,

düşüm daha, düşüm. 

Ünvanlıyam, 

Gedirəm oba üstünə 

Hardasan, Mələk nənə, 

hardasan, ev yiyəsi? 

Dur, ocaqla qarşıla uzaqdan gələn səsi.

 

(“Ocaqla qarşıla”)

 

Şairə görə uzaqdan gələn səsin qonaq qismində ocaq başında həmişəlik yeri var. Bu incə məramın türk – islam əxlaqında əhəmiyyəti böyükdür.

 

Şair ənənəvi sözün və səsin ritmini aydın hiss etdiyindən ahəng yaradan bütün vasitələri poetik strukturun mahiyyətinə çevirib, bu vasitələrin üzvi əlaqəsini qura bilir. Fikrin passiv halı, qeyri-dinamik vəziyyəti heç vaxt hiss edilmir, söz çevik və işləkdir.

 

Ritorik intonasiya da, patetik fürsət də bu poeziyaya həmişəlik yaddır. Şairin lirik düşüncəsinə pafos və hay-küyün əli yetişmir. Poetik təhkiyə elə davamlıdır ki, bundan doğan ovqat bədii təsirləndirmənin enerjisinə çevrilir. Hər hansı inersiya amili bu enerjinin önündə gücsüzdür.

 

Dərdə cavab kimi cücərib sözüm,

Qaranlıq şumlayıb, işıq əkirəm. 

Fikrim səhər kimi doğulsun deyə 

Qorxum yox, söz üstə ağrı çəkirəm.

  

İ.İsaqın poeziyasında bahar ovqatı var. Hər yazın gəlişi təbiətdə canlanma yaratdığı kimi, bu şeirlər də insanın ruhunu təzələyir, onun dünyaya vurğunluğunu artırır, hisslərini cilalayır. Tamamilə qanunauyğundur ki, bahara – bu füsunkar fəslə qovuşmağa tələsmək, əslində ümidə, arzulara yetişmək istəyidir.

 

Şair ömrünün 60 ili artıq keçmişə qovuşdu. 60 il bəzən cismani və mənəvi ağrılara yol açsa da, sınaq və təcrübə qazancları gətirsə də, nə sənətkar əxlaqını, onun sabit xarakterini, nə də xeyirxah niyyətini dəyişə bildi.

 

60 il ömür təqvimində yubiley faktı kimi işarələnsə də, çoxsaylı oxucular qarşısında həm də ənənəvi hesabat vaxtıdır. Belə sınaq baryerini çoxdan aşan şairi sənət və ömür yolunun davamı gözləyir.

 

Yolun uğurlu, niyyətin çin olsun, qardaşım!

 

60 yaşın mübarək, İnqilab İsaq! 

 

Saleh QURBANOV 

Daşkəsən

 





08.04.2013    çap et  çap et