525.Az

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər


 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

“Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər<b style="color:red"></b>

I cild (noyabr 1918 - aprel 1920) 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın əlifbasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev) 

(Əvvəli ötən şənbə sayımızda) 

Qəbul olunan layiheyi-qanuniyyə budur:

1- Azərbaycan Məclisi-Məbusanının mühafizəsi üçün 200 nəfərdən mütəşəkkil bir qorucu bölügü təşkil olunur.

2- Qorucu bölügü Məclisi-Məbusan Divani-Rəyasəti təhti-idarəsində bulunacaqdır.

3- Qorucu bölügünə komandanlar və nəfərlər dəvəti rəyasət ixtiyarındadır.

4- Qorucu bölügünün məsarifi üçün bu layihəyə əlavə olunan məsarif surəti üzrə sənədə 2 milyon 200 min manat dövlət xəzinə-sindən buraxılıyor.

Sədr - Növbədəki məsələ parlaman mülkünün məxaric smeta-sıdır. Söz büdcə-maliyyə komisyonu sədri Əbuzər bəy Rzayevindir.

Əbuzər bəy - (Oxuyur).

1- Məclisi-Məbusan nəzarətçisi (1) ayda 1000 manat

Nəzarətçi müavini (1) 800

Qapıçı (3) 550

Xidmətçi (4) 550

Sil-süpürücü - 550

Dalandar (2) 550

2- 1919-cu il müddətinə lazım olan yanacaq:

5 ay müddətinə 34 soba üçün:

Neft - 90946 manat

Karanka

Kayronka (bağlı) 520

3- Mənzillərin işığı - 13000 manat

4- Zənglərin tərkibi - 4800

5- 8 telefon və 5 əlavəsi - 6500

6- Təmirati-cariyyə - 6000 manat

7- su yolu və qapı, pəncərə və sairənin təmizlənməsi - 18000 manat

8- Dəftərxanə üçün qənd-çay ildə - 8000 manat

9- Sandalya və sair ləvazim - 100.000 manat

10- Xüsusi ittifaqlarda müavinəti nəqdiyyə - 12000 manat

Maliyyə komisyonu bu layihəyə baxaraq bəzi yerlərini təshih etmişdir. İştə protokol:

Məclisi-Məbusana ləvazim heyəti tərəfindən parlaman mülkünün və onun xədəmə və məmurlarının məxarici həqqində təqdim olunan smeta müzakirə edilərək atidəki, təshih ilə qəbul olunur:

1- Birinci maddə 4-cü fəsil: dörd xidmətçi əvəzinə 2 olmalıdır.

2- Üçüncü maddədəki işıq xərci - 3000 manat olmalıdır.

3- Beşinci maddə telefon xərci - 3000 olmalıdır.

4- Altıncı maddədə göstərilən xərc - 3000 manat olmalıdır.

5- Yeddinci maddədəki xərc - 1000 manat olmalıdır.

6- Səkkizinci maddədən qənd çıxarılmalı və xərc 6000 manat olmalıdır.

7- Onuncu maddədəki xərc - 253216 manat olmalıdır.

Sədr - Bu barədə danışmaq istəyən varsa buyursun. Parlaman etiraz etmiyorsa səsə qoyuram. (Ruscaya tərcümə edilir). Parlaman binasının məxarici 1918 dekabr ayı ilə bərabər 13 ay müddətinə maliyyə komisyonu tərəfindən 253216 manat qəbul olunur. Təfsilatı eşitdiniz, hər kəs bunu qəbul ediyorsa əlini qaldırsın. (Əllər qalxıyor). Demək müttəhidülrəy qəbul olunur.

“Azərbaycan”, 21 fevral 1919, №119

Xassə - qvardiya
Mayəhtac - insana gərəkli şeylər
Mütəbaqi - artıq qalanı
İblağ - çatdırmaq
Təəyyüş - yaşama
Təsmiyyə - adlandırma
Fövc - dəstə

Sədr - Söz təriq və məabir naziri Məlikaslanovundur.

Məlikaslanov - Bən bu layihə xüsusunda bir qədər məlumat vermək istiyoram. Məbuslardan Əbilov öylə diyor ki, guya bu qanun havadan gəlib buraya düşübdür. Bilməlisiniz bu layihə buraya çıxınca bir neçə komisyondan keçmişdir. Dəmiryol təariflərinin artırılmasından başqa hər cür mədaxil yolları da vaqonun artırılması da həp nəzərə alınmışlardır. Təarifin artırılmasından hasil olan 3 milyon manat yenə də 8 milyonluq zərəri qapamıyor, hərgah biz bütün zərərləri çıxarmaq üçün yalnız təarifləri artırmaqla kifayət edib dəmiryolunun başqa işlərini düzəltməgə və mədaxilin çoxalmasına çalışmalıydıq o vəqt təarifi 8 qat artırmaq lazım gələrdi. Vəhalonki biz ancaq birdən ikiyə qədər qat artırmışıq. Vaqonların çoxalmasında çalışırıq ki, mədaxil artsın. Bunların həpsi nəzərə alındıqdan sonra layihə təqdim edilmişdir. Yenə təkrar ediyoram ki, dəmiryolları hər gün 70-80 min manat zərər veriyorlar. Ona görə rica ediyoram layihəyi təxirə salmayıb bu gün qəbul edəsiniz.

Sədr - Söz Əhməd Cövdət əfəndinindir.

Əhməd Cövdət - (Sosialist) Əfəndilər! Necə ki, nazir əfəndi söylədi, doğrudan da yolların və xəzinənin zərəri o qədər böyükdür ki, bunun qabağını almaq lazımdır. Məlumdur ki, Zaqafqasiya dəmiryolu Rusiya yollarının ən mənfəətlisi idi. İmdi isə ayda 8 milyon zərər veriyor. Bunca zərərə təhəmmül ediləməz. Lakin dəmiryol naziri burada bizə müəyyən bir yer göstərmədi. Dedilər ki, dekabr ayı hesabilə yolun zərəri ayda 8 milyondur. Bu doğrudur. Amma ayların arasında təfavüt var o zaman türklər Bakıdan gediyorlar idi. Vaqonlar onların əlində idi. Oktyabr ayı ondan da fəna idi. Fəqət o vəqt əhval qeyri-təbii idi. Amma yanvar ayında böylə degildir. İləriki aylara nisbətən əhval yaxşılaşmışdır. Nazir həzrətləri yanvar həqqində bizə məlumat verməli idi görək yolun mədaxili, məxarici nədir. Bəlkə 8 milyon degil azdır. Təəssüf ki, bu barədə məlumat verilmədi.

İmdi biz burada dekabr ayını ölçü götürüyoruz, amma bu düz olmaz. Zira dekabr ayında zərər artıq idi. Yanvar ayında isə zərər ola bilər ki, az olsun. Əvvəla hər halda zərəri qapamaq lazımdır. Bunun üçün bilet ilə kirayənin artırılmasını təklif ediyorlar və deyirlər ki, qanun qəbul olunmadıqca gündə 70-80 min manat zərər var. Yoldaşımız Əbilov dedigi kibi təarif artdıqca malların qiyməti də artacaq. Bu da əhali və fəhlə üzərinə gələcək, pul isə möhtəkirlərin cibinə girəcəkdir. Yoldaşımız deyən kibi əgər bilək ki, bu gün təarifləri artırmaqla işlər tamamilə düzələcək və 100 milyon zərər olmıyacaqdır, o vəqt layihəyi qəbul edərdik. Fəqət biz biliyoruz ki, böylə olmayacaqdır. Təarifənin artmasilə mallar bahalanacaq. Fəhlə də məvacibin artırılması barəsində tələbat verəcəkdir, nazir gəlib yenidən təariflərin artması həqqində layihə təqdim edəcəkdir. Bu surətlə onlar artdıracaq, biz artıracağız. Bunların həpsi əsasın düz olmamasındandır. Hökumət çalışıb bahalığın qabağını almalıdır. Bu barədə keçən dəfə burada 3 gün danışdıq. Bu qədər danışığın bir nəticəsi olub-olmadığını bilmiyoruz. Hərgah hökumət bu barədə bir tədbir görmüş olsaydı nəticəsini görərdik. Mərkəzi ev komitəsi kibi bir müəssisənin tədbirilə çörəgi ucuzlatmaq mümkün isə, onun sayəsində bazarda malların qiyməti düşüyorsa, santrodomun qüvvəti çatan bir şeyə hökumətin qüvvəti çatmazmı? Hökumət də qənd, çay və sair şeyləri özgə yerdən alıb gətirsin ucuz qiymət ilə əhaliyə satsın və bu surətlə bazarda malın ucuzlaşmasına səbəb olsun. Vəilla haman stanok yenə işləyib bilaaram pul çıxaracaqdır. Və bu bahalığın qabağını almaq mümkün olmayacaqdır. Zənnimizcə dəmiryol nəzarəti çalışıb yol ilə gedən ingilis və könüllü əskərdən para alsa və yoldakı bir para hərəkətlər rəf edilib işlər nizamə salınsa dəmiryolunun zərəri 3-4 milyondan əskik olar ki, buna da hökumətimiz təhəmmül edə bilər. Məlumunuzdur ki, oktyabr və noyabr aylarında dəmiryolunun mədaxili yox idi zərəri vardı. Bu zərərə o vəqt təhəmmül olundu. İmdi isə mədaxilimiz də var, fəqət burasını nəzərə almalıdır ki, dəmiryolunda vəziyyət sabiq Rusiya zamanındakı kibi degildir. Ona görə nə tövr olsa da indi zərər çıxaracaqdır. Bu zərərə də təhəmmül eməliyiz.

Məlum olduğu üzrə bizimki kibi Gürcüstan dəmiryolları da zərər verdigindən Gürcüstan təriq və məabir naziri də təarifənin artırılması həqqində parlamana bir layihə təqdim etmişdi. Fəqət parlaman təariflərin artırılmasını qəbul etməyib yolun nizamə salınması və bahalığın önünün alınması üçün tədbirlər görülməsini təklif etdi və bir müddət də zərərə dözməgi təhti-qərarə aldı. Biz dəxi bu zərərə hələlik təhəmmül etməliyiz. Bu layihə büdcə komisyonunda müzakirə olunan zaman bizim fraksiyanın nümayəndəsi biletlərin artırılması əleyhinə səs vermişdir. Bizdə layihədə birinci və ikinci klas biletlərinin qiymətinin 50 faiz, amma üçüncü klasın 60 faiz artırılması təklif olunur. Halbuki bu klas ilə gedənlər kasıblardır. Ona görə üçüncü klasın biletini az bahalandırmalıdır ki, kasıbların gücü çatsın. Əlavə hökumət o nöqteyi-nəzərdə olmamalıdır ki, hər yerdə qiymət artıyor, bizdə də artsın. Hökumət ancaq mədaxili artırmaq üçün qəti tədbirlər görməlidir. Bizim fraksiyamız bu rəydədir ki, təarifənin artmasilə bu zərərlərin önünü almaq olmaz. Məsələnin digər cəhətinə gəldikdə deyirlər ki, bu layihə təcilidir. Məlum olduğu üzrə keçənlərdə də bir təcili layihə vardı. Şimdi büdcə komissiyasında yenə bir təcili layihə var. Ola bilər ki, sonralar da olsun. Keçənlərdə dedigimiz kibi yenə təklif ediyoruz ki, qanun layihəsi parlaman müzakirəsinə təqdim olunmaqdan əvvəl fraksiyalara verilsin ki, onlar layihəyi müzakirə edərək rəylərini deyə bilsinlər.

M.Ə.Rəsulzadə - (Müsavat) Müzakirə edilən məsələdə iki əsas var. Biri budur ki, qanun müzakirə olunmaqdan əvvəl fraksiyalara verilsin. Əvət, fraksiyalara qanunları əvvəlcə göndərməlidir ki, məbuslar layihənin məzmunundan xəbərdar olsunlar və parlamanda müzakirə olunarkən idrakla rəy versinlər. Bu məsələ o qədər sərih və aşkardır ki, əleyhində olmaq qeyri-mümkündür. Bu təklif parlaman tərəfindən ilk dəfə vaqe olmuyor. Keçəndə də bir qanun barəsində müzakirə vəqti qanunların qabaqca fraksiyalara göndərilmələri həqqində bir qərar qət olunmuşdu. Fəqət aparatın xarablığındanmı, ya nədən isə qanunlar daima təcili oluyorlar. Şimdi yenə təcilidir - deniliyor. Deməli bu da o surətlə təcili qəbul olunsa, bir daha təcili qanun təklif edilər və bu surətlə arxası heç zamankəsilməz. Sosialistlərin bu xüsusdakı fikirlərinə tamamilə iştirak edərəm. Mümkün olduğu qədər parlamanı təcili qanunlardan xilas etməlidir. Ona görə şimdi təcili surətdə təklif olunan qanunun “təcili” kəlməsində “c” hərfini “a”yə əvəz etməklə təcili qanuni tacil etsək daha müvafiq olar.

Məsələnin ikinci cəhəti budur ki, sosialist fraksiyası biletlərin qiymətinin artırılması əleyhindədirlər. Öylə təsəvvür ediyorlar ki, bu surətlə bahalığa səbəb olunar və nəticədə təkrar əmələlərin məvacibinin artırılmasını mucib olaraq pul kəsən makina daha ziyadə işləyəcəkdir. Bu öylə bir məsələdir ki, ona artıq dərəcə ehtiyat ilə yaxınlaşmalıdır. Fəqət bənə öylə gəliyor ki, vaqe olan təklif ilə pul makinası daha çox işləyə bilər. Çünki əgər məvaciblərin artırılması gəlirdən degil, xəzinədən veriləcək olursa, o zaman makina daha çox işləyəcək, kağız pulun miqdarı çoxalacaq. Eyni zamanda qiyməti də əksilərək şeylər daha da bahalanacaqdır. Burada diyorlar ki, biletlərin qiyməti artırılmaqla bahalıq da artar, bu doğru degildir.

Əlbəttə mümkündür ki, başqa vasitələr və yollar ilə bu zərərin önü alına bilsin. Dəmiryolunun xərci yalnız 8 milyon degil, bəlkə daha fəzlədir. Burada yalnız biletin qiymətini on dəfə artırmaqla 100 qat artmış məsarifi ödəmək olmaz. Məsələyə diqqət ilə yanaşmalıdır. Əsas etibarilə biletlərin artırılması həyatı zərərləndirsə kağız pul miqdarının artması daha da zərərdir.

Fəqət bununla bərabər qanun layihəsinin fraksiyalara verilməsi həqqindəki təklifə israr edən olursa biz də iştirak edəriz.

Sədr - Söz Yusif Əhmədovundur.

Əhmədov - (Bitərəf) Zənnimcə məcburuz bu layihəyi qəbul edək. Ona görə ki, buyurdular ki, gündə 80 min manat zərər var. Qanun nə qədər gec qəbul edilsə zərər o qədər artıq olacaqdır. Lakin onu çox saxlamaq ilə yenə də bahalığa bir çarə edilməz. Bahalığın şiddət etməsinin səbəbi burada degildir, başqa cəhətlərdədir. Və bu səbəbləri əksiltmək, baha şeyləri ucuz etmək, zənnimcə təriq və məabir nazirinə degil, ərzaq nəzarətinə aid bir məsələdir. Bu bir azardır ki, illət harasında olmağı tapmaq qəzetələrdə də çox yazılır. Cəmi Avropa aqilləri və tacirləri də bundan acizdirlər. Bu bir çətin məsələdir. O vəqt ki, mal olmadı əlbəttə bahalanacaqdır. Mal olsa, təbi özü-özlügündən ucuzlaşacaqdır. Malların məmləkətə idxalı məsələsində də təriq və məabir nazirinin əlində bir çarə varsa, o da yolların yaxşılaşdırılması və ərzaq gətirməgin asanlaşdırılmasıdır. Bahalığa qarşı tədbirləri gərək ərzaq naziri görsün. Əhli-xəbərədən lazım olan adamları çağırsın, işləsin. Odur ki, bən keçən dəfə də söyləmişdim ki, ticarət nəzarəti indində tacirlərdən ibarət bir komisyon olsun. O komisyon təşkil edilsə əlbəttə nazirin işi asan olar. Bən sizi inandırıyoram ki, xəstənin həkimə nə qədər ehtiyacı varsa, ərzaq işlərinin də tacirlərə o dərəcə ehtiyacı var. Bən özüm tacirlər nümayəndəsi olduğum üçün təkrar parlamana təklif ediyoram bu məsələlərə baxmaq üçün bir komisyon təşkil olunsun və məsələ ətraflıca müzakirə edilsin. O vəqt bahalığın önü alınar. Bən yenə təklif ediyoram ki, təriq və məabir nəzarətindən varid olan qanun layihəsini parlaman tamamilə qəbul etməsə də barı Gürcüstan hökumətinin qəbul etmiş olduğu maddələri qəbul etsin. Çünki məzkur maddələri gürcülər fevralın birindən etibarən daxildə tətbiq ediyorlar və beynəlmiləl tətbiqi üçün bizim qərardadımıza məəttəldirlər.

“Azərbaycan”, 22 fevral 1919, №120

Təzayüd - artma, çoxaltma
Təcil - təcili, tələsdirmə
Tacil - təxirə salma, mölət təyin etmə
İndi - nəzdində, yanında
İllət - xəstəlik

(Ardı var)

 





26.12.2016    çap et  çap et