525.Az

Zamanların mozaikası: hadisələr və şəxsiyyətlər


 

Zamanların mozaikası: <b style="color:red">hadisələr və şəxsiyyətlər</b>

(Əvvəli ötən şənbə sayımızda)

Dini sahədə isə pravoslav (ortodoks) kilsəsinə rəhbərlik Bizansdan özünü “3-cü Roma” adlandıran Moskvaya keçdi.

Bizans alimlərinin İtaliyaya mühacirəti hesabına avropalılar yunan mədəni irsini özləri üçün yenidən açdılar, bu isə Avropa humanizminin yaranmasına təkan verdi.

Konstantinopol təkcə türk basqını hesabına deyil, həm də Şərqi Roma imperiyasının daxili böhranı səbəbindən süqut etdi. Osmanlı qoşunları sayca üstün idi, Mehmet şəhərə hücuma Avropada dəhşət təlqin edən 150 mindən çox döyüşçü və o dövr üçün güclü artilleriya cəlb etmişdi. Bizanslılar qəhrəmancasına müqavimət göstərsələr də, iki aylıq mühasirə öz işini gördü. Türklər bağlı Qızıl Buynuz körfəzinə soxuldular, onlar buraya ağac tirlərinin üstü ilə 80 gəmi gətirmişdilər, türklər şəhərin birbaşa bombardman edilməsinə başladılar. 29 may 1453-cü ildə Konstantinopola hücum baş verdi, Mehmet Fateh şəhəri tutdu.

II Mehmet Fateh 1481-ci ildə ölənə qədər 30 il ərzində Osmanlı sultanı oldu. O, yaxşı təhsil almışdı, beş əcnəbi dil bilirdi, Qərb mədəniyyəti ilə tanış olmaqla yanaşı, həm də dini fanatizmə yad idi. Onun siyasətinin mahiyyətini sultanın ləqəbi kifayət dərəcədə ifadə edirdi.

O, Konstantinopolu tutduqdan sonra Osmanlı dövlətinin paytaxtını ora köçürtdü və şəhərin adını İstanbul etdi. Sonra o, tədricən Bizansın digər qalıqlarını, həmçinin Serbiya və Bosniyanı işğal etdi. Bununla yanaşı, Krımdakı varlı Genuya koloniyalarını tutdu və Krım xanlığını özünə tabe etdi. Cənubi İtaliyaya girib, Otranto şəhərini qarət etdi.

II Mehmet 1476-cı ildə dərc etdirdiyi qanunlar məcəlləsi olan - Kanunname ilə nəhəng Osmanlı imperiyasının daxili idarəçiliyini qaydaya saldı.

İranda isə 1502-ci ildə 15 yaşlı I İsmayıl Səfəvi taxt-taca çıxdı və Təbrizdə şahənşah (şahlar şahı) titulunu qəbul etdi. O, bundan əvvəl türk köçəri tayfaları olan Qızılbaşlara arxalanaraq Şimali Azərbaycana müdaxilə etdi, sonra isə Ağqoyunlu dövlətinin əsas qüvvələrini darmadağın etdi.

İsmayıl Cənubi Azərbaycandakı Ərdəbildən idi, burada isə dini feodallar olan Səfəvilərin təsiri güclənmişdi. Onlar şeyx Səfi (1252-1334-cü illər) nəslindən idilər, onları şiə və imam Əlinin törəmələri hesab edirdilər. İsmayılın müqəddəs mənşəyi ona şahənşah titulunu almağa imkan verdi.

XVI əsrin əvvəllərində Səfəvilər İrana,İraqa sahib oldular. Bağdad və Xorasan da onların əlində idi. 1514-cü ildə onların Zaqafqaziyanı, Kürdüstanı və Mesopotamiyanı ələ keçirmək üçtündə Osmanlı imperiyası ilə uzun müddətli qarşıdurması başlandı. İran hələ çoxdan Ərəb xilafətinə və mömin sünnülüyə qarşı şiə müxalifətinin mərkəzi idi. Sünnülüyü isə bu vaxt Osmanlı müdafiə edirdi və sultan Səlim Yavuz Persiyanı Türkiyədə şiəliyi yaymaqda ittiham edirdi və öz ölkəsində şiələrlə  qəddarcasına davranırdı.

I İsmayıl Xətai Yeni tarixdə ilk Persiya dövlətini yaratdı və şiəliyi dövlət dininə çevirdi.

Türkiyə sultanı I Səlim Yavuz (Heybətli) 1514-cü ildəki Çaldıran döyüşündə artilleriyadan istifadə edərək şah İsmayılın ordusunu məğlub etdi və bu qələbə ilə Osmanlı imperiyasının Yaxın Şərqdəki ağalıq mövqeyini təmin etdi. Sonrakı illərdə isə məmlyükları özünə tabe edib, Suriyanı, Hicazı və Misiri Osmanlı imperiyasının tərkibinə daxil etdi. Artıq imperiya müsəlman dünyasının hökmranı idi. Bu qələbə nəticəsində türklər Aralıq dənizindəki və Qırmızı dənizdəki mühüm ticarət mərkəzlərinə nəzarətə sahib oldular. Məkkə və Mədinənin - İslamın müqəddəs yerlərinin geri alınmasından sonra I Səlim peyğəmbər Məhəmmədin varisi kimi xəlifə titulunu qəbul etdi.

Qalibiyyətli yürüşlər və işğallar Osmanlı imperiyasının ölçülərini iki dəfə artırdı. Oğlu Süleyman Qanunidən fərqli olaraq I Səlimi əsasən Avropadakı deyil, yalnız Yaxın Şərqləki işğallar maraqlandırırdı. İşğal edilmiş ərazilər xeyli gəlir verirdi, bu isə Osmanlı imperiyasını XVI əsrin ən varlı və qüdrətli dövlətinə çevirdi. Sultan Səlim dəniz quldurlarının xidmətindən istifadə etməyi də yaddan çıxarmırdı. Bu yolla o, Əlcəzair üzərində Türkiyənin suverenliyinə nail olmuşdu. Dəniz qulduru, Barabarossa ləqəbli Hayraddin öz qardaşı Aruc ilə birlikdə Əlcəzairi işğal etmiş və şəhəri Osmanlı imperiyasının sultanının tabeliyinə vermişdi. Venesiyanın tənəzzülündən sonra Əlcəzair Aralıq dənizində aparıcı dəniz dövlətinə və Avstriya imperiyasının Habsburqlar sülaləsinə ciddi təhlükəyə çevrilmişdi. İki qardaş Lesbos adasının yunanlarını müsəlmanlığı qəbul etməyə məcbur etmiş və Aralıq dənizinin qərb hissəsində yaxşı təchiz edilmiş dəniz quldurluğu donanması yaratmışdı. Barbarossa türk sultanına müraciət etmiş və Əlcəzairi Türkiyənin suverenliyinə vermişdi. Buna görə Sultan I Səlim Hayraddinə paşa titulunu vermişdi. İndi İstanbulun ən böyük prospektlərindən biri Hayraddin Paşa adını daşıyır.

1520-ci ildə atasının ölümündən sonra hakimiyyətə gələn I Süleyman Qanuninin hökmranlığı Osmanlı imperiyasının ən böyük qüdrətli dövlətə çevrilməsi, mədəniyyətin və incəsənətin görünməmiş çiçəklənməsi dövrü idi. I Süleyman Belqradı tutdu. Macar və çex ordusu üzərində qələbə nəticəsində Macarıstan öz dövlət və siyasi müstəqilliyini itirdi və müsəlman qəsbkarlarının Avropaya gedən yolunda bu vaxt yalnız Avstriya dayanırdı. Bu məqsədlə Vyanaya yaxınlaşdı. Zaqafqaziyada və Yaxın Şərqdə (Persiyanın bir hissəsini, Ermənistanı və Mesopotamiyanı) xeyli ərazilər işğal edildi. Bu ərazilər paşaların idarəçiliyinə verilirdi.

O, iri miqyaslı islahatlar həyata keçirdi, elmin, mədəniyyətin, arxitekturanın inkişafını dəstəkləyirdi. I Süleyman öz dövrünün ən böyük hökmdarlarından biri idi, onun qoyduğu qanunlar Osmanlı imperiyasının sonrakı inkişafını xeyli dərəcədə müəyyən etdi. Onun dövründə İstanbulda bütöv binalar kompleksinin tikintisinə başlandı, bu kompleksə məscidlər, sultanın mavzoleyi, dini məktəblər, mədrəsələr, xəstəxanalar, evsizlər üçün sığınacaqlar və hamamlar daxil idi.

Türklərin Avropadakı işğalları, nəhayət, başa çatdı. 1699-cu ildə Müqəddəs Liqa (Avstriya, Venesiya, Polşa, Rusiya) ilə Osmanlı imperiyası arasında Karlovits sülhü imzalandı. Bununla da Mərkəzi Avropada türk  ekspansiyasına bütünlüklə son qoyuldu. Karlovits sülhü bağlandıqdan sonra Avstriyanın Habsburq monarxiyası Avropada ən nüfuzlu dövlətlərdən biri oldu. Çünki Avstriya Macarıstanın böyük hissəsini, demək olar ki, bütün Sloveniya və Xorvatiyanı aldı. Polşa və Rusiya da bəzi ərazilərə sahib oldular. Türklər Avropanın cənubi-şərqinə sıxışdırıldılar.

Osmanlı imperiyası zəifləməyə başladıqda öz əraziləri ilə yanaşı, vassalı olan Krım xanlığını da itirdi. 1783-cü ildə Rusiya imperatriçəsı II Yekaterina özünün Manifesti ilə Krımı Rusiya imperiyasının tərkibinə daxil etdi. Bu, Krıma sahib olmaq üstündə Rusiya ilə Osmanlı imperiyası arasındakı uzunmüddətli rəqabətə son qoydu. Onların Küçük-Kaynarci sülhünə görə (1774-cü il) Rusiya Krım ərazisində bir neçə qalanı almışdı. Krım bu vaxt Osmanlı imperiyasının vassalı olmağını dayandırdı. Lakin Türkiyə bir il sonra öz əlaltısını Krım xanı etməyə nail oldu. Bu vaxt Rusiya hökuməti Krıma qoşun yeritdi və xan taxtına öz namizədini oturtdu. İki xanın tərəfdarları arasındakı mübarizə bir neçə il davam etdi. 1783-cü ildə II Yekaterinanın hökuməti yenidən Krıma qoşun yeritdi. Rusiyanın Krım uğrunda mübarizədə mövqeyi 1779-cu ildə Qara dəniz hərbi donanmasının yaradılması ilə xüsusən möhkəmləndi. İmperatriçənin Manifesti Krımın Rusiya tacı altına faktiki olaraq keçməsini rəsmiləşdirdi. Osmanlı imperiyası Qara dənizin şimal sahilində öz strateji platsdarmından məhrum oldu. Qızıl Ordanın yeganə qalığı olan Krım xanlığı da öz mövcudluğunu itirdi. Rusiya imperiyasının mərkəzi quberniyalarından köçürülənlər Krımın istifadə olunmasına başladılar. Rusiya Qara dəniz ətrafında və Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün digər addımlar atdı.

Avropada 1848-1849-cu illərdə mili-azadldıq və inqilabi çıxışlar baş verdikdən sonra beynəlxalq münasibətlər xeyli kəskinləşdikdə, yeni müharibə üçün səbəb rolunu katolik və pravoslav ruhanilər arasında Palestinadakı Müqəddəs yerlər barədə mübahisə oynadı.

Rusiya çarı I Nikolay pravoslav ruhanilərini himayə edərək türk sultanından pravoslav təbəələrinin onun müdafiəsi altına qoyulmasını tələb etdi. Böyük Britaniya və Fransa isə Rusiyaya qarşı birgə hərəkət etmək barədə razılığa gəldilər. Türkiyə Rusiyanın ultimatumunu rədd etdi və onunla diplomatik əlaqələrini kəsdi. Rus qoşunları Moldaviya və Valaxiya knyazlıqlarını tutdular. Sultan rus qoşunlarının öz knyazlıqlarından çıxarılmasını tələb edərək, 1853-cü ildə Rusiyaya müharibə elan etdi. Zaqafqaziyada rus qoşunları türk ordusunu məğlubiyyətə uğratdılar. Böyük Anadolu türk ordusu da ağır məğlubiyyətlə üzləşdi. Rusiyanın bu qələbəsi ingilis-fransız koalisiyasının Qafqazı tutmaq cəhdini pozdu. Rus gəmiləri Qara dənizdəki Sinop buxtasında bütün türk gəmilərini məhv etdi. Eskadraya komandanlıq edən Osman Paşa əsir götürüldü. Bu qələbə hesabına ruslar Qara dənizdə ağalıq əldə etdilər. Türkiyənin müttəfiqləri olan Fransa və Böyük Britaniyanın gəmilərindən ibarət eskadra 1853-cü ilin dekabrında Qara dənizə girdilər. Moldaviya və Valaxiyanı Avstriya qoşunları tutdu. Beş il əvvəl Avstriyanı böyük təhlükədən xilas edən Rusiyaya qarşı Habsburqlar görünməmiş nankorluq etdilər və Rusiyaya qarşı koalisiyanı hərbi qaydada dəstəklədilər. İngilis-fransız gəmiləri şimal dənizlərində də Rusiya ilə dəniz döyüşləri apardılar. Qara dəniz sahilində isə ingilis-fransız və türk qoşunları Yeviatoriyada sahilə çıxdılar. Rus qoşunları 1854-cü ilin payızında məğlubiyyətə uğradılar. İnkerman döyüşü də ruslar üçün uğursuz oldu. Sonrakı ili Sevastopolun ikinci bombardmanı başlandı. Bu bombardmanlardan sonra Sevastopola ümumi hücumlar başlandı. Yazda isə Qarsdakı rus qarnizonu təslim oldu.

Rus ordusunun silahı, sursatı, ərzağı çatışmırdı. Rusiyaya qarşı İsveç, Prussiya, xüsusən Avstriya böyük düşmənçilik göstərirdi. Müharibənin davamı və böyük sayda qurbanlar, həmçinin xərclərin artması müttəfiq ölkələrin hökumətlərinin mövqeyinə öz təsirini göstərdi. Bütün bunlar ona gətirib çıxardı ki, 1855-ci ilin sonuna hərbi əməliyyatlar faktiki olaraq kəsildi və danışıqlar bərpa olundu. Müharibəni uğursuzluğuna, həmin ilin martında çar I Nikolayın ölümü də əlavə olundu.

Krım müharibəsinin başlanmasından düz üç il sonra vuruşan tərəflər Parisdə sülh müqaviləsi bağladılar. Rusiya Qara dənizin demilitarizasiyası və neytrallaşdırılması ilə razılaşmağa məcbur oldu. Qara dəniz boğazlarından bütün hərbi gəmilərin keçməsinə qadağa qoyuldu. Osmanlı imperiyası ərazi toxunulmazlığı qarantiyası aldı. Avropa dövlətləri Osmanlı imperiyasının xristianlarını müdafiə etmək təminatı verdilər.

Krım müharibəsinin başa çatması və Paris sülhü Rusiyanın Şərqi Avropadakı və Balkanlardakı nüfuzunun aşağı düşməsinə səbəb oldu. Avstriya Krım müharibəsi vaxtı qətiyyətli hərəkət etmədiyinə görə beynəlxalq izolyasiya şəraitinə düşdü. Rusiyanın məğlubiyyəti daxili siyasət sahəsində də bəzi nəticələrin yaranmasına səbəb oldu. Yeni çar II Aleksandr aprel ayında təhkimçilik hüququnun qarşıdakı dövrdə ləğv ediləcəyini elan etdi, lakin bu vacib hadisənin baş verməsini, 22,5 milyon təhkimli kəndlinin azad olmasını daha altı il gözləmək lazım gəldi.

(Ardı var)

 





26.12.2016    çap et  çap et