525.Az

"Anti-Azərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir"


 

ƏLİSƏFA MEHDİYEV: "ZAMANIN MÜRƏKKƏB ÇAĞIRIŞLARI HƏR BİR ÖLKƏDƏ MƏNƏVİ BÜTÖVLÜYÜ, MİLLİ HƏMRƏYLİYİ HƏYATİ ZƏRURƏTƏ ÇEVİRİR"

"Anti-Azərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir"<b style="color:red"></b>

"ULUS" Fondunun həmtəsisçisi, Himayə Şurasının sədri, Qarabağ müharibəsi veteranı, jurnalist Əlisəfa Mehdiyev "525"ə müsahibə verib. 

- "ULUS" Fondunun fəaliyyəti barədə danışardınız.

- Bu fondu 2005-ci ildə tanınmış yazıçı-publisist Rəşad Məcidlə təsis etmişik. İstəyimiz xalq adından ödüllər verməyin örnəyini formalaşdırmaq idi. Düşünürdük ki, demokratik cəmiyyətin üstünlüklərindən biri də hər bir yurddaşın el üçün etdiyi xidmətdən zövq almaq, cəmiyyətin xoşgörülərindən qürur duymaq imkanının qazanılmasıdır. Çünki xeyirxahlığı, humanist, müdrik, ziyalı davranışı ilə milli ideologiyamızın zənginləşməsinə töhfə verən yurddaşlarımızın üstün xidmətləri önə tutulub hamıya örnək kimi göstərilməlidir. Bu mənada cəmiyyətin maddi və mənəvi rifahının yüksəlməsində xüsusi xidmətləri olan, əhalinin sevgi və rəğbətini qazanmış, uğurlu işlər görmüş yurddaşlarımızın el alqışına layiq görülməsini, belə xidmətlərə elin qiymət verməsini yüksək səviyyədə təşkil edək. Bu iş əhalinin yaşayışının yaxşılaşdırılmasında, yurddaş borcunun dərk edilməsində, insanların dünya baxışının durulmasında, onların yurda sevgi ilə qulluq etməyə hazırlaşdırılmasında, xalqlar içində xalqımızın nüfuzunun yüksəldilməsində əvəzsiz stimul olacaqdı. Yəni, bu iş milli qürur duyumunun ictimai anlayışa gətirilməsinə yönəlmişdi.

- Bəs nə baş verdi?

- Zaman o məcraya yönəlmədi. Fondun maliyyə bazasını toparlamaq mümkün olmadı.

- Belə olan halda Fondun fəaliyyət prioritetləri hansı məcraya yönəldildi?

- Əvəzində işçi kollektivlərdə, ali məktəblərdə, sosial qruplarda "Ailənin xoşbəxtlik təməli", "Özünü tanı - Vətəndaş mövqeyi və Dövlətçilik prinsipləri", "Xalqlaşma üçün yurddaş məsuliyyətinin əsasları. Kim kimdir.", "Nitq mədəniyyəti və danışıq qaydaları", "Dezinformasiya problemləri" mövzusunda təlim-müzakirələr təşkil etdik. Vaxt olan kimi fiziki, əqli qüsurları olan vətəndaşlarımızla da ünsiyyət qurduq. Məsələn, bu yaxınlarda Silahlı Qüvvələrin Hərb Muzeyinə gözdən əlillərin ziyarətini təşkil etdik. Bir qrup əlilin hərb muzeyini görmək barədə təkidli istəyindən sonra onların bu vətəndaş haqlarına biganə qala bilmədik. O insanlar savaşa yararsız olsalar da, hərb tariximiz, qəhrəmanlarımız, silah və hərbi texnika barədə məlumatlı olmaq istəyirdilər. Bir görəydiniz, gözləri görməyən vətəndaş silah və texnikaya əllərini sürtməklə hansı sevinci yaşayırdılar.

- Bu yaxınlarda "Beynəlxalq mediada Azərbaycan mövzusu: reallıqlar, problemlər, perspektiv vəzifələr" mövzusunda ikigünlük regional konfrans keçirdiniz. Bu layihənin önəmi nə idi?

- Layihə Azərbaycanın beynəlxalq mediada maraqlarının müdafiəsinə yardım etmək üçün ətraf ölkələrin kütləvi informasiya vasitələrinin tanınmış jurnalistlərinin Bakıya dəvət edilməsini, onların və yerli media ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə geniş heyətli beynəlxalq konfransın təşkilini nəzərdə tuturdu. Konfrans Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tərəfdaşlığı ilə reallaşdı. Yeddi ölkədən qonaqlarımız var idi. Ciddi fikir dartışmaları oldu. Çox mətləbləri ayırd edə bildik. Məqsədimiz qonşu ölkələrin media qurumları ilə müsbət meylli əməkdaşlığın qurulması, regionun geosiyasi durumunun analiz edilməsi, universal jurnalistika dəyərlərinə dayanan prinsiplərin önə çəkilməsi, dezinformasiya meyllərinin hamıya zərərli olduğunu, əslində bu savaşdan heç kimin qazanmadığını göz önünə çıxartmaq idi.

- Sizcə, hazırda beynəlxalq mediada Azərbaycan mövzusu nə qədər aktualdır?

- Zamanın mürəkkəb çağırışları hər bir ölkədə mənəvi bütövlüyü, milli həmrəyliyi həyati zərurətə çevirir. Bu prosesin əleyhinə davranışlar, yaxud fəaliyyətsizlik cəmiyyətin mənəvi-intellektual gücünü zəiflədir.

Mənəvi-intellektual gücün möhtəşəmliyi isə yetərincə məlumatlı olmaqdan yaranır. Regionda savaş gedir.

Özü də sonu görünməyən bir savaşdır. Hər bir ölkənin informasiya məkanı və informasiya mühiti, informasiya ehtiyatları və texnologiyaları cəmiyyətin sosial-iqtisadi, elmi-texniki, mədəni inkişafının səviyyəsini, dinamikasını müəyyənləşdirir. Beynəlxalq və yerli sistemyaradıcı amil yalnız informasiyalı mühitdə siyasi, iqtisadi, müdafiə, sosial-mənəvi və digər sahələrə müdaxilə edib milli təhlükəsizlik sisteminin möhkəmliyini təmin edir. İnformasiya siyasəti beynəlxalq, regional və milli münasibətlərin, daxili və xarici sosial-iqtisadi proseslərin idarə olunmasında təhlükəsizliyin ilkin təminatçısıdır.  İnformasiya təhlükəsizliyinə xarici təhdidlər, onların qarşısının alınması metodları milli təhlükəsizliyin bütün sahələri üçün ümumi xarakter daşıyır və buna bütün vətəndaşlar, xüsusən də media nümayəndələri məsuldurlar.

Milli Təhlükəsizlik Konsepsiyasında və Azərbaycan Respublikasının "Milli Təhlükəsizlik Haqqında" Qanununda qeyd olunur ki, dövlət, ictimai və fərdi informasiya ehtiyatlarının qorunması, ölkənin bütövlükdə informasiya təhlükəsizliyinə təhdidlərin aradan qaldırılması, habelə informasiya sahəsində milli maraqların qabaqlayıcı, önləyici mövqeyə çıxarılması ciddi tədbirlər kompleksi ilə mümkündür. Unutmayaq ki, bəlli xarici qüvvələr xalqımızın ictimai rəyinə, daxili-xarici siyasətinə təsir göstərmək məqsədilə çoxsaylı dini, ideoloji, separatçı informativ-təbliğat vasitələri yaradıblar. Mövcud fəaliyyət ölkədaxili sabitliyin pozulmasına, mərkəzi hakimiyyətə tabesizliyin, ümumən cəmiyyətdə ümidsizliyin, etimadsızlığın formalaşmasına hesablanıb. Məhz buna görə də informasiya təhlükəsizliyi sahəsində ölkəmizin milli maraqlarından irəli gələn vəzifələrə həssas yanaşmalıyıq. Dünyada informasiya savaşı gedir. Buna qarşı durmayanda dezinformasiyalar üstümüzə ayaq açır. Savaş gedən regionda jurnalist də Vətən əsgəridir. O, ayrı-ayrılıqda bir ordunun işini qarşılayır. Onun informasiya silahı qısa zaman içində bütün dünyaya yayıla bilir, gərəkən müdafiəni, yaxud hücumu öncədən təşkil edir.

- Bəs, dünyanın Dağlıq Qarabağ həqiqətləri barədə dolğun məlumatı varmı?

- Hamıya bəllidir ki, xarici ölkələrdəki erməni lobbisi və diaspor təşkilatlarının Azərbaycana qarşı informasiya müharibəsində böyük şəbəkələri var. Həmin şəbəkənin əhatə və təsir dairəsi xeyli genişdir. Bura müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında çalışan, bəzən öz mənşəyini gizlədərək başqa soyadlarla çıxış edən erməni əsilli jurnalistlər, diasporun təsiri altında olan xarici mətbuat orqanları, internet, informasiya resursları, teleradio kompaniyaları və sair daxildir. Bundan başqa əsasən erməni lobbisinin təsiri altında olan, onun maliyyəsi ilə ayaqda duran bəzi xarici qeyri-hökumət təşkilatları, tanınmış mədəniyyət adamları, ictimai-siyasi xadimlər var. Onların anti-Azərbaycan fəaliyyəti ciddi şəkildə koordinasiya edilir. Bu kimi hallarla mübarizə üçün Azərbaycanın geniş şəbəkəyə malik informasiya məkanı olmalıdır. Mövcud məkanda isə əsas təbliğat arealı həm MDB məkanına daxil olan ölkələrin, həm də qonşuluğumuzdakı İranın və Türkiyənin mediasıdır. Layihə məhz bu media quruluşlarında çalışan jurnalistlərin, aparıcı fikir adamlarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılmasını, bu baxımdan Azərbaycanın obyektiv mövqeyinin təbliğini, ölkəmizin haqq səsini müdafiə edən informasiya şəbəkəsinin yaradılmasını əsas tutur. Unutmayaq, informasiya müharibəsi şəraitində informasiyanın dağıdıcı, yaxud qoruyucu mahiyyətini uzun illərin təcrübələrindən çıxmış, güclü ideoloji silahlanma ilə cilalanmış jurnalist ordusu yerinə yetirə bilər. 2016-cı ilin aprelində cəbhə xəttində hərbi əməliyyatların intensivləşməsi fonunda buna daha çox ehtiyac duyulmaqdaydı. Beynəlxalq ictimai rəy yaradan təşkilatlar, redaksiyalar məhz indiki məqamda Azərbaycanın ədalətli mövqeyi barədə daha çox məlumatlı olmalıdır. Bu prosesdə isə həmin ictimai rəyi formalaşdıran tanınmış media nümayəndələrinin problemə daha yaxından köklənmələri şərtdir. Layihə bu məramın gerçəkləşməsi zərurətindən irəli gəlirdi.

- Erməni yalanlarının ifşa olunması istiqamətində daha hansı işlərin görülməsinə ehtiyac var?

- İlk növbədə bu mövzu ilə bağlı fəaliyyət göstərən QHT-lərin hər hansı mənada təminatında hökumətimiz maraqlı olmalıdır. İkinci, dünyada baş vermiş soyqırımı və terror faktlarının, o cümlədən, ölkəmizə qarşı istifadə edilən dezinformasiya mənbələrinin çox mükəmməl məlumat bazasını qurmalıyıq. Üçüncü, ölkəmizə mənfi, ya müsbət münasibət bəsləyən xarici nüfuzlu şəxslərin, KİV-lərin, beynəlxalq təşkilatların funksionerlərinin barəsində informasiya bankını yaratmalı və onlarla əməkdaşlıq əlaqələri qurmalıyıq. Dördüncü, erməni lobbisinin təsiri altında olan şəxsləri müəyyən etməyi, onlarla əlaqələr qurmağı, Azərbaycan gerçəklikləri ilə bağlı gərəkən informasiya qovluğu ilə təmin etməliyik. Beşinci, onlarla Qarabağ həqiqətləri barədə daimi informasiya mübadiləsi aparmalıyıq. Altıncı, bu gedişlərlə ölkəmizə yönəlik informasiya savaşlarına qarşı müdafiə tədbirləri həmlə tədbirləri ilə əvəzlənməlidir.

Ceyhun ABASOV

 





27.12.2016    çap et  çap et